Qonaq Kitabı
CULFADA

Mən Culfaya bir neçə kərə gəlmişdim. Bu dəfə gəlib Hacı Yusifovun və Əsgər Nağıyevin mənzillərində qonaq qaldım. Yarın Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov, Hacı İsmayılov, Ağa Məhəmmədhüseyn Hacıyev və Əliqulu Qəmküsar ilə görüşdüm. Onlar mənim həmişəlik Culfaya köçməyimdən şadlandılar, zatən məni bir neçə kərə Culfaya çağırmışdılar. Culfadan Orucov qardaşlarına, “Molla Nəsrəddin”ə, “Səda”, “Sədayi-həqq” və s. qəzetlərə yazmağa başladım. Bunlardan aldığım para mənə yetişmirdi. Ehtiyacımı Culfada İran inqilabının əvvəlindən təşkil edilmiş kiçik bir cəmiyyət təmin edirdi. Bu cəmiyyəti maliyyə cəhətdən təmin edən zat İran tacirlərindən Səttar Zeynalabdinov idi. Bu adam xalqın gözündə çox xəsis göründüyünə baxmayaraq, nəhayət dərəcədə fədakar və səxavətli idi. Mənim Culfada yaşamağım Culfa pristavı Yeşşoltun şübhəsini qazanmağa başladı. Bunun üçün də İran inqilabında iştirak edən cəmiyyət Əsgər Həsənovun mehmanxanasını aldı. Mehmanxananı Səfərov saxladı. Mən orada bir otaqda yerləşirdim. Cəmiyyətin bütün iclası da həmin mehmanxanada çağırılırdı. Bütün İran ziyalıları və İran inqilabçıları burada toplanmağa başladı. Məşhur yazıçılardan Mirzə Cəbrayıl Fətəliyev ilə burada tanış olduq. Vaxtımın İran tərəfində keçirirdim. Orada çoxları ilə tanış oldum. O cümlədən poçt-teleqraf rəisi Mirzə Şükrulla xan, “Əxtər” qəzetinin müdiri Mirzə Əliqulu xan, Əxtərin oğlu Rüstəm, İran inqilabçılarından Ələkbər Şücalı və başqaları ilə yaxından tanış oldum. Mən burada İran inqilabı ilə yaxından tanış olur və ən ciddi işlərdə iştirak edirdim. Mən “Dumanlı Təbriz” adlı romanımın materiallarını toplamaqla bərabər, “Sevgilər” adlı mənzum əsərimi də Culfada yazırdım. Təbrizə tez-tez gedir və İran inqilabçıları ilə əlaqə saxlayırdım. Doqquzuncu ildəki Təbriz inqilabı, demək olar ki, tamamilə gözümün qabağında gedirdi. Mən Culfaya gəldikdən sonra özümdə böyük bir dəyişiklik hiss edirdim. Mənim din və mövhumat xadimlərinə qarşı olan nifrətim burada dinə və mövhumata qarşı çevrilirdi. Məndə dinsizlik duyğuları artırdı. Çünki Culfada tanış olduğum adamların içərisində dinə və mövhumata inananlar çox az idi. Mən vətənçilik və millətçilik sözlərindən də danışırdım. Çünki ətrafımda olanlar bu fikirlərdən çox uzaq idilər. Culfa mühiti yalnız məni deyil, bir çoxlarını dəyişmişdi.

Doqquzuncu ildə Təbriz inqilabının çar Rusiyası tərəfindən boğulması məni inqilabi mübarizədə ciddi iştirak etməyə sövq etdi. Çar casuslarının İrandakı sərbəst hərəkəti bizi çox düşündürürdü. Xüsusən, çar təbəələri hər tərəfdə İran kəndlilərini istismar edır, yerlərini, torpaqlarını əllərindən almağa başlayırdı. Böyük mülkədar və çar təbəəsi olan gəncəlilər hüdud kəndlərini, hüdud şəhərlərini bir-bir zorlayıb alırdılar. İran hökumətinin bunlar ilə danışmağa qüvvəti yox idi. Onlar Culfa, Şüca, Kərgər kəndlilərinə sahibləndikdən sonra sərhəddən bir neçə kilometr məsafədə olan Ələmdar adlı kiçik bir şəhərə soxulmağa başlamışdılar. Biz bununla mübarizə aparır və Ələmdar xalqına yol göstərirdik. Lakin bu heç də mənfəət vermədi. Yoxsul İran kəndlilərinin istismarı gündən-günə artırdı. Gəncəlilərin vədlərinə aldanmış İran ağsaqqalları kəndlilərdən gəncəli rəiyyəti olmaq üçün imza toplayırdılar. Biz Hacı Salman adlı bir nəfər Daran kəndinin ağsaqqalını terror etdirmək istədik. Onu altı ay müddətə Rusiya sahilinə keçməyə qoymadıq. İran sahilində də bir neçə kərə onu döydürdük. Lakin o, öz gələcək ağalarının sayəsində yenə də xəyanətindən əl çəkmədi.

İstismarçılar özlərini çar işğal ordusunun himayəsinə vermişdilər. Tacirlərinin bir çoxunun cibində çar mandatı var idi. Onlar rus ordusunu təchiz etmək üçün alınan vəsiqələrlə İran kəndlisini istədiyi qədər qarət edə bilirdi. Nəhayət, İran xalqı yenə də bu zülmə qarşı çıxışda bulundu. Təbrizdə Əmir Heşmətin ruslara qarşı çıxışı çar zülmünün nə qədər böyük və çəkilməyəcək bir zülm olduğunu göstərdi. Təbrizə rus orduları getməyə başladı. Biz Mirzə Cəbrayıl Fətəliyev1 ilə dəmiryolunu söküb İrana qoşun aparan qatarı dağıtmaq istədikdə də, müvəffəq ola bilmədik. Rus orduları Təbrizi işğal etdi. Siqqətül-islam Hacı Əli, Davafüruş, Abbasəli Qəndfüruş və başqaları asıldıqdan sonra İran bir rus müstəmləkəsi şəklini aldı. İran Culfasında oturan çar konsulluğu agenti Jarski, İran təbəəsi olan Hacı Hüseynağa və Hacı Mirməhəmməd ağa gəcnəzi öz əli altına alıb yerli hökumət vəzifəsini daşımağa başladı. Hər iş, hər şikayət, bütün siyasi-iqtisadi məsələlər bu adamlar tərəfindən həll olunurdu. Rus Culfasında isə Naxçıvan uyezd naçalniki polkovnik Zançenkonun əmrinə görə müəyyən bir casus qrupu düzəldi. Bu qrup naxçıvanlı Məhəmmədcəfər Rzayev, Məşədi Abbas Xarratov - İrəvanlı, İranın Culfa konsulu Rauf bəy Səfərəlibəyov, bir də polis qulluqçusu Rzaqulu bəy Teymurbəyovdan ibarət idi. Bu casus qrupunu Culfa pristavı Yeşşolt idarə edib, jandarm polkovniki Ştraube ilə əlaqə saxlayırdı. Bizim qrupumuz ciddi surətdə təqib edilirdi. Məni Culfadan köçürmək üçün Yeşşolt bir neçə kərə təşəbbüs etdi. Nəhayət, onunla açıqdan-açığa danışdım. Ayda 25 manat verib, yaxamı qurtardım. Ayda 10 manatdan başlayıb 5 manata qədər Rzaqulu bəy Teymurbəyova da verirdim.

Ruslar sərhəd şəhərlərini tamamilə işğal etdikdən sonra bizi təqib etmək məsələsi qismən azalmışdı. Buna baxmayaraq, biz yenə də iclas çağırır və çar hökumətinin İranda apardığı işləri müzakirə edirdik. Tam belə bir zamanda İran əksinqilabında iştirak etmiş və Təbrizdə böyük xarabalıqlar yaratmış Hacı Musaxan Mərəndli Culfaya gəlib Fransa otelində mənzil etmişdi. Biz əvvəlcə onu terror etdirmək istədiksə, mümkün olmadı. Zaman buna müsaidə vermədi. Onun Fransa otelinin salonunda nahar edəcək vaxtını bilirdik. Mirzəli adlı bir gənci oraya göndərdik. O, özünü sərxoşluğa vurub, Hacı Musaxanı baş-gözü dağılıncaya qədər döydü. Hacı Musaxanı xəstə ikən İrana keçirdilər.

1912-ci ilin iyun ayında rus ordusunun İranda olan dağınıq hissələri Türkiyə sərhəddində olan Xoy şəhərinə toplanırdı.

Mühüm bir hadisənin zühurunu hər kəs bilirdi. Ayın 15-də Culfada çox isti küləklər var idi. İstidən və tozdan heç bir kəs bayıra çıxa bilmirdi. Həmişə olduğu kimi, axşam saat 11-də külək dayandığından əhali təmiz hava almaq üçün dəmiryol stansiyasına toplanırdı.

Tiflisdən sərnişin qatarı gələcək idi. Başqa gecələrə nisbətən bu gün stansionda bir fövqəladilik nəzərə çarpırdı. Stansiondakı çar odasında jandarm polkovniki Ştraube və yuxarı dərəcəli zabitlər toplanmışdı. Jandarm nəfərləri öz üst-başlarını düzəldib, stansionda o tərəf-bu tərəfə dolanırdı. Mühüm bir müsafirin gələcəyi şübhəsiz idi.

Mən, Baxşəli ağa, Abdulla Şeyxov, Səttar Zeynalabdinov birinci sinif bufetin qapısında durub danışırdıq. Biz bu vəziyyətlə çox maraqlandıq. Jandarm onbaşısı Xramtsov yanımdan keçdikdə dayandırıb, nə kimi hadisə olduğunu soruşdum. Xramtsov həmişə bizdən para aldığından bəzən lazımi sirləri verməkdən boyun qaçırmazdı. Bu dəfə “Mühüm və hörmətli bir adam gəlir”, - deyə keçdi.

Zəng vuruldu. 15 dəqiqədən sonra sərnişin qatarının Culfa burnundan verdiyi islığın səsi eşidildi. Bufetdən və çar odasından hər kəs bayıra çıxdı. Jandarm polkovniki, pristav və polis nəfərləri birinci sinif vaqonlar duran yerdə toplandılar. Qatar dayandı. Gödəkboylu, başında xurmayı dəridən papaq, adi əlbisəli bir adam əlində kiçik bir çamadan olaraq göründü. O, vaqondan düşərkən jandarm polkovniki qolundan tutdu. Tanış oldu. Onunla birlikdə faytonlar duran yerə gəldilər. Çamadanı Xramtsov götürmüşdü. Həsən Molla Ağababa oğlunun faytonuna oturdular. Çünki Culfada bundan yaxşı fayton yox idi. Mən bir az gözlədim. Həsən yenə də müsafir aparmaq üçün stansiona gəldi. Müsafiri harada düşürdüyünti soruşdum. Fransa otelinə endirdiyini söylədi. Bu otel birinci dərəcəli otellərdəndir. Varlı müsafirlər burada mənzil edirlər. Xüsusən, onun yay salonu gecələr ətrafdan gələn müsafirlər ilə dolu olur. İran sərhəd qulluqçuları bəzən gecələri səhərə qədər həmin salonda keçirirdilər. Yanımdakı yoldaşlar yeni müsafiri öyrənmək lazım olduğunu qərara aldılar. Vəzifəni mənə tapşırdılar. Yoldaşlarla birlikdə stansiondan qayıtdıq. Baxşəli ağa, Səttar Zeynalabdinov otel sahibi Qriqor ağanı çağırıb müsafir haqqında bəzi tapşırıqlar verdilər. Qriqor ağa Culfada olan bu kiçik qrupun bir çox əmrlərini yerinə yetirməkdən boyun qaçırmazdı.

Mən mənzilimə gəlib paltarlarımı dəyisdim. Gecə ilə Ələkbər dəlləyi çağırıb təraş olundum.

Mən Fransa otelinin yay salonuna girdikdə bütün masalar tutulmuşdu. Yeni müsafirin masası ilə yan-yana duran masa isə vaxt ikən tapşırıldığından mənim üçün saxlanmışdı. Yeni müsafir başındakı xurmayı dəridən papağını salonun məncərri üstünə qoyub araq içmək üçün əlindəki təzə xiyarı təmizləyirdi. Məni bir neçə masadan öz yanlarına çağıranlar var idi. Xavarqovski qənd firması agenti Mezgirin qadını və qızları məni öz yanlarında oturtmaq istədilər. Oturmadım, “Qonağım vardır, indi gələcəkdir”, - deyib yaxamı onlardan qurtardım. Mirzə İbrahim Ələkbərov və Seyid Məhəmməd Bərar dəxi məni yanlarına çağırdılar. Yenə də yuxarıdakı bəhanə ilə özümü qurtardım. Öz masamın başında oturdum. Qriqor ağanın özü və bir neçə xörək verənlər ətrafımda düzüldülər. Yeni gəlmiş müsafir mənə diqqətlə baxırdı. Mənə göstərilən hörmət onu lazımınca məşğul etmişdi.

Hələ bir şey sifariş vermədən tanışlarımdan Artarovun qadını məni qaldırıb öz masasına aparmaq istədi. Bu vaxt Qriqor ağanın qadını Sonya xanım qayət zərif bir paltarda salona daxil oldu. Düz-doğru gəlib arxasını yenə müsafirə çevirməklə masanın yanında oturdu. Artarovun qadınına da oturmasını təklif etdim. Fəqət, oturmayaraq getdi və əvvəlkı kompaniyasına qoşuldu. Mən yemək vərəqəsini Sonyanın qarşısına qoydum. Sonya isə “Mən yemək üçün yox, sizi məşğul etmək üçün gəldim”, - deyə yeməkdən imtina etdı. Nəhayət, xörək sifariş verdi. Qulluqçuların biri gedib, digərı gəlirdi. Bəzi şeyləri Qriqor ağanın özü gətirirdi.

Bu vaxt yeni müsafir diqqət-nəzərini məndən götürərək, Sonya ilə məşğul olmuşdu. Lakin o, Sonyanı lazımınca gorə bilmirdi. O hər cür olursa-olsun kürsüsünü dəyişmək heç olmasa gənc və gözəl Sonyanı yandan görmək imkanını əldə etməyə çalışırdı. Onun boynu daima o tərəf-bu tərəfə burulur və bir vəsilə arayırdı. Nəhayət, yeni müsafir yeni düşüncəsini həyata keçirməyə başladı. Qalxıb hara isə getdi.

Mən bunu Sonya xanıma anlatmağı artıq hesab edirdım. Çünki onun özü də bunu anlamışdı. O, kişilərin bu cür hərəkətıni gündə bır kərə deyil, yüzlərcə kərə görmüşdü. Sonya kişilərə daima gülür və onların gülünc xasiyyətlərindən söhbət edirdi. O öz həyatının qısa tarixində şöhrətpərəst kişilərə dair bir çox məlumat toplamışdı. Müsafir qayıdıb gəldi. Mənim düşüncəm doğru çıxdı. Müsafir yan kürsüdə oturdu və gözlərini Sonyanın biryanlı (profil) çöhrəsinə dikdi. Sonya ara-sıra müsafirə baxır, o baxdıqca da müsafir öz vəzıyyətini - üstünü, başını, yaxalığını düzəldirdi. Müsafir bir saatdan bəri içdiyi arağın nəticəsində vücuda gələn sərxoşluğu gizlətməyə çalışırdı. Sonya xanım onun bu vəziyyətinə xəfif gülüşlərlə baxdıqca o, qadında özünə nisbət bir sevgi hissi doğduğunu hiss edərək nazlanır, bığlarını düzəldır və məğrur bir vəziyyət alırdı. Lakin yeni müsafirdə həyatı doğru bır surətdə anlayan və kişilikdən bir qadın kimi ləzzət almağı bacaran qadınların sevə biləcəyi heç bir xüsusiyyət nəzərə carpmırdı. Boyca çox gödək idi. Zatən gödək adam bir az yoğunladıqda öz təbii tənasübünü tamamilə itirmiş olur. Alnı çox da və başqa kişilərə nisbətən qırışıqları da oldııqca dərin idi. O, Sonya xanıma baxdıqda tez-tez əllərini başına çəkirdi. Lakin onun başında düzələcək heç bir şey yox idi. Başının tüksüzlüyünə, alnının qırışıqlarına baxmayaraq, o, çox da yaşlı deyildi. Gözləri qara deyildi. Üzünün hər iki tərəfindəki sümüklər həddən artıq dikəlmişdi ki, bu da onun gözlərini nəhayət dərəcədə çuxurdan baxdırırdı. Vilhelmin bığlarına oxşayan bığları həna rəngində idi. Dodaqları təbii halında olmadığından qabaqdakı qoşa dişləri daima bayırda idi. Dişləri olduqca təmiz idi. Çənəsinin ucu bir fındıq yerləşəcək qədər çuxur idi. Üzündə olan çillikdən boynunda, əllərində, hətta barmaqlarında belə gözə çarpırdı. Əlbəttə, bu saydığım xüsusiyyətlər gənc qadınların xoşuna gələcək şeylərdən deyildi. Bunu Sonya xanım da təsdiq edirdi.

İndi müsafir üçün iki yol qalırdı. Birisi, özünü qadına qarşı məğrur və etinasız göstərmək, ikincisi isə, danışığında gözəl şivə və ifadə işlətməkdir ki, bu da qadınların ən sevə biləcəyi xüsusiyyətlərdəndir. Yeni müsafir özünü məğrur və etinasız tutmağı bacarmırdı. Gözlərini Sonyadan götürə bilmirdi. Biz Sonya ilə danışdıq. O öz kürsüsünü dəyişib, yeni müsafirin onu görə bilməyəcəyi bir vəziyyət alacaq idi. Kürsü dəyişildi. Müsafir çıxılmaz bir vəziyyətdə qaldı. Bu vaxt həm müsafirə, həm də bizim masaya yemək verilmişdi. Salon qızğın bir vəziyyət almışdı. Masaları qadınlar, kişilər əhatə etmişdi. İrana gedən, İrandan qayıdan çar zabitləri o tərəf-bu tərəfə gedirdilər. Bunların zərli paqonlarına aşiq olan və oteldə yalnız bunun üçün yaşayan qadınlar da bunların arxasınca sürünürdülər. Şərab içilməyən masa yox idi. Hər masanın ətrafında bir masa açılmışdı. Bizdən bir az o biri tərəfə rus konsulunun Maku agenti əlini cibinə salıb bir yığın çar yüzlüklərini masanın üzərinə tökmüşdü. Qadınlar buna gülür, o isə yüzlüyü qaldırıb “bir qadın”, digərini qaldırıb “iki qadın”, “üç qadın”, “dörd qadın”, - deyə bir tərəfə yığırdı. Digər bir masada oturan gənc öz yanındakı qadınlara özünün şikara getməsindən, dörd dağ keçisini bir qurşunla vurduğundan və s. möcüzələrindən danışırdı. Başqa masada oturanın birisi yaxşı oxuyan olduğunu, yaxın dostları üçün xüsusi surətdə oxuduğunu, oxuyan zaman qadınların bacadan, pəncərədən, pərdə dalından baxdığını, onun cibinə məhəbbət kağızlarını buraxdığını deyib şadlanırdı. Digər bir masada oturan gənc özünü yüzlərcə qadınlar tərəfindən sevildiyini və heç birisinə etina etmədiyini, küçədə getdiyi vaxt qadınların “Adamın belə bir əri olaydı!” - demələrindən danışırdı. Yanındakı qadınlar isə “Doğrudan da, sənin kimi gözəl kişilərə çox az-az təsadüf olunur” - deyə gülürdülər. Lakin yeni müsafirdən bir səs eşidilmirdi. Yanında kimsə yox idi. Sonyanı isə danışdırmağa heç vəsilə əldə edə bilmirdi. O, bir siqara çıxardı. Ucunu dişləyib masanın yanına tüpürdü. Lakin yandırmadı. O oxuyurdu. Sözlərindən ancaq bunu anlaya bildim:

Deyəməm dərdimi həmdərdim olan ahə belə,

Əhli-dil söyləyəməz dərdini Allah belə.

Oturmuşdu. Lakin tikan üstündə oturmuş bir adama bənzəyirdi. Sonyanın yanına yaxınlaşıb baxmağa hazırlanırdı. Məndən kibrit istəmək bəhanəsi ilə masaya yaxınlaşdı. Əli şalvarının cibində olaraq mənə söylədi: “Lütfən bir kibrit verə bilərsinizmi?” - dedikdən sonra mən bir kibrit yandırdım. Siqarasına tutdum. Lakin onun gözləri nə məndə, nə siqarada idi. Ancaq ikinci kibritdə siqarasını yandırıb çəkildi.

Sonyanın gözəlliyi yeni müsafiri məşğul edəcək qədər yüksək idi. Sonya 1902-ci ildə Gürcüstanın Samtredi tərəfindən Culfaya iş üçün gəlmiş bir kəndli qız idi. Bu vaxt mülkədar və knyazlar tərəfindən talanmış kəndlilərin qızları dəstələrlə Qafqaz şəhərinə dağılırdılar. Xüsusən Rusiya-İran sərhədləri bu kimi qız dəstələri ilə dolmuşdu. Sonyanı 18 yaşlarında ikən Qriqor ağa götürüb saxlamışdı.

Sonyanın bir gürcü qızı kimi qara saçları, şəvə kimi gözləri, buğdayı çöhrəsi yox idi. O, şəkil və simaca tam mənası ilə bir şimal qızı idi. Onun gürcü qızı olması yalnız ifadə və şivəsindən bəlli olurdu. Onun cəlbedici xüsusiyyətlərindən birincisi ifadəsində olan şirinlikdən ibarət idi. O, daima təbəssüm etdiyindən bir çoxlarını özü haqqında şübhəyə düşürərdi. Odur ki, onun bütün gözəllikləri ilə bərabər, mavi gözlərinin rəqsan gilələri yeni müsafirin qəlbinə bir çox şübhələr atmışdı.

Gecə saat iki idi. Masaların başında yatanlar var idi. Otel qulluqçuları bir çoxlarının qoltuğuna girib aparırdı. Biz də yeməyi bitirmişdik. Masanın üzərində alça və gilasdan başqa bir şey qalmamışdı. Sonya vidalaşıb getdi. Mən dəxi müsafirə bildirmək üçün yığışıb getmək hazırlığında idim. Müsafir isə bir araq daha sifariş vermişdi. O, əlində bir qədəh olduğu halda:

- Əfv edərsiniz, siz türkmüsünüz? - dedi.

- Türkəm! Siz də türksünüz? - deyə soruşduğuma cavabla:

- Türkiyəliyəm, fəqət, türk deyiləm, - söylədi.

- Şivənizdən türk olmadığınızı anladıın. Hər halda hansı qövmə mənsub olduğunuzu bilmirəm.

- Mən kürdlərə mənsubam.

- Heç fərqi yoxdur, - dedim.

O, əlindəki piyaləni qaldırıb:

-          Sizin şərəfinizə nuş edirəm, - deyib içdi.

Yeni müsafir durdu. Yanındakı araq şüşəsi ilə piyalə və bir də soyulmuş xiyarları götürüb mənim masama keçdı.

- İcazə verin, tanış olaq! - dedikdən sonra mən əlimi uzatdım. Adımı, familiyamı söylədim. O dəxi:

- Xeyrəddin bəy Bərazi - deyə tanış oldu və:

- Bərazilərin kim olduğunu bilirsinizmi? - deyə soruşdu.

- Bilirəm! - dediyimə o, çox təəccüb edərək soruşdu:

- Bərazilərin harada yaşadığını bilirsinizmi?

- Bilirəm, onlar müxtəlif yerlərdə yaşayırlar. Dəyadin, Alışkərd, Hekkari, Muş, Bitlis, Hələb, Orxa tərəflərində bir çox bərazilər yaşamaqdadır. Köçəbə halında yaşayanlar da vardır. Sizin harada yaşadığınızı bilmirəm, - dedim.

O güldü:

- Məlumatınız mücəmməm məlumat deyıldır. Mən Bitlis bərazilərinə mənsubam, - dedikdən sonra əlavə etdı: - Bir neçə gün burada qalacağam. Bu tanışlığımızdan məmnun qaldım.       

Xeyrəddin bəy Culfada 20 günə qədər qaldı. O, daima Sonyanı göstərərək: “Bu qadın məni dəng edərək burada saxlamışdır”, - dediyinə inanmırdım. Mühüm bır işdən ötrü İrana getmək istəyən bu müsafirin Sonyadan ötrü burada qaldığına inanmaq olmazdı. Halbuki 20 gün müddətində, bir kəlmə də olsa, Sonya ilə danışa bilməmişdi. O, tez-tez jandarm idarəsinə gedir və hər dəfəsində pasport üçün getdiyini söyləyirdi. Nəhayət, son günlərdə müsafirin bütün vəsiqələrini yoxlamaq bizə mümkün olmuşdu. O Türkiyədə jandarm minbaşısı olmuş və Sabahəddin firqəsinə mənsub bir “Ədəmi-mərkəziyyət”çi idi. İrana nə üçun gedəcəyi bəlli deyildi. O yrğışıb getmək istəyirdi. Məni də bir neçə günlüyə özü ilə bərabər aparmağa çalışırdı. Mən bunu yoldaşlara söylədikdə onlar bunun təhlükəli bir iş oldugunu söylədilər. Lakin mən özüm bu müsafirətdən maraqlanırdım. Bunun üçün polis idarəsindən bir həftəlik “Üburi-mürur” vəsiqəsi aldım. Bu vəsiqə ilə yalnız sərhəd boyundakı kəndlərə getmək mümkün idi. Buna baxmayaraq, bu vəsiqə ilə Təbrizə və s. şəhərlərə də gedirdik. İran Culfasında Xoy şəhərinə getmək üçün fayton danışdıq.

Faytonçu Evoğlu kəndindən Mahmud adlı bir gənc idi. Yollar dərələrin, təpələrin içərisi ilə getdiyinə baxmayaraq, heç bir qorxu hiss edilmirdi. Çünki yolların ətrafında olan bütün kəndlilər məcburi qanunlara işdən çıxarılıb yolları qayırırdılar. Kəndlilər rus araba və toplarının keçirilməsi üçün körpülər və şoselər qayırmaqla məşğul idilər. Bütün dar keçidlərdə, dərələrdə, çayların kənarında əsgəri qaravul postları və telefon stansionu düzəlmişdi. Mən yolda işləyən kəndlilərin bir neçəsi ilə danışdım. İşə çıxmalarının səbəbini soruşdum. İran məmurları kəndliləri siyahıya alıb rus zabitlərinin tələbi üzərinə növbə ilə işə çıxarırdı.

Gündüz saat ikinin yarısında Evoğlu kəndinə yetişdik. Faytonçu bizi öz evinə təklif etdisə də, biz razı olmadıq. O, bizi Molla Hüseyn adlı bir mərsiyəxanın evinə düşürdü. Biz gecəni burada qalmalı idik.

Evoğlu kəndi Culfa ilə Xoy şəhəri arasında vaqe bulunan bir kənddir. İki min evi vardır. Qotur çayının hər iki sahilinə döşənmiş bu kənd bərəkətli torpaqlara malikdir. Evlər kəndin şimal tərəfində vaqe alçacıq dağların ətəyindədir. Kəndin içərisindən dəyirman və pambıq maşını işlədən bir neçə çeşmə suları keçib Qotur çayına tökülür. Kəndin əhalisi tamamilə bəhayi təriqətindəndir. Molla Hüseyn mərsiyəxanın özü də bəhayidir.

Biz aşağı mərtəbədə sərin və təmiz otaqda mənzil etmişdik. Yuxarı mərtəbədə böyük bir cəmiyyətin toplandığını hiss edirdik. Bu cəmiyyətin nədən ötrü yığıldığını Molla Hüseyn oğlu Ziyaullahdan soruşdum. O:

- Həzrət Əbdülbəhadan lövhə nazil olmuşdu. Məhfəli-Bəhaman bizim evimizdədir. Atam da məhfəlin mürididir, - dedikdə mən soruşdum:

- Əcəba, sənin atan, bəhayi olduğu halda, mərsiyəxanlıqdamı edir?

Eybi nədir, bəhayilik bir tərəqqidir, mərsiyəxanlıq isə bir sənətdən ibarətdir, - dedikdən sonra mən sakit oldum, daha bir söz demək istəmədim.

Lövhədə nə kimi şeylər “nazil” olduğundan maraqlanırdım. Xeyrəddin bəy yatmışdı. Mən Molla Hüseyni görmək üçün yuxarı mərtəbəyə çıxdım. Molla Hüseyn lövhəni görmək istəməyimdən razı qaldı:

Bizim dinimiz beynəlmiləl bir dindir. Bütün bəşəriyyət bizim qardaşımızdır, - deyə boş-boş sözləri aralığa fırlatmaq istədi. Məhfələ daxil oldum. Uzun bir odadan ibarət idi. Divarda qayət qiymətli əlyazıları vurulmuşdu. Bu yazılar tamamilə bəhayilik şüarlarıdır. Boyalı şəkillər də vardır. Onlar Beytülədilin, Aşqabaddakı məscidin, Əbdülbəhanın ailəsinin, Əbdülbəhanın Amerikada aldığı şəkillərin montajlarından ibarət idi. İki şey diqqəti-nəzərimi cəlb etdi. Onlardan birisi Qürrətüleyn adlı Bəhayi qadının təsviri, bir də məşhur Xoşnəvis Mişkinqələm adlı bir yazıçının əsəri idi. Mişkinqələmin əsəri “Allahu-bəha” kəlməsindən qurulmuş bir qız təsviri idi. Təsvirin altında isə Mişkinqələm öz əli ilə yazmışdı:

Dər diyare xətt şode sahib ələm,

Bəndeyi-Bab Bəha Mişkinqələm1



1 Mirzə Cəbrayılın Tiflisdə, Şeytanbazarında baqqal dükanı var idi. 1907-ci ildə Fətəliyev “İrani” imzası ilə “Tazə həyat” və s. qəzetlərdə yazardı. Sonra İrana gəldi. Sərhəddə ticarət edirdi (müəllifın qeydi).

1 Tərcüməsi: Diyarda yazıldı aləmin sahibi

                     Bəha Mişkinqələmə bab bir bəndə.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info