Qonaq Kitabı
1905-Cİ İL İNQİLABINDAN SONRA

1905-ci il inqilabının boğulması və əslində bu inqilabın bir məqsəd daşıdığı işləri mənim fikrimdə ciddi bir təsir buraxmışdı. Mən özümdə millətçilik, məzhəb, dini əqidə işlərinin söndüyünü hiss edirdim. Lakin yenə də məndə sosializm fikri doğmamışdı. Mən bu zamanlar özümü tamamilə bir vətənçi kimi hiss edirdim. Mən çar hökumətinə qarşı belə bir fikir yürüdürdüm: Qanuni - əsasi verilməsi və Qafqazın istiqlaliyyət alması. Bu fikir üçün də sünni-şiə məsələsinin həll olunması və vahid bir qüvvətlə də çar hökumətinin Qafqazdan dişarı atılmasını təklif edirdim. Bu zamanlar mənzum olaraq “İnqilabi-pərişan” adlı bir əsər yazdım. Faiq əfəndi vasitəsilə təb olunmaq üçün Tiflisə göndərdim. Senzor müavini Mirzə Yəhya Şərifzadə alıb yandırdı. Mən bunun təsiri ilə “Vətən və hürriyyət” adlı mənzum əsərimi yazmağa başlamışdım. Əsər 1907-ci ildə Tiflisdə “Qeyrət” mətbəəsində təbb edildi. Senzor mane olmadı. Sonradan jandarm rotmistri Pepel Ordubada gəlib, evimizi axtardı və məni həbsə aldı. Lakin bu həbsim evimdən aparılan kağızları gözdən keçirib qurtarana qədər davam etdi. Jandarm evi axtarmaq üçün gəldikdə pristav Terpelovskini də özü ilə bərabər almışdı. Onlar içəri girən kimi sandığın dalında revolver və İran inqilabına dair intibahnamələr olduğunu pristav Terpelovskiyə işarə etdim. Ona görə də pristav həmin sandığın üstündə oturub axtarış qurtarana qədər ayağa qalxmadı. Evdən bir şey çıxmadı. Lakin ev axtarıldıqda aşura günü olduğundan və evimiz məscidin yaxınında bulunduğundan qapımıza yüzlərlə adam toplanmışdı. Bu axtarışı cürbəcür təbir edirdilər. Bəziləri saxta para xərc etdiyimi və hökumətin bundan xəbər tutduğunu deyib danışırdı. Oğurluq mal aldığımı deyənlər də var idi. Ancaq ümumi söhbət və ümumi fikir bundan ibarət idi: “İmam Hüseyn qəzəb eylədi!”

Məni bu səslərin içərisində evdən çıxarıb, polis idarəsinə apardılar. Dalımca qorxusundan, bir nəfər də olsun gələn olmadı. Ancaq polis dairəsindən buraxıldıqda Firuz bəy Ordubadski və Mirhidayət Seyidovun yolda durub məni gözlədiklərini gördüm. Onlar Ordubada jandarm gəldiyindən, məni axtardıqlarından və həm də azad olduğumdan şadlanırdılar. Çünki onlar bununla Ordubadın siyasətlə məşğul bir şəhər olduğnnu zənn edir və fəxr edirdilər.

Bu vaxtlar mən, bir tərəfdən, Bakıda çıxan “İrşad”, “Tərəqqi”, “İttifaq” qəzetlərində, o biri tərəfdən, “Molla Nəsrəddin” məcmuəsində ciddi bir surətdə yazırdım. “Molla Nəsrəddin”də birinci olaraq “Hərdəmxəyal” imzası ilə yazdım. Mənim “Molla Nəsrəddin”də ciddi iştirak etməyimin mühüm səbəblərindən biri də Faiq Nemanzadə ilə tanışlığım idi. Faiq əfəndi “Qəflət” və “Vətən və hürriyyət”i çap etdirdikdən sonra mənə çox səmimiyyət bəsləyir və sevirdi. Mən onun hər bir məktubunu alıb oxuduqda yeni bir duyğu, yeni qüvvət qazanırdım. “Molla Nəsrəddin”in özü ilə də tanış idim. Hətta o, Naxçıvanda xidmət elədiyi və Nehrəm kəndində müəllim olduğu vaxt dəfələrlə görüşürdük. Biz Nehrəmdə Mirzə Mehdi adlı çayçının dükanında toplanır, orada yığılanlarla danışırdıq. Çayçı dükanının yuxarı başında Hacı Qəmbər adlı bir nəfər qolçomaq oturardı. O, Məsnəvini, Hafizi, Sədini əzbər oxuyardı. Mollalardan Molla Əli, Molla Ələsgər orada söhbət eləyərdi. Mirzə Cəlil ilə Seyid Əqil adlı imamzadənin qəbrinə gedib, orada kəndlilərin danışdıqları söhbətlərə qulaq asardıq. Mirzənin o vaxtlar yazmağa heç də marağı yox idi. Bir şey də yazmamışdı. Onun yazı işinə olan marağı Tiflisə gələndən sonra başladı.

Biz İran inqilabına çox əhəmiyyət verirdik. Mən inqilabın gedişi ilə çox yaxşı tanış idim. Bu inqilabdan başqa bir nəticə gözləmirdim. Mən bu inqilabdan ancaq torpaq məsələsinin həll olunması, maarifin irəli getməsi, bir də qadınların açıq gəzməsini gözləyirdim. Bu təsir altında olaraq iki əsər yazdım. Birisi “İslam qadınları”, digəri isə “Bədbəxt milyonçu, yaxud Rzaqulu xan firəngiməab” sərlövhəli əsərlərdən ibarət idi. Əsərlərim artdıqca, xüsusən “Molla Nəsrəddin” məcmuəsindəki iştirakım sıxlaşdıqca düşmənim də artırdı. Artıq mənə çayçı dükanlarında çay da verilmirdi.

Türkiyə və İranda başlamış inqilabın Ordubada heç bir təsiri ola bilmirdi. Ordubaddan Nəcəf şəhərinə gedib, dərs oxuyub, qayıdan Mirzə Lütfüllah adlı müctəhidin Ordubada gəlməsi xalqın gözünü daha da qapadı, avamlıq daha da artdı. Xüsusən, onun varlı və qoluzorba bir familiyadan evlənməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı. Müctəhid Ordubada gələn kimi Hacı Ağababa ilə Hacı Abbasağa öz qızlarını müctəhidə vermək üçün rəqabətə başladılar. Axırda Hacı Abbasağa güc gəlib qızını müctəhidə Verdi. Buna arxa verən müctəhid təzəfikirli adamları minbərdə açıqdan-açığa söyməyə və qətlinə fitva verməyə başladı. Ordubadın məşhur adam öldürənlərindən Kəblə Zeynal isə məni öldürmək üçün təyin edilmişdi. Fəqət, bu sirr tez açıldı. Günlərin birində mən öz yoldaşlarımdan Qulu bəy Əlixanov, Hüseyn Həsənov, Abbas Mustafa oglu ilə Kəblə Kazımın mehmanxanasında şam etdiyimiz vaxt Kəblə Zeynalın o tərəf-bu tərəfə keçdiyini gördüm. Kəblə Zeynal pulsuz idi. Yanımda oturanlar ona əhəmiyyət vermədilər və süfrəyə dəvət etmədilər. Mən ayağa qalxıb onu süfrəyə əyləşdirdim və şərab sifarişi verdim. O içdi və öz xəncərini belindən çıxarıb ayağının altında əzmək istədi. Mən onu tutdum. Xəncəri əlindən almaq istədim. O ağladı və sözünü bu cür başladı: “Səid sən bilmirsən, bu xəncər boyük bir xətaya hazırlanırdı. Səni öldürməyi mənə tapşırmışdılar. Bunda mənim qardaşım Mehdixan, Orucəli Nəcəfov və başqaları iştirak edirdi. Sən bir həftə əvvəl körpü başında Kasparın balkonunun altında öldürmək istədim, mümkün olmadı. İki gün əvvəl evində yatdıgın yerdə dogramaq istəyirdim ki, sən evdə olmadın. Bu gecə isə son gecə idi. Mən səxavətli və səmimi bir adamı məhv edəcəkdim. Lakin sənin bugünkü alicənablığın buna mane oldu. Ancaq sənə buradan çıxıb getməyi məsləhət görürəm”.

Onsuz da Ordubadda yaşaya bilmirdim. Xalq daha da avamlaşmışdı. Yenə də qızını qayib imama siğə etdirən, yenə də səhər tezdən atını yəhərləyib imamın zühurunun intizarında olanlar var idi. Culfaya köçməyi qərara aldım. Çünki orada Baxşəlı aga Şahtaxtlı, Ağa Məhəmmədhüseyn İrəvanlı, Nəsrulla Şeyxov və Nağı İsmayılov kimi səmimi tanışlarım var idi.

Mən Miradilin karvansarayında faytona oturub Culfaya köçmək istədikdə heç kəs, hətta qohumlarım və tanışlarım da məni yola salmaq üçün gəlmədilər. Fayton Babayevin zavodunun qabağından keçdikdə Kor Qasımın oğlu Cəbrayıl faytonu saxlatdırıb mənə yaxınlaşdı. Mən elə bilirdim ki, görüşmək, vidalaşmaq üçün gəlir. Amma belə deyildi. O, mənə yaxınlaşaraq dedi: “Bir-iki il bundan əvvəl cəhənnəm olub buradan getsəydin, şəhərdəki dinsizlərin sayı azalardı”.

Mən buna yalnız “Çox sağ ol”, - deyib Məhərrəm faytonçunun faytonu sürməsini və daha heç yerdə saxlamamasını tələb etdim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info