Qonaq Kitabı
“QƏFLƏT”

“Şərqi-Rus” qəzetində şeirlərim çap olunduqdan sonra mənim şeirə və yazıçılığa olan marağım gündən-günə çoxalırdı. Dördüncü ildə “Qəflət” adlı əsərimi yazırdım. Əsər altıncı ilin yanvarında Tiflisdə açılmış “Qeyrət” mətbəəsində çap olundu. “Qəflət” əsərində mollalardan, müsəlmanların elmsizliyindən bəhs etdiyim bir səhifədə:

Səd heyf ki, bu xəlqi-dəmi vermədi fürsət

Sözdən götürdüm pərdəni kəşf olsun həqiqət –

yazıldığından Ordubad mollaları mənim bəhayiliyi təbliğ etdiyimi məscidlərdə camaata deməyə başladılar. Hacı Molla Əli Dəstəqi “Qəflət” əsərini əlinə alıb Yəhya bəy məscidində minbərə çıxdı və yuxarıda göstərdiyim iki misranı oxudu. Ağ Seyidin oğlu Miryusif Cümə məscidində, Mürtəza vaiz isə Mədrəsə məscidində şeirimi əldə alət edib küfrümə fitva verdilər.

Bu vaxt məhərrəmlik ayı idi. Mən məscidə getmirdim. Lakin anam və yeznəm İbrahim məni tənqid edirdi. Onlar da mənim dindən çıxdığımı və bəhayi olduğumu deyib məni məzəmmət edirdilər. Mən onları heç vəcdlə sakit edə bilmirdim. Onlar mən dediyimi anlamırdılar. Bəzən anlamaq da istəmirdilər. “Hərgah deyilənlər doğru deyilsə nə üçün məscidə getmirsən?” - deyə məhərrəmin altıncı gecəsi məcburən Mingis məscidinə apardılar.

Mən Məşədi Cəlil adlı bir nəfər ilə yan-yana oturmuşdum. Bu adam şair Sidqinin yeznəsi idi. O qədər də avam deyildi. Mənə nifrət etmirdi. Biz danışdıq. Bizim qarşımızda məşhur qolçomaq Mirağa oturmuşdu. O, mənim üzümə ciddi bir surətdə baxırdı. Mən üzümü yenicə təraş etdirmişdim. Nəhayət, Mirağa danışdı: “Səid, o bığların, saqqalın hanı?” - deyə soruşdu. Cavab vermədim. Zatən cavab da verə bilməzdim. Bu zaman məscidin qulluqçusu və azançısı Məşədi Əkbər çay paylamağa başladı. Əvvəlcə Məşədi Cəlilin qabağına çay qoydu. Mənə çay vermədən keçib ikınci stəkanı misgər Əsgərin oğlu Allahverdinin qabağına qoydu. Mən məsələni anladım. Məni murdar bildikləri üçün çay verilməməsini Məşədi Əkbərə tapşırmışdılar. Məşədı Cəlil “Səidə nə üçün çay vermədin?” - dedikdə o, “Səid çay içmişdir”, - deyib keçdi. Mən Məşədi Cəlili sakit etdim və məsələni anlatdım. Nəhayət, məclis qurtardıqda məscidin xəlfəsi Dana Kərimin oğlu Hüseyn mənə yanaşıb, bir daha məscidə gəlməməyimi tapşırdı. Söz yoxdu ki, bu onun öz sözü deyildi. Seyid Mirağa ona tapşırmışdı. Bu vaxt mən özüm üçün əyləncə yeri tapmışdım. Daha gecələri məsciddə keçirməyə ehtiyac yox idi.    

Kiçik bir cəmiyyət düzəltmişdik. Cəmiyyətin üzvləri Mirzə Sadıq, Mirzə Salman, Mirzə Əsgər oğlu Məhəmməd, Məşədi Əsgər Hüseynzadə, Mirzə Xəlil Salehzadə və başqalarından ibarət idi. Bu cəmiyyətin işləmək və yığıncaq yeri də yox idi. Nəhayət, Miradilin evində kiçik bir qiraətxana düzəltdik. Buna icazə verilmirdi. Lakin pristav Terpelovski bu cəmiyyətə tərəfdar olduğundan qiraətxananın açılmasına yardım verdi. Biz “Naşa jizn” və s. inqilabi qəzetlər alıb oxuyurduq. Terpelovski bizə 5-ci il inqilabının gedişı haqqında həftədə bir kərə söhbət edirdi. Hökumətin inqilabı boğmaq haqqındakı gizli qərarlarını və polis idarələrinə verilən təlimat haqqında bizə danışırdı. O, bizə sosial-demokratların çap etdirdiyi əsərləri də veriridi. Məşədi Əsgər Hüseynzadə Təbriz ilə əlaqəsi olduğundan oradan əcnəbi qəzetləri də gətirirdi. Cəmiyyət üzvlərindən heç birisi sosialist deyildi. Biz, doğrudan da, Marks tərəfindən aralığa atılmış bu geniş fikri əhatə edə bilmirdik. İçimizdə sosialist bircə Terpelovski idi. Bizim bütün mühakimə və düşüncələrimiz millətçilik ətrafında dolaşırdı. Bu vaxt erməni-müsəlman qırğınları hər tərəfdə şiddət edirdi. Şəhərin atrafında hər gün ölüm və qarət hadisələri üz göstərirdi. Pristav Terpelovski bu qırğınların mahiyyəti və hökumətin bu qırğında iştirak etməsi haqqında inandırıcı bir surətdə məruzələr edirdi. Buna görə də erməni-müsəlman qırğını Naxçıvana nisbətən Ordubad mahalında o qədər də genişlənmirdi. Çünki vaxtında işin qabağı alındı və qırğın salmaq istəyənlər həbsə alındılar.

Çox sakitlik keçirdi. Buna baxmayaraq, general Əlixanov (Məsud bəy Avarski) 400 kazak ilə Ordubada gəldi. Rzayevin evində qonaq oldu. Dırnıs və Unus kəndliləri gəlib qonşu ermənilərdən şikayət etmək üçün Rzayevin balkonunun altında toplandılar. Əlixanov balkona çıxdı. Kəndlilər sözlərini dedi, şikayətlərini qurtardılar. Mən Əlixanovun nə deyəcəyi ilə maraqlanırdım. Nəhayət, o, sözünü belə başladı: “Aciz köpək uşağı! Mən 400 kazakı kimin üçün gətirmişəm?! Dalımca Kərbəlaya qədər gəlmiş olsanız, yenə bircə söz deyəcəyəm: Birinizi öldürsələr, beşini öldürünüz”, - deyib içəri girdi. Camaat dağılıb getdi. Biz bu vaxt pristav Terpelovskinin bütün dediklərinin həqiqət olduğunu bir daha anladıq.

Erməni-müsəlman qırğınından sonra Ordubada çox qəzetlər gəlməyə başladı. Miradilin mülkündə açılmış qiraətxananın yanında dərnək də təşkil olundu. Bura toplananlar üçün qəzetlər oxunurdu. “Hümmət”, “Yoldaş”, “Təkamül”, “İrşad", “Nur”, “Həblül-mətin” və s. qəzetlər gəlirdi. Burada yavaş-yavaş hektoqrafiya üsulu ilə vərəqələr də çap olunurdu. Qəzet oxumaq işinə yerlilərin həddindən artıq rəğbəti var idi. Poçt gələn vaxtı bütün işçilər, hətta bağbanlar da bilirdi. Onlar bu vaxtlar İbrahim çayçının dükanının qabağında əyləşib qəzet dinləyirdilər. Burası rota komandiri Prixniyanın diqqət-nəzərini cəlb etdiyindən bu üsulda qəzet oxumağı, xüsusən xalqı inqilabi qəzetlərlə tanış etməyi qadağan etmişdi. Şəhərin mollaları da bundan geridə qalmırdı. Hələ 1906-cı ildə mən İsgəndər bəyin qızını basdırmaq üçün İsgəndər bəygilin evində oturduğum vaxt yavaşca cibimdən qəzeti çıxarıb baxdım. Bunu Yusif ağa tez gördü: “Xalqın ölüsünü hörmətsiz etmə”, - deyə məni məzəmmət elədi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info