Qonaq Kitabı
MƏN İPƏK ZAVODUNDA

Mən 1901-ci ildən Rzayevin zavodunda çalışırdım. Bu zavodda çalışmaq üçün əməkçilər çox çalışırdı. Çünki Rzayev ipək ticarətində öz rəqiblərinə qalib gəldiyindən onun zavodu bütün ili işləyirdi. Hər yerdən yaxşı barama gəlsəydi, hamısını Rzayev almalı idi. Onun bir sözü iki olmazdı. Həmin bu ildə Ordubad hambalları başda Kor Bağır olmaq üzrə Rzayevi boykot etdilər. Onun baramasını daşımaq istəmədilər. Çünki o həm az para verirdi, həm də onun adamları hambalları adam yerinə qoymayıb söyürdülər. Nəhayət, pristav Filippovu çağırıb hambalları döydürdü. Onlar boykotdan əl çəkdilər. Bu, birinci hərəkat hesab olunurdu. İndiyə qədər hambalların varlı əleyhinə çıxdığı görünməmişdi. Rzayev çox böyük istismarçı idi. Cümə günü tətillərini belə onun bağından zavod üçün ağac daşımağa məcbur olurduq. Zavod işçiləri bu istismarın ağırlığını hiss etmirdilər. Rzayev çox mahir bir istismarçı idi. O, hər ayda zavod işçilərinə bir kərə öz bağında qonaqlıq verərdi. Qonaqlıq əlli manatdan artıq olmazdı. Bunun əvəzində işçilər gündə bir saat artıq işləməyə razı olurdular. Bu barədə mən bir şeir də yazmışdım:

Qorxuruq küləkdən, qorxuruq yeldən,

Ruzumuz asılmış incə bir teldən.

İşə çağırırlar ulduz batmamış,

İşdən buraxmazlar şəhər yatmamış.

Mən 1904-cü ilə qədər Rzayevin zavodunda çalışdım. Zavod işçiləri ilə etdiyim söhbətlərin birinci nəticəsi məni çox sevindirdi.

Rzayev təzə imarət tikdirməyə başladığından bir çox ağac almışdı. Cümə axşamı işdən çıxana bir az qalmış ustabaşı Nağı bizə xəbər verdi ki, sabah işləməyəcəksiniz. Səhər saat 9-da zavodun qarşısında toplanın. Fərəcovun çay bağından kəsilmiş ağacları gətirməyə gedəcəksiniz. İşçilər heç bir söz demədən çıxıb getdilər. Səhər saat 9-da mən Dalıçarsudan gəlib zavod qabağına baxmağa başladım. Fəqət, ağac gətirməyə getmək üçün dördcə nəfər gəlmişdi. Rzayev məndən şübhəyə düşmüşdü. Mayın axırlarında Əylis tacirlərindən və şeir maraqlısı olan Abbasqulu Rəhimov tərəfindən mənə göndərilmiş “Şərqi-Rus” qəzetini zavodda oxuduğum yerdə ustabaşı Nağı gəlib onu aldı və cırıb atdı. Bu, mənə qarşı olan birinci çıxış idi. Lakin burası məni daha da həvəsləndirdi. Mən 1904-cü ilin noyabr ayında birinci şeirimi “Şərqi-Rus” qəzetində çap etdirdim. Burası mənim üçün bir müvəffəqiyyət olmuşdu:

Gözüm, dur xabi-qəflətdən, çıxıb gün aşkar oldu,

Behəmdullah, şəbi-yelda gedib nisfün-nəhar oldu.

Dolubdur səfheyi-aləm şüayi- “Şərqi-Rus” ilə,

Qaranlıq könlümün zülmət sərasir Zərnigar oldu.

Şeirim “Şərqi-Rus”da çıxdığı vaxt zavod sahibi Rzayev qəzeti zavodda mənə göstərib dedi: “Çox şadam ki, Ordubaddan da qəzetə yazan vardır”.

Lakin zavod sahibinin bu razılığına baxmayaraq, mən 1904-cü ilin payızında zavoddan qovuldum. Payız girdikdə maaşları 40 faiz azaltdılar. Mən, bir də Baxşının oğlu Yusif ustalar tərəfindən nümayəndə sifətilə maaşların artırılması üçün Rzayevin yanına getdik. Sözümüz qəbul edilmədi: “Zavodu bağlamaq lazımdır. İpəklər Moskvada ucuz satılır”, - deyib bizi qaytardı.

Bir gün sonra mən axşam işdən çıxdıqda ustabaşı Nağı mənə yanaşıb: “Sabah get haqq-hesabını kontordan al!” - deyə mənim qovulduğumu xəbər verdi. Bu kimi bir xəbər Yusif üçün də verilmişdi. Lakin onun qoluzorba qohumları vasitəçi düşüb işini düzəltdilər.

Rzayev mollaların düşməni idi. Onları görmək istəməzdi. Onun anası öldükdə Ordubad mollaları basdırmağa getmədilər. Kəndlərdən molla gətirdi. Bu iş qubernatora yazıldı. Mollaları çağırıb həbs ilə qorxutdular.

Mən həmin payızı Fərəcovların ipək zavodunda çalışmağa məcbur oldum. Bunlar çox ucuz işlədirdilər. Gündə 20 qəpik verirdilər. Hər gün Abdulla adlı işçi bazara gedib işçilərin 20 qəpiyini Hacı Mahmuddan alırdı. Onun 4 qəpiyini nahar çörəyinə verib gətirir, 16 qəpiyi də işçilərə verirdi. Günlərin birində bazarçı pulları alıb itirdi. Həmin günü bütün işçilər ac və pulsuz çalışdılar.

1905-ci illərdə yeznəmizin vasitəsilə onun qohumu olan Ərəbovun ipək zavoduna daxil oldum. Burada işləmək çox çətin idi. Sabah azanı çəkiləndə işə gəlmək lazım idi. Hacı Kərimin özü azan deyilən kimi ağ tuman əynində olaraq zavodun qapısında durub işə gec gələnləri söyərdi. Onun ümumi söyüşü bundan ibarət idi: “Allahın lənəti gözünə toxunsun!” Hacı Kərim başqa zavodçulara nisbətən daha da istismarçı idi. O, işçini həm çox işlədər, həm az maaş verər, həm də hesabına artıq yazardı. Mənim hesabıma görə, zavod bağlananda Hacı Kərimdən 6 manat yarım pul almalı idim. Bu pulu qoyun alıb qış üçün qovurma hazırlamaqdan ötrü yığmışdım. Zavod bağlanandan sonra haqq-hesab almağa getdikdə 2 manat yarım da borclu çıxdım. Hacı isə “bunu da gələn il maaşından çıxarıq”, - deyib məni yola saldı. Hacı Kərimdən ümidimi kəsəndən sonra Hacı İsmayıl Nağıyevin zavodunda çalışdım. Bu adam haqq-hesabına düz idi. Danışdığı puldan kəsməzdi. Amma bunu da demək lazımdır ki, hər yerdən qovulan işsiz və ac qalan bunun zavoduna gəlirdi. Bu zavodda ayda 12 saatlıq iş günü olmaq şərtilə yuxarı maaşlar 10 manatdan ibarət idi. Qış və payız maaşları 4 manat yarım, 5 manatdan ibarət idi.

Hacı İsmayıl çox qənaətcil idi. Kibritləri yarı bölmək üçün xüsusi bıçağı var idi. Özünün iki qadını var idi. Qardaşı Hacı İbrahim öldükdən sonra, qadınlar irs aparmasınlar deyə, onun da iki qadınını aldı. Anası da sağ idi. Qardaşının iki, özünün də bir qızı var idi. 9 nəfərlik ailə üçün gundə 600 qram ət alan Hacı işçiləri daha da ucuz işlətmək üçün vasitələr tapırdı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info