Qonaq Kitabı
ORDUBADDA YENİ ÜSULDA MƏKTƏB

İsmayıl bəy Qasprinski Baxçasarayda yeni məktəb kitabları çap edirdi. “Üsuli-cədid” deyilən təzə üsulda məktəb açılmasına başlamışdı. Ordubad tərəqqipərvər ziyalıları, xüsusən varlılardan bəziləri Ordubadda bu kimi məktəbin açılmasına çalışırdılar. İşin başında Hüseyn Soltan Kəngərliski idi. Hüseyn Soltan çox varlı mülkədar idi. Dizə kəndi və Dəstə kəndinin çox hissəsi Hüseyn Soltanın əlində idi. Bundan əlavə ticarət edər və pul müamiləyə verərdi. Hüseyn Soltan ətrafına ziyalılardan və xuda varlılardan brr çoxunu toplamışdı. Kupes Əhməd İsmayılov, Hüseyn Mirzə Xəlil Salehzadə, Soltan Hacıbəyzadə, Əsgər Hüseynzadə və başqaları məktəbin rəhbərləri sayılırdı.           

Birinci kərə olaraq Ordubad məktəbli cocuqları 1892-ci ildə skamya üstündə oturub dərs oxudular. Məktəb üçün müəllim axtarırdılar. O vaxtlar Ordubad şairlərindən Məhəmmədtağı Sidqinin çayçı dükanı var idi. O gənc vaxtından İran səyahətində bulunduğu, hətta Səbzivar şəhərində yaşadığından farsca, ərəbcə, türkcə savadlı idi. Bütün şairlər onun dükanında toplaşırdı. Məhəmmədtağı Sidqi məktəbə müəllim təyin edildi. Məktəb əski üsulda dərs keçirən zöhrüddövlə İbrahim xanın mədrəsəsində açılmışdı. Məktəbi açan Hüseyn Soltan öz cibindən bir qəpik də olsa, məktəbə sərf etmirdi. Məktəb xalqın hesabına saxlanırdı. Hüseyn Soltan belə bir qərar qoymuşdu. O, camaatın aldığı hər bır ticarət malından məktəbin nəfinə1 bir faiz götürərdi, pul verdiyi adamlardan da məktəb nəfinə faiz alırdı. Bunun üçün də məktəb lazımınca tamin olunurdu. Bu məktəbdə inqilabi bir ruh var idi. Məktəbə daxil olan bu inqilabi ruh Rusiya və Qafqaz yolu ilə deyil, İran yolu ilə daxil olurdu. Muəllim Sidqi Misirdə “Pərvəriş” və s. qəzetləri İran təriqi ilə gətirirdi. Bunlardan əlavə, Təbriz ilə ticarət edən Əsgər Hüseynzadə oradan əcnəbi qəzetləri gətirib məktəbə verirdi. Məktəbin inqilabçılığı İran azadlığı üzərində başlamışdı. Çünki xaricdən gələn qəzetlər tamamilə İran azadixahları, məsələn, Mirzə Əli Məhəmməd xan Kaşani, Əhqulu xan Əxtar və bu kimiləri tərəfindən nəşr edilirdi. Məşədi Əsgər Hüseynzadə Təbriz inqilabçılarından Hacı Əli Davaçı, Siqqətülistam, Tağızadə ilə əlaqədar olduğundan, o məktəbdə inqilabi   ruhun yayılmasına daha artıq xidmət edirdi. İnqilabi duyğular İran ruhunda gedirdi. İbrahim Əbilov ilə mən ən birinci sırada oturduq. Sidqi bizə çox əhəmiyyət verirdi. İmtahanlarda, yaxud məktəbi görməyə gələnlərin yanında oxumaq üçün əvvəlcə bizə söz verilirdi. Hökumət məktəbə çox böyük diqqət verirdi. Hər ayda bir neçə dəfə vəziyyəti öyrənməyə çalışırdı. Ara-sıra Naxçıvan uyezd naçalniki də öz mütərcimi Mirzə Əliqulu ilə bərabər məktəbə gələrdi. Xüsusən, mollalar məktəblə çox mübarizə aparırdı. Mübarizə aparanların başında Hacı Mirmahmud dururdu. Onlar təzə üsulda açılan və dərsləri türkcə gedən məktəbin mədrəsədə yaramadığını söyləyib, binanı təmizləməyi tələb edirdilər. Məktəbin müəssisi Hüseyn Soltan isə buna heç də əhəmiyyət vermirdi. O, mollaların hər bir təşəbbüsünü rədd edirdi.

Hökumət məktəbin proqramını gözdən keçirib, orada dini dərslərin artırılmasını təklif edirdi. Xüsusən türkcə çıxan dini kitablardan dərs verilməsini tapşırırdı. Hüseyn Soltan bunun ziddinə getmirdi. Məktəbdə Axund Əbdülsalam şeyxülislamın yazdığı “Zübdətül-ehkam” və rus missionerləri tərəfindən düzəlmiş “Vətən dili” adında ibtidai dərs kitabları keçilirdi. Üsuli-din, fürui-din və başqa dini dərslər verilirdi. Qurandan dərs verilmirdi. Bu barədə də edilən etirazları Hüseyn Soltan rədd edirdi. Məktəb mənfəətverici məktəb idi. Burada elmi-hesab, coğrafiya, tarix, ədəbiyyat, hüsnxətt dərsləri birinci yeri tuturdu.

Mən bu məktəbdən artıq qalan vaxtlarımı mədrəsədə sərfnəhv, məntiq dərslərini oxuyub, ərəbcə və farscanı öyrənirdim. Məktəbin dörd il davamından sonra Ordubadda şiddətli vəba xəstəliyi düşdü. Məktəbin müəssislərindən Hüseyn Soltan və Hüseyn İsmayılov ikisi də bir gündə öldülər. Bunlardan sonra Salman Əsgərov məktəbi yalnız bir il davam gətirə bildi. Sidqi maaşsız qaldı. Onu naxçıvanlılar çağırıb Naxçıvana apardılar.

Ordubad məktəbinin müəllimi, istərsə onun rəhbərlərindən bir neçəsi dinçi deyildilər. Buna baxmayaraq, dini dərsləri məktəbin proqramından çıxara bilmirdilər. Birinci olaraq, Ordubadda bu məktəbli uşaqları şərqi oxuyurdular. Şərqilərdən birini Sidqi özü yazmışdı:

Əcəb xoşbəxt olur hər kəs, tuta məva bu məktəbdən,

Bir az vaxtda kamallana, olur dara bu məktəbdə.

Bundan başqa Hafizin də şərqi havalarına uyğun qəzəllərindən oxuyurduq:

Çəndanke qoftəm ğəm ba təbiban,

Dərman nəkərdənd məskini-qəriban.

Hafez, nəgəşti rüsvayi-giti

Gər mişənidi pənd əz ədiban.1

Bundan əlavə uşaqlara dini mahnılar da öyrədilmişdi. 1899-cu ildə böyük vəba xəstəliyi zühur etdiyi vaxt bütün şəhər qəbristanda müsəllaya çıxmışdı. Uşaqlar da sıra ilə mahnı oxuyaraq qəbristana getmişdi. “Bizi bu bəqədə zarü pərişan eyləmə, yarəb” kimi sözlər oxunurdu.



1 Mədrəsə Nadir şahın əsrində tikilmişdi. İbrahim xanın nəvələri Ordubadda yasayırlar. (Müəllifin qeydi).

 

1 Tərcüməsi: Təbiblərə qəmimi nə qədər danışdım,

              Miskin qəriblərə dərman etmədilər.

Hafız! Dünyada rüsvay olmazdım,

Əgər ədiblərdən nəsihət eşitsəydin. (Müəllif).

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info