Qonaq Kitabı
ŞEİR VƏ ƏDƏBİYYATIN QİYMƏTİ

Günün birisində atam məni yanına çağırdı. Bir yazılmış kağız verdi və tapşırdı: “Bu kağızı aparıb - Mənsur ağa adlı bir cavan vardır - onu tapıb verərsən, cavabını alıb gələrsən”.

Mən bazarı çox dolaşdım. Nəhayət, Mənsur ağa qapan dibindən gəldiyi vaxt əllaf Hacı Mirzə Ağababanın dükanının qabağında məktubu ona verdim. Alıb oxudu. Diqqətlə baxırdım, axıra qədər oxudu. Oxuyub qurtardıqdan sonra mənə bir söz demədi. Kağızı palçığın üstünə atıb basladı və keçib getdi. Mən kağızı palçığa batmış bir halda yerdən qaldırdım. Onu arxalığımın qolu ilə təmizləyirdim. Bu halda atamın səmimi rəfiqi və əncümən üzvlərindən Məşədi Həsən dəbbağ gəldi. Kağızı məndən aldı. Ağarəsul əttarın dükanında ucadan oxudu. Onların hər ikisi ağladılar. Mən sonra bildim ki, atam Mənsur Ağaya tərif yazıb aclığını bildirmişdi. Dəbbağ Həsən bir dəsmalın ucuna pul düyünlədi və evimizə qədər yola saldı. Atam bu cür məktublardan bir çoxuna göndərirdi. Lakin yardım ala bilmirdi.

Atam işdən düşdüyü və ehtiyac içində yaşadığı illərdə (1882-ci ildə) Ordubad şəhərinin vəziyyəti qismən dəyişmişdi. XVIII əsrin ortalarına nisbətən burada müsəlmanlar arasında ticarət əhli və böyük varlılar tapılırdı. Lakin bu tacirlərin əlaqəsi yalnız İran ilə idi. Rus fabriklərindən çıxan malları isə Ordubad tacirləri yenə də Əylis erməniləri vasitəsilə əldə edə bilirdilər. Hər halda ticarət ermənilərin əlində idi. Çünki Ordubad İran vaxtından əyan şəhəri olduğundan, hətta şahın nəzərindən düşən əyanlar Ordubada göndərilib burada kök saldığından müftəxorluq və tənbəllik şəhərdə olduqca dərin kök salmışdı. Bunun üçün mülkdən və kənd gəlirindən dolananların ticarətlə maraqlanmayacağı şübhəsizdir. Nəhayət, ermənilərin ticarətlə böyük paralar qazanması bunlarda ticarətə böyük bir maraq oyandırmışdı. Əyanlardan Hacı Əbutalıb, Hacı Rəsul, Hacı Molla Hüseyn və daha bir çoxları ticarət işinə başlamışdı. Bunlar çox az vaxtda varlanmışdılar. Atam bunların hamısına yazır və ehtiyacını bildirirdisə də, heç birisindən yardım almadı. Nəhayət, ehtiyac içərisində öldü.

Əmim də ixtiyarlaşmışdı. Ailə saxlamaq mümkün deyildi. Anam işləməyə məcbur olmuşdu. Atam öldükdən sonra onun şeir maraqlısı olan tanışları da Dəbbağ Hüseyndən başqa - fəqirləşmişdilər. Heç birisindən yardım almaq mümkün deyildi. Yalnız işləmək lazım idi. Xüsusən, qadınların işləməsi üçün nə fabrik, nə də zavod var idi. Bir fabrik varsa, o da erməni Karapet Babayevin idi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info