Qonaq Kitabı
MƏZHƏB VƏ TƏRİQƏT MÜBARİZƏLƏRİ

Mən doğulduğum vaxt necə ki İran, elə də İran ilə həmcivar olan Ordubad şəhərini məzhəb və təriqət mübarizələri boğmuşdur. XIX əsrdə böyük bir şöhrətlə aralığa çıxan və Kərbəla şəhərində dini bir cəmiyyətin təşkilinə müvəffəq olan Şeyx Əhməd Əhsan şagirdlərindən birisi də Ordubada gəlmişdi. Bu adam Ağa Əli müctəhiddən ibarət idi. Ağa, bir tərəfdən, “Şeyxi” təriqətini müdafiə edərək “üsuli” təriqəti ilə vuruşur, o biri tərəfdən də, Bab şagirdləri olan Molla Sadıq Vənəndli və Ağa Mirkərimlə mübarizə edirdi. Bab İranda öz təriqətini elan etdiyi vaxt Molla Sadıq da Ordubadın Vənənd kəndində eyni təriqəti elan edir, on minlərlə əhalini ətrafına toplamağa müvəffəq olur. Bu zamar Ordubad xalqı daha bir böyük qorxunun qarşısında qalır. Rusiya hökuməti Behbudov adlı generalı 5 min nəfərlik ordu ilə Molla Sadığın həbsinə məmur edir. Əhali qorxuya düşür. Culfa adamları evini, malını buraxıb ailəsi ilə bərabər İran tərəfə qaçırmış. Bu vaxtlar Ağa Əli müctəhid öz rəqiblərini məhv etmək üçün Behbudov general ilə anlaşır və Molla Sadığın həbs edilməsinə müvəffəq olur. Behbudov və başqa rus məmurları, öylə də Şeyxəli bəy Naib, “şeyxi” təriqətinin qalib gəlməsi üçün böyük hümmət sərf etmiş olurlar. Xüsusən Naxçıvanın xanı və onun naibi Şeyxəli bəy də “şeyxı” təriqətini daşıyırdı. Ağa Əli müctəhid bu qalibiyyətdən sonra bu yoxsul şəhərdə öz nüfuzunu genişləndirib, üsuli təriqətlərilə ciddi mübarizəyə girişir. Belə ki, məscid qapılarında vuruşmalar olur, hər iki tərəfin mollası bir-birinin qanının halal olmasına fitva verir. Ordubadın Yaycı və Vənənd kəndləri “üsuli” olduqlarından şeyxin tərəfdarları həmin kəndlərə dolana bilmirdilər.

Din və təriqətə arxa vermiş şəhər əyanları aşağı təbəqəni istədiyi kimi istismar etməyə başlamışdı. Bu üzdən də əyanları terror etmək üçün bütün Naxçıvan mahalında Əbutalıb adlı bir gənc aralığa çıxır. Əbutalıb Müəzzədin bəy adlı zalım bir bəyin pusqusunda durub, güllə ilə vurur. Bəy qılçasından yaralanır. Bunun üçün də Əbutalıbı Ordubadın məşhur Ərəsə meydanında dara çəkirlər. Camaat qorxuya düşür. Bir neçə gün heç kəs bayıra çıxmır. Yenə də mollalar əhalini sakit edir. Əyanlar, xanlar və mollaların əlində oyuncaq olan Ordubadın haqqında “Fəqir” öz şeirlərində yazır:

Əzəl şikayətim ol çərxi-bivəfadəndir,

İkincisi iki yüz1 yarü aşinadəndir.

Libasi-faxiri hər kəs geyib, sayalla kişi,

Neçünki, köhnə geyən firqeyi-gədadəndir.

Verillə müdamə, həm qeyri-müstəhila təam,

Fəqirlər qalır ac, yəni bu səxadəndir?!

Hacı təkiyyə tutubdur Hüseynə ağlamağa,

Evini, dövlətini göstərir, bəxadəndir.

Ziyafət eylər adı çıxmağa, deyər ehsan,

Qəbul olmuya bu xeyrlər, xətadəndir.

Plov yeyənlər yeksər yığıb, qalıb aclar,

Görüm evi yıxıla, belə iş rizadəndir?!

Kələm başında axundun keçib yuxarı başa,

Kəsib buxarı başın, bu nə müddəadəndir?

Geyib qəbanı, salıbdır əba, tutubdur əsa,

Çəkibdir boynunu, yəni ki, iddiadəndir.

Axundu gəlibdi Nəcəfdən, edib əcəb təhsil,

Yığıb mürid başına sidq ilə, səfadəndir.

Sözündə yoxdur əcəb vaizin, deyil amil,

Axundların bu hamı etdigi həvadəndir.

Əgərki qazı ağa əyləşib qəzabətdə,

Xilafdır hamı fitvası, hökm ağadəndir.

Bu kimi şeirləri yazan şair “Xalq”ın nəzərindən düşürdü. O, təmin edilməyəcək bir yoxsulluğun içərisində idi. Buna baxmayaraq, şeirə çox həvəsli idi. Ordubadda şairlər əncümənini düzəltmişdi. 

                              ƏNCÜMƏNDƏ İŞTİRAK EDƏNLƏR

“Bikəs” təxəllüs Molla Hüseyn;

“Sidqi” təxəllüs Məmmədtağı;

“Müznib” təxəllüs Kəblə Əliqulu;

“Şəmi” təxəllüs Əhməd ağa;

“Nəqqaş” təxəllüs Nəqqaş Zeynalabdin 

                              ƏNCÜMƏNDƏ İŞTİRAK EDƏN ŞEİR MARAQLILARI

Məşədi Həsən Dəbbağ;

Seyid Möhsün Saatsaz;

Kərim Məşədi Həsənoğlu;

Ağa Rəsul Əttar və sairləri idi.

Son zamanlar “Fəqir”in gözləri kor oldu. Daha məktəbdə dərs verə bilmirdi. Halı daha da ağırlaşdı. Məni, bir də böyük bacımı əmim öz yanına aparmışdı. Çünki atamın heç bir şeyi qalmamışdı. Hətta ölməmişdən əvvəl şairin üst paltarlarını da satmışdılar. Mən 9 yaşında idim. Onun görüşünə getdim. Atam papiros qutusunu mənə verdi və tapşırdi: “Oğlum, bunu 15 qəpiyə də olsun satarsan. Pulunu isə qəndə və çaya verib gətirərsən”.

Mən qışın günü saat 12-dən axşama qədər dolaşdım, qutunu istəyən olmadı. Çünki kartondan qayrılmış qutunun rəngi artıq saralmağa başlamışdı. Qapağı da bağlanmırdı. Axşam evə qayıdanda əmim rast gəldi. Ona söylədim, o ağladı. Əlimdən tutub çolaq Nəsrullanın əttar dükanına gətirdi. Çay və qənd alıb verdi.



1 İkiüz- ikiüzlü.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info