Qonaq Kitabı
FAMİLİYAMIZ

Atam Hacağa Məhəmməd oğlu yeddi arxa keçdikdən sonra Şah Abbasın yanında böyük bir mərtəbə qazanmış məşhur şair Mirzə Hətəm Ordubadinin nəvəsidir.

Mirzə Hətəmdən atam Hacağaya qədər familyamızda şairliklə məşğul olan yalnız ikinci Mirzə Agacan olmuşdur. Atam Hacağanın təxəllüsü “Fəqir”dir. Onun böyuk divanı vardır.

Anam İranın Qaradağ tərəflərindən - Dizmar mahalındandır. Üştibin kəndindən Pənah adlı bir bağbanın qızıdır. O, Tovuz xanım vasitəsilə məşhur Üştibin şairi Nəbatiyə mənsubdur. Anam öz ailələr ilə bərabər Həsənabad xanlarının qarət və qırğınından qurtulub qaçmışdı.

Atam evləndiyi vaxt çox fəqir idi. Bunun üçün də şeirlərində “Fəqir” təxəllüsü ilə məşhur olmuşdur.

Zatən 1838-ci ildən başlayaraq, yalnız Ordubad şəhərində deyil, ümumiyyətlə, Naxçıvan mahalında qarışıqlıq başlamışdı. Əvvələn, məhzəb-təriqət mübarizələri şiddət etmiş, ikinci də, İran qanunlarının yeni istilaçı rus qanunlarına dəyişdirilməsi camaatın dağılıb İrana qaçmasına və yoxsul bir vəziyyətə düşməsinə səbəb olmuşdu.

Hələ bu ildən İranda olan ermənilərin Zaqafqaziyaya köçürülməsi, xüsusən, Marağa və Təbriz tərəflərindən gətirilən 266 evin Ordubad kimi torpağı az olan yerlərə yerləşdirilməsi səbəbindən iqtisadi, siyasi və ictimai vəziyyət tamamilə bərbad bir hala qalmışdı.

Bu ildə 12 min əhaliyə malik olan Ordubad şəhəri, iqtisadi vəziyyətin pərişanlığına baxmayaraq, öz boynunda məhəlli istismarçıların ağır yükünü çəkməyə məcbur idi.

Burada Ordubadın fəqir və yoxsul olduğu haqqında rus məxəzlərinin verdiyi məlumat daha aydındır.

1838-ci ildə Ordubad şəhərinin istismarçıları bunlardan ibarət idi:

Molla - 75 nəfər;

Axund - 3 nəfər (Müctəhid və vaiz);  

Seyid - 30 nəfər;

Xan - 1 nəfər (Bu idarəedici xandır. Başqaları bura daxil deyildir);

Bəy və s. əyan sinfi - 60 nəfər;

Xan nökəri - 10 nəfər.

Yuxarıda göstərdiyimiz 179 nəfərdən ibarət olan təbəqə 12 min fəqir və yoxsul əhalini istismar edirmiş. Burada çox maraqlı bir şey varsa, o da 12 min əhalinin nə kimi sərvətə malik olmasından ibarətdir. Burada birinci olaraq maldarlıq işini götürək:

Dəvə -100 baş;

At - 200 baş;

Qatır - 60 baş;

Eşşək - 500 baş;

İri buynuzlu heyvan -1200 baş;

Qoyun, keçi - 10000 baş.        

Bu göstərilən rəqəmlərə gəldikdə, bunların 70 faiz şəhərin xanı Naib Şeyxəli bəy, Ağalar Soltan, Fəxrəddin bəy İsgəndər Ağa və Əli xanların ixtiyarında idi.

Ordubad şəhərinin yer məhsulu işinə gəldikdə, torpağının azlığından və əhalinin mədəni olmadığı üzündən daha dərisiz bir halda imiş. Məsələn, 1838-ci ilin taxılını götürmüş olsaq, görə bilərik ki, bütün Ordubad okruqunda 500 xalvar, yaxud 10000 pud buğda olmuşdur ki, bu da okruqda yaşayan xalqın hər bir nəfərinə ildə 30 girvənkədən artıq düşmür. Halbuki buğdanın da hamısı rəiyyətin deyildir. Heç olmasa 50 faiz xanın anbarına tökülürmüş.

Əhalinin ağac meyvəsinə gəldikdə, onun da əksəriyyəti üzüm məhsulu təşkil edir. Üzüm məhsulundan isə Ordubad müsəlmanları ermənilər kimi istifadə edə bilmirdilər. Onlar üzümləri Naxçıvana və İran kəndlərinə daşıyıb taxıla və başqa yemək şeylərinə dəyişməyə məcbur idilər. Bu isə hamıya mümkün olmadığı üçün bəzən üzüm bağlarını ermənilərə icarəyə verirdilər.

1838-ci illərdə Əylis kəndində yaşayan yerli ermənilər müsəlman əlində olan üzüm bağlarını icarəyə götürürdülər. Üç yüz pud üzüm verən bağları 60 manatdan artığa götürmürmüşlər. Halbuki pudu 20 qəpiyə olan üzümdən erməni icarədarı 12 butulka şərab hazırlaya bilirdi.

Bəzən mollalar müsəlmanların bağı şərab üçün icarəyə verməsinə mane olduğundan icarədar erməni vaxtikən mollaları görüb razı salmağa məcbur olurmuş.

Atam böylə mühitdə yaşadığı və böylə bir mühitdə şair olduğu üçün təxəllüsünü “Fəqir” qoymuş və şeirlərində mühitinin yoxsul vəziyyətini əks etdirmişdir.

Mən 1872-ci ildə doğulduğum vaxt Ordubadın vəziyyəti daha bərbad halda imiş. Bu vaxt məzhəb mübarizələri, təriqət çıxışları qanlı vuruşmalara qədər varıb çıxırmış.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info