Qonaq Kitabı
İTKİLƏRİMİZ

NAĞI  KEYKURUN (1883-1967)

 

Azərbaycan İstiqlal mübarizəsinin tanınmış mücahidlərindən birini də itirdik. Nağı bəy Keykurun (əski soyadı Şeyxzamanoğlu) uzun İstiqlal Mübarizəsi dövrünün yetişdirdiyi simalardan biri idi. Rus istilasına qarşı qəhrəmancasına savaşı ilə Azərbaycan tarixində özünəməxsus yer alan məşhur Cavad xanın Gəncə qalasında anadan olmuş və həmin nəslin milli ideyaları və vətən sevgisi ilə yetişərək bütün həyatını yurdunun xidmətinə sərf etmişdir. Nağı bəy Nəsib bəy Nusifbəyli, Həsən Ağaoğlu, Ələkbər Rəfioğlu, Xudadat bəy Rəfioğlu, Əhməd Cavad kimi vətən və millət fədailərinin mühitində milli və siyasi tərbiyə almış şəxslərdən idi. İlk öncə “Difai” firqəsi, daha sonra “Türk Ədəmi – Mərkəziyyət” partiyası ətrafında fikrən və ruhən yoğrulan bu mühit Azərbaycanın qəlbi və daimi qalası mövqeyində olan Gəncədə 1917-1918-ci illərdə Milli Komitə şəklində təşkilatlanmışdır. Nəsib bəy Yusifbəyli ilə Məhəmməd Əmin Rəsulzadə arasında Bakıda baş verən tarixi görüşün ardınca “Türk Ədəmi – Mərkəziyyət” və “Müsavat” partiyalarının birləşməsi nəticəsində iki millətçi kadr əl-ələ verərək könül birliyi ilə ümumi Azərbaycan hərəkatının və dolayısı ilə müstəqil Azərbaycan dövlətinin təməlini atmışdılar. Nağı bəy ona tapşırılan vəzifələri, istər ölkə ölkə daxilində, istərsə də xaricdə sədaqətlə yerinə yetirmişdir. 1918-ci ilin Azərbaycan üçün ən ağır və kədərli günlərində o, Gəncə Milli Komitəsinin səlahiyyətli nümayəndə heyətinin tərkibində Osmanlı hökumətinin rəhbərliyi ilə görüşmək üçün İstanbula göndərilir. O, Müstəqil Azərbaycan dövründə Milli Təhlükəsizlik Təşkilatının rəhbəri vəzifəsinə təyin edilmişdir.

Nağı bəyin bir şəxsiyyət kimi formalaşmasında bolşeviklər tərəfindən 1920-ci ildə şəhid edilmiş mərhum böyük qardaşı Məmmədbağır Şeyxzaman oğlunun çox güclü təsiri olmuşdur. İnanılmaz və çox fəal bir “Müsavatçı” olan Məmmədbağır bəy istər milli vəkili olduğu Azərbaycan Parlamentində, istərsə də ümumi ictimai işlərdə vətən xaini olan kommunistlərə qarşı geniş mübarizə aparmış bir şəxs idi. Elə buna görə də rus işğalçı ordusu Azərbaycana ayaq basar-basmaz ilk kütləvi şəkildə həbs olunub güllələnənlər arasında o da olmuşdur. Mühacirət həyatında Nağı bəy uzun müddət “Müsavat” partiyasının sıralarında olmuş və Rəsulzadənin rəhbərliyi altında çalışmışdır. Bir ara anlardan ayrı düşmüşdürsə də İkinci Dünya müharibəsindən sonra həssas milli hissə və dərin vətən bağlılığı ilə yenidən öz mövqeyinə qayıtmış və birincilər sırasında müqəddəs vəzifəsini ürəkdən və yorulmadan yerinə yetirmişdir.

Nağı bəy Ankarada və İstanbuldakı dərnəyimizin fəaliyyətində canla-başla iştirak etmiş, gənc dostlarımıza şövq və həvəs qaynağı olmuşdur. Almaniyada və ABŞ-da olduğu müddətdə milli çalışmalarımız və Azərbaycan mühacirət həyatı ilə yaxından maraqlanmış və əlindən gələn yardımları əsirgəməmişdir. Nağı Keykurun “Azərbaycan” jurnalının daimi müəlliflərindən idi. Gələcək nəslimizə bir xatirə kimi yazıb qoyduğu canlı yazılarında istismarçı rus hakimiyyətinə qarşı ölüm-dirim savaşına başlamış məşhur partizan qəhrəmanlarımızın xatirələrini, “Difai” firqəsinin fəaliyyətini və Gəncədə Milli hərəkatın yaranmasını və gedişini bütün təfərrüatı ilə təsvir etmişdir. Nağı bəy ayrıca olaraq bütün xatirələrini bir kitab halında toplamışdır.

Eyni zamanda Nağı bəy öz uşaqlarını və yaxınlarını milli ruhda yetişdirməyə çox fikir vermiş və bu işə böyük əmək sərf etmişdir.

Mülayim xasiyyəti olan Nağı bəy yaxşı bir yoldaş, vəfalı bir dost, həssasqəlbli bir insan idi. Ancaq, milli vəzifədə səhlənkarlığı heç kimə bağışlamazdı.

Nağı bəyin ən aydın vəsfi Azərbaycan İstiqlal mübarizəsinə dərindən bağlı olması idi. Nağı bəy bütün ömrü boyunca bu məsələdə heç bir kimsəyə və hər hansı bir cərəyana kiçik bir güzəştə belə getməmişdir.

O, ağır xəstə olarkən də yurdunu və mübarizəsini bir an belə unutmamışdır.

Elə bu səbəbdən də məzarı başına toplanan qohum-əqrabası, tanışları, dostları onu gözyaşları içində, hörmət və sevinc ilə torpağa əmanət etmişdilər.

Azərbaycan Kültür Dərnəyi üzvləri hörmətli yurddaşının vəfatı münasibəti ilə bütün yerlilərinə, kədərli ailəsinə, möhtərəm həyat yoldaşı Həmidə xanıma, uşaqları Saleh və Yavuza, həmçinin qızına və nəvələrinə dərin Hüznlə baş sağlığı verir.

Nur içində yatsın!

 

“Azərbaycan” (“Azərbaycan Aylıq Kültür Dərgisi”), Ankara. İl:16, Sayı: 184-186, s. 21-22

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info