Qonaq Kitabı
DƏRDLƏŞMƏ

İstanbul 1963-cü il

 

Aşağıdakı hörmətli oxucuya təqdim edilən yazıda bəhs olunan hadisə haqqında 12 il keçəndən sonra yazılmasının səbəbini açıqlaya bilərik. Ədər gələcəkdə hər hansı bir tarixçi Azərbaycanın müasir tarixini araşdıracaqsa, bu mövzuyla bağlı məlumata ehtiyacı yaranacaqdır. Bu səbəbdən yazımızın mövzusu kimi seçdiyimiz “Vesbaden anlaşması” məsələsini açıqlayarkən ölkənin istiqlal mübarizəsində öz üzərinə məsuliyyət götürmüş olan bəzi şəxslərin bu məsuliyyəti pis yerinə yetirdiklərini söyləyərkən bunun hər hansı bir xüsusi düşmənçilikdən qaynaqlanmadığını bilməlidirlər.

Bu yazımızdakı mülahizələrimizi belə xülasə edə bilərik: “Vesbaden anlaşması” “Millətlər zindanı” olan Rusiyanın sabah üçün də eyni xüsusiyyətini qoruyub saxlaya bilməsi üçün çalışılan bir tədbir idi. Qüsurlu olan bu “Vəsbadən anlaşması” çox yaşaya bilməzdi və heç yaşamadı da...

“Vesbaden anlaşması”nın qüsurlu gedişatına qarşı bu gün “Paris bloku”nun sağlam prinsipləri mövcuddur.

Rus olmayan və rus əsiri millətlərin etimadını və azad dünyanın da dəstəyini alan “Paris bloku” anlaşmasında Azərbaycan istiqlalçıları  adından Azərbaycan Milli Mərkəzi də öz imzasını atmışdır. Bu quruma sonsuz uğurlar diləyərək “Dərdləşmə” adını verdiyimiz əsas mövzuya keçək.

Dərdləşmə.

Ali Təhsilli üç yurddaşımızla Azərbaycan milli istiqlal mübarizəsi ətrafında söhbət edirdik. Bunlardan ikisi duyduqları üzüntünü belə anlatdılar: “Nə üçün biz türklər istiqlal mübarizəmiz uğrunda birləşirik? Yaxşı, bəs bu ayrılığın və bir-birimizlə dil tapa bilmədiyimizin səbəbini harada axtarmalıyıq? Nəyə görə birləşmək üçün təşəbbüs və səy göstərilmir? Sizi aramızda həm yaşlı, həm də təcrübəli bir yurddaşımız kimi tanıyırıq. Bizə bu ayrılığın səbəbini başa sala bilərsinizmi?”

Yurddaşlarımızdan üçüncüsü mənim cavabımı gözləmədən sözə başladı və “İstiqlal” davası və bu yolda edilən mübarizələr haqqında bir fikrim olmadığı kimi, bir ümidim də yoxdur. Bu əfəndilər ilk öncə birlik halında çalışmaqda idilər. Sonradan ayrıldılar. Siz isə indi yenidən birləşmələrini istəyirsiniz. Qırx ildən bəri bu adamlar istər birləşmiş və istərsə ayrılmış halda nə etdilər ki, təkrar birləşib bir şey edə bilsinlər? Bunların hamısı boş və əvəzsiz şeylərdir. Bax elə buna görə də mən keçən bu qırx il ərzində bu adamlara qoşulmadım və bu işlərlə maraqlanmadım. Üstəlik bu işlərlə məşğul olan şəxslərin ortaya qoyduqları bir əsər də yoxdur.” - dedi. Üçüncü yurddaşımızın bu çıxışı heç birimizi razı salmadı.

Hələ məndən cavab gözləyən iki yoldaşa bir şey söyləmədən canımızı sıxan üçüncü yoldaşımıza üzümü tutaraq sözə başladım. “Bu söylədiklərimizi əvvəllər də bir çoxlarından eşitmişəm. Onlara da indi sənə verəcəyim cavabı vermişdim. Həm də bu cavab mənim deyil bir türk şairinindir. “Dinlə gör nə deyir:

 

Ölmək elə bir körpüdür hər kəs keçəcəkdir,

Lakin hər ölüm diqqətə şayən ola bilməz

Cəhd eylə diriykən sənə ölmüş deməsinlər

Səssiz yaşamaq varlığa bürhan ola bilməz.

 

Bax sizin kimi düşünənlərə söyləyəcəyim budur. Özünün çalışmadığınız halda çalışanlara da mane olursunuz. Ya görülən işləri görmürsünüz, yaxud da görəcəklərinizi anlamaq qabiliyyətindən məhrumsunuz. Buna görə də sizə nə söylənsə əbəsdir. Beyniniz əsasən hazır cavablarla doludur. Ancaq digər iki yoldaşın sualına cavab verəcəyəm. Xahiş edirəm siz də zəhmət çəkib dinləyəsiniz. Məsələmizə toplu bir nəzər salaraq birləşməmənin əsas səbəblərindən bir nümunəni eşidəcəksiniz. 1918-ci il sentyabrın 15-də beş ay yarımlıq savaşdan sonra yurdumuzun göz bəbəyi olan ruslar 1920-ci il aprelin 27-də qüvvətlənmiş bir halda yenidən Azərbaycana gəldilər və gözəl ölkəmizi dünya tarixində misli görünməmiş bir işgəncə və zülmə düçar etdilər. Hər gün daha çox şiddətlənən qeyri-insani təzyiq bu gün də öz xüsusiyyətini saxlayır.

Qızıl Moskvanın hakimiyyəti altında zülm çox və sonsuz, ədalət isə yox dərəcəsindədir. Burda təzyiq çox, azadlıq isə yoxdur. Səfalət çox, rifah yoxdur. Haqq tapdandığı kimi ədalət də yoxdur.

Bu vəhşiliklərin hökm sürdüyü diyarda və bu Qızıl Zindanda bir çox millətlər inildəyir. Bu millətlər arasında rus olmayan millətlərlə bərabər ruslar da vardır. Ancaq bu millətlər üzərindəki vəhşilik və işgəncənin dərəcəsi və nisbəti eyni deyildir. Bolşevik Moskvanın əsarətində yaşamaq bədbəxtliyinə məhkum olan millətlər arasında sayı əlli milyonu keçmiş Türklərə edilən zülm başqalarına edilən zülmdən fərqlənir. Həmçinin Krım Türkləri ilə Şimali Qafqaz Türk-Müsəlmanları qorxunc aqibətə məruz qaldılar. Sayları iki milyonu aşan bu Türk-Müsəlmanlar bütövlükdə yurdlarından köçürülərək məcburi əmək düşərgələrinə sürgün olunmuşdular. Bu sürgündən qoca, uşaq və qadınlar da xilas ola bilməmişlər. 1943-cü ildə baş vermiş bu hadisə haqqında təsadüfən 1949-cu ildə xəbər tutulmuşdur.

Bu hadisənin əks-sədası dünya mətbuatına və BMT-yə qədər gedib çatsa da heç bir təsiri olmamış və sürgünlər yenə davam etdirilmişdir. Sürgündən boşalan yurdlara rus kəndlisini köçürməklə görünür ki, Rusiyada hər şeyin üstündə rus millətçiliyi hakim kəsilmişdir. Moskva ruslaşdırma siyasəti ilə ənənəvi rus imperializmin siyasətini davam etdirir. Rus siyasəti dediyimiz kommunistləşmiş rusluq ruslaşmış kommunizmdən başqa bir şey deyildir.

1920-ci il aprelin 27-də kommunist Moskva yurdumuzu istila edərək istiqlalımıza son qoymuş oldu. Bolşeviklər istiladan sonra ilk iş olaraq kişiləri və məşhur şəxslərimizi hər vasitə ilə ortadan qaldırmağa başladılar. Bu repressiyadan canlarını qurtara bilənlər xarici ölkələrə getməyə məcbur oldular. Bunlardan sonuncu Baş nazir Nəsib bəy Yusifbəyli Ərəş qəzasında naməlum şəxslər tərəfindən öldürüldü. Azərbaycan milli hökumətinin Baş naziri olmuş Fətəli Xan Xoylu və parlament sədri Həsən Ağazadə Gürcüstanın mərkəzi şəhəri Tiflisdə ermənilərin terrorunun qurbanı oldular. Ölkəni tərk edənlərin bir hissəsi Türkiyəyə gələrək İstanbulda yerləşdilər. İstanbulda yerləşənlər arasında vaxtilə bankir olmuş şəxslərlə bərabər sabiq yüksək vəzifəli məmurlar da vardır. Demək olar ki, onların hamısı vətənsevər, istiqlalçı və məmləkət üçün çalışmış olan adamlar idi. Onlar istiqlalın bərpası üçün əzmlə çalışmaq arzusunda idilər. Amma onların çatışmayan bir nöqsanı vardır və bu da onların fəaliyyətinə mane olurdu. Onların çatışmayan cəhəti bu idi. Bildiyimiz kimi müstəbid çar üsul idarəsi Türk dilində tədrisi qadağan edərək Türk məktəblərinin açılmasına icazə vermirdi. Bu səbəbdən ziyalılarımızın çoxu rus məktəblərində təhsil almış olduqları üçün ana dillərində bir şey yazmaq və milli bir nəşriyyat açmaq imkanında deyildilər. Halbuki milli mübarizəsi, xüsusilə milli mübarizəni xarici aləmə tanıtmaq işi nəşriyyatın əsas hissəsi olan milli mətbuat ilə həyata keçirilə bilər. Həm də bu mübarizəni ilk növbədə Türkiyə ictimaiyyətinə tanıtmaq və ən azı Türkiyənin ziyalı zümrəsinə xitab edə biləcək bir nəşriyyat işinə girişmək lazım idi. Əlbəttə, bu da Türk dilində olan nəşriyyat vasitəsi ilə gerçəkləşdirilə bilərdi. Təəssüf ki, bu işi görə biləsi kadr yox idi. Bu vəziyyət istilalın ikinci ilinə kimi davam etdi. Bununla bərabər məmləkətimizdə işğalın ilk günündən etibarən gizli yeraltı təşkilat qurulmuş və düşmənləri heyrətə salan milli fəaliyyət göstərilmişdir. Bunlardan ən əsası gizli “İstiqlal” qəzetinin nəşrə başlaması idi. 19 sayına qədər çıxarılan bu qəzet gizli olaraq xalq arasında geniş yayılıb və milli istiqlal mübarizəsini hər zaman üçün canlı tutmağa çalışırdı. Qəzetin 19-cu sayı gizli mətbəədə hazırlanarkən mətbəəyə basqın edilmiş və bu işdə çalışan gənclər ÇEKA tərəfindən ələ keçirilmişdir. Onların bəzisi güllələnmiş, bəziləri də uzun müddətli sürgünə göndərilmişdir.

Milli istiqlal tariximiz üçün şərəfli bir dövr olan bu gizli fəaliyyət dövrünün dəyərini təqdir etmək üçün sadəcə o tarixlərdəki Kommunist Partiyasının və başqa qurultaylarında toplantılarında məsul şəxslərin söylədikləri sözləri gözdən keçirmək və sovet mətbuatının bu barədəki açıqlamalarını diqqətlə oxumaq kifayətdir.

Şübhəsiz, ölkə içindəki bu fədakarcasına göstərilən fəaliyyətə nisbətən xaricdəki fəaliyyətsizlik gizli təşkilatı çox üzür və düşündürürdü. Bu düşüncə ilə o xarici ölkələrdə mübarizəmizin səsini tezliklə çatdırmaq üçün çıxış yolu axtarıldı. Bu məqsədlə gizli təşkilat qərar çıxarıb ruslar tərəfindən yaxalanaraq Rusiyada göz altında saxlanan Məhəmməd Əmin Rəsulzadəni xarici ölkələrdən birinə keçirmək işinə başlayır. Təşkilat böyük fədakarlıqla bu qərarını gerçəkləşdirməyə müvəffəq olur. Nəticədə Məhəmməd Əmin Rəsulzadə Finlandiyaya keçir və ordan da İstanbula gəlir.

Azərbaycan istiqlal mübarizəsinin böyük lideri Məhəmməd Əmin Rəsulzadənin İstanbula gəlişi yurddaşlarda böyük bir sevinc yaratmışdır.

İlk iş olaraq yurddaşlar “Milli Komitə” adı altında birləşərək Əmin bəyi rəhbər seçdilər. İllərdən bəri özünü hiss etdirən böyük boşluq Milli Komitənin nəşr etdiyi “Yeni Qafqaziya” məcmuəsi və bunun ardınca çıxan digər mətbuat orqanları tərəfindən doldurulmuş oldu. Nəşriyyatın əhəmiyyəti gündən-günə daha aydın şəkildə özünü göstərir və fəaliyyət çox ciddi biçim aldıqda ölkədə istiladan sonra gizli təşkilatın başında duran Mirzə Bala da İstanbula gəlib, milli mübarizəni daha da gücləndirdi.

İkinci dünya müharibəsi illəri çox müntəzəm olmasa da, Azərbaycan istiqlalçıları milli nəşriyyat sayəsində Azərbaycan Milli mübarizəsini beynəlxalq bir mübarizə şəklinə sala bildilər.

Müharibədən sonrakı illərdə şərait normallaşınca Sovetlər Birliyindən olan millətlərin nümayəndələrindən ibarət bir Əlaqələndirici Heyətin yaradılması fikri meydana çıxmışdı. Bu məqsədlə Velikorus Partiyalarından beşi 1951-ci il avqustun 28-də Qərbi Almaniyanın Ştutqard şəhərində bir toplantı keçirdilər. Toplantıda “Rusiya Millətlərini Xilas Etmə Şurası” adı altında siyasi mərkəzin təşkili qərara alınmış və bunu reallaşdırmaq üçün “büro” da yaradılmışdır. Bu “büro”nun ən böyük vəzifəsi onların təbirincə Rusiyadakı “Milli azadlıq”ın da nümayəndələrini bu “şuraya” cəlb etmək olmuşdur. 1951-ci il noyabrın 7-də Qərbi Almaniyanın Vesbaden şəhərində bu məqsədin təmin edilməsi üçün beş Velikorus Partiyaları nümayəndələri ilə rus olmayan millətlərin uydurma beş qurumunun uydurma nümayəndələri bir yerə toplaşaraq “Vesbaden Anlaşması” adı altında müqavilə bağlanmış və bir deklarasiya da imzalamışdılar. Şəxsiyyətləri naməlum bir neçə şəxslərdən ibarət olan bu uydurma nümayəndələr arasında “Azərbaycan Milli Birlik Məclisi” deyilən bir təşkilatın adından Ceyhun Hacıbəyli, Əkbər ağa Şeyxülislamov və İsmayıl Əkbər adlı üç şəxsin imzası da görünməkdədir.

“Vesbaden Anlaşması” nə idi? Qurulan bu blokun istəyi nə idi? Və aqibəti nə oldu? Bu suallara cavab verməklə sanıram ki, həmsöhbətlərimin suallarını cavablandırmış olacağam.

“Vesbaden Anlaşması”nın müddəalarına görə, qurulan bu blok qeyri-rus millətlərinin hüquq statusunu 1917-ci il fevral inqilabına qədər geriyə çəkirdi. Beləliklə, o zamandan bəri dövlət hüququna görə onlara verilmiş mövcud hüquqlar öz torpaqlarının sahibi olmaq və milli hakimiyyət hüquqlarını inkar edirdi.

“Besbaden Anlaşması” rus əsarətində olan millətlərin istiqlal məsələsi üzərinə əvvəlcədən qərar verməmək şərtini qoyurdu”. Yəni məsələ İslam və Türk tarixinin şanlı səhifəsi olan 1918-ci il mayın 28-də Azərbaycan Respublikasının qurulması rədd edilirdi. “Əvvəlcədən qərar verməmə şərtini” irəli sürməklə rus heyəti qeyri-rus millətlərinin müqəddəratını Sovet – Kommunist hakimiyyətinin ləğvinə qədər arxa  plana keçirmək və yalnız ondan sonra bu məsələni milli bir ümumxalq səsverməsi ilə deyil “demokratik bir səsvermə yolu ilə həll etmək istəyirdi”. Bundan da əsas məqsəd yurdlarımızın istilasından bəri sistematik bir surətdə qeyri-rus ölkələrə məskunlaşdırılan və burdakı əhalinin sayını yerli əhali zərərinə məcburi surətdə dəyişdirmiş olan rus köçkünlərinin də səsvermədə iştirakı ilə qeyri-rus ölkələrinin iradəsinə zidd olaraq daima rus milli hakimiyyəti altında qalmasını təmin etmək idi.

“Vesbaden Anlaşması”nı imzaladan ruslar “millətlərin öz müqəddəratını şəxsən özlərinin təyin etmək hüququnun olduğunu bu şərtlə tanıdıq ki, sovet rejimi devrildikdən sonra ümumi rəyə müraciət ediləcəkdir. Öncədən millətlərin istiqlallarını tanımırıq” (russkaya ideya - Münhen 24 avqust 1952-ci il).

Halbuki biz öz müqəddaratımızı 1918-ci ilin 28 mayında təyin etmişik. Beş ay yarım sürən istiqlal savaşından sonra millətimizin qanı ilə təsdiq edilən bu istiqlalımız bu gün onlarla şərtə bağlanmışdır.

Qeyri-rus millətlərindən Ukrayna bu toplantıda iştirak etmədi. Ermənilərin, gürcülərin, şimali qafqazlıların və türküstanlıların az-çox tanınmış heç bir şəxsiyyətinin adları bu sənəddə yoxdur. Beləliklə, bu üzdəniraq yığıncağın “Rusiya millətləri”ni təmsil etməkdən uzaq olduğu öz-özlüyündən bəlli olur.

Bolşevizmlə mübarizədən çox “Vesbaden” orqanları “istiqlalçıların üstünə düşür” və milli mübarizəni buxovlamaq istəyirdi. Bu gün də bu blokun tərəfdarlarının mətbuat orqanlarını incələsək eyni həqiqətlə qarşılaşarıq. Bunlarla birləşmək necə ola bilər?

Bizcə “Rusiya torpaqlarının bütövlüyünü qəbul edən bu hərəkata qarşı həqiqi mübarizə aparılmalıdır”. Milli istiqlal və xüsusiyyətlərinə sadiq qalan türklərin bu mənfur hərəkata qarşı ayıq olmaları lazımdır. Özünü “Rusiya milləti” saymayan və Rusiya daxilində bir “azlıq” kimi qəbul etməyən və 1918-ci il mayın 28-dən etibarən millətlərarası mahiyyət kəsb edən Azərbaycan istiqlal mübarizəsini heç bir Azərbaycanlı qrupunun sovetlər birliyinin və digər sözlə Rusiyanın daxili məsələsi kimi mütaliə və müzakirə etdirmək haqqı yoxdur. Məlum olduğu kimi bu hərəkatı idarə edən Velikaruslar ilə Ağruslardır. Bilinməlidir ki, Ağruslar bütün ağlıqları ilə yəni bolşevik olmamalarına baxmayaraq millətçilik yolu ilə hərəkət edər və Rusiya hökumətinin rəngi nə olursa, olsun ona xidmət edər. İkinci Dünya müharibəsində rus koloniyalarının hər hansı bir ölkədə beşinci dəstə kimi sovet birliyinə xidmət etdiklərinin şahidi olduq.

Azərbaycan müstəqil olduğu dövrdə rəhbərlik etdiyim Əksinqilab ilə Mübarizə İdarəsinin yeganə böyük dərdi Ağrusluq idi. İstiladan sonra qaçdığım Gürcüstanda da vəziyyət eyni idi. Çox qəribədir ki, bu gün də hər tərəfdə rast gəldiyimiz Ağruslar Moskvanın heç bir zaman məğlub olmayacağından ağız dolusu danışırlar. Ağrusların sovetlər birliyi ilə paralel çalışmalarına dair güclü dəlillərdən biri də marşal Titonun ifşaedici sözləridir. Marşal Tito bununla əlaqədar belə demişdir: “Mübarizəmin ən çətin səhifəsi iqtidarı əlimə aldıqdan sonra Moskvanın nüfuzundan uzaqlaşıb peyk dövlət vəziyyətinə düşməmək uğrundakı mübarizə dövrümdür. Bu mübarizə dövründə məni ən çox məşğul edən vaxtilə məmləkətimizə sığınmış və yurdumuzun hər cür nemətindən istifadə edən, xalqımızın hüsnü-rəğbətini görən Ağruslar iş Moskvadan uzaqlaşmağa gəlincə hər yerdə Moskvanın beşinci qolu kimi qarşımıza çıxdılar.”

Qətiyyətlə söyləyə bilərik ki, gələcəkdə baş verəcəyinə şübhə edilməyən Üçüncü Dünya müharibəsində demokratik azad dünyaya qarşı kommunist bloku ilə Ağruslar çiyin-çiyinə vuruşacaqlar.

Bunları bildikdən sonra bacarıqsız bir neçə qeyri-məsul kimsənin özlərini və yurdlarını məlum anlaşmaya uyğun olaraq Velikorusların ixtiyarına vermələri acı bir həqiqətdir. Ondan daha acınacaqlısı məlum anlaşmanın İflasa uğramasından illər keçdikdən sonra “Vesbaden”çi olaraq tanınan blok və tərəfdarları Hələ Milli Mübarizənin mücahidlərinə qarşı savaş açmalarıdır. Biz millətimizin mübarizə ruhunu “Vesbaden”çilər kimi öldürmək bir yana dursun, əksinə bu ruhu və imanı qüvvətləndirmək yolunu tutmuşuq.

Biz millətimizin sonsuz iztirablarını dünyaya çatdırmaq, mədəni və demokratik dünyanın nəzər diqqətini çəkmək, ruslarla heç bir zaman və heç bir səbəblə barışmayacağımızı bildirmək qayəsi ilə çalışırıq. Əgər “Vesbadençilər” və tərəfdarları “Vesbaden” yolundan dönməzlərsə, onlar da bizim üçün ruslardan fərqli olmayacaqdır.

Mühacirət həyatının min bir məhrumiyyət və iztirabı içində səfalət və zərurətlərin pəncəsində inlərkən öz maddi imkanlarımız daxilində nəşr etdiyimiz qəzetlər, dərgilər, kitabçalar və kitablar sayəsində mübarizəmizi dimdik ayaqda tutduq.

İstiqlal mübarizəsinin dastanlarını əbədiləşdirmiş olan mühacirətdəki bu nəşriyyat Azərbaycanın istilasından iki il sonra başlamış - 1932-ci ilə qədər İstanbul və 1932-1939-cu illərdə isə Berlin və Parisdə öz fəaliyyətini davam etdirmişdir. Azərbaycan Milli Mübarizəsinin böyük lideri mərhum Məhəmməd Əmin Rəsulzadənin qurduğu bu nəşr sistemi günümüzə qədər davam etməkdədir. Bu mətbuat mübarizəsinin arasınsa “Yeni Qafqasya”, “Azəri Türk”, “Odlu yurd”, “Bildiriş”, “İstiqlal” və “Azərbaycan” kimi qəzet və dərgilərdən başqa türkcə, farsca, almanca polyakca, fransızca, ingiliscə və rusca çap olunan çoxlu sayda kitabça və kitablar böyük bir kitabxana təşkil edir.

Bugünkü və gələcək nəsillər bu əsərlərin sayəsində azərbaycanlının şanlı istiqlal savaş tarixini və bu yolda canını sevə-sevə fəda edən qəhrəman gəncliyin igidlik dastanını bu mübarizənin ədəbiyyatını, şerini, romanını oxuyacaq, yurdsevərliyin ruhunu, imanını və ənənəsini öyrənəcəkdir.

İstiqlal savaşının bu ədəbiyyatında hər növ boyunduruğu nifrətlə rədd edən millətimizin polad iradəsi nəsillərdən-nəsillərə keçərək əbədiyyən yaşayacaqdır. İstiqlalçılara qarşı zəhər saçan “Vesbaden”çilər və bir üz qarası olan kağız parçası bu imanımı öldürə biləcəkmi? Bu böyük yürüşü dayandıra biləcəkmi?

Xeyr, əsla! Bu yolda heç bir əvəz tanımırıq.

Yaşasın Azərbaycan İstiqlal Məfkurəsi! 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info