Qonaq Kitabı
BÖYÜK XEYRİYYƏÇİ HACI ZEYNALABDİN TAĞIZADƏ

(Xatirə dəftərindən bir yarpaq)

 

Rusiyada 1905-ci il inqilabının alovlanması ilə sönməsi bir olmuşdur. Amma Azərbaycan xalqı milli mübarizəsinin hər sahəsində fəaliyyətini toplu şəkildə sürətləndirmişdi. Milli varlığımızı dəstəkləyən irəliləmələrdə və istiqlal mübarizəmizdə qızğın bir iş gözə çarpdırdı.

Mən bu yazımda Azərbaycanın ölməz böyük simalarından olmuş Hacı Zeynalabdin haqqındakı təəssüratımı hörmətli oxuculara anlatmağa çalışacağam.

1918-ci ilin fevral ayında Azərbaycan Türkləri tərəfindən Gəncə Milli Komitəsinin qərarı ilə İttihat və Tərəqqi Partiyasının rəhbərliyi ilə görüşüb rus hakimiyyətindən və ordusundan təmizlənə bilmiş Azərbaycanın istiqlalını qura bilməsi üçün Türk ordusunun yardımını təmin etmək məqsədilə İstanbula göndərildim. İstanbula gəlişimin birinci həftəsində Məclisi-Məbusana getdim və orada məclisin sədri Hacı Adil bəy ilə tanış oldum. Həmin günün axşamı hər ikimiz Pera Palas mehmanxanasında keçiriləcək mətbuat konfransına dəvət edilmişdik. Biz birlikdə mehmanxanaya gəldik və konfransın başlamasına hələ vaxt qaldığından burada mənim üçün ayrılmış otağın salonunda oturub söhbət etməyə başladıq.

Hacı Adil bəy: “Məclisimiz sizdə necə təəssürat yaratdı?”

Mən: “Bəy əfəndi Məclisinizdə 24 sarıqlı xoca saydım. Onların məclisdə nə işləri var?”

Hacı Adil bəy: “Hələ indi yaxşıdır. İlk məclisimizdə 24 sarıqsız tapa bilməzdiniz.”

Hacı Adil bəy mənə Qafqaz haqqında bir neçə sual verdi. Mən də imkan daxilində suallara cavab verdim. Sonra məndən, “Siz Hacı Zeynalabdini tanıyırsınızmı?”

Mən: “Çox yaxşı tanıyıram” dedim.

Hacı Adil bəy: “O çox möhtərəm şəxsdir. Balkan müharibəsi illəri idi, Bolqarlar Türklərə qarşı çox amansız davranırdılar. Onlar Türk kəndlərini dağıdır və əhalisinə min cür işgəncə verirdilər. Bolqarlar bu hərəkətləri ilə Türk millətinə ağlasığmayan vəhşilikləri rəva gördülər. Pərişan xalqımızın dərdinə dərman olsun deyə bir yardım cəmiyyəti qurduq və ianə toplamağa başladıq. Mən o zaman Ədirnə valisi idim. Avropaya gedən tacirlərimizdən və səfirlərdən ianə toplayırdıq. Elə bu zamanlar adını xatırlayabilmədiyim bir səfirimiz də Berlinə gedirdi. Biz ona müraciət edərək yardım istədik və aldıq. Bu zaman səfir bizə “Siz xaricə nə üçün müraciət etmirsiniz?” dedi. Sonra, Qafqazın Bakı şəhərində Hacı Zeynalabdinin ünvanını bizə verərək “Siz vəziyyəti izah edərək yardım istəyin” deyə tövsiyə etdi. Biz onun bir ay sonra İstanbuldakı Nobel neft şirkəti vasitəsilə o möhtərəm şəxs biz Türklərə yardım məqsədi ilə min qızıl lirə göndərmişdi. Nağı bəy mənə Zeynalabdin haqqındakı məlumatınızı söyləyin çox xahiş edirik.

Mən də Hacı haqqında bildiklərimdən və gördüklərimdən danışmağa başladım: Hacı Zeynalabdin yazıb – oxumağı bacarmayan bir fəhlə olmuşdur. O, millətini sevən, cəsur və əzmkar bir türkdür. Hacı ilk əmək fəaliyyətinə bənna yanında şagird kimi başlamış və yeddi il bu işində işləmişdir. Bir gün ustası işə başlayarkən hirsli olur və Zeynalabdini təhqir edir. Heç vaxt ustasına cavab qaytarmamış şagird bu dəfə dözə bilməyib cavab qaytarır. Bu zaman ustası əlindəki malanı Zeynalabdinə tərəf atır və nəticədə onun başı yaralanır. Vüqarlı şagird ustasının bu hərəkətinə heç bir cavab verməyərək iş yerindən uzaqlaşır. Bundan sonra Zeynalabdinin həyatının ikinci dövrü başlayır. O, yenə də tikinti işlərində bənna köməkçisi işləyir. Uzun illərdən bəri qənaət edib yığdığı pulla Zeynalabdin Bakı şəhərinin Bibiheybət adlı yerində neftli torpaq alır və orada quyu qazdırır. Bu quyu gözlədiyindən çox neft verməyə başlayır və bundan sonra Zeynalabdinin var-dövləti aşıb-daşmağa başlayır. O, sonra Həccə gedərək Hacı da olur. Artıq onu Bakı şəhərində hamı milyonçu Hacı Zeynalabdin kimi tanıyırdı.

Hacının köhnə ustası isə artıq yaşlaşmış və iş qabiliyyətini itirmiş vəziyyətdə qızının yanına köçmüşdür. O, maddi sıxıntı içərisində əziyyət çəkdiyi bir vaxtda dostlarının israrlarına baxmayaraq Hacı Zeynalabdinə yardım üçün müraciət etmək istəməmişdir. Halbuki, Hacı bütün fəqir-füqaranın atası olaraq Bakıda ad qazanmış bir şəxs kimi tanınırdı.

Hacı bu vəziyyəti bəzi dostlarından eşidir və köhnə ustasını yanına çağıraraq deyir: “Sən hirsli halda mala ilə başımı yaraladın, amma, mənim milyonlarımın başlanğıcı sənin mənə öyrətdiyin sənətlə olmuşdur. Səni heç vaxt unutmamışam və vəziyyətinin ağır olduğunu eşitdikdən sonra tapşırmışam ki, sənə hər ay beş qızıl versinlər. Get ömrünün axırına kimi sakit yaşa!”

Hacı Zeynalabdinin iki ən mühüm arzusu olmuşdur: 1 – varlı olmaq və 2 – milli qayəmizə xidmət etmək. Hacı artıq zənginliyin son zirvəsinə yüksəlmişəm və bununla da birinci qayəsinə çatmışdır. İkinci qayəsinə gəlincə illik gəlirinin 25%-ni fəxri sədri olduğu Xeyriyyə Cəmiyyətinə və “Nəşri-Maarif” Cəmiyyətinə keçirmişdir. O, Bakıda çıxan və milli qayəmizə xidmət edən türkcə, rusca olan qəzet və jurnalların nəşrinə kömək etmişdir.

Qurani-Kərimi ilk dəfə Azərbaycan türk şivəsi ilə Türk dilinə tərcümə etdirən Hacı Zeynalabdin olmuşdur. Hacı bu Qurani-Kərimi 4000 qızıl lirə dəyərində ziynətli daş və almazlarla bəzədərək Yusif Ziya Talıbzadə vasitəsi ilə İstanbula Sultan II Əbdülhəmidə hədiyyə olaraq göndərir.

Yusif Ziya Talıbzadə İstanbulda tacir Şirvanlı Səftər bəylə birlikdə saraya gedərək Hacının hədiyyəsinin padşah tərəfindən qəbul edilməsini xahiş edir. Saray naziri Qurana baxır və onun Türkcə olduğunu anlayır. Nazir onlara “indi Sultan həzrətlərinin hüzuruna çıxıb salam verəcəksiniz. Bu zaman ancaq mən danışacağam” deyir. Sultanın hüzurunda nazir: “Sultanım Misirdən şaha layiq hədiyyə olaraq Qurani-Kərim göndərmişlər. Qəbul etməyinizi xahiş edirlər” dedi. Sultan Qurani-Kərimi öpərək qəbul edir. Sultanın yanından çıxarkən Yusif Ziya bəy: “Paşam nə səbəbdən Quranın Misirdən göndərildiyini söylədiniz” deyir. Nazir isə “Amandı susun, əgər xəlifeyi-müsəlman həzrətləri Qurani-Kərimin cəsarət edilərək Türk dilində tərcümə edildiyini anlasa, qiyamət qoparar” deyə cavab verir.

Hacı Zeynalabdin qəzetlər vasitəsilə Qafqaz Türklərinə bu məzmunda bir elan verir: “Nə qədər litsey bitirmiş və ali təhsillərini almağa maddi imkanı olmayan tələbə varsa aşağıdakı şərtlərlə ali təhsillərini davam etdirə bilərlər:

  1.  Hər tələbəyə təhsil müddəti ərzində 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödəniləcəkdir.
  2. Tələbəyə ali təhsilini bitirdikdən sonra mütləq vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir.
  3. Tələbə qeyri-türklə evlənməyəcəkdir.

4.  Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları Xeyriyyə Cəmiyyətinə birdəfəlik və yaxud da hissə-hissə ödəyəcəkdir.”

Bir il Avropanın müxtəlif şəhərlərində təhsil alıb, yay tətilinə gələn tələbələr Hacını ziyarət edirlər. Hacı onların hal-əhvalını xəbər aldıqdan sonra, bir şikayətləri olub-olmadığını soruşur.

Hamısı vəziyyətlərindən razı olduğunu bildirdikləri halda yalnız bir nəfər: “Hacı əfəndi Siz bizdən qeyri-türk ilə evlənməyəcəyimizə dair imza aldınız. Amma, ölkəmizdəki məktəblərdə təhsil alan türk qızı yoxdur. Onda ziyalı və təhsilli bir kimsənin cahil bir qızla evlənməsi bilmirəm nə dərəcədə düzgündür?” sualını verir. Tələbənin bu sualı Hacını elə bir yuxudan oyadır. O: “Övladlarım çox doğru söyləyirsiniz, əmin olun ki, bu nöqsanımızı da aradan qaldıracağam” deyir. Ertəsi gün Qafqazda nəşr olunan bütün qəzetlərdə Hacının aşağıdakı məzmunda bir elanı çıxır:

“Qafqaz Türklərinin 7-8 yaşları arasındakı qız uşaqlarını aşağıdakı şərtlərlə internat məktəbinə qəbul edirəm. Bu qız uşaqları on il təhsil aldıqdan sonra öz qızlarım kimi anları evləndirib gələcək həyatlarını təmin edəcəyəm. İmza: Hacı Zeynalabdin.”

Yeni günlərin birində Bakı Dram Cəmiyyətindən bir heyət Hacının yanına gəlir. Onlar: “Hacı əfəndi rusların və ermənilərin bir teatrı vardır. Biz Türklərin isə yoxdur. Onlar da istəyəndə teatrlarını bizə kirayə verir, istəməyəndə isə yox. Ona görə də biz onlardan çox geri qalmışıq.” Deyirlər. Hacı onlara təşəkkür edib yola saldıqdan sonra işə başlayır. O, rus və erməni teatrlarından daha üstün bir teatr binası tikdirərək Bakı Dram Cəmiyyətinə bağışlayır. Bax Bakı Dram Teatrı belə yaranır və adını da Hacı Zeynalabdinə hörmət əlaməti olaraq Tağızadə teatrı deyirlər.

Gəncədə came ətrafındakı qədim mədrəsələri ləğv edib Məktəbi-Ruhaniyyə tipli müasir siniflər açdırılmasını qərara alan Maarif Cəmiyyəti Bakıya Hacı Zeynalabdinin yanına bir nümayəndə heyəti göndərir. Hacı heyətə: “Gəncədən məktub aldım. Bağmanlar məhəlləsində tikilən məktəb üçün də yardım istəyirlər. 2500 manat Bağmanlar məktəbi üçün, 10000 manat da sizin üçün ianə verirəm” deyir.

Bakıda bir bayram günü xeyriyyə cəmiyyətləri üçün məktəb şagirdlərinin bir qrupu əllərinə qumbara alaraq xalqdan zorla pul toplamağa başlayır. Bunu görən Bağı varlıları Hacının yanına gələrək: “Hacı rəzil olduq. Türk uşaqları rus, erməni və yəhudilərdən qəpik-quruş yığırlar. Elə onların topladıqlarını biz də verə bilərik” deyirlər. Hacı isə onlara: “Yox bu iş bizim düşündüyümüz kimi deyil! Beş-on varlının edəcəyi yardımdan, bütün millətin edəcəyi yardım çox-çox fərqlidir. Biz milləti yardım etməyə alışdırmalıyıq” deyir.

Mən Hacı haqqında bunları söylədikcə Hacı Adil bəy məni diqqətlə dinləyir və hərdən də nə böyük insan olmuşdur deyirdi.

Azərbaycanda təşkil olunmuş gizli “Müsavat” partiyasına da Hacı Zeynalabdinin müəyyən yardımı olmuşdur. Hacının yaxın dostlarından Tağı Nağıoğluna Bakı “Müsavat” partiyası gənclərindən biri yolda rast gəlir və Hacıya partiya üçün maddi yardım göstərməyi çatdırmağı xahiş edir. Tağı Nağıoğlu məsələni Hacıya çatdırarkən Hacı “yaxşı yardım etməyə razıyam, ancaq verəcəyim pulu nə bir yerdə qeyd etsinlər, nə də məndən kömək gördüklərinə dair heç kəsə bir şey söyləməsinlər” deyir.

Bakı milyonçularından olan Musa Nağının gözünün ağı-qarası bir oğlu İsmayıl vəfat edir. Hacı həyat yoldaşı və dostları ilə yasa gedib Musa Nağının dərdinə şərik olurlar. Bu zaman Hacı ona ağlamaqdan bir şey çıxmaz, heç bu düzgün də olmazdı. Oğlunun adına bir bina tikdir və adını da İsmayıliyyə qoyaq. Gələcəkdə tikiləcək bu binada milli işlərimizi oğlunun ruhunu şad etmək üçün orada toplaşaraq müzakirə edək. Bu hadisə 1910-cu ildə olur. Şəhərin tam mərkəzində yerləşən İsmayıliyyə 25 min rus qızıl puluna başa gəlir. Təəssüf ki, 1918-cu ilin mart ayında rus bolşevikləri ilə ermənilər birləşərək Bakı Türklərinə qarşı soyqırım törətdikləri zaman o əzəmətli və gözəl bina da yandırılır.

Bakıda ilk sənət məktəbinin açılması mərasiminə başqa tədbirlərdə olduğu kimi, Hacını da dəvət edirlər. Hacı sənət məktəbinə böyük miqdarda ianə verir və bu şərtləri maarif müdirinin nəzərinə çatdırır: “Sənət məktəbləri üçün nə qədər türk uşağı qəbul etsəniz, hamısının təhsil xərcini mən verəcəyəm. Buna müqabil siz də Türk uşaqlarının rus dili dərslərindən aldıqları qiymətləri üçdürsə, 5 sayın. Yəni Türk uşaqları rus uşaqları kimi rus dilini bilmədiklərinə sinifdə saxlanmasınlar!”

Məşhur Türkçü İsmayıl bəy Qaspıralı Bakıya gəlir. Söhbət zamanı İsmayıl bəy Krımın Baxçasaray şəhərində “Tərcüman” adı ilə nəşr olunan və hər sayında “Dildə, fikirdə, işdə birlik” şüarını yayan qəzetinin az oxunduğundan və abunəsinin azlığından gileylənir. Bakıda çıxan qəzet və jurnallara daima yardım edən Hacının bu qəzetə də ianə edib-etmədiyini bilmirəm. Amma, Hacı İsmayıl bəyə deyir ki, “Mən Sizə Qafqazdan abunələr təşkil edəcəyəm.” Ertəsi gün Hacı katibinə: “Qafqazın şəhər və qəsəbələrini gəzərək nə qədər türk dilində qəzet oxuya bilən şəxs varsa ad və ünvanları ilə bərabər bir siyahı hazırlayıb mənə gətirin” deyir. Bu iş başa çatdıqdan sonra Hacı bir siyahı ilə birlikdə abunələri Krıma İsmayıl Qaspıralıya göndərir. Bu vəziyyət illərlə davam edir. Sonralar qəzeti alanlara məlum olur ki, abunə pulu Hacı tərəfindən ödənilirmiş. Vaxtın necə gəlib keçdiyini heç kəs hiss etmədisə də, artıq söyləyəcəklərim də bitmişdir. Mən nə qədər şövqlə danışırdımsa, Hacı Adil bəy də möhtərəm insan haqqında söylənənləri o qədər ürəkdən dinləyirdi. Sonra birlikdə mətbuat konfransına getdik və yan-yana oturduq. Hacı Zeynalabdin haqqında bu hadisədən sonra  gözlərimlə gördüklərimi və eşitdiklərimi də hörmətli oxuculara söyləyim ki, bu əvəzsiz böyük insanın qiyaməti daha yaxşı başa düşülsün.

Azərbaycanın Milli İstiqlal dövründə ilk Novruz bayramını şəhər klubunun möhtəşəm salonunda qeyd edirdik. Xeyriyyə Cəmiyətinin sədri vəkil Qasım Qasımzadə masasını giriş qapısına qoyduraraq gələnlərdən ianə toplayırdı. Mən də bu mərasimdə iştirak edirdim. Bir müddət sonra Hacı Zeynalabdin gəldi və cəmiyyətin sədrinin yanında oturdu. O, cəmiyyətin sədrindən kimlərin gəldiyini və nə qədər ianə verdiklərini soruşdu.

Hacıdan əvvəl gələn varlılar baxdılar ki, Hacı içəri girmədi və dərhal gəlib onun bayramını təbrik etdilər. Hacı onlara: “İndi əsir deyilsiniz, müstəqilsiniz. Biz indi İstiqlalımızı bütün dünyaya elan etmiş bir Türk millətiyik. Təzə qurulmuş hökumətimizin vəziyyəti hələ çox ağırdır. Biz də cəmiyyətin fəaliyyətini ona görə tənzimləmək məcburiyyətindəyik ki, bütün əyər-əskiyimizi hökumət üstünə yükləməyək. Belə hesab edirəm ki, verdiyimiz pul çox azdır.” Dedi və qoltuğundan çek dəftərini çıxararaq: “Mən əlli min manat ianə edirəm. Bu gün burada pul verilməli deyil, çek yazılmalıdır” dedi. Hacının bu sözlərindən sonra çek dəftərləri çıxdı və çeklər yazıldı. Hacı iki saat orada qalaraq hər gələndən çek aldı.

Birinci Dünya Müharibəsində rus qüvvələrinin təzyiqi qarşısında Türk ordusu geri çəkilir və nəticədə Şərq vilayətləri rus işğalı altına düşürdü. Bu fürsəti qənimət bilən ermənilər əsarətə məhkum olmuş Türklərə vəhşicəsinə zülm etdilər. İşğal edilmiş vilayətlərdə erməni quldur dəstələri, komitəçiləri, erməni xalqına yardım cəmiyyətinin üzvləri sərbəst şəkildə dolaşmaqda idilər. Bu yerlərdə edilən zülmlərin əks-sədası bütün Qafqaz xalqlarının qəlblərini sızıldadırdı. Bakı Xeyriyyə Cəmiyyəti bu vilayətdə əziyyət çəkən müsəlmanlara kömək etmək istəsə də, buna rus cəbhə komandanlığı icazə vermədi. Yaranmış vəziyyətdə Hacı Zeynalabdin rus imperatoruna müraciət edərək icazə almağa nail olur. Xeyriyyə Cəmiyyəti doktor Xosrov bəyin sədrliyi altında böyük bir nümayəndə heyəti yaradır və dəmiryol idarəsindən bir qatar alaraq bu vilayətlərin əhalisinə lazım olan zəruri şeyləri göndərir. Beləliklə, Azərbaycandan Qarsa və fəlakətə məruz qalmış digər Anadolu vilayətlərində yaşayan Türk xalqına ilk Türk yardım əli uzadılır. Xeyriyyə Cəmiyyəti dəstələri cəbhəyə getdikdən sonra az da olsa Türk xalqına qarşı edilən vəhşiliklərin önü alınmışdır. Cəmiyyət üzvlərinin göndərdikləri raportlar və raportların əks-sədası nəticəsində rus ordu komandanlığı erməni quldur dəstələrini dağıtdı və bir neçə erməni də Ərzurumda edam edildi. O, tarixlərdə cəbhə bölgələrində zərər çəkmiş mülki erməni əhalisi üçün qurulmuş olan yardım cəmiyyətinə rus çarı bir milyon manat ianə bağışlayır. Bunu eşidən Hacı dərhal rus çarını ziyarət edir və müharibədə yalnız xristianların deyil, müsəlmanların da zərər çəkdiyini onların da yardıma ehtiyacları olduğunu bildirir. Bu söhbətdən bir neçə gün sonra rus çarının əmri ilə Bakıdakı Xeyriyyə Cəmiyyətinə də bir milyon manat ianə verilir.

Xeyriyyə Cəmiyyəti Azərbaycanın hər vilayət və şəhərlərində uşaq evləri açmışdı. Cəbhələrdən xilasetmə briqadalarının himayəsində də arası kəsilmədən kimsəsiz uşaqlar gəlir və onlar uşaq evlərinə götürülürdülər. Çox yaxşı olardı ki, Xeyriyyə Cəmiyyətinin nümayəndələrindən bu gün həyatda olanlar bu milli və insani fəaliyyətə dair məlumat və xatirələrini xalq kütlələrinə çatdırsınlar. Azərbaycan İstiqlalının ilk ili və Birinci Dünya müharibəsinin qızğın dövrü idi. Nuru Paşa bir gün Bakı əhalisini Təzəpir məscidinə dəvət edərək: “Möhtərəm Bakı camaatı və əziz qardaşlarım! Bakı şəhəri dünyanın mərkəzi şəhərlərinin bəzisindən geri qalsa da əksəriyyətindən irəlidədir. Ancaq, onun çox böyük çatışmazlığı vardır. Mən istədim ki, Fatih, Süleymaniyyə, Sultan Əhməd cameləri kimi böyük bir came Bakıda da olsun. Mənim də iştirakım ilə biz burada pul toplayıb bu çatışmazlığı aradan qaldıraq.” deyə sözlərini bitirdi. Bakı camaatı hələ susurdu. Çünki, ilk söz hər yerdə olduğu kimi burada da Hacı Zeynalabdinə düşərdi. Bu kimi xeyriyyə işlərində heç kim Hacıdan əvvəl əlini kassasına uzatmağa cəsarət edə bilməzdi. Hacı oturduğu yerdən qalxaraq: “Möhtərəm paşam Siz çox doğru söylədiniz. Biz bu günə qədər rus əsarəti altında inləyirdik. Qafqazda milli davamız qonşularımız olan erməni və gürcülərdən geri qalmışdı. Biz onlarla yarışaraq onlardan geri qalmamaq üçün var gücümüzlə çalışırdıq. Dinimiz sərbəst idi. Nə rus idarəsinin, nə də xristianlığın təzyiqi altında deyildi.

Rus idarəsi tərəfindən daima milli varlığımız baltalanırdı. Paşam artıq Tanrıya çox şükür ki, əsarətdən qurtulduq. İndi artıq çatışmazlıqlarımızı aradan qaldırmaq zamanı gəlib çatdı. İstanbuldakı cameləri inşa edən ustalar kimi ustalar bizim ölkədə yoxdur. Siz teleqrafla İstanbuldan ustalar çağırın gəlsinlər və işə başlasınlar. Pul barəsində nə toplamağa, nə də vəd etməyə ehtiyac yoxdur. Tanrının bizlərə verdiyi hüsn-rəğbətlər hər birimiz bir came tikdirmək qüdrətindəyik. Sizə söz verirəm ki, istədiyiniz cameni mən öz pulumla tikdirəcəyəm!” deyə çıxışını bitirdi.

Azərbaycan xalqı istiqlalına qovuşduqdan sonra hökumətimiz Gəncə şəhərindən Bakıya köçdü. Hacı Zeynalabdin bir gün hökumət başçısını ziyarət etdikdən sonra: “Əgər hökumətimizin pula ehtiyacı olarsa, olan pullarım və sərvətim Sizin ixtiyarınızdadır” deyir.

Azərbaycan Respublikasının birinci ilində milli universitetimizin açılış mərasimində Hacı da iştirak edir. Hər kəsdə bir sevinc, bir ümid var idi. Bir-birinin ardınca nitqlər söylənir və şənlik keçirilirdi. Hacı danışmaq istəyir və alqışlar altında kürsüyə qalxaraq danışmaq istəyərkən, gözləri yaşarır. O, bir az dayanır və sonra nitqinə belə başlayır: “Əziz vətən övladları. Mən Bakıda bir çox tədbirlərin açılış mərasimlərində iştirak etmişəm. İndi bu əlamətdar gündə də iştirak etməyimə çox sevinirəm, çünki artıq gənclərimiz ali təhsillərini milli universitetimizdə də ala biləcəklər. Bakıda bir universitet açmağı bir vaxtlar düşünmüşdüm. Ancaq, bir erməni öz hesabına Tiflisdə bir universitet açmaq üçün rus hökumətindən icazə istəmişdi. Təəssüf ki, erməniyə rədd cavabı verildi və bundan sonra mənim də ümidim kəsildi.

Çox şükürlər ki, Ulu Tanrım məni məyus etmədi. Türkiyənin hüsn-rəğbəti və xalqımızın qeyrəti ilə respublikamızı qurduq. Bu gün isə respublikamızın ilk universitetinin açılış mərasimini keçiririk. Xeyriyyə və irfan müəssisəsinə hamının ianə vermələrini xahiş edirəm. Mənim də bu irfan ocağına bir xidmətim olsun deyə mülklərimdən birini bu elm müəssisəsinə hədiyyə edirəm” deyərək sözlərini bitirdi və sürəkli alqışlar altında kürsüdən düşdü.

Təəssüflər olsun ki, məsud və həyəcan dolu o günlərimizə bolşeviklər son qoydu. Onlar Hacı Zeynalabdinin var-dövlətini də əlindən alıb müflis etdilər. Onun pulu ilə oxuyub ali təhsil alan doktor Nəriman Hacını həbs etdirdi. Hadisə belə olmuşdur: Bütün sərvətindən məhrum olan Hacının Bakıdakı tekstil fabrikasının adı bolşeviklər tərəfindən dəyişdirilərək “Lenin tekstil fabrikası” adı verilir. Bunu eşidən Hacı doktor Nərimanın yanına gedir və ona: “Nəriman, mən öz pulumla Türk xalqı üçün teatr tikdirdim və xalqımıza hədiyyə etdim. Dram Cəmiyyəti adını Tağızadə Teatrı qoydu, indi isə dəyişdirib Dadaş Bünyadzadə qoymusunuz. Buna heç bir etirazım yoxdur, çünki o da türkdür. Mənim öz pulumla tikdirdiyim tekstil fabrikini əlimdən aldınız. Buna da bir etirazım yoxdur, çünki millət üçün işlədiləcəkdir deyirsiniz. Yalnız etirazım adını lənət olmuş Leninin adına qoymağınızadır. Mən o alçaq Leninə fabrika satmamışam. Əgər fabrikamın adını dəyişdirib Nəriman qoysaydınız yenə etiraz etməyəcəkdim!” deyir. Bu sözlərdən sonra Nəriman rəhbərliyi altında çalışdığı yanındakı rusdan qorxaraq Hacını həbs etdirir. Bu hadisəni eşidən fabrika işçiləri tətil edərək ÇEKA-ya gedib və Hacının azad edilməsini tələb edirlər. Onlar Hacını bundan sonra da öz hesablarına saxlayacaqlarını bildirərək həbsdən azad etdirirlər. Bu hadisəni eşidən xalqımız çox üzülür.

 Hacı Zeynalabdinin bundan sonrakı qısa həyatı Bakı ətrafındakı Mərdəkanda kəndlilər və fəhlələr arasında keçir. Hacı bir fəhlə kimi əmək fəaliyyətinə birgə başladığı dostlarının əhatəsində 104 yaşında kədərli gözlərini yumur.

 

“Azərbaycan” Aylıq Kültür Dərgisi,

Sayı 14 (62) May 1957,

Sayı 15 (63) İyul 1957.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info