Qonaq Kitabı
BÖYÜK QARDAŞIM MƏHƏMMƏDBAĞIR İLƏ SON DƏFƏ GÖRÜŞÜB AYRILMAĞIM

1920-ci il aprelin 27-də Qızıl Ordu Bakını işğal edəndə bolşeviklər müsavatçıları məhv etmək üçün tutmağa başladılar. Onların ilk həbs etdikləri böyük qardaşım Məhəmmədbağır oldu. Qardaşım Məhəmmədbağır Şeyxzamanlı Gəncə deputatı və “Müsavat” partiyasının üzvü idi. Həbs olunmasını ertəsi gün öyrəndim. Onu həbsxanadan qurtarmaq üçün düşünür və yollar arayırdım. Nəhayət, Çekadakıların ona “Qardaşın Nağı bəy gəlib özü təslim olsa, səni buraxacağıq” dediklərini öyrəndim və dərhal Çekanın yerləşdiyi binaya getdim. Mən Çekanın binasının qapısına yaxınlaşanda qardaşımın səsini eşitdim. O, binanın yuxarı mərtəbəsindəki kameranın pəncərəsindən məni görüb “Sən uzaqlaş, mənə bir şey edə bilməzlər. Əgər mənə qulaq asmayıb içəri girsən özümü pəncərədən küçəyə atacağam. Buradan uzaqlaş və Gəncəyə get. Qalma burada.” Mən də pəncərəyə baxa-baxa geri çəkilərək Çekanın binasının yanından uzaqlaşdım. Bax böyük qardaşımla son görüşüm belə oldu. Gəncəyə gəldikdən sonra öyrəndim ki, günahsız qardaşımı rus bolşevikləri güllələyiblər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info