Qonaq Kitabı
İSTİQLAL DÖVRÜNDƏ HADİSƏLƏR

Müsəlmanlar arasında bəzi başa düşməyənlər sünni və şiə deyilən iki yerə ayrılmışdılar. Ancaq, Azərbaycan xalqı bu ayrılığı rədd etmişdir. Ancaq, su yatır, düşmən yatmaz demişlər. Rus siyasəti yatırmı? Rus hökuməti bu məzhəb ayrılığından məharətlə istifadə edərək hər iki məzhəbin ruhanilərini daima bir-biri ilə vuruşdurmuşdular. Ancaq, 1917-ci il inqilabı ilə birlikdə Bakıda keçirilmiş Ümumqafqaz Qurultayı keçirilmişdir. Burada hər iki məzhəbə aid olan ruhanilər bir-birləri ilə öpüşüb görüşdülər və barışdılar. Bir gün Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoylunun yanına şeyxülislam və müftü gələrək “Biz də bir vəzifə ilə hökumət heyətində iştirak etmək istəyirik” demişlər. Fətəli xan bunlara “Təklifinizi yersiz saydım. Sizə bir vəzifə azdır. Hökumətin müzakirələrində dini mövzular müzakirə olunmaz. Əslində din haqqında heç bir məlumata malik deyilik. Əgər din haqqında islam ölkələrindən bir müraciət alsaq sizə ərz edəcəyik. Sizin verdiyiniz qərarı müdafiə edəcəyik. Bütün nazirlər sizin dini görüşlərinizin tərəfdarı olacaqlar” demişdir. Müftü “Amma, Osmanlı Dövlətində dini təmsil edən şeyxülislamın hökumətdə yeri vardır” demişdir. Fətəli xan “Canım onların səhv işlərindən biri də budur deyə müftünün sözünü kəsmişdir. O, daha sonra həm şeyxülislama, həm də müftiyə “İstiqlalımızı elan edib Cümhuriyyət qurdu. Bütün millətlə birgə durmadan çalışmalıyıq. Biz hökumət tərəfindən mədəni dünyanın istehsal etdiyi mallarını idxal etməmək və ehtiyacımızı təmin etmək məqsədilə zavodlar qurmalıyıq. İnşallah buna müvəffəq olacağıq. Ancaq, bilirsiniz ki, rusların dövründə Azərbaycanın buğda ehtiyacı öz əkin sahələri çatışmadığı üçün daima Şimalı Qafqazdan təmin edilmişdir. İndi o yerlər sərhədlərimizdən kənarda qalmışdır. Biz indi ən mühüm qida məhsulu olan buğdanı necə olursa olsun özümüz yetişdirməliyik. Bu işə bütün millət səfərbər edilmişdir. Sizdən xahişim budur ki: Əgər kəndlilərimiz tarlalarda zəif işlərlərsə ehtiyacımız təmin olunmaz və xalqımız aclıqla üzləşərlər. Halbuki, mübarək Ramazan yaya düşmüşdür. Tarlalarda kəndlilərimiz qadınlı, kişili görünməməkdədirlər. Artıq Ramazan ayında işləmək imkansız hala gəlmişdir. Siz xalqımıza gələcəkdə üzləşəcək aclığı bildirib Ramazan ayını məhsulu tədarük etdikdən sonra keçirə biləcəklərini daha əlverişli olmasını başa sala bilərsinizmi? Baxın, artıq şəhərdə münəvvər insanlar bunu dərk edərək Ramazan ayını başqa vaxta keçirmişlər” demişdir. Şeyxülislam və müftü baş nazirin bu istəyinə qarşı dayana bilmədiklərindən və yaxud da istəmədiklərindən müdaxilə etmədən çıxıb getmişlər. Bu vəziyyət 45 il sonra, yəni 1963-cü ildə Tunis prezidenti (İqtisadi müharibə elan edirəm. Bütün millət səfərbər olunmuşdur və onlar oruc tutmamalıdırlar) tərəfindən də əmr edilmişdir.

Ağqvardiyaçı general Denikin 1919-cu ildə tez-tez müxtəlif hadisələr törədərək Cümhuriyyətimizi hədələməkdə idi. Dövlətimiz və xalqımız bunların hədələrinə əhəmiyyət vermirdi. Bir ziyafət zamanı general Denikinin hədələrindən söz açılmışdır. Dövlətimizin, xalqımızın və ordumuzun fikirləri eyni idi: gələcəkləri varsa görəcəkləri də var. Ziyafətdə olanların hamısı öz fikrini bildirmək üçün Cümhuriyyətimizin hərbi naziri general Mehmandarlıya baxırlar. Polad iradəli, 75 yaşlı qoca aslan ayağa qalxaraq ətrafına göz gəzdirir və sözə başlayır “Əziz övladlarım General Denikinin hədələrinin nə mənası var, nə qiyməti. Denikin məni rus millətindən, çarından və ordusundan yaxşı tanıyır. Və yenə çox yaxşı bilir ki, mənim komandanlıq etdiyim rus orduları daima rus ordularından üstün olmuşdular. Övladlarım mən bütün gəncliyimi və enerjimi rus ordusuna sərf etdim. Nə xoşbəxt insanam ki, bu ixtiyar yaşımda millətimin milli ordusunu qurmaq mənə nəsib oldu. Qurduğumuz ordumuza komandanlıq etməkdəyəm. Mənim komandanlıq etdiyim ordunun üzvlərinə Denikin cəsarət edib gəlməz. Dincəlin və nəşənizi pozmayın”.

Digər bir hadisə: General Denikin hədələrinin bir nəticə vermədiyini görüncə, qıra bilmədiyin əli öp başının üstünə qoy ənənəsinə uyğun olaraq Azərbaycana iki polkovnikdən ibarət bir nümayəndə heyəti göndərilmişdir. Onun təklifi birgə Moskvaya-bolşeviklərə qarşı fəaliyyət göstərmək idi. Hökumətimizlə edilən müzakirələrdən sonra hərbi nazir Mehmandarlı ilə bu iki polkovnik hərbi Nazirliyə gəlirlər. Hərbi Nazirliyin binasının önündə iki gənc tərəfindən bir bomba partladılır. Sonradan məlum oldu ki, bu iki gənc bolşevik partiyasının üzvləri olmuşdular. Bombanın gurultusu çox olmasına baxmayaraq heç kəs xəsarət almadı. Əslində Moskva hökumətinin məqsədi adam öldürmək olmayıb general Denikin ilə Azərbaycan arasındakı anlaşmağa mane olmaq olmuşdur. Partlayışdan sonra hərbi nazir S. Mehmandarlı və iki Denikin polkovniki azca zədələnmiş avtomobildən düşürlər. Hərbi nazirin bu zaman diqqətini nazirliyin giriş qapısının hər iki tərəfində keşik çəkən Azəri əsgərləri cəlb edir. Mehmandarlı hər iki əsgərə yaxınlaşaraq onlara xoş sözlər dedikdən sonra polkovniklərə dönərək: “Bunlar canlı heykəllərdirlər. Bunların mətanətini bütün ömrüm boyunca bir rus əsgərində görmədim demişdir. Hərbi nazirimiz olan Mehmandarlı Cümhuriyyətimizin ildönümündə (28 may 1919-cu il) Gəncə şəhərindəki korpus komandanlığına teleqraf vuraraq “Təltif olunmağa layiq zabitlərin siyahısını hazırlayın gəlirəm.” Teleqrafdan bir neçə gün sonra o gəlir və siyahını yoxlamağa başlayır. Siyahıda yüzbaşı Süleyman Mehmandarlı da var idi. O, bunu görüb soruşur. Bu mənim qardaşım oğlu olan Süleymandımı? Onun olduğunu söyləyirlər. Mehmandarlı “Demək ki, digərləri də Süleyman kimi. Mən bunları necə təltif edə bilərəm” deyir. Bundan sonra siyahı yenidən yoxlanılır. Süleyman və bir neçə zabitin adları siyahıdan çıxarılır. Yeni siyahı tərtib olunur və təltif gerçəkləşir. Bir gün Milli ordumuza polkovnik rütbəsi ilə daxil edilmiş Çar ordusunun keçmiş zabiti olmuş Şahverdi xan Mehmandarlı ilə xüsusi söhbətlərinin birində “Dayı, polkovnik də oldum, ancaq mənə alay verilmədi. Nə zaman alay komandanı olacağam? Deyə soruşur. Mehmandarlı isə “Səbəbini bilmirsənmi? Nə zaman içkini tərgidərsən o zaman da alayı alarsan” cavabını verir. Şahverdi xan kədərli vəziyyətdə “demək qismət olmayacaq” deyir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info