Qonaq Kitabı
İSTİQLAL DÖVRÜ

Yeni qurulmuş Cümhuriyyətimizin hökuməti ilə xalqımız birlikdə durmadan çalışırdılar. Dövlət büdcəsinin ən çox pul ayrımı Maarif Nazirliyinə aid idi. İlk, orta və litsey üçün Türkcə kitablar hazırlanır, bütün rəsmi və xüsusi müəssisələr milliləşdirilir, müəllim çatışmamazlığı Türkiyədən dəvət olunanlar hesabına aradan qaldırılırdı. Digər tərəfdən universitet açılması üçün hazırlıq işləri aparılırdı. Çoxlu sayda mühüm, əhəmiyyətli olan xarici dildə olan kitablar tərcümə olunaraq nəşr edilirdi. Artıq böyük dövlətlər istiqlalımızı defekto dövləti tanıyırlar.

İstiqlalımızın ikinci ili universitet qurulur və Avropaya tələbələr göndərilir. Azərbaycan Cümhuriyyəti tədavülə öz pulunu buraxır. Cümhuriyyətimizdə inkişaf hər sahədə aydın hiss olunurdu. Qonşularımız olan erməni və gürcülərin tədavuldə işlətdikləri pul Seymin çıxardığı pul idi. Gürcülər və ermənilər daima öz pulları olmamaqdan şikayətlənirlər. Yeni seriyalı pul çıxarmaq üçün Azərbaycanın icazəsini istəyirdilər. Digər tərəfdən Azərbaycan Cümhuriyyətinin qayəsi Qafqaz millətlərinin ruslara qarşı hər an daha qüvvətli olması idi. Azərbaycan Cümhuriyyəti ancaq 23 ay yaşaya bildi. Bu müddət ərzində vergi almadıq. İxrac və idxal əməliyyatlarından rüsum tutmadan gömrük idarəsi qurduq. Cümhuriyyətin büdcəsi neft istehsalımızın hökumətə məxsus hissəsindən əldə edilən gəlirlə dolduruldu. Ayrıca olaraq iki layihə də hazırlanmışdı, ancaq onların tətbiqinə vaxt qalmadı. Birinci, Ermənistanda yaşayan Azərbaycan türkləri ilə Azərbaycanda yaşayan ermənilərin yerlərinin dəyişdirilməsi. İkinci isə Azərbaycanda olan dəmiryollarının xərclərinin dövlət büdcəsindən ödənərək pulsuz olaraq vətəndaşların xidmətlərinə vermək. Azərbaycan cümhuriyyətində prezident seçilməmişdi. Baş nazir eyni zamanda dövlət başçısı idi. Cümhuriyyətimiz çoxpartiyalı idi. Baş nazir parlament üzvlüyündən başqa hökumətin də üzvü ola bilərdi. İstər seçilmiş Parlament vəkilləri, istər qurulmuş hökumət üzvləri təmiz və çalışqan şəxslər idilər. İdealist olan bu insanların malları, mülkləri yox idi və olmasını da düşünmürdülər. Hamısının qayəsi Cümhuriyyəti yaşatmaq və xalqımızı mədəni millətlər səviyyəsinə çatdırmaq idi. Burada mənim kimi hadisələri tədqiq etmiş, öyrənə bilmiş vətəndaşlar soruşa bilərlər: “Yaxşı bu zəngin ölkədə iki il fəaliyyət göstərən istiqlal dövründə Dünyada baş verən hadisələrdən bir neçəsi baş verdimi? Öyrəndiyimə görə üç xoşagəlməz hadisə olmuşdur: 1-ingilis generalı Tomson yuxarıda qeyd kimi istiqlalımızın tanınması üçün irəli sürdüyü şərtlərdən biri olaraq Azərbaycan hökumətini Bakı milyoneri Mirzə Əsədulla bəyin qurmasını təklif etmişdir.” Ancaq, Baş nazir olan Fətəli xan “Bu bizim daxili işlərimizə qarışmaq olduğundan qəbul edə bilmərik” deyə təklifi rədd etmişdir. Mirzə Əsədullah pis adam deyildi. Milyoner idi. Ancaq bütün həyatı boyunca milli işlərimizlə maraqlanmamışdır. Bu səfər Baş nazir Fətəli xan nə mülahizə ilə bilmirəm, Əsədullah bəyi ticarət naziri olaraq hökumətin üzvlüyünə daxil etmişdir. Əsədullah bəy nazir olduqdan sonra Azərbaycan-İngilis Dostluq Cəmiyyəti qurmağı düşündü. Ancaq, hansı məmura müraciət etdisə, hamısından “Biz tarix boyu İslam Dünyasına pislikdən başqa heç bir iş görməyən ingilis milləti ilə dost deyilik və onları görmək istəmirik” cavabını almışdı. Əsədullah bəy nazir olan zaman xanım Yazıkova adlı bir rus məşuqəsinə olduqca qiymətli bir ticarət sənədi vermişdir. Bu hadisə aşkar olur və söhbət Baş nazir səviyyəsində müzakirə olunur. Verilən sənəd hökumət tərəfindən ləğv edilir. Əsədulla bəy də istefa vermək məcburiyyətində qalır. İkinci hadisə: Qafqazın və İranın məşhur tacirlərindən olan Vahabov Baş nazir Nəsib bəy Yusifbəylinin yanına gəlir və “Nəsib bəy çox çətin vəziyyətə düşmüşəm. Avropadan bir paroxod qənd alıb dəniz yolu ilə Batum limanına gətirmişəm. Ancaq, pulum çatmır. Sizdə şəkər zavodu yoxdur. Mən bu şəkəri tranzit olaraq ölkəmizdən İrana keçirəcəyəm. Sizə nə qədər lazımdı verək. Siz mənim verəcəyim fiyata şəkər təmin edə bilməzsinizmi” deyir. Nəsib bəy hökumətlə məsləhətləşib bir qərar çıxaracaqlarını deyir. Hökumətin qəbul etdiyi qərara əsasən Vahabovdan 800 ton şəkər alınması və məbləğinin avans olaraq verilməsi Ticarət nazirliyinə tapşırılır. Vahabov Ticarət nazirliyinə göndərilir. Ticarət naziri işi öz müşavirinə tapşırır. Müşavir Yusifəli bəy Vahabovdan “Siz nə qədər şəkər verə bilərsiniz” deyə soruşur. Vahabov “nə qədər istəsəniz verə bilərəm” deyir. Yusifəli bəy Vahabova “hökumətimiz sizdən bir milyon altı yüz kilo şəkər almaq istəyir. Ancaq, pulunun yarısını əvvəlcədən, digər yarısını da şəkərləri təhvil verəcəyin gün ödəcəyək” deyir. Vahabov bu söhbətdən çox razı qalır. Müşavir Yusifəli bəy hökumətin hesabına aldığı 800 topdan başqa, ikinci 800 topu iki gün içərisində üç-beş dəfə baha qiymətə birjaya satır və pulları toplayır. Bir həftə sonra Vahabova geridə qalan pulları da ödəyir. 800 tonu hökumətin ambarlarına, digər 800 topu da satdığı tacirlərə dağıdır. Bir müddət sonra onun işlətdiyi fırıldağın üstü açılır və Yusifəli bəy məhkəməyə verilir. O, müşavirlikdən uzaqlaşdırıldığı kimi mənsub olduğu “Müsavat” Firqəsindən də qovulur. Üçüncü skandal isə sırf siyasi olub Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirliyində baş verir. O dövrdə xarici işlər naziri və başqa nazir postlarında olmuş, özünü xalqımıza və mühitinə sevdirən Məmməd Həsən Hacınski gizli olaraq Moskva ilə anlaşır və milli hökumətimiz əleyhinə intriqalar yaradırdı. Qızıl Ordunun ölkəmizin işğalını asanlaşdırır və beləliklə xalqımızın hər təbəqəsinin nifrətini qazanır.

Mən Azərbaycanın Gəncə şəhərinin çox əski ailələrindən Şeyxzamanlı ailəsinə mənsubam. Gəncə şəhərinin bütün məhəllələrində yaşayan bu ailə eyni soyadını daşıdıqlarından qohum olduqlarını bilməkdədirlər. Ancaq Şeyxzamanlı ailəsinin hansı qolundan gəldiklərini özləri də bilmirlər. Ailə mənsublarının az və ya çox hissə ilə Şeyxlər mülkində payları vardır. Ailəmizə şeyxlik ünvanı İmamzadə mütəvəllitləri olduğumuzdan verilmişdir. İmamzadənin adı İbrahim olub türbəsi şəhərə üç kilometr məsafədə yerləşən ailə mülkümüzdədir. Türbəsi ziyarətgahdır. Türbənin ətrafında bir məzarlıq da var. Azərbaycanın hər tərəfindən, hətta Gürcüstandan da hörmətli şəxslərin cənazələrini dəfn etmək üçün buraya gətirirlər. İmamzadənin tarixi min ilə yaxındır. Ailəm haqqında bunu söyləyə bilərəm: Gəncənin xanlıq dövründə böyük babalarımızdan birinin üç oğlu var imiş. Şeyx Məhəmməd, Şeyx Həsən, Şeyx Cəfər. Xalqın şeyxə qarşı hörməti olduqca böyükdür. Kiçik şeyxlər  də bu səbəbdən ərköyün idilər. Bir gün Gəncənin xanı küçədən keçərkən xalq hörmət əlaməti olaraq yol kənarına çəkilir. Yalnız şeyxin üç oğlu özlərini görməməzliyə vurub küçənin ortasında öz oyunlarını davam etdirirlər. Xan onların bu hərəkətindən çox pərt olur və onların kimin uşağı olduğunu ətrafdakılardan soruşur. Ona uşaqların şeyxin övladı olduğunu söyləyirlər. Xan şeyxin çağırılması əmrini verir. Şeyx babamız xanın hüzuruna çıxır. Xan “Ya şeyx, uşaqlarının tərbiyəsi xoşuna gəldimi?” deyə məzəmmət edir. Şeyx babamız “Xan həzrətləri, tərbiyədən deyil, səbəbi başqadır:

Toxm-u çahar Şəmbə-i mahı səfər” Şeyx Məhəmməd-i, Şeyx Həsən-i, Şeyx Cəfər.

Xan anlayır və şeyx babamıza iltifat edir. Bir az da mən açıqlayım. O tarixlərdə İlbaşı Məhərrəm ayı türklərin ənənəsinə görə Səfər ayı uğursuz aydır. Hələ Səfər ayının Çahar Şəmbələri çox uğursuzdur. Səfər ayının son çərşənbəsi isə büsbütün bərbatdır. Ənənəyə görə Səfərin son çərşənbəsi təhlükəlidir. O gün diqqətli olmaq lazımdır. Daş yerdən öz-özünə havalanır və baş yarır. Şeyxin uşaqlarının toxumu çərşənbə gecələri atılmalıdır.

Gəncənin əvəzsiz şairi Nizaminin bizim ailəmiz ilə qohum olub-olmadığı barədə səhih bir məlumata sahib deyiləm. Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı materialları” əsərində əmim Şeyx İbrahim Qüdsi haqqındakı yazısının sonunda

“Bəzi rəvayətlərə görə Şeyx İbrahim Qüdsinin Şeyx Nizami ilə qohumluğu var imiş” deyir. Bu rəvayətləri qüvvətləndirmək üçün mənim mütaliəm: Şeyx Nizaminin bizim ailədən olduğuna dair dəlillərim bunlardır: 1 – Şeyx adını daşıması. Şairlərə şeyx deyildiyinə dair bir üsul və iddia yoxdur. Olmuş olsa idi şair Firdovsiyə, şair Hafizə, Şiraziyə və başqalarına da şeyx deyərdilər. 2 – Əgər Nizaminin divanında hər hansı bir ailəyə mənsubiyyəti qeyd olunmuş olsaydı məsələ mübahisə doğurmazdı. 3 – Ailəmizdən babam Şeyx Həsən, oğlu əmim Şeyx İbrahim Qüdsi, onun oğlu Hacı isə ailəmizin digər qollarından Şeyx Əli Şövqi kimi şairlərin ədəbiyyatımızda yer tutmaları. 4 – Şeyx Nizaminin qəbri, türbəsi qədimdən bəri sahibi olduğumuz mülkümüzdə olması eyni ailədən olmasını göstərməkdədir.

Mən gənc ikən, yəni 60 il əvvəl ən çox maraqlandığım şeyx qocalarla söhbət etmək və həyatlarındakı maraqlı hadisələri öyrənmək idi. Ailəmizdə Şeyx Rza baba vardı. 1902-ci ildə Şeyx babamın yaşı 90 idi. Ondan həyatının ən maraqlı hadisələrini soruşuram. O, həmişə dindar və ibadətdən bəhs edirdi. Şeyx babam məni çox sevirdi. Öz övladı olmamışdı. Həyat yoldaşı olan Nabat nənəmin də 80 yaşı var idi. O, da mənim xatirimi çox istəyirdi. Bir gün şeyx babamdan soruşuram: “Baba gənc ikən dostların ilə dava etmisənmi?” Babam hirsləndi və mənə “Övladım mən ibadət edərdim. Müsəlman dava etməz. Dostlarımla birlikdə həmişə ibadət edərdik” dedi. Mən təkrar “Şeyx baba nə üçün İmamzadəni ziyarət edənlər nədən Şeyx Nizamini ziyarət etməzlər?” dedim. Şeyx baba mənim bu sözümə hirsləndi bə “Övladım, Şeyx Nizami də bizim kimi müsəlman, şeyx və insandır. Onu ziyarət etməzlər. Çünki nə imamdır, nə də imamzadə” dedi. Bir xatirə də Şeyx Həsən babamdan: Babam Şeyx Salih danışır ki, bir gün Şeyx Həsən babam bəslənmiş, ürkək bir ata minib İmamzadəyə gedirmiş. Küçədə oynayan uşaqlar heç ona fikir verməyib öz oynamaqlarına davam edirlər. At ürkür və şahə qalxır. Babam atı zorla sakitləşdirir. Uşaqlar atın bu hərəkətinə gülürlər. Babam öz-özünə “Bu yaramazlar mənim kəsdiyim nigahdandır. Allah bilir, oğlum Şeyx İbrahimin kəsəcəyi nigahdan  nələr Dünyaya gələcəkdir” deyir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info