Qonaq Kitabı
NƏSİB BƏY HAQQINDA YAZILAN ƏN GÖZƏL YAZI

(Çox xoşuma gələn və həqiqət olan bu yazını da xatirəmdə olmasını istədiyimdən buraya daxil edirəm) Məhəmməd Əmin Rəsulzadə – Odlu Yurd, İl 1, sayı 3. Tarixi 27 aprel 1929. İstila qurbanları:

Nəsib bəy Yusifbəyli

Bu mənhus günün nəticəsində Azərbaycan istiqlal hərəkatının verdiyi ən mühüm qurbanlardan biri Yusifbəyli Nəsib bəydir. İstilanın baş verdiyi günlərdə müstəfi olsa da Baş nazir vəzifəsində olan Nəsib bəy Bakının Qızıl Ordu tərəfindən işğal olunması səbəbindən gizlədilərək xaricə getməsi üçün yaxın dostu Yusif bəy İbrahimli ilə bərabər Gürcüstana getmək üçün yola çıxmışdılar. Onlar Siqnax qəzasında təfsilatı hələlik bizlərə məchul qalan faciəli bir qəzaya uğrayaraq qurban getmişdilər.

Nəsib bəyin Azərbaycan istiqlal hərəkatındakı rolu sadəcə nazirlikdə və Baş nazirlikdə olmaqla ifadə edilə bilməz. Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi vəzifələrdən çox əvvəl başlamışdı. Bu rol onun Gəncədə 1917-ci ildə Türk Ədəmi Mərkəziyyət Xalq Firqəsi adı ilə təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsi ilə başlayır. Azərbaycan fikrini bir tələb maddəsi halında formulə etmək şərəfi mərhum Nəsib bəyə məxsusdur. Nəsib bəylə tanışlığımız bu tarixdən daha əvvəl idi. Birinci Dünya müharibəsi illəri idi. O, Gəncədə, mən də Bakıda Bələdiyyə İdarəsinin üzvü idim. 1915-ci ildə “Açıq söz” qəzetini çıxarırdıq. Nəsib bəy idarənin işləri üçün Bakıya tez-tez gəlir və hər gəlişi zamanı “Açıq söz” qəzetinin redaksiyasına baş çəkməmiş qayıtmırdı. İlk görüşümüzdən 1920-ci ilin may ayına qədər davam etmiş dostluğumuz ərzində aramızda həmişə səmimiyyət olmuşdur. Bu dostluğun bu qədər mətin bağlarla bir görüşmədə bağlayan şey şübhəsiz müştərək bir qayə, müştərək bir ruh daşıdığımıza uyğun gələni kəşf etmişdik. Bu müştərək ruh Gəncədə Nəsib bəyə siyasi bir firqə məqaləsi yazılmasını təlqin etdiyi zamanlarda mənə də Bakıda “Açıq söz” qəzetinə eyni mövzunu müdafiə edən bir baş məqalə yazdırmışdı. Mərhum Nəsib bəyin xarakterində əsil təhsil görmüş Azərbaycan ziyalılarında az olan bir keyfiyyət vardı. O, ədəbi Türkcədə mükəmməl yazır və danışırdı. Vaxtilə Gəncədə açılan ruhaniyyə mədrəsəsinin müəllimlərindən olmuşdur. Eyni zamanda Gəncədə Türkcə kitabları ilə məşhur olan kitabxana təsis edən Nəsib bəy daha sonra ali təhsilini Odessa Universitetinin hüquq fakültəsində almışdır. O, İsmayıl Qaspıralının qızı Şəfiqə xanımla evlənərək bir müddət Baxçasarayda yaşamış və “Tərcüman” qəzetində çalışmışdır. O, qəzetçilərdən başqa “Təslim” adlı bir roman da yazmışdır. Romanın mövzusunu əski üsullu məktəb müəlliminin üsuli-cədid müəllimi tərəfindən  məğlub edilməsi təşkil edir. Nəsib bəy 1917-ci ildə Bakıda toplanan Birinci Müsəlman Qafqaz Qurultayının ən fəal təşkilatçılarından və iştirakçılarından biri olmuşdur. Onun Qafqaz xalqı xəritəsini açaraq yuxarıda bəhs etdiyimiz Qurultayda çox təsirli bir səslə “Kim dəva edə bilər ki, biz özünüidarəyə səlahiyyətdar bir millət deyilik” dediyi sözlər hələ qulaqlarımda cingildəyir. Nəsib bəy Gəncədə təsis etdiyi Ədəmi Mərkəziyyət Firqəsinin çap olunmuş proqramının əsaslarını müdafiə etmişdir. Bu müdafiəsində o, millətçilik, Türkçülük, xalqçılıq və müasirlik prinsiplərinə istinad etmişdi. Nəsib bəyin zəkası yalnız bu müdafiə ilə kifayətlənməmiş və Qurultayda eyni əsasları müdafiə edən Müsavat Xalq Firqəsi nümayəndələri və “Açıq söz” qəzetini təmsil edən cərəyanla da anlaşaraq bu bir-birinə yaxın cərəyanların birləşmələrinin zəruriliyinin təşəbbüskarı olmuşdur. Mən bir tərəfdən Nəsib bəy, digər tərəfdən Məhəmməd Əmin Rəsulzadə və A. Qasımzadə tərəfindən təmsil olunan Gəncə və Bakı millətçi Azərbaycan cərəyanları öz aralarında birləşərək qərarına gəldilər və bunu gerçəkləşdirdilər. Bu birləşmənin əsas səbəbkarı olan Nəsib bəyin zəka və səmimiyyətinin qatı rol oynadığını burada təsbit etməliyəm. Bu birləşmə nəticəsində Qafqaz Qurultayının ardınca Türk Federalist Müsavat Xalq Firqəsinin ilk qurultayı Bakıda toplanmış və bu toplanış Azərbaycanın siyasi həyatında çox mühüm bir hadisə olmuşdur. Firqə qurultayında olduğu kimi bundan sonrakı Azərbaycan siyasi həyatının müxtəlif səhifələrində də nəsib bəyi biz fəal bir xalq siyasətçisi olaraq görürük. İstər Rusiya Müəssisələr Məclisindəki çıxışlarında, istər Tiflisdə təşkil edilən Qafqaz Ötəsi Seymində Nəsib bəy milli siyasətin ən çətin və ən məsuliyyətli vəzifələrini yerinə yetirirdi. Azərbaycan istiqlalının qələbəsindən sonra Nəsib bəy maarif naziri və iki dəfə də Baş nazir vəzifələrində işləməklə aktiv siyasi fəaliyyətdə olmuşdur. Nəsib bəy Azərbaycan İstiqlal hərəkatının ən çətin zamanlarda istiqlalçılıq tərəddüdlərdən ari olaraq bütün səmimiyyəti ilə müdafiə millətçi zümrənin daima səmimi və imanlı dayaqlardan olmuşdur. Nəsib bəyi xatirəsi istiqlalçı Azərbaycan nəslinin zehnində səmimi bir millətpərvər demokrat, həqiqi bir radikal olaraq qalmışdır. Nəsib bəy müasir Avropa kültürü ilə bərabər Türkcədə danışması və milli həyat, ədəbiyyat tarixini dərindən bilməsi ilə bütün Azərbaycan gənclərinə güclü təsir etmişdir. Təvazökar bir xalq adamı, idealist bir siyasətçi, demokrat, öz prinsiplərinə sadiq bir liberal, nizam-intizamlı, ciddi iş rejiminə tabe təşkilatçı olan Nəsib bəy eyni zamanda həmsöhbətlərinə xoş təsir edən bir xadim idi. Bununla bərabər Nəsib bəyi sevməyənlər də çoxdu. Müəyyən prinsipləri, müəyyən bir istiqamətlə müdafiə edənlərin dostları kimi düşmən qazanmaları da təbiidir. Ancaq, bu düşmənlər də Nəsib bəyin şəxsiyyətinə eqoizm damğası vura bilməmişdilər. Bolşeviklər hələ bir gün əvvəl irəli sürdükləri ittihamı ikinci gün şəxsən təkzib etmək məcburiyyətində qalmışdılar. Nəsib bəyin şəxsiyyətini, onu yetişdirən mühitin xüsusuyyətini kamilən təhvil etmək və nəticədə mərhumun tutduğu həqiqi mövqeyi olduğu kimi təsbit etmək üçün məqaləmizin həcmi kifayət deyildir. Bunu söyləməyə bilmərik ki, o, milli nümayəndələrdən biri idi. Elə bir nümayəndə ki, Milli Azərbaycan hərəkatının istiqlalla nəticələnən qayəsini formulə etmək onun adı ilə bağlıdır. Bu sadə əlavə Nəsib bəyin adını Azərbaycan tarixində ölməz və unudulmaz bir ad halına gətirilməsi kifayətdir. Aprel matəmində intiqam əhdini yeniləşdirən milli istiqlal nəslinin qeyrətini təhrik edən böyük amillərdən biri də heç şübhəsiz Nəsib bəyin şəhadətidir. Müzəffər istiqlal nəslinin ilk görəcəyi şükran vəzifələrdən birinci siyasi Azərbaycançılığın ilk şübhələrindən olan Nəsib bəy adını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona bir abidə qoymaqdan ibarət olmalıdır.   M. Əmin.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info