Qonaq Kitabı
NƏSİB BƏYLƏ SON GÖRÜŞÜM

Milli matəmimiz olan 27 aprel 1920-ci ildə ələ keçən Azərbaycan ziyalıları ruslar tərəfindən məhv edilirdilər. Çekanın azğın cəlladları Bakıda xüsusilə Müsavatçıları məhv etməyə çalışırlar. Gizli olaraq Nəsib bəylə görüşməyə getmişdim. Bu mənim onunla son görüşüm oldu. O bir neçə yoldaşla birlikdə bir evdə saxlanılırdı. Çox kədərli idim. Çünki, düşmən milli varlığımıza zəhərli bir xəncər saplamışdı. Danışmaq istədikcə gözlərim yaşarırdı. Bir ara hamımız susmuşduq. Nəsib bəyin çöhrəsində kədərli cizgilər aydın hiss olunurdu. Bu sükutu Nəsib bəyin kədərli səsi pozdu: “Azərbaycan istiqlalını qurduq. Ancaq, onu saxlaya bilmədik. Əbədi düşmənimiz olan ruslar güclü qüvvələri ilə vətənimizi işğal etdilər və istiqlalımıza son qoydular. Müqəddəs ölkəmiz rusların istilası altına keçdi. Ancaq inandığımız və iman etdiyimiz bir şey varsa, o da bizə təsəlli verməkdədir. Ruslar zülmləri, vəhşilikləri ilə xalqımızı nə qədər əzirlərsə əzsinlər əbədi olaraq qala bilməzlər. Xalqımızın beyninə yerləşdirdiyimiz istiqlal məfhumundan mənəvi varlığımıza hopmuş hürriyyət ruhunu söküb ata bilməzlər. Onlar buna nail olmaq üçün vəhşiliyi və qəddarlığı ilə məşhur olan Neronu köməyə çağırsalar da yenə müvəffəq ola bilməzlər” dedi. Nəsib bəyin inam dolu bu sözlərində böyük bir həqiqət var idi. Həmçinin rus və bolşevik istilasından bir ay keçməsinə baxmayaraq milli qızıl səhifələr halında keçəcək olan əzəmətli Gəncə üsyanı baş verdi. Doqquz gün, doqquz gecə davam edən və tarixdə nadir təsadüf edilən bu üsyana milli varlığın zalım düşmən qarşısında necə dayandığını gördük. Bu adi bir üsyan deyil, başdan-başa bir qəhrəmanlıq dastanı idi. Şairlərimiz ilhamlarını bu dastandan alırlar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info