Qonaq Kitabı
NƏSİB BƏY HAQQINDA BAŞQALARINDAN EŞİTDİKLƏRİM

Süleyman bəy Məmmədzadə İstanbulda danışırdı ki, 1908-ci ildə konstitusiyanın elanı zamanı Nəsib bəy iki yerdə nitq söylədi. Bunlardan biri Sultanəhməddə, biri də körpü üstündə söylənən nitqlərdir. Onun nitqləri maraqlı dinlənərək sürəkli alqışlarla qarşılandı. Nəsib bəy tez-tez toplantılarımızda iştirak edir və öz çıxışları ilə seçilirdi. O, bizim istiqlal məktəbimizin müəllimi idi. Xalqımızın hər təbəqəsi onu sevir və nitqlərini dinləyirdi. Onun gəncliyə olan inamı sonsuz idi. Gənclərlə çox böyük dəyər verirdi. Nəsib bəy bizim üçün hər şey olduğu kimi biz gənclər də onun üçün hər şey idik. Azərbaycan şairi Almas İldırımın bir şerini xatırladaq:

 

Göylər deyir:

...Bir nöqtə istinadgah verilsə

Bir çiv ilə çevirərdim dünyanı.

Mən deyirəm od gəmirən gənclik mənə verilsə

Bir vuruşla devirərdim dünyanı.

 

Bax, Nəsib bəy od gəmirən gəncliyi ovucuna almışdır. Bir sərkərdə yetişdirdiyi ordusuna necə güvənirsə, Nəsib bəy də yetişdirdiyi gənclərə elə güvənirdi. Nəsib bəy o güvəncdən aldığı cəsarət sayəsində məhdud gənclik qüvvəsi ilə Azərbaycanda 100 mindən çox olan rus əsgərləri ilə savaşmış və düşməni məğlub etmişdir. O, bu yoldan Azərbaycan istiqlalını hazırlaya bilmişdi. 1920-ci il martın sonlarına doğru Nəsib bəyi evində ziyarət etmişdim. Bu görüş zamanı biz müxtəlif mövzularda söhbət etdik və sonra söhbətimiz Anadolu İstiqlal Savaşının üzərinə gəlib çıxdı. Bu zaman Nəsib bəy, “gec də olsa, az da olsa Türkiyəyə bir az valyuta hazırlayıb yeznəm Pişnamazzadənin qardaşı oğlu Məmmədəli Əhmədzadə ilə göndərdim” dedi. Pulun miqdarını soruşmadım. O, da açıqlamadı. 1961-ci ildə Əhmədzadə ilə Tehranda görüşdüm. Ondan yardım məsələsi haqqında soruşdum. İsrarıma baxmayaraq məlumat verməkdən imtina etdi. Mən də daha çox üz vurmadım. Daha sonra əldə etdiyim məlumata görə Əhmədzadə Nəsib bəyin göndərdiyi pulu İstanbula göndərmişdir. O zaman İstanbul ingilis və fransızların işğalı altında idi. O, Ankaraya gedib pulu lazımi yerə təhvil verə bilməmişdi. Artıq bu zaman, yəni 1920-ci il aprelin 27-də Azərbaycanı Moskvanın əmri ilə Qızıl ordu işğal edir. O, 1920-ci ilin may ayında Azərbaycan dövlət xadimlərinin Gürcüstana keçdiklərini öyrənir. Əhmədzadə əlindəki pullardan min ingilis poundunu İtaliya bankı vasitəsilə İstanbuldan Tiflisə Nəsib bəyin adına göndərir. Halbuki, Nəsib bəy Tiflisə gəlib çata bilmir, yəni yolda naməlum şəxslər tərəfindən öldürülür. İstanbuldan göndərilən bu min ingilis poundunu Nəsib bəyin dostları Gürcüstan səfirimiz Pərviz bəy Vəkillinin vasitəsilə alırlar. Əhmədzadə daha sonra Nəsib bəyin öldürülmüş olduğunu söyləyir. Onun 1920-ci ilin oktyabr ayında Ankara hökumətinə 19 min Türk kağız lirəsi və bir milyon fransız frankı vermiş olduğunu öyrəndim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info