Qonaq Kitabı
NƏSİB BƏY YUSİFBƏYLİ

Azərbaycan Cümhuriyyətinin Əksinqilab ilə Mübarizə İdarəsinin rəisliyinə hələ təyin olunmamışdım. Tez-tez Bakıya gedər və təbii ki, hər gedişimdə də Nəsib bəylə görüşürdüm. Nəsib bəy o zamanlar Baş nazir vəzifəsinə keçmişdi. Onu təbrik etmək üçün Gəncədən gəldiyim günün sabahı saat 10-da Nazirlər kabinetinin yerləşdiyi yerə getdim. Dəftərxana müdiri vasitəsilə gəldiyimi və görüşmək istədiyimi bildirdim. Gözləməyi söylədi və saat 11.30-a qədər gözlədim. Sonra yenidən dəftərxana müdirinə “Qardaşım, yəqin unutdu. Zəhmət olmasa, bir də xatırladın” dedim. O, Nəsib bəyin kabinetinə girdi və çıxaraq mənə “Unutmadım, gözləsin deyir” dedi. Saat ikiyə qədər gözlədim. Azərbaycanda məmurlar üçün iş vaxtı 8-dən 14-ə qədərdir. Saat 14.00-da Nəsib bəy kabinetindən çıxdı. Ayağa qalxıb onunla görüşdüm. Ona saatlarla gözləməyimdən heç nə söyləmədim. İkimiz də ayaq üstündə idik. Mən “Nəsib bəy, sabah vəzifənizə gəlincə qədər burada gözləyimmi?” dedim. Nəsib bəyin təbəssümlü çöhrəsinin təbəssümü bir az da artdı və “Yox canım, səni bərabər çıxmamız üçün gözlətdim” dedi. Binadan çıxaraq Baş nazirin avtomobilində bərabər onun evinə gəldik. İki nəfərlik hazırlanmış masanın arxasına oturaraq nahar etdik. Nəsib bəy “Əgər səni gələn kimi qəbul etsəydim doyunca söhbət edə bilməyəcəkdim. İndi həm yemək yeyərik, həm də istədiyimiz qədər söhbət edə bilərik” dedi. Bu zaman vəziyyətini soruşduğumda  Nəsib bəy “Heç bir səhhətimdən şikayət etməmişəm. Allaha şükür ki, sapsağlamam. Mənim sıxıntım həmişə pul sarıdan olub ki, Baş nazir olduqdan sonra ondan da qurtuldum. Seym dövründə Tiflisdə Maarif naziri idim və aldığım maaş məni təmin etməzdi. Həmişə olduğu kimi Gəncədən atamdan pul istəyirdim. Azərbaycan istiqlalını elan etdik. Cümhuriyyətimizin Maarif naziri oldum. Aldığım maaş yenə də məni dolandırmırdı. Parlamentimizdə olsun, partiya daxilində olsun, ümumiyyətlə xalqımızın hər sinfi məni sevir. Hər kəsdən hörmət görməkdəyəm. Elə gün olmur ki, cəmiyyətimizin keçirdikləri gecələrə dəvət olunmayım. Hamısının da dəvətini qəbul edərək iştirak etmək lazımdır. Çoxuna sıxıla-sıxıla az maddi köməklik edirdim. Ancaq Baş nazir olduqdan sonra bütün bu sıxıntılardan xilas oldum. Belə məsrəflərin hamısı örtülü təxsisatlardan verilir. Sən bilirsən. Mən atamın icazəsi ilə bağlarımızdan birini müasir bağ yaratmaq qayəsilə ayırmışdım. Üç ildir milli işlərimiz səbəbi ilə bağ ilə məşğul olacaq vaxt tapa bilmirdim. Atama bir məktub yazaraq bu il də bağ işi ilə məşğul ola bilməyəcəyimi, yenə əvvəlki kimi qamış alıb basdırmalarını söylədim. Babamdan bu cavabı aldım. Məktubu sənə oxuyuram. Atam məktubda ürəyində nə var hamısını yazıb: “Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin Maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin göndərdim. Sonra Azərbaycan istiqlalını elan etdiniz. Gəldin Cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan göndərirdim sənə. Bu gün isə Baş nazirsən. Dövlət başçısısınız, yəni ölkəmizin padşahı olmuşsunuz. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi?”

Nəsib bəy universitet tələbəsi kimi yay tətilində digər tələbələr kimi Gəncəyə qayıdardı. Biz onu axşam şəhər klubuna gəldiyimiz zaman qarşılayardıq. Nəsib bəyin gəlişində daima bir fövqəladəlik olurdu. Digər tələbələr gəldiyi zaman qohum-əqrabaları sevinir, dostları da "xoş gəldin" deyirlər. Ancaq Nəsib bəyin gəlişi klubun hər sinfinə mənsub üzvlər arasında sevincə səbəb olurdu. Hər kəs onu axşam yeməyinə dəvət edərdi. Nəsib bəy isə təşəkkür edər və “Söz vermişəm ki, ilk gəldiyim günün axşamı yeməyimi gənclərlə yeməliyəm” deyirdi. Azərbaycanda yemək vaxtı belə idi. Nahar yeməyi saat 14.00-da, axşam yeməyi isə saat 22.00-da. 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info