Qonaq Kitabı
ŞİMALİ QAFQAZ

Bu ölkənin əksəriyyəti müsəlmandır və son dərəcə dindardırlar. Burada yaşayan əhali ayrı-ayrı xalqlardan ibarətdirlər. Bu xalqlar Çərkəz, İnquş, Osetin, Kabardin, Çeçen, Qumuq, Avar, Ləzgi və digərləridir. Müştərək dilləri yoxdur. Bir xalq digərinin, hətta iki qonşu kənd bir-birinin dilini anlamır. Müştərək dilləri olmadığından xalq dövründən millət dövrünə keçə bilməmişlər. Özlərinə islam milləti demişlər. Ərəb tarixçiləri bu ölkəni uzun müddət tədqiq etdikdən sonra bir nəticəyə gələ bilməyərək “Burada Əcuz və Məcuzlar yaşayırlar” demişlər. Rus tarixçiləri isə “Saysız-hesabsız dildə danışan bir ölkə” demişlər. Şimali Qafqaz xalqı qədimdə islam dininin dili olan ərəb dilini özlərinə ümumi bir dil olaraq qəbul etmişlər. Onlar mədrəsələr açaraq imamlar yetişdirmişdilər. Valilər, sərkərdələr, qəza və nahiyə rəislərinin hamısı imamlar arasından seçilmişdi. Ancaq, təbii ki, ərəb dili xalqın dili ola bilməzdi. Ərəb dilində yalnız mədrəsə məzunları danışır və yazırlar. Qocalar ilə xalqın anlaşma dilləri olmadığından savadsız xalqı özlərinə müridizm üsulu ilə bağlamışdılar. Yəni imamın öl desə öləcəksən, qal desə qalacaqsan prinsipi bu ölkədə çox güclü idi. Dini qüvvə olan müdirizm yolu ilə xalq bir-birinə sıx bağlanmışdı. Ruslar Şimali Qafqaza etdikləri hərbi yürüşlərdə qarşılaşdıqları müqavimət və göstərilən qəhrəmanlıqların səbəbləri aranarkən meydana çıxan əsas həqiqət ölkənin hər qarşısında olan polad kimi qayalar, polad kimi insanlar və qartal kimi qəhrəmanların olması idi. Dini, imanı güclü, cihad aşiqi olan bu yenilməz insanlar uzun illər ruslarla vuruşdular. Ruslar bu ölkədə çox tələfat verdilər və qüvvə sərf etdilər. Nəticədə bütün ölkəni mühasirəyə alıb işğal etdilər. Qəhrəman xalq savaşlarda yenilmədilər. Bütövlükdə əsir düşdülər. Rus əsgəri qüvvələrinə məğlub olmayan Şimali Qafqazlılar rusların silahsız diplomatlarına aldanaraq məğlub oldular. Bildiyim və inandığım məlumata görə rus imperializmi 18 əsrdə Qafqazı işğal etməyi qərara almışdır. Məqsədi isə Qafqaz sərhədində olan İranı və Türkiyəni öz nüfuz dairəsinə almaq, İran üzərindən Bəsrəyə, isti dənizə çıxmaq, Türkiyə üzərindən isə boğazları ələ keçirmək idi. Rus çarı qayəsini həyata keçirmək üçün Qafqazda çox çətin müharibələr aparmağa məcbur olmuşdur. Rusların bu hərbi yürüşlərini İslam dininə qarşı təcavüz sayan  Şimali Qafqazlılar savaşa cihad adını vermişdilər. Onlar bu yolda çoxlu şəhid verərək qan axıtmışdılar. Nəticədə müharibə başa çatmış və sülh dövrü başlamışdır. Bu dövrdə rus çarı özünü İslam dininin hamisi göstərərək məscidləri təmir etdirir, kömək üçün pul verilir və müəzzinlərə maaş təyin olunur. Digər tərəfdən Şimali Qafqazlıların oxumaq istəyən uşaqları üçün Rusiyanın hərbi məktəblərinin qapıları taybatay açılır. Bütün xalqların, bəylərin, varlıların uşaqları hərbi təhsil almaqda idilər. Çar hökuməti bunlar üçün fövqəladə and içmə mərasimi təşkil edirlər. Kazan şəhərindən müftü dəvət olunur və çar muzeyindən həzrəti Osmanın əlyazması olan Quran gətirilir. Mərasimdə qılınc qurşanılır və and bu sözlərlə başlayır: “Qurani-Kərimə and içirəm. Qurşadığım qılıncı Rus Çarının yolunda işlədəcəyim kimi canımı da çar üçün qurban verəcəyəm”. Sonra and içən Qurana əl basır. Məzun olan zabitlər rus ordusunda müxtəlif qulluqlara yerləşdirilirlər. Bunların həqiqət olmalarını yəqinləşdirmək üçün Rusiyanın hərb tarixini vərəqləmək kifayətdir. Əldə edilən nəticə hər iki tərəfi razı salmaya bilməz. Şimali Qafqazlılar dini azlıq əldə etdikləri kimi həyat səviyyələri də məşhur adamların sayəsində yüksəlməyə başlamışdır. Bütün bunlara əsas olaraq Şimali Qafqazlılar əmin-amanlığa və xalqın sağlamlığına nail olmuşdular. Rusların əldə etdikləri isə milli duyğunun yoxluğundan istifadə edərək dini inancları öymək, dinə dayanan qəhrəmanlarını yenə din inacı ilə imperatorluq qayələrinə çevirmək.

11 May 1918-ci il Şimali Qafqaz Cümhuriyyətinin elan olunması günüdür. Bu anma mərasimində mən də iştirak edirdim. Şimali Qafqazın sabiq dövlət başçısı mərhum Pişimaho çox kədərli və üzüntülü olan nitqi söylədi: “İstiqlal davamıza rus ordusunda təcrübə toplamış hər yüksək rütbəli zabitləri və iki generalımızı dəvət etdim və istiqlal elan etdik. Azad ölkə ordu ilə yaşayır. Siz zabitlər hərbi borcu üzərinizə alın və ordu quraq.” Məni dinlədikdən sonra generallar və zabitlər “Biz qılıncımızı qurşayarkən Qurani-Kərimə and içdik ki, silahımızı yalnız rus imperatorluğu üçün işlədəcəyik. Başqa hökumət tanımırıq dedilər”. Mərhum Pişimahodan sonra Şeyx Şamilin nəvəsi Seyid Şamil bəy söz aldı və “Qafqazda türklərdən, gürcülərdən, ermənilərdən və ümumi olaraq onların bir yerdə toplum olaraq olan zabitlərdən çox bizim Rus ordusunda qulluq edən zabitlərimiz vardır. Üzüntü ilə söyləyə bilərəm ki, 1920-ci ildə Dağıstana getdiyim vaxt bütün kəndlilərimiz bolşeviklərə qarşı apardığımız mübarizədə iştirak etdikləri halda, kəndlərimizdə yaşayan zabitlərdən heç biri bizim milli davamızda iştirak etmək istəmədilər” dedi. Artıq mərasim başa çatmaqda idi. Mənə baxdılar və danışmağımı xahiş etdilər. Mən belə bir çıxış etdim. “Pişimaho və Seyid Şamil bəylərin üzüntü ilə söylədiklərini mən də üzüntü ilə dinlədim. Madam ki, belə başladı, mən də belə davam etdirirəm. 1919-cu ildə Bakıda Əksinqilab ilə Mübarizə İdarəsinin rəisi idim. Bir gün mənim yanıma 30-a yaxın mülki geyimli adamlar gətirdilər. Bunlar vaxtilə rus ordusunda zabit kimi qulluq etmişdilər. Gizli olaraq sərhədimizi keçərkən tutulmuşdular. Onlardan haraya getdiklərini soruşdum. Onlar könüllü olaraq Denikinin ordusuna getdiklərini söylədilər. Onlara... Madam ki, zabitsiz sizi Azərbaycanın milli ordusuna qəbul edək” dedim. Qəbul etmədilər. Sonra toplantıda iştirak edən Avarlı Əhməd bəyin üzünə baxdım və sözümə davam etdim... Mənim kimi Əhməd bəy də onlara nəsihət etdi. Onu da dinləmədilər. Mən də onları Şimali Qafqaza gedən paroxodla getmələrinə imkan yaratdım. Məndən sonra Avarlı Əhmədbəy söz alaraq “bu hadisənin şahidi olduğunu və hər ay Heydər Bamat ilə Bakıya gələrək Azərbaycan dövlətinin üzvləri ilə görüşürdük. İkinci bir hadisə: general Denikinin yanında qulluq etmək üçün ölkəmizə sığınan zabitlərlə 27 paroxodda 8 Şimali Qafqazlı da var idi. Mən paroxodda hökumətimizin qərarını mühacir Denikin zabitlərinə bildirirəm: xəncərləriniz, qılınclarınız, özünüzdə qalacaq, ancaq tüfəng və tapancalarınızı təhvil verməli olacaqsınız. Zabitlərin arasındakı 8 Şimali Qafqazlı mənə yaxınlaşdılar və biz Çərkəzik tapançalarımızı verməyəcəyik” dedilər. Mən onlara “Sizə xüsusi imtiyaz verə bilmərəm və versəm də doğru olmaz. Ancaq, siz tapançalarınızın nömrələrini yazın. Sabah sərbəst buraxıldığınız zaman mənim idarəmə gələrsiniz. Həm qonağım olarsınız, həm də tapançalarınızı özünüzə qaytararam” dedim. Baxdım ki, bu 8 zabit məndən aralandıqdan sonra öz aralarında danışdılar və nəticədə tapançalarını çıxarıb dənizə atdılar. Mən də bunlara “etdiyiniz hərəkəti Qafqazlı olduğunuz üçün sizə yaraşdırmıram. Sizin bu hərəkətiniz qəhrəmanlıq sayılmaz və sizdə azacıq qəhrəmanlıq hissi olsa idi bütün İslam və Türk Dünyasının nifrətini qazanmış rusların imperatorluq epoletlərini gənc çiyinlərinizdə gəzdirməzdiniz. Arxalandığınız, hörmətini saxladığınız rus çarı rus milləti tərəfindən edam edilmişdir. Çarı xilas etmək üçün çalışan generalların da hər biri bir tərəfə qaçmışdır. Siz zabit tör-töküntüləri də Azərbaycana sığınırsınız. Çiyinlərinizdəki epoletləri söküb atmayın. O sizə rus xatirəsidir.

Dostum, mərhum Pişimaho bəyin Şimali Qafqaz adlı bir kitabçasını oxudum. O, 40-cı səhifədə məşhur kommunist olmuş Cəlal Qorxmazın intriqaları haqqında bunları yazır:... Təəssüf ki, çox az miqdarda olsa İslamiyyətin Kommunizmə əks olmadığını iddia edən bəzi din xadimləri də tapıldı. Hamını inandırmaq üçün bu yalanın tanınmış bir din alimi tərəfindən təsdiq və elan edilməsi lazım idi: Bolşeviklər belə bir adamı Dağıstan dağlarında Akuşa kəndində ixtiyar və kar olan Hacı Əlinin şəxsində bulmağa müvəffəq oldular. Bu Adamın oğlanları qatı kommunist olan Qorxmazın xidmətində idilər. Bütün mövcud şübhələrə baxmayaraq inamlı müsəlman bu mövzunu belə izah edir: Bizimlə bolşeviklər arasında düşmənçilik yoxdur. Dinimizə toxunmamaq şərti ilə biz bolşeviklərlə ittifaqa razı olduq. Onlar da dini azadlığın qorunmasında bizə kömək edəcəklərinə söz verirlər. Sovet müəlliflərindən Ataho-Qodinin... Dağıstan inqilabı və əksinqilab” adlı əsərində belə deyilir: (1917. Səh. 137) Cəlal Qorxmaz bir sənəd əldə etmişdir. Çox keçmədən Hacı Əlidən sonra Çeçenistanda Molla Şuayıb da eyni fikri müdafiə etdi. Kabartayda gənc ərəbşünas Nazir Kotxan da İslamiyyətin kommunizmə zidd olmadığını iddia etdi və bu yolda vaizlərə başladı.

Mən mərhum Pişimaho bəyin məxəz göstərdiyi Ataho Qodinin əsərini görmədim. Ancaq, Dağıstanlı Əfəndizadə Samurskinin yazdığı Dağıstan tarixində deyilir ki, bütün Şimali Qafqazdakı mədrəsə məzunları olan dinçilər 11 May 1918-ci ildə qurulan Cümhuriyyəti mənimsədilər. Milli dövlətin nə əleyhinə, nə də lehinə heç bir fikir irəli sürmədilər. Hadisələri öz başına buraxdılar. Bu vəziyyət 1919-cu ilə qədər davam etdi. Bu zaman ağqvardiyaçı rusların orduları general Denikinin komandanlığı altında Şimali Qafqazın Çeçen əyalətini işğal edir. Bu işğal imamların ikiyə bölünməsinə səbəb olur. Belə ki, bütün Şimali Qafqazlı zabitlər general Denikinin ordusuna dəvət olunurlar. Zabitlərin bu dəvəti qəbul etmələri ilə hadisələr daha da inkişaf edir. İmam Nəcməddin Şimali Qafqazda imam seçilir və general Denikin tərəfindən müftülüyü qəbul edilib elan olunur. Digər tərəfdən də rusların qatı düşməni kimi tanınan məşhur qəhrəman Uzun Hacı və digər imamlar İmam Nəcməddinə qarşı cəbhə açırlar. İmam Nəcməddin arxalandığı Denikin ordusu ilə Uzun Hacı bolşeviklərin dəstə rəisi yoldaş Qiqalenin qüvvələri ilə birləşirlər. İlk iş olaraq bütün mədrəsə məzunları konfransa dəvət edilirlər. Konfransa Dağıstan imamı kar Hacı Əli Arqutunski sədrlik edirdi. Konfransın gündəliyində bunlar dururdu: İmam Nəcməddinə lənət, Moskva ilə sıx əlaqə yaratmaq. Konfransın qərarını bir bəyannamə ilə türkcə, ərəbcə və rusca olaraq ətraf yerlərə dağıdırlar. Bəyannamənin mətni aşağıdakı kimi idi: “Qafqaz və bütün İslam Dünyasına elan olunur ki, Sovet hökumətinə itaət etməli və əl-ələ verib Sovet quruluşunu bütün düşmənlərdən qorumalı. O, sovet düşmənləri ki, bolşeviklərin ölməsini istəyirlər. O alçaqlar yalnız bolşevik deyil, eyni zamanda bütün İslam Dünyasının düşmənləridirlər. Xatırlayın ki, Qurani-Kərimdə açıq olaraq sizi idarə edənlərə itaət edin deyə yazılmışdır. Biz məcburuq itaət etməyə. Çünki, bolşeviklər İslam Dünyasını qurtarmağa çalışırlar. Rədd olsun İmam Nəcməddinlər və bolşevik düşmənləri. Yaşasın İslam Dünyasını qurtarmağa çalışan  Sovet liderləri”.

Konfransın İdarə heyəti ayrıca olaraq Leninə və Stalinə ərəb dilində bu məzmunda teleqraf da vurmuşdular: Sizi təbrik edir və sizə Allahdan can sağlığı arzu edirik. Samurskinin yazdığına görə Uzun Hacı qatı bir dindar idi. O, daima şəriətin qanununu, İslamiyyətin varlığını təmin etməyə çalışmışdır. O, heç bir vaxt Çar Rusiyası ilə anlaşa bilməmiş və həmişə ruslara düşmən gözü ilə baxmışdır. Ağqvardiyaçılara nifrət, qırmızıqvardiyaçılara isə rəğbət bəsləmişdir. Təşkilatçı və qəhrəman bir şəxs olan Uzun Hacı az bir vaxtda bütün Avarları, Adigeyləri və Çeçenləri idarəsi və nüfuzu altına ala bildi. Uzun Hacı tarixi geri qaytarmaq istəyirdi.

O, XX əsrdə Orta əsrə doğru yürüş edirdi. Nəhayət o, 1919-cu ildə dini mütləq hakimiyyət qurur və elan edir. Qurduğu əmirliyi Osmanlı İmperiyasına bağlayır. Elanda belə deyilir: “Şimali Qafqaz Əmirliyi Osmanlı Sultanı və Xəlifəsinə Məhəmməd Vəhdəddin xan himayəsində Birinci Əmir Uzun Hacı”. Uzun Hacı öz mülkinə və qonşularına bu əmirliyi belə izah edir: Beləliklə, Allahın istəyi ilə bir şəriət mütləqiyyəti qururuq. Çünki İslam məmləkətində Cümhuriyyət adlı dövlət quruluşu olmaz... Əgər Cümhuriyyət elan edərsək İslam Xəlifəsini inkar etmiş oluruq ki, nəticəsi də Məhəmməd Peyğəmbəri inkar deməkdir. Xəlifəni və Peyğəmbəri inkar etmək deməkdir. Yəni biz Allahı inkar etmiş oluruq. Bu dövrdə imam Hacı Əlinin və Uzun Hacının Şimali Qafqazda nüfuzları çox güclü idi. Ancaq, ətrafının təzyiqinə davam gətirə bilməyən bu partizan əmirlik dağıldı və sabun köpüyü kimi uçdu. (Samurski, Dağıstan tarixi, səh. 70 – 71 – 74 ).

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info