Qonaq Kitabı
İSTİQLAL DÖVRÜNDƏKİ HADİSƏLƏR

Xalqımız və hökumətimiz durmadan çalışmaqda və məsud günlər yaşamaqda idilər. Rusiyanın daxili vəziyyəti qarışıq idi. Bura da iki qüvvə bir-biri ilə çarpışmaqda idi. Biri rəqiblərini aldatmış Lenin qüvvələri, o biri isə Rus Çarlığını xilas etmək üçün silaha sarılmış Çar generalları. Bu generallar general Denikinin komandanlığında Şimali Qafqazı işğal edərək yerləşdilər. Denikinin qayəsi tarixdəki Rus Çarlarının işlərini davam etdirmək və Şimali Qafqazdakı Çar idarəsinin bütün zabitləri ordusuna almaq idi. Belə bir vəziyyətdə general Denikin bilmirəm nəyə güvənərək Azərbaycan Cümhuriyyətinə bir nota göndərir. Bu notada “Türkmənçay müqaviləsinə uyğun Xəzər dənizində rus imperiyasının bayrağından başqa bir dövlətə aid bayraq dalğalanmalıdır” deyilir. Tarixdə Türkmənçay məqaləsi saxta bir sənəddən başqa bir şey deyildir. Belə ki: “Belə ki, ruslar 19-cu əsrin əvvəllərində səbəbsiz, notasız, Azərbaycan xalqlarını öz əsarətləri altına aldılar. Onlar xanlara heç bir haqq vermədikləri kimi, xalqına da heç bir haqq vermədilər. Onlar bu ərazidə öz torpağında olduğu kimi hərəkət edir və İranın sərhəddində dayanır. Tehran hökuməti və Şahı heç bir hazırlıq görə bilməyib qurbanlıq qoyun kimi aqibətini gözləyir. Çar idarəsi nəyin bahasına olursa olsun Azərbaycanda öz mövqeyini möhkəmləndirməyə çalışır və Tehran hökumətinə də belə bir nota göndərir: “İmperator sərhədini İran sərhədinə yaxınlaşdırdım. Bir heyət göndərin, dostluq və sərhəd müqaviləsi imzalayın.” Tehran sevinc içərisində dərhal bir nümayəndə göndərir və Azərbaycan xanlıqlarının torpaqlarında heç bir haqqı-hüququ olmayan İran şahı buraları öz malı kimi Türkmənçay müqaviləsi ilə ruslara verir. Müqaviləyə bir maddə kimi daxil edilən bayraq məsələsi ruslar tərəfindən irəli sürülür. Tehran heyəti məsələni şaha çatdırırlar ki, ruslar Xəzər dənizinin suyuna tamamilə sahib olurlar. Şah isə heç düşünmədən tarixdə məşhur bu əmri verir: “Verin Xəzər dənizini ruslara. Bu duzlu suyun nə faydası var?”

Aradan bir neçə ay keçir. Bolşeviklərin Qızıl Orduları general Denikinin qoşununu məğlub edirlər. O, Avropaya qaçmağa məcbur olur. Zabitləri 27 gəmiyə minərək Xəzər dənizinə çıxırlar. Denikinin sıravi əsgərləri isə qoyun sürüsü kimi Qızıl Orduya qarışıb bolşevik olurlar. Onlar Çar generalının komandanlığında Azərbaycana girə bilmədiklərindən Moskva komandanlarının rəhbərliyi altında girməyi düşünmüşdülər. General Denikinin üç zabiti Azərbaycana sığınmaq üçün müraciət edirlər. Onları təhlükəsizlik idarəsinə gətirirlər. Söhbət etdiyimiz bu üç polkovnikdən biri dəniz, ikinci suvari, üçüncüsü isə piyada qoşun növünə aid idi. Onlar bir nümayəndə heyəti kimi Azərbaycan hökuməti ilə görüşüb Xəzər dənizində olan 27 paroxodun taleyi haqqında danışıq aparmaq üçün gəlmişdilər. Söhbətlərdən məlum oldu ki, paroxodlarda zabitlərdən başqa hərbi sursat da vardır. Hökumətin qərarı bu idi ki, paroxodlar və içindəki hərbi sursat Azərbaycan hökumətinə təhvil ediləcək, zabitlər isə Avropa dövlətlərinin pulları ilə təmin olunduqdan sonra istəklərinə uyğun hansı ölkəni istəyirlərsə oraya da yola salınacaqlar. Paroxodlar Xəzər dənizində Ənzəli limanının önündə dayanmışdılar. Polkovniklər Baş nazirin kabinetindən böyük salona keçirlər. Mən Nəsib bəylə tək qaldım və onun əmrlərini dinləyirəm: Bir paroxod istə və üç polkovniki də özünlə götürüb Ənzəli limanının yaxınlığında dayanmış paroxodların yanına gedərək hər paroxoddan iki nəfər nümayəndə dəvət et. Polkovniklər onlara hər şeyi izah etsinlər. Əgər onlar da razılaşsalar bütün paroxodları Bakıya gətirin. Axşama yaxın üç polkovniklə Azərbaycan hökumətinə məxsus bir gəmi ilə sabah tezdən İranın Ənzəli limanına çatdıq. Günəşli bir qış günü idi. Dənizçi polkovnik göyərtəyə çıxıb bayraq işarəsi ilə hər paroxoddan iki nümayəndə biz olduğumuz gəmiyə dəvət edir. Hər gəmidən iki zabit qayığa minib bizim yanımıza gələrək göyərtəyə çıxırlar. Onlar polkovniklərlə görüşür və sonra mənimlə tanış olurlar. Gəminin salonunda onlara qonaqlıq verildi. Polkovniklərdən biri Baş nazir Nəsib bəylə olan söhbətlərini onlara açıqladı. O, bildirdi ki, gəmilərdə olan hərbi sursatlar gəmi ilə birgə qeydiyyatdan keçirilərək Azərbaycan hökumətinə təhvil verildikdən sonra zabitlər sərbəst buraxılacaqlar. Sonra onlar öz arzularına uyğun olaraq hansı ölkəyə getmək istəsələr oraya da yola salınacaqlar. Zabitlər Azərbaycan Cümhuriyyətinin şərəfinə içirdilər. Gəmilərdən gələn nümayəndələr deyirdilər ki, Ənzəlidə İran hökumətinə müraciət edərək danışıq aparmaq istədiksə qəbul etmədilər. Sonra Ənzəlidə olan ingilis qüvvələrinin komandanı general Tomsona müraciət etdik. Onun cavabı bu oldu: “Silahları, gəmiləri təhvil verdikdən sonra və İrandan keçməklə dünyanın istənilən ölkəsinə gedə bilərsiniz.” Nümayəndəmiz isə ona “hər şeyimizi təslim edirik, ancaq İngilis qoşunlarının komandanlığı bizi Avropaya qədər yola salsın” deyir. General isə nümayəndəmizə “Bir şey söyləyə bilmərəm. Londona yazaram. Nə cavab versələr mən də o cür hərəkət edərəm” deyir.

Bizim gəmidə rus zabitləri ilə müzakirələrimiz çox qısa oldu. Ancaq içki məclisimiz xeyli davam etmişdi. Nəhayət qonaqlıq məclisi də sona çatdı. İndi əsas real iş qalırdı. Mən Bakıdan gələndə özümlə 30 ədəd Azərbaycan bayrağı gətirmişdim. Son sözümü rus zabitlərinə söyləyirəm: “Dostlar, ancaq gəmilər bizimdir və siz də bizim qonaqlarımızsınız. Azərbaycan ənənəsinə görə hər bir azərbaycanlı özünü qoruduğu kimi qonağının da həyatını qorumalıdır. İndi sizə 27 ədəd Azərbaycan bayrağı verəcəyəm. Onları götürüb gəmilərinizin dirəglərinə taxın. Bakıdan teleqraf aldım. Gəmilərimizin düşmən tərəfindən batırılması təhlükəsi var. Diqqətli olmağımızı istəyirlər. Bilirsinizmi ki, gəmilərin digərlərindəki ikibaşlı qartal gerbli Çar bayrağınızı təmsil edən nə bir ölkə, nə də bir qüvvə vardır. Bizim bayraqlarımızı gəmilərinizin dirəklərinə keçirin. İnanıram ki, heç bir kənar qüvvə bayrağımızı daşıyan gəmiyə təcavüz edə bilməz”. Zabitlər mənim sözlərimdən razı qalaraq mindilər və öz gəmilərinə getdilər. Əlimdə durbin gəmiləri seyr edirəm. Mənim kimi Ənzəli xalqı, İran məmurları və hətta Ənzəlidə pusquya yatmış olan ingilis əsgərləri də bu gəmiləri seyr etməkdədir. Mənzərə çox möhtəşəm idi; yəni uzun tarix boyu Şərqi inlədən, Turanda at oynadan, Azərbaycan xanlıqlarını işğal edən, zəif millətlərin yuxusunu qaçıran və qorxu içində saxlayan rus imperatorluğunun bayrağı bir Türk oğlunun istəyi ilə endirilir. Yerinə isə sevimli, yeni doğulmuş üçrəngli Azərbaycan bayrağı taxılır. Gözlərim sevincdən yaşarır. Gəmilərimiz hamısı birdən sıra ilə Xəzər dənizində Bakıya doğru hərəkət etməkdədir. Vaxtilə İran sərhədində əzəmətli rus imperiyasının Türkmənçayda İran dövləti ilə imzaladığı müqavilə bax burada, yəni yenə də İran sərhəddind-Ənzəlidə parça-parça edildi. O gün həyatımda ən unudulmaz günlərdən biri idi, yəni rus imperiyasının son 27 bayrağını endirmək mənə qismət olmuşdu. Mən Azərbaycan istiqlalının tayı-bərabəri olmayan aşiqiyəm. Məni istiqlalçı edən Nəsib bəydir. O qüvvətli eşqi mənə Tanrım vermişdir və bu səbəbdən də Azərbaycan istiqlala hazırlığı dövründə ən mühüm, ən çətin, ən şərəfli hadisələr ilə məni birlikdə yaşatmışdır. Azərbaycanın istiqlalının təməlinə bütün həyatım boyu zəhmət çəkdiyimi kimsə inkar edə bilməz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info