Qonaq Kitabı
AZƏRBAYCAN XALQININ ƏNƏNƏLƏRİ

Özümü biləndən bəri Azərbaycan xalqını ənənələrinə son dərəcə bağlı gördüm. Bu xalq ənənələrini hər şeydən üstün tutmaqdadır. Azərbaycan türklərinin ənənələri işlənərək qanun halını almışdır. Xalq ümumiyyətlə ənənələri və adətləri ilə varlığını qoruyaraq yaşayır. Onlar dinin, insanlığın əxlaqı tərəflərini ənənələrinə daxil etmişdilər. Bildiyimiz kimi oğurluq Azərbaycan türklərinin ənənələrinə ləkə sayılır. Ancaq bu oğruların da müsbət tərəfli ənənələri vardır. Məsələn: oğrular gecə qaranlığında bir evi soyurlar. Onlar yanlarında gəzdirdikləri çuvallara əllərinə keçən nə varsa doldurdular. Evlərinə qayıdıb orada oğurladıqları malları gözdən keçirirlər. Qadına məxsus nə qədər paltar varsa hamısını ayırırlar. Bu hərəkətə səbəb onların kişiliklərinə, mənliklərinə sıxışdıra bilmədikləri “qadın əşyası oğrusu” adını üzərlərinə götürmək istəmədikləri olmuşdur. Ertəsi axşam bu əşyaları oğurluq etdikləri evin həyətinə atırlar. Bunlar kimi quldurlar da soyğunçuluq etdikləri zaman qadınları soymazlar. Hətta kişilərin üzərində tapdıqları qadın zinət əşyalarını da götürməzlər.

Azərbaycanda qan intiqamı davası çox güclüdür. Ancaq, bir adam axtardığı şəxsi yanında qadın olarsa vurmaz. Kişi yanında olan bir qadına pis gözlə baxılmaz və sataşılmaz. Çünki yanındakı kişinin şərəf və namusu nəzərə alınır. Azərbaycan xalqı bütövlükdə Allahına, Dininə, Quranına hörmət edəndir. Xalqımız hər xırda şey üçün Qurana and içməzlər. Ruslar bunu bildiklərindən mühakimə etdikləri azərbaycanlıları düz ifadə vermələri üçün Qurana and içizdirirdilər. Xalqımız bacardıqları qədər rus hökumətinin məhkəmələrinə müraciət etməzdilər. Onlar bəzi hallarda Qurana and içməmək üçün şəriət məhkəməsinə də getməzdilər və məhəllələrinin ağsaqqallarının qüvvələrindən istifadə edib qarşılarına çıxan məsələləri həll etməyə çalışardılar. Bütün ictimai işlərimizdə də ənənələrimizin rolu çox böyükdür. Bir insan pis bir hərəkət edərsə, məsələn: evli bir kişi bir qızı aldadıb yoldan çıxararsa, məhkəmə ona ağır və ya yüngül cəza verir. Ancaq, ona ən ağır cəzanı yaşadığı cəmiyyət verir. Bütün dostları və qohum-əqrabaları onu məzəmmət edərək görüşmürlər, yəni heç kəs ona salam verib, salamını almır. Bütün bu münasibəti görən həmin şəxs yaşayış yerini dəyişib başqa yerə köçür. Türklərin ənənələrindən ən mühümü də kirvəlikdir. Uşağa sünnət olurkən ailəsinin hörmət etdikləri və sevdikləri şəxsi kirvə tuturlar. Kirvə sünnət zamanı uşağı tutana deyilir. O andan etibarən kirvə o ailənin ən yaxın qohumlarından biri hesab olunur.

Azərbaycan türklərinin ənənələrində ailəvi dost olan ermənilərə də kirvə deyilir. Qonşu yaşadığımız ermənilər ənənələrimizi bizim qədər bilirlər. Ermənilərə və yaxud hər hansı bir xristian dosta nə dayı, nə əmi, nə də qardaş deyilməz. Onların yerinə kirvə sözü işlədilir. Kirvə və kirvəliyə yüksək qiymət verən xalqımız arasında “Allahdan döndün, bəs kirvəlikdən necə döndün?” məsəli də mövcuddur. Hər türkün qəlbi iki müqəddəs varlıq ilə doludur. Biri din duyğusu, digəri isə milli duyğudur. Türklərin bu iki müqəddəs varlıqlarını sevimli milli bayraqlarına da daxil etmişdilər. Azərbaycan bayrağı üçrənglidir: yaşıl rəngi islamiyyəti, qırmızı rəngi və ay, ulduz Türklüyü təmsil edir. Üçüncü rəngi olan mavi isə soyunu təmsil edir. Hər türkün beyni istiqlal duyğusu ilə dolub daşmaqdadır.

Azərbaycanlılar özlərini din təsiri altına salmamışdılar. Onlar ənənələrini dinləri qədər müqəddəs saymışdılar. Əsrlərlə dinini, ənənəsini, adətini, məntiqini, insani duyğularını qoruyub saxlayan xalqımızın da dövlət qurmağa haqqı olmuşdur. Əsarətdə zəngin bir ədəbiyyat yaratmaq, dinini, dilini yabançı kəlmələrdən təmizləmək, əsarətində olduğu rusların sözlərini dilinə qarışdırmamaq, onlarla dil varlığının, mənliyinin yarışını yaratmaq (Azərbaycanda qeyri-rus azlıqların müştərək dillərinin Azərbaycan Türkcəsi olması və rus dilini öyrənməyə lüzum görməmələri) müstəbid rus imperializmi kimi bir rejimin təzyiqi altında və yorulmadan çalışmaq, cəmiyyətlər qurmaq, millətin tərəqqisini təmin etmək, “Difai” kimi gizli firqə yaratmaq, mürtəcə rejimlə mübarizə etmək, onların gözlərini qorxutmaq, ölkənin hər tərəfində qaçaq dəstələrini rus çar hökuməti üzərinə saldırmaq, dastanlar yaratmaq, hər məhkum millətə nəsib olmamışdır. Bütün bunlar türklərin bu sahədə nə qədər səmərəli çalışdıqlarını göstərməkdədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info