Qonaq Kitabı
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN SÜQUTUNUN SƏBƏBLƏRİ

1920-ci il aprelin 27-də Moskvanın əmri ilə Qızıl Ordu ölkəmizə soxularaq respublikamızı işğal etdi və Milli hökumətimizi devirdi. Biz mühacirlər hər il bu məlum günü anaraq lənətləyirik. Bu işğalın səbəbləri az-çox söylənmiş və yazılmışdır. Sizə şahidi olduğum və o qara günün mətbuatımızda işıqlandırılmayan tərəflərini açıqlamağa çalışacağam. Mən yaxşı anlamaq üçün istədim ki, Kazım Qarabəkir Paşanın 1400 səhifəlik xatirəsini oxumuş olasınız. Göstərəcəyimiz səbəblərin kökünü və təfsilatını orada görəcəksiniz. Yenə o əsərdə nə qədər avantürist insanların özlərini Ankara nümayəndəsi olduğunu deyib Azərbaycan xalqının içərisində yerləşdiklərini, Moskvadan külli miqdarda pul alaraq çöpləndiklərini oxuya biləcəksiniz. Bu xarici nümayəndələrin törətdikləri fitnə-fəsadlar və təbliğatlar nəticəsində Azərbaycan xalqı anlamışdır ki, törədilən bu pis əməllərdən Ankara hökuməti xəbərsizdir. Bu pis əməllərə birbaşa yalançı nümayəndələr cavabdeh idilər. Bir neçə hadisəni qeyd etmək istəyirəm. Əli Çətinqaya avantüristlərdən Nail bəyə sualı verir: “Azərbaycan hökumətini yıxmaqda məqsədiniz nə idi? Bu işləri kimin hesabına gördünüz?” Nail bəy susaraq cavab verməmişdir. O əməlinə görə cəzalanaraq edam edildi. Azərbaycan hökuməti Türkiyədən gələn zabitləri orduya qəbul etməyi qərara aldı. Gələnlər Parlamentin mühafizə alayına daxil olurlar. Bizə sonradan məlum oldu ki, onlar Azərbaycan hökuməti tərəfindən aldıqları maaşdan bir neçə dəfə çox rus pulu da yalançı nümayəndələrdən alırlarmış. Hökumətimiz işğal ərəfəsindən son olaraq belə bir qərar verir: hökumət təcili olaraq Bakıdan Gəncəyə çəkiləcək və Qızıl Ordu ilə müharibəyə Gəncədən başlanacaq. Bunun təmin edilməsi üçün maddi vəsaitə ehtiyac var idi. Təcili olaraq Azərbaycan Dövləti Mərkəzi Banka Gəncə şöbəsinə 100 milyon manat göndərilməsi əmrini verir. Pullar sandıqlara qablaşdırılır və vağzala aparılaraq vaqonlara yüklənir. Qatar hərəkət edən anda Parlamentin mühafizə alayından qısaboylu Türkiyəli zabit olan Xalid başında əlli-altımış silahlı dəstə vağzala gələrək qatarın hərəkətinə mane olur. Hökumətimizin içərisində çox məşum rol oynamış Məmmədhəsən Hacınski gizli olaraq Moskva cəsusları ilə görüşmək Milli hökumətimizin və xalqımızın əleyhinə çalışmışdır. İkinci bağışlanmaz şəxs hərbi Nazir general Əliağa Şıxlinskidir. Birinci Dünya müharibəsində rus ordusunun baş topçu müfəttişi olaraq şöhrət qazanmış general yalançı nümayəndə olan Xəlil paşa tərəfindən aldadılaraq saflığının və sadəlövlüyünün qurbanı olmuşdur.

Qızıl Ordu sərhəddimizdə dayandığı zaman hökumətimiz Quba valisinə sərhəddəki dəmiryolu relslərinin bir kilometrə qədər sökülməsi əmrini verir. Vali ertəsi gün əmri yerinə yetirir. Ancaq, bu dəfə yalançı nümayəndə olan Xəlil bəy general Şıxlinski ilə görüşərək təlaşla “Paşam hökumət sərhəddəki dəmiryolu relslərini sökdürmüşdür: Qızıl Ordu Anadoluya gedə bilməyəcəkdir və nəticədə kömək gecikəcəkdir. Xahiş edirəm təcili tədbir görün” deyir. General onun sözünə aldanaraq əmr edir və relslər təzədən yerinə taxılır. Aprelin 27-də Qızıl Ordu Bakıya girir və hər tərəfdə mühüm dövlət məntəqələrini işğal edirlər. İlk tədbir olaraq mühafizə alayının adını dəyişib yardım alayı qoydular. İki gün sonra, yəni üçüncü günü Qızıl Ordu alayı mühasirəyə aldı və sıravilərin əllərindən silahlarını alaraq özlərinə də “Marş, marş evinizə” deyərək qovdular. Alayın ələ keçən zabitləri isə güllələndilər. Ələ keçməyənlər isə bir müddət gizləndikdən sonra canlarını qurtararaq hərəsi bir tərəfə dağıldılar. Artıq bolşeviklərə görə bu avantüristlərin vəzifələri hesab olunurdu. Bunlardan Xəlil paşa, Baba Səid, Nail və digər bir neçə nəfər canlarını qurtararaq Gürcüstana çata bilmişdilər. İşğalın ikinci günü idi. “İttihadı İslam” Partiyasının sədri doktor Qara bəy Qarabəyov ilə sadəlövh general Şıxlinski Bakıdakı kazarmaları gəzərək Azəri əsgərlərinə nitq söyləyirdilər. Qarabəyov dindən, İslamçılıqdan bəhs etdiyi halda, qoca general Şıxlinski isə “Övladlarım Türk Ordusu paşalarının komandanlığı altında gələrək Bakımızı düşməndən təmizlədilər. İndi isə kömək etmək növbəsi bizə çatıb, Türklərin İstanbulunu düşmənlər işğal etmişlər. İstanbulu düşmənlərdən təmizləmək lazımdır. Mən də siz əsgərlərimi götürüb yardım edəcəyəm. Siz də gedəcəyinizə və savaşacağınıza söz verirsinizmi?” deyə soruşur. Əsgərlər sevinc göz yaşları içində “Gedəcəyik və öləcəyik” deyə bağırırlar. Şıxlinski “övladlarım, yardıma gedən yalnız biz olmayacağıq, Ənvər paşa vaxtilə Rusiyaya əsir düşmüş Türk əsgər və zabitlərini və bir milyona yaxın Tatar könüllüsünü toplayaraq gəlir. Onlar gəlib buradan keçəcək. Biz də onlarla gedəcəyik” deyir. Safdil Şıxlinski söylədiklərinə inanaraq söyləyirmiş. O, bolşeviklərə satılmamışdı, ancaq xainlərin təbliğatına sadəlövhcəsinə inanaraq qoşulmuşdur. Təbliğat dəlib keçən ən kəskin qılıncdır. O günlərdə bolşeviklər Ənvər paşa ordusu ilə gəlir deyə bir şaiyə buraxırlar və nəticədə bütün şəhər əhalisi vağzala tərəf yürüş edir. Sonra “Ənvər paşa bir gün gecikir” deyə ikinci bir şayiə buraxır və xalq evlərinə qayıdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info