Qonaq Kitabı
BERİYA

Beriya “Hümmət” Partiyasının zəmanəti ilə Əksinqilab ilə Mübarizə Təşkilatına işə götürülmüşdür. O zamanlarda sərhədlərimizi çar generalı Denikin hədələyirdi. O, rus çar üsul-idarəsinin yenidən bərpa olunmasını istəyirdi. Beriya sosialist kimi çar üsul-idarəsinin qatı əlehinə idi. İşimizə yarayacağını bildiyimdən qəbul etmişdim. 21 yaşında ciddi görkəmli bir şəxs idi. Onu senzura şöbəsinə götürmüşdüm. Az sonra onun işinə çox can yandırdığını görüb şöbəyə şef təyin etdim. O bir anası olduğunu və çox kasıb yaşadıqlarını mənə bildirmişdi. İdarədən aldığı maaş və ərzaqla maddi vəziyyətini bir az düzəldə bilmişdi. Təmiz işi, enerjisi, Qafqazlı gürcü olması və ruslara qarşı son dərəcə nifrətli olması ilə özünü mənə sevdirmişdi. Xəzər dənizi yolu ilə limanımıza gələn paroxodların sərnişinlərindən ələ keçirdiyi məlumatları mənə ətraflı surətdə raport verirdi.

Beriya bir sabah mənə belə bir raport verdi: “Bunu bir sərnişin əşyaları içərisində tapmışam. Məktub müəllifinin bir tələbə olması aydın hiss olunur. Məktub oğlu tərəfindən anasına yazılmışdır: Ana çox yaxında rus qoşunu müzəffəranə Bakıya girəcəkdir. Şəhərin bütün binaları ikibaşlı qartal bayrağımızla bəzənəcəkdir. Çox keçmədən Tiflisdə də gürcü bayrağı yerinə rus bayrağı dalğalanacaqdır.” Deyirdi. Məktubun sonunda da on beş gün sonra onu gətirəcək paroxodun adı yazılmışdır. Beriya mənə xahişlə bu tələbəni qarşılamaq vəzifəsini ona tapşırmağı xahiş etdi. Onun xahişini qəbul etdim. On beş gün sonra o tələbəni qarşılayıb idarəyə gətirmişdi. İfadəni oxudum və tələbəni gətirmələrini söylədim. İçəri bənizi saralmış 17 yaşında bir rus uşağı girdi. Görkəmindən litsey tələbəsinə oxşayırdı. Uşağı sərt nəzərlərlə süzüb “Hansı rus ədəbiyyat müəllimindən öyrəndin ki, o çirkin sözləri öyrəndin və bunlarla məktubunu bəzədin”, deyə soruşdum. Uşağın qorxusundan cavab verə biləcək halı qalmamışdı. Uşağı başqa otağa keçirdilər. Sonra bu uşağın anasını və bacısını içəri çağırdılar. Onlar içəri girər-girməz ayaqlarımıza düşərək yalvarmağa başladılar. Ana: “Bircə oğlumu öldürməyin”, qız da “Qardaşımı bizə bağışlayın deyə ağlaya-ağlaya xahiş edirdilər”. Mən onlara “Ağlamayın və məni yaxşı dinləyin. Madam ki, oğlun uşaqdır biz də vəhşi insanlar deyilik. Qorxulu bir şey yoxdur. Ancaq oğlunuzun nə işlə məşğul olduğunu söyləyin” dedim. Qadın: “Tələbə idi. Mənə qulaq asmayıb qaçdı və orduya könüllü yazıldı. İndi çox peşman olmuşdur, xahiş edirəm onu bağışlayasınız” dedi. Qadından burada evi olub-olmadığını soruşdum. Kirayədə yaşadığını və başqalarının evində xidmətçilik etdiyini bildirdi. Qadına “İndi də gedin hazırlaşın üç gün sonra mənim yanıma gələrsiniz. Sizə oğlunuzu təhvil verdikdən sonra hər üçünüzü də paroxoda mindirərək Rusiyaya göndərəcəyik” dedim. Ana və qız çox sevindilər. İki gün sonra hər üçünü də paroxoda mindirib Rusiyaya yola saldıq. Beriya mənim bu hərəkətimi bəyənməmişdi. O, mənə “Nağı bəy, sizin rus düşmənliyinizi çox zəif gördüm. Nə üçün siz o ilan balasını cəzasız buraxdınız” dedi. Mən də ona “Beriya mən də səni bu qədər vəhşi və qəddar bilməzdim. Sənin haqqında əldə etdiyim məlumata görə sən hələ məktəbdə oxuduğun zaman dostlarına böyüyəndə Amerikaya gedib orada qanqster olacağını söyləyərmişsən. Demək sən belə bir ruh daşayırsan. Doğrusu inanmazdım. Özü də o, hissə qapılmış bir uşaqdır” cavabını verdim.

Bolşeviklər Qafqazda general Denikin ordusunu darmadağın etdikdən sonra artıq bizim üçün ağqvardiyaçı təhlükəsi qalmamışdı. Ancaq, Denikinin yerinə arxasını Rusiyanın mərkəzi olan Moskvaya dayayan bolşeviklər kimi bir təhlükəli qüvvə də vardır. Artıq biz də fəaliyyətimizi bolşeviklər əleyhinə çevirmişdik. Mən hələlik Beriyanı vəzifədən çıxarmamışdım. Yerli bolşeviklər əleyhimizə fəaliyyətə keçmişdilər. Biz də onları daima təqib edir və göz açmağa aman vermirdik. Bu zaman Beriya yoxa çıxdı. Onu bir müddət axtardım, ancaq ondan bir soraq verən olmadı. Nəticədə belə bir qənaətə gəldim ki, artıq o, respublikada yoxdur. İki aylıq maaşını anasına göndərdim.

Elə bir vaxt gəldi ki, Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildi və mən Gürcüstana keçməyə məcbur oldum. Bir şirniyyat mağazasında rastlaşdıq. Bu zaman Gürcü hökuməti menşevik olub bolşevikləri təqib edirdi. Beriya məni görən kimi yaxınlaşdı və əl verib salamlaşdıq. Hiss etdim ki, o mənimlə qarşılaşmağa o qədər də məmnun deyil. Ancaq mənim xoş münasibətimi görüb bir az toxdadı. Ondan “Beriya nə üçün mənə bildirmədən Gürcüstana keçdin? Deyə soruşdum. Beriya da “hiss edirdim ki, sizin tərəfdən kommunist yoldaşlarım təqib olunurlar. Ona görə də bu təşkilatda qalmağın daha mümkün olmadığı qərarına gəldim. Artıq sizinlə yolumuz tamamilə ayrılmışdı. Anama maaşlarımı vermisiniz, təşəkkür edirəm.” Dedi. Mən ona “Beriya Azərbaycanda rusların törətdiklərindən xəbərin varmı? Xalq rus çarına rəhmət oxuyurlar” dedim. Beriya mənə “Nağı bəy siz yanılırsınız, bu gün siz bolşeviklərdən qaçırsınız. Ancaq bolşevik rusluq deyil. Bolşeviklər Qafqaza azadlıq və səadət gətirirlər. Sabah sizin sevdiyiniz Türk, Şərq və İslam dünyası kapitalistlərin əlindən bolşeviklərin sayəsində xilas olacaqlar. Nə isə bunu istiqbal göstərəcək. Ancaq, siz söyləyin nə etmək istəyirsiniz?.” dedi. Mən yola düşmək üçün hər hazırlığımı tamamlamışdım. Ancaq hələ qəti qərara gəlmədiyimi söylədim. Beriya “Nağı bəy inanın mənə. Yaxınlarda bolşeviklər buraya da” gələcəklər. Sizin buradan uzaqlaşmağınızı töfsiyyə edirəm” dedi. Mən də Beriyaya “əgər burada qalsam və məni yaxalasalar qurtara bilməzsən eləmi?” dedim. O, isə cavabında “qurtara bilmərəm” dedi. Onda “Bax Beriya buradaca sərbəstcə bir-birimizlə söhbət edirik. Sən kommunistsən. Bir an təsəvvür et ki, mən müttəhiməm, sən də ittihamçı. Sən məni özün qədər tanıyırsan. Məni nə ilə ittiham edəcəksən? Ədalətsiz bir hərəkətimi söyləyə bilməzsən. Heç bir kasıbı varlının ayağına vermədim, daima onlara kömək etməyə çalışdım. Ancaq, bolşevik yoldaşların məni utanmadan xalq düşməni elan etdilər. Söylə, çəkinmə. Hansı hərəkətim xalqa qarşı olmuşdur” deyə soruşdum. Beriya susurdusa, ancaq cavab da vermək istəyirdi. Nəhayət o “Bu bolşevik inqilabıdır. Bəlkə içərisində günahkar olan bir 100 nəfəri güllələyəcəklər” dedi. Mən, “Beriya” artıq sənə nə söyləyim. Əliheydər deputatdı. Məni inandırmaq istədirdi ki, bütövlükdə “Müsavat” Partiyası hakimiyyəti sosialistlərə verərsə Qızıl Ordu Azərbaycana girməyəcəksə Azərbaycanın istiqlaliyyətini tanıyacaqlar. Mən Əliheydərin bu sözlərinə cavab olaraq dedim ki, Əliheydər bu gələn rusdur. Nə rəngə bürünürlərsə, bürünsünlər rusluqlarını edəcəklər. Beriya əmin ol ki, öldürülmək növbəsi sən Beriyaya da gələcəkdir” dedim. Çox gec olsa yəqin ki, Beriya söylədiyim sözləri özününkülər tərəfindən güllələndiyi zaman yada salmışdır. Çünki, Azərbaycanda nə qədər bolşeviklərin gəlməsini istəyən Əliheydərlər var idisə Beriyanın cəlladları tərəfindən güllələnmişdilər.

Kremldə Beriyanı da qətlə yetirdilər. Sonra Stalini də rahat buraxmadılar, yəni özünə gücləri çatmasa da meyitini cəzalandırdılar. Çünki, Moskva rus imperiyasını qurur və dirçəldirdi. Əgər bu gün Xruşov kimiləri işlətdikləri cinayətləri və etdikləri vəhşilikləri qeyri-rus olan Stalin və Beriyaya yükləmək və öz millətlərini məmnun etmək istəyirdilərsə yaxşı bilməlidirlər ki, millətlər zindanı olan Rusiyada soyqırımına məruz qalan qeyri-ruslar sırf rus millətindən ibarət olan terror dəstələri tərəfindən törədilmişdir. Bu cinayətlər rus milləti hesabına törədilmişdir. Ancaq, bu lənətləri oxumağa rus millətinin haqqı yoxdur. Çünki, Rusiyanın genişlənməsində rus çarlarına nəsib olmayanları Stalin təmin etmişdir. Rus milləti bu həqiqəti inkar edərsə nankorluq etmiş olar. Beriya Azərbaycanda və xüsusilə də Bakıda türk gənclərinə qarşı kütləvi qətlam tərtib etdirmişdir. Bu o gənclər idi ki, Beriya ilə bir məktəbdə oxumuş və daima ona qayğı göstərmişdilər. Uşaqlıq yoldaşlarının qatili olan Beriya daima Azərilər tərəfindən lənətlənəcəkdir. O Beriya ki Azərbaycanda törətdikləri vəhşiliklərin mində birini nə Rusiyada, nə də Gürcüstanda etməmişdir. Beriyanı lənətləyərkən, onunla bağlı xatirəmi də lənətləyirəm. Beriya Əksinqilab ilə Mübarizə İdarəmizin senzur şöbəsində çalışırdı. O cani ilanı tanımadan, bilmədən, öyrənmədən bəslədik. Onu yalnız mən himayə etmirdim, bütün şöbə əməkdaşları da qayğı göstərirdilər. İkinci Dünya müharibəsində Qızıl Ordudan almanlara əsir düşən və hürriyyəti seçərək alman ordusu sırasında ruslarla vuruşan qəhrəman, millətçi, idealist türk gəncləri ilə görüşərkən Beriyanı soruşardım. Hamısı Beriyanın türk gənclərini mərhəmətsizcəsinə məhv etdirdiyini deyirdilər. O, hələ Əksinqilab ilə Mübarizə İdarəsində birgə çalışmış olduğu yoldaşlarını da hər kəsdən əvvəl aradan götürmüşdü. 1950-ci il idi. İstanbulun Qapalı Çarşısının bir guşəsində antik əşyalar ticarəti ilə məşğul olaraq yaşayışımı təmin edirəm. Günlərin bir günü qarşı tərəfdəki qonşumun dükanına bir xarici gəldi. Xarici qonşuma “Siz bu malın əski rus mənşəli olduğunu haradan bilirsiniz?” deyə sual verdi. Qonşum cavab verir ki, malın üstündə haradan olması yazılıb və məni göstərərək, “Qonşum rusca bilir, o oxuyub” xarici təmiz türk dilində mənə “Siz demək rusca bilirsiniz, Ruscanı harada öyrənmisiniz?” deyə soruşur. Mən də ona Qafqaz Azərbaycanında öyrəndiyimi söyləyirəm. O məndən Qafqaz da antik mallar ticarəti ilə məşğul olub-olmadığımı soruşur. Mən də ona vətənimdə torpaq sahibi olub kənd təsərrüfatı ilə məşğul olduğumu söylədim. Sonra ona “eyni zamanda milli istiqlal uğrunda da iştirak etmişəm. Qayəmiz istiqlal idi. Onu da əldə etdik, yəni Milli Cümhuriyyətimizi qurduq, ancaq təəssüf ki, yaşada bilmədik. Moskvanın hücumuna məruz qaldıq. Ölkəmizi işğal etdilər. Bəs siz kimsiniz?” deyə soruşdum. Sovet təbəəsi və rus olduğunu söyləyir. Mən bunun Sovetlər Birliyindən ola bilməsini ağlıma gətirməmişəm. Ona “Çox təmiz türkcə danışırsınız. Tələffüzünüz də sizin rus olmağınızı hiss etdirmir. Bəs burada nə ilə məşğulsunuz? Deyə soruşdum. Sovet konsulluğunda məmur olduğunu söyləyincə “Anladım, həm də yüksək rütbəli məmursunuz” deyirəm. Yüksək rütbəli məmur olduğunu haradan bildiyimi soruşur. Artıq söhbətimiz ciddiləşir və sözlərimə belə davam edirəm: “Ona istinad edirəm ki, sizin sözlərinizə inanıram. Sovet məmurusunuz və yüksək rütbəli məmur olmağınızı necə bildiyimi də anladım: Mən sovet konsulxanasının nə kiçik, nə də yüksək rütbəli heç bir məmurunu şəxsən tanımıram. Onlarla əlaqə saxlamıram və saxlamaq da istəmirəm. Ancaq konsulxana işçiləri məni tanıyırlar və mənimlə görüşməkdən də çəkinirlər. Bunu siz məndən yaxşı bilirsiniz. Onların çəkinmələri və qorxmaları yalnız konsulxanadakı siyasi komissardandır. Əgər onlardan azacıq şübhələnsələr ya vəzifədən götürülür, ya da Sovetlər birliyinə göndərilib orada cəzalandırılırlar”.

Bu zaman dükana bir müştəri gəldi və mən onunla məşğul olmağa başladım. Artıq özünü konsulxana məmuru kimi təqdim edən şəxs dükandan getmişdi. Mən elə o günü bu şəxsin İstanbuldakı Sovet konsulxanasının baş konsulu olduğunu öyrəndim. Aradan beş gün keçmişdi. O, yenə gəldi və mən onu çox soyuq qarşıladım. O, bunu hiss etsə də mənimlə bir məsələni aydınlaşdırmaq istədiyini bildirdi. Mən də təəccüblə onun üzünə baxdım və “Mənim sizinlə müzakirə edəcək heç bir məsələm yoxdur və ola da bilməz” dedim. Mənə: “Siz çox sərt danışırsınız. Əsəbinizə hakim olun və məni dinləyin. Əgər dediklərim xoşunuza gəlməsə rədd edə bilərsiniz. Siz dünyada sülh olmasını istəməzsinizmi? Bilirsiniz ki, Stalin öldükdən sonra Rusiyanı idarə edənlər üç şəxsdir: Beriya, Malenkov və Molotov. Öyrəndiyimə görə Beriya vaxtilə sizin idarənizdə məmurunuz olmuşdur və bu gün Beriya fikrən digərlərindən fərqlənən yeganə insandır. Moskvada da hamıya məlumdur ki, Beriya liberalizmə yuvarlanmışdır. Kolxoz quruluşunun dağıdılmasına tərəfdardır. Siz ona bir məktub yazın və Qərb dünyası ilə müqavilə bağlasın. Bəlkə sizin tövsiyələrinizi dinlər və siz də dünya sülhü üçün bir rol oynamış olarsınız. Siz Beriyaya məktub yazıb ancaq ikinizə aid olan hadisələrdən də bəhs edin ki, məktubun sizdən olduğunu anlasın. Mən də məktubu kuryer ilə göndərim. Bir həftəyə qədər o çatdırsın” dedi.

O, sözünü bitirib məndən cavab gözləyir. Mən də “Bəli, mən dünyada sülh olmanın tərəfdarıyam. Bu sülhü bütün dünya əhalisi istəyir. Ancaq məktubla hər hansı bir sülhün baş tutmağına inanmıram. Bir də sizin gəlib mənimlə söhbət etməyinizi düzgün hesab etmirəm və istəmirəm” dedim. O bir daha mənim yanıma gəlmədi. Aradan bir müddət keçdikdən sonra Beriyanın Kremldə öldürülməsi xəbəri xəbər agentlikləri tərəfindən dünyaya yayıldı. O günlərdə İstanbulda nəşr olunan “Vətən” qəzetinin müxbirlərindən biri mənim yanıma gələrək Beriya haqqında müəyyən məlumat istədi. Mən də onu maraqlandıran suallara ətraflı cavab verdim. Aradan bir müddət keçir və Moskva Kommunist Partiyasının XX qurultayı öz işinə başlayır. Qurultayda Xruşov, Molotov, Malenkov və Kakanoviçə tərəf dönərək “Əgər Beriya ölməsəydi siz sağ qalıb burada oturmayacaqdınız. O alçaq Milli Azərbaycan Cümhuriyyətinin kəşfiyyat arqanında işləmiş və xaricdəki Müsavatçılar ilə əlaqə saxlayaraq Sovet rejimini devirmək istəmişdir” deyir. Mən bu sözləri oxuduğum zaman Moskvanın Beriyaya nə üçün məktub yazılmasını istədiyini anladım. Məktubu yazmadığıma sevindim. Demək mənim ağzımdan uydurma bir şey yazmışlar və Beriyanı da buna əsaslanaraq öldürmüşlər. Bu məsələ bu gün aydın olmuşdur. Maraqlananlar irəlidə təfsilatı ilə öyrənə bilərlər. Mənim bildiyim bir şey varsa, o da Lenin, Stalin, Zinovyev, Kamenev, Kakanoviç, Kirov, Xruşov, Vişinski və digərləri də hamısı eyni dərəcədə günahsız insanların qatilləridirlər.

Rus bolşeviklərin qüvvələri Bakını işğal edib milli dövlətimizi devirdi. O axşam Bakıda qaldım. Böyük küçədə yerləşən bir binanın ikinci mərtəbəsində işığı söndürülmüş qaranlıq otağın pəncərəsi önündə oturmuşdum. Böyük küçə elektriklə gündüz kimi işıqlandırılmışdı. Pəncərədən istiqlalçı yoldaşlarımın iki-iki, üç-üç Çekaya güllələnməyə aparıldığını aydın görürdüm. Bu gecə həyatımın ən sıxıntılı anı idi. Gözümə yuxu getmirdi. Dərin fikirlər içində fasiləsiz olaraq siqaret çəkirəm. Səhər açılır. Küçədə qəzet satan uşaqların səsləri eşidilir: Bolşeviklərin bir saylı ilk qəzeti. Ev sahibinin uşağına bir qəzet aldırıram. Qəzetdə xalq düşmənlərinin yaxalanıb cəzalandırıldıqları, ələ keçməyənlərin isə axtarıldıqları bildirilir. Qəzetdə hər hansı bir kommunistdən xalq düşməni olan Nağı Şeyxzamanlını dərhal yerində qətlə yetirmək tələb olunur.

Qəzet əlimdən düşür. Ev sahibinin on iki yaşlı oğlu qəzeti yerdən götürüb oxumağa başlayır və çox kədərli səslə “çox pis xəbər” olduğunu deyir. Mən də halsız bir halda onun sözlərini başımla təsdiq edirəm. Mənim ev sahibinin kim olduğunu bilmədiyim kimi, onlar da məni tanımırdılar. Yoldaşlardan biri dünən axşam məni buraya gətirmiş və sabah axşam da gəlib götürəcəyini bildirmişdir. Uşaq mənə gecə heç yatmadığımı xatırlatdı. Mən də “Bəli oğlum bir az yatmağım lazımdır” dedim və bir neçə saat yatdım. Axşam məni buraya gətirmiş yoldaş gəlib çıxdı. Birlikdə şam edib evdən çıxdıq və Mərdəkan kəndinə gəldik. O, Bakıya qayıtdı, mən isə burada iki həftə qaldım. Hər gün şəhərdən pis xəbərlər alırdım, kənddə qalmağı təhlükəli sayıb yenidən şəhərə qayıtdım. Yeznəmin evinə gedərək orada bir gecə qaldım. Onlara Gəncəyə gedəcəyimi söylədim. Axşamın olmasını gözləyərkən bacım oğlu gəldi və mənə “Dayı səni bir şəxs görmək istəyir. Burada olmadığını nə qədər dedimsə, Nağı bəyi görməmiş getməyəcəyini israr edir” dedi. Mən də o şəxsin gəlməsini söylədim.

İçəriyə tanımadığım bir gənc girdi. Salam verdikdən sonra “Nağı bəy, siz məni tanıya bilməzsiniz. Vaxtilə siz mənim həyatımı xilas etmisiniz. Burada olduğunuzu öyrəndim və gəldim. Sizə kömək etmək istəyirəm. Mənə inanın dedi. Mən də “Qardaşım nə üçün inanmayım. Siz mənə pislik də, yaxşılıq da edə bilərsiniz. Mən Gəncəyə getmək istəyirəm. Mənə kömək edin təhlükəsiz şəhərdən çıxaq” dedim. Gənc mənə “Siz burada istirahət edin. Sabah sizi gəlib buradan götürəcəyəm” dedi. Mən də qonşuluqda yaşayan erməni ailəsindən şübhələndiyimi söylədim və dərhal bu gecə yola düşməyin vacibliyini bildirdim. Bundan sonra tanımadığım gənc mənimlə razılaşdı və evdən çıxdıq. Küçənin tinin dönərkən böyük küçədən bir neçə silahlı adamın keçdiyini gördüm. Onları görən kimi üzümü yana çevirib getmək istədim. Silahlı adamlar tələsik harasa yüyürürdülər. Küçəni döndülər. Bu zaman yaxamdan yapışan qüvvətli əl haraya getdiyimi soruşdu. Aramızda qısa bir dartışma oldu. Çox qüvvətli olduğunu və yaxamı buraxmadığını görüb əlimi cibimə salıb tapançanı çıxarıb “Yaxamı burax yoxsa vuraram” dedim. O, qorxub əlini çəkdi. Mən də tapançanı cibimə qoyub var gücümlə qaçmağa başladım. Bu zaman qarşıma bir fayton çıxdı. Mən qaçdıqca fayton da məni təqib edirdi. Mən ara küçələrə girirdimsə xeyri olmurdu. Fayton yenə ardımca gəlirdi. Yorulmuşdum, güclə nəfəs alırdım, haradasa taqətdən düşüb qalacağımı bilirdim. Qərarım qəti idi. Əvvəl məni təqib edəni, sonra da özümü vuracaqdım. Araba mənə yaxınlaşanda içindəkinin məni aparmaq üçün gələn gəncin olduğunu gördüm. O, məni çağırırdı. Ona artıq bir addım da atmağa taqətim qalmadığını söylədim. O, dərhal arabadan endi və mənim minməyimə kömək etdi. Məni bacısının şəhər kənarındakı evinə gətirdi və “sən burada qal. Mən səhər üçün bir avtomobil hazırlatdırım. Səni Gəncəyə qədər müşayiət edəcəyəm. Çəkinmə bura etibarlı evdir” dedi. Mən ondan evimizə gedib dayım oğlu Rzanı da gətirməsini xahiş etdim. Sözümü qəbul edərək getdi. Ertəsi gün adını söyləməyən dostum, mən və Rza avtomobillə şəhərdən çıxdıq. Güzdək kəndinə yaxınlaşarkən tarlalarda işləyən kəndlilər bizə “Kəndə gedirsiniz, əgər üstünüzdə silah varsa, saxlayın. Kənddə bolşeviklər var. Bir neçə kəndlini tutublar” dedilər. Bu vəziyyət qarşısında dostum “Siz avtomobildən düşüb bu evin yanında dayanın, mən avtomobil ilə kəndə gedirəm. Sonra avtomobili buraxıb sizə göstərdiyim evə gəlirəm” dedi. Biz ondan nə kimi kömək edəcəyini soruşduq. Həmin adam “Stansiyaya gedək, siz kənarda gözləyin. Mən sizə bilet alım və kimsə görmədən qatara minərsiniz” dedi. Mən ona pul verdim. O, getdi və heç on dəqiqə keçməmiş əlində iki bilet qayıtdı və “Qatar yarım saat sonra gələcək. Özünüzü Allaha əmanət edin. Bir şey olmaz. Sağ-salamat gedin” dedi. Qatar gəldi. Müsavatçı ilə görüşüb ayrıldıq. Bir vaqona çıxdım. Tanış bir ailə də bu qatarla Gəncəyə gedirdi. Onlar məni gördükdə çox təəccübləndilər və sonra da “Amandı Nağı bəy, səni görməsinlər” deyərək mənə kupenin ikinci qatında yer düzəltdilər. Mən bir az yemək yedim və rahatlanaraq yatdım. Səhər tezdən yuxudan durdum. Bu zaman vaqona gələn bələdçi məni görüncə “Nağı bəy bu necə olur? Bakı vağzalında ciddi yoxlama apardılar və üç nəfəri tutub apardılar. Bəs sizi necə oldu ki, görmədilər?” deyə soruşdu. Mən də qatara Bakıda minmədiyimi söylədim. Artıq elə bir təhlükə qalmamışdı. Qatar Yevlax stansiyasını keçmişdi. Bu ətrafdakı bütün kəndləri çox yaxşı tanıyırdım.

Vaqonumuzda bir kommunist fəhlə özü ilə götürdüyü çoxlu qəzeti hər stansiyada qatar dayananda xalqa paylayırdı. O, qəzeti paylamaqla kifayətlənməyib, bir nitq də söyləyirdi. Ağdaşın Ləki stansiyasında qatara minən bir qoca kişi dilboğaza qoymadan bolşevikləri tərifləyir və Milli hökuməti pisləyirdi. Hamı onu dinləyirdi. Mən Rzaya “Rza, artıq səbrim tükəndi. Bu gəvəzənin payını verək” dedim. Ayağa qalxıb ona tərəf gəldim. O, hələ boşboğaz danışığını davam etdirirdi. Mən “ay alçaq, sən bolşeviklərin yaxşı olduqlarını haradan bilirsən?” dedim və ona var gücümlə bir şillə vurdum. Bunu gözləməyən kommunist qəzetçi vaqondan çölə çıxdı. Mən də dönüb yerimdə oturdum. Vaqona tam bir sakitlik çökür. On dəqiqə sonra kommunist qəzetçi yanında iki süngülü rus əsgəri ilə geri qayıdır. Onlara məni göstərdi və hər birinə vaqonun bir qapısında durmağı tapşırdı. Qatar Gəncəyə yaxınlaşırdı. Artıq yaxalandığımızı yəqin edirdik. Bir anda özümü ələ alıb Rzaya hazır olmağı tapşırdım.

Yanımdakı qapını gözləyən əsgər olduqca zəif və xəstə görkəmli bir uşaq idi. O, tüfənginə dayanmış vəziyyətdə pəncərədən bayıra baxırdı. Cəld qalxıb əsgərin boynundan vurdum və o cansız meyit kimi üzüqoyulu yerə sərildi. Mən və Rza tez vaqondan bayıra tullandıq və buğda qatlarının içi ilə dəmiryolundan uzaqlaşdıq. Hər tərəfdə qızğın bir hazırlıq gedirdi. Gəncə və ətraf kəndləri bolşeviklərə qarşı üsyana hazırlaşmışdılar, bu məqsədlə böyük bir toplantı keçirilirdi. Hər kəs fikrini söyləyir və üsyan planının necə həyata keçirilməsi müzakirə edilirdi. Sonra Gəncə şəhərindəki bolşevik əsgərlərinə basqın edilməsi qərara alındı. Şəhərdəki Gəncə alayının komandanı mərhum polkovnik Cahangir bəyin təklifi ilə toplantıda Gürcü hökumətindən kömək almaq üçün mənim Tiflisə getməyim qərara alındı. Tanış kəndlilərlə Gürcüstanın sərhədində yerləşən Eldar kəndinə gələrək orada qonaq qalırıq. Bizə qoyun kəsib yemək hazırlayırlar. Silahlarımızı yanımıza divara söykəyib söhbət edirik. Kəndlilərin içində sərhəd komandiri olan kobud sifətli şəxs heç danışmır və bizi dinləyirdi. Biz yeməkdən sonra sərhədi keçmək istəyirik. Kəndlilər isə “Gündüz sərhəd keçilməz. Siz şəhərə qayıdın. Biz Nağı bəyi axşam qaranlığında keçirərik” deyirlər. Məni gətirənlərdən birisi onlarla sərt danışır və “Bolşevikləri məhv edəcəyik. Nağı bəy Milli Hökumətin tapşırığı ilə Gürcüstana gedir. Hamımızın vəzifəsi onu sağ-salamat Gürcü hökumətinə çatdırmaqdır” deyir. Bundan sonra kobud sifətli şəxs səsini qaldıraraq “Mənə vəzifədən danışmayın. Mən vəzifəmi çox yaxşı bilirəm. Mənim vəzifəm bu bəyi yaxalayıb əlini-qolunu bağlayıb bolşeviklərə təslim etməkdir” deyir. Onun bu sözündən sonra biz tüfənglərimizi götürüb bayıra çıxırıq. Rüstəm dayı onun üzərinə bağıraraq “Sən onu qoyunmu hesab etdin. Əl-qolunu bağlayıb bolşeviklərə təslim edəsən. Bağla görüm, necə bağlayırsan” deyir. Ara qarışır. Hər iki tərəf bir-birlərini hədələməyə başlayırlar. Vəziyyətin dərinləşdiyini görən qadınlar evlərdən çıxıb yalvarmağa başlayırlar. Kəndin ağsaqqalları da məsələyə qarışmalı olurlar. Ağsaqqallar və qadınların hamısı bu qarşıdurmanın səbəbkarı olan kobud sifətli şəxsi lənətləyirlər və bizi yeməyə oturmağa dəvət edirlər. Yeməyə otururuq. Mən “Rüstəm dayı mən sənsiz sərhədi keçməyəcəyəm” deyirəm. Rüstəm dayı “Nağı bəy heç narahat olma. Mən öz əlimlə səni gürcü patrul məntəqəsinə təslim etmədən geri dönən deyiləm. Bu gün Gəncədə hamı bilir ki, səni sərhəddən keçirməyi mən üzərimə götürmüşəm. Sən çox da fikir etmə” deyir.

Yeməkdən sonra hamımız birlikdə sərhədi keçdik. Mən qaldım, digərləri isə qayıtdılar. Tiflisə gəldim. İlk olaraq bolşevik istilasından sonra Tiflisə gəlmiş Həsən bəy Ağaoğlu ilə görüşdüm. Həsən bəy Ağaoğlu Milli hökumət dövründə Azərbaycan parlamentinin sədr müavini olmuşdur. Ertəsi gün iki yoldaşla bərabər Gürcüstanın o zamankı Daxili İşlər Naziri Ramişvilinin qəbuluna getdik. Ona bolşeviklərə qarşı üsyan edəcəyimizi dedik və bizə nə kimi kömək edə biləcəklərini soruşduq. Ramişvili bizə “Siz bilirsiniz ki, bizim sosialist bir hökumətimiz var. Ruslarla anlaşa bildiyimizdən sizin bolşeviklərə qarşı edəcəyiniz üsyanı müdafiə edə bilmərik” dedi.

Mən gürcü hökumətinin süqutuna qədər Tiflisdə qaldım. Xain erməni daşnakları sahibsiz qalan bizləri bir-bir qətlə yetirməyə başladılar. İlk olaraq sabiq Azərbaycan dövlətinin baş naziri Fətəlixan Xoyskini qətlə yetirdilər və ədliyyə naziri olmuş Xəlil bəy Xasməmmədlini yaraladılar. Sonra Həsən bəy Ağaoğlunu öldürdülər. Artıq gürcü hökuməti və Ramişvili də Moskva ilə anlaşmanın mümkün olmadığını anlayıb ruslara müqavimət göstərmək istədilər. Müharibə başladı. Bu səfər biz gürcülərə kömək edirik. Gürcüstanla Azərbaycanın sərhədində Qarayazı deyilən və bir neçə yüz min əhalisi olan bir mahal vardır. Gürcü hökuməti bizə bir vaqon silah verdi ki, bunları Qarayazı əhalisinə paylayaq. Mən və Mustafa bəy Vəkilli bu silahları Qarayazı əhalisinə paylamaq üçün yola düşdük. Dəmirçi Həsənli kəndinin stansiyasında Mustafa bəy mənə “Sən burada düşüb Dəmirçi Həsənli kəndinə get və məşhur Əfəndinin qonağı ol. Vəziyyəti ona başa sal ki, o ətraf obalara xəbər göndərsin. Sabah tezdən kəndliləri də topla və Poylu stansiyasına gəl. Birlikdə tüfəngləri kəndlilərə paylayaq” dedi. Mən o axşam Dəmirçi Həsənli kəndində qaldım. Sabah saat dörddə ruslar hücuma keçdilər. Gürcülər davam gətirə bilməyib qaçırdılar. Biz bir neçə yüz atlı atlarımıza minərək Poyluya hərəkət etdik. Baxdım ki, Poyludan Tiflisə bir qatar gəlir. Qatr yaxınlaşanda gördüm ki, Tiflisdən bizi gətirən qatardır. Silah dolu vaqon da qatara qoşulmuşdu. Mən süvariləri orada buraxıb atı qatara tərəf çapmağa başladım. Maşinist məni görən kimi tanıdı və qatarın sürətini azaltdı. Mən də atdan enərək qatara mindim. Mustafa bəy və mən gəldiyimiz eyni qatarla da geri qayıtdıq.

Tiflisdə bir həftəyə qədər qaldım. Gürcülərin vəziyyəti o qədər də yaxşı deyildi. Onlar ruslara barışıq təklif edirdilər. Nəhayət razı oldular. Gürcülər onlardan barışıq müqaviləsinin bağlanması yeri və kim bağlayacağını bildirməyi istəyirlər. Ruslar isə müzakirə yerini Tiflis, müqaviləni isə Kutaisi həbsxanasında məhbus olan gürcü Kaftaradzenin imzalamasını irəli sürürlər. Gürcü hökuməti bütün xarici ölkə səfirliklərinin və mühacirlərinin köçürülməsi üçün müəyyən tədbirlər görməyə başlayır. Hər xarici səfirliyə və Azərbaycan Komitəsinə bir vaqon verirlər. Qatarla Batuma gəlirik. Arxamızca bolşeviklər də Batuma gəlirlər. Bu vaxta qədər şəhərdən qaçan qaçmışdı.

Bir dostumla Batumda qalıram. Bir gün dəniz kənarında gəzərkən Hopalı Əhməd bəy Şahinzadənin motorlu gəmisinin artıq sahildən aralandığını görürük. Əhməd bəy də bizi görür və motorlu gəmisinin avarlı qayığı bizi götürmək üçün göndərir. Qayığa minmək istəyirik. Ancaq, süngülü rus bolşevik əsgərləri icazə vermirlər. Biz tanınmamaq üçün pozuq rus dilində danışaraq onları dilə tutmağa çalışırıq. Ancaq, bizim bu yalvarmağımız onlara azacıq da olsa təsir etmir. Bu zaman bir silahlı Gürcü əsgərinin yaxınlıqda gəzməkdə olduğunu gördüm. Mən tez yaxınlaşıb “Biz Azərbaycanlıyıq. Siyasətlə bağlı adamlarıq. Həyatımız təhlükəlidir. Bizə kömək et” dedim. Hamımıza acıyan gürcüyə ani olaraq bir cəsarət gəldi və rus əsgərlərinə yanaşaraq əmranə tərzdə “Buraxın çıxıb getsinlər bu qorxaq insanları. Bunlardan bolşevikliyə xeyir verən olmaz” dedi. Bundan sonra ruslar bizdən əl çəkdilər. Biz tez fürsəti əldən vermədən qayığa tullandıq və həyatımızı xilas etdik.

Mühacirət həyatımda başıma gələnlər başqa bir əsərin mövzusu olacaqdır. Ancaq qısaca deyə bilərəm ki, Azərbaycanımızın işğalı ilə əlaqədar qarabağır balaları kimi bütün Dünyaya səpələndik. Biz ana vətən hesab edərək Türkiyəyə mühacirət etdik və özümüzü vətənsiz hiss etmədik. Türkiyə vətəndaşı olduq.

Vətəndaşlıq vəzifəmizi şərəflə daşıdıq, daşıyırıq və daşıyacağıq. Digər tərəfdən Azərbaycanın qurtuluşu üçün çalışdıq, çalışırıq və çalışacağıq.

Azərbaycanın düşmən tərəfindən işğal olunmasından sonra Milli Hökumətin məşhur şəxslərinin çoxu İstanbula toplaşmışdılar. Bunların arasında Azərbaycan Milli Hökumətinin 7-8 naziri də var idi. Biz bu günə qədər fəaliyyətlərimiz nəticəsində milli davamızı dünya ictimaiyyətinə tanıda bildik.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info