Qonaq Kitabı
QAFQAZA DÖNÜŞ

Axşam saat beşdə limandan Rəşid paşa paroxoduna minərək Göstəncəyə gedirik. Paroxodda “Təşkilatı Məxsusə” tərəfindən Qafqaza göndərilən şəxslərlə görüşürəm. Bunlar sabiq sədr əzəm Kamil paşanın oğlu Fuad bəy, Bəkir Sami bəyin oğlu Şövkət bəy, təyyarəçi Camal və başqaları idi. Nəhayət Göstəncəyə çatdıq. Ancaq, burada bizə məlum oldu ki, Tuna çayında sərsəri bir mina görünmüşdür. Bu səbəbdən də çay ilə üzmək təhlükəlidir. Paroxodumuz Tuna çayına girə bilmədiyindən Göstəncədə gözləyəcək və sonra da qatarla Göstəncəyə gələrək paroxoda minəcəkdir. Biz bu vəziyyət haqqında alman komandanlığından özümə bir tərcüməçi götürdüm. Mən Rumıniya mərkəzinin görkəmli yerlərini gəzir və hərbi yeməkxanada da nahar edirdim. Bir türk zabiti mənə “Sizinlə bir alman zabiti görüşmək istəyir, əgər razı olarsınızsa, bərabər gedərik” dedi. Mən alman zabiti ilə görüşdüm. Alman zabiti Qafqaz haqqında məlumat almaq istəyirdi. Mən də Rusiyanın siyasi və hərbi idarələrinin vəziyyətini sıfıra endiyini, hərbi qüvvələrinin tamamilə Qafqazdan qovulduğunu təfsilatı ilə anlatdım. Qafqazdakı Türklərin müsəlman olduğunu və bir Türkiyəli kimi düşündüklərini də anlatdıqdan sonra “Biz Qafqaz Türkləri siz almanları da sevirik. Müharibə əsnasında beş alman kəndinin sakinlərinin mallarını müsadirə etmək və özlərini də Sibirə göndərmək istədilər. İmkan vermədik və onları himayə etdik. Ruslar daima bizlə hesablaşmaq məcburiyyətində qalmış və bizdən çəkinmişdilər” dedim.

Hilmi paşanın komandanlığındakı Rumıniya cəbhəsi korpusu Rəşid paşa paroxoduna mindirildi və Göstəncədən yola düşdük. Qara dənizdə Trabzon istiqamətində gedirdik. Vaxtaşırı radioqramma ilə cəbhələrdəki vəziyyət haqqında məlumatlar alırdıq. Paroxodla getdiyimizin ikinci günü radioqramla Türk ordusunun Batumu işğal etdiyi bildirildi. Bundan sonra biz də Batuma gəldik. Paroxod limana yaxınlaşır. Paroxodu qarşılamağa gələnlərin çoxu yaxından tanıdıqlarım idi. Gəncədən, Bakıdan, Qarabağdan, Şəkidən və Azərbaycanın başqa vilayətlərindən, qəzalarından yüzlərlə Azəri Türkü var idi. Mən onları görüb tanıyıram. Onlar məni görə bilmirlər. Onların hamısı mənim Türkiyədə olduğumu bilirdilər. Ancaq mənim Rumıniyadan gələn ordunun içində olduğumu ağıllarına gətirmirdilər. Paroxod körpüyə tamamilə yan alır və artıq körpüdəkilər də paroxodun göyərtəsində olanları tanımağa başlayırlar. Məni göyərtədə görənlər təəccüblənirlər. Hamı sevinc içində idi. Körpüdə çox gözəl bir mənzərə yaranmışdı. Paroxod da Türk paroxodu idi, üzərində dalğalanan sevimli bayraq da. Paroxodun göyərtəsindən Batumu və xalqı mehmetçiklər sevinclə seyr edirdilər. Paroxodun göyərtəsindən körpüyə enirəm. Tanışlarım məni əhatə edir və öpüşüb görüşdük. Məndən soruşurlar: “Paroxod Rumınyadan gəlir, sən haradan  mindin?” Mən onlara “Əziz qardaşlarım paroxodu İstanbuldan boş götürüb, Rumıniya cəbhəsində vəzifəsini şərəflə yerinə yetirmiş Türk ordusunu Qafqaza gətirirəm” deyirəm. Sevincdən hamımızın gözləri yaşlıdır. Məni mehmanxanaya apardılar. Burada bütün həmşəhərlilərimlə görüşürəm. Mən onlardan “nə üçün belə çox adamla gəlmisiniz” deyə soruşdum. Onlar mənə “yox canım, gəlmək o qədər də çətin deyil. Sən Türk əsgərlərini buraya qədər gətirdin. Biz də buradan ölkəmizə qədər müşayiət edəcəyik. Sənin gəlməyin çox yaxşı oldu, yəni bizə rəhbərlik edərsən. Seymin üzvləri istiqlal istəyirlər. Biz isə Azərbaycanın Türkiyəyə ilhaqını istəyirik deyirlər. Mən bu sözlərə çox təəccübləndim. Onlara əsil həqiqətin nə olduğunu anlatmaq imkansız olduğunu hiss edib bir şey söyləmədim. Onlar coşmuşdular. Uca səslə “Bizi hirsləndirməsinlər. Biz onları Batum küçələrində məhv edə bilərik” deyirdilər. Mən çox kədərləndiyimdən səsimi çıxarmırdım. Hətta bu sözləri söyləyənlər arasında uzun illər bərabər fəaliyyət göstərdiyim yoldaşlar da var idi. Bu şəxslər həmişə məni sevər və hörmət edərdilər. Onlar milli işlərimizdə göstərdiyim istiqaməti münaqişəsiz qəbul edərdilər. Fəaliyyətimizin hədəfinin istiqlal olduğunu bilməmiş deyildilər. Əgər mən də istiqlalçıyam desəm əleyhinə gedəcəklərinə əmin idim.

İlhaqçılar ilə mübahisə etmək mənə çox çətin idi. Ruslarla mübarizəmizdə bu qədər güc sərf etməmişdim. Bu məsələni həll edə bildikdən sonra dərin nəfəs aldım.

Tarixçi Əhməd Refik bəyin “Qafqaz yolları” adlı əsərini oxudum. Xatirə dəftərimdə adı çəkilən bir hadisə haqqında ətraflı yazılmış olduğunu gördüm və bunu xatirəmə daxil etməyi münasib gördüm.

“Bir yarım ay ərzində Batumun həyatında xeyli dəyişiklər olduşdur. Küçələrində əhali artmış və mehmanxanaları Osmanlı məmurları və Qafqazın Türk-Müsəlman yaşayan bölgələrindən gəlmiş qonaqlarla dolu idi. Küçələrdə, bulvarda, parklarda, teatrlarda Qafqazın ən uzaq nöqtələrindən gələn və Osmanlılarla birləşmək istəyənlərə təsadüf edilirdi. Bunların “İhtisap” kazinosunda əllərini masaja dayayaraq sərt və atəşli sözlərlə bir-birinə müraciət edən, bəzən də məlul və mütəəssir düşünən bir zümrə var. Bunlar Osmanlılarla müzakirədə iştirak etmək üçün Batuma gələn Gəncəli, Bakılı, Tiflisli və Qarabağlı müsəlmanlardır. Hamısının da siması qayğılı və işgüzar bir görkəmdədir. Məqsədləri Qafqazın istiqlalı deyil, Osmanlılarla birləşməsi, yəni ilhaqıdır. Fikrən azad, dincə sərbəst yaşayan bu xalq şiəlik və sünnilik kimi adi məzhəb fərqlərinə əhəmiyyət vermir. Şapka geyməklə dini hisslərin məhv olmayacağına inanan bu zümrə millət məhəbbətini hər növ əlaqənin, hər növ qüvvənin gücündə görür. Batum Qafqaz sülh müzakirələrinin mərkəzinə dönmüşdür. Gah Gəncədən şeyxülislam gəlir, gah əhali içindən seçilmiş vəkillər Tiflisə göndərilir. Müzakirələr, nitqlər, teleqraflar bir-birini əvəz edir.

Qafqaz rus üsuli-idarəsindən xilas olmaq əzmini bütün fəaliyyəti ilə göstərir. Bunların nəzərində ruslar ana vətəni istila edən işğalçılardır. İndi isə bu zümrəyə daxil olanların nəzərləri Türklərə, yəni İstanbula dikilmişdir.” (“Qafqaz yolları” səh. 72-75)

Batuma gəldikdən sonra ilk gündən görüşə bilmədiyim şəxslərlə də görüşdüm. Hamısı eyni fikirdə idilər. Bunların arasında vəkil, həkim, şeyxülislam, tacir, sənətkar, ziyalı müəllimlər və məmurlar da var idi. Onlar məni fikirlərimi söyləmək üçün sıxışdırdılar. Onlara “içərinizdən on nəfər seçin, onlarla söhbət edəcəyəm” dedim. Razı oldular. Sakit bir yer müəyyənləşdirib orada görüşməyi qərara aldıq. Onlardan ayrıldıqdan sonra Məmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəylinin yanına gedərək onlarla görüşdüm. Onlara bir neçə saat ərzində olub-keçənləri danışdım. Nəsib bəy mənə “bilirsənmi burada nələr olur?” dedi. Mən də “Nəsib bəy hamısını bilirəm. Sabah onların başa düşənləri ilə görüşəcəyəm. Ümidvaram ki, onlara həqiqəti başa sala biləcəyəm” dedim və onlardan ayrıldım. Oradan birbaşa Türkiyə Sülh heyəti rəisi Xəlil bəyin yanına getdim. Bir xeyli söhbət etdik və söhbət əsnasında vəziyyəti ona da anlatdıq. O, isə mənə “bunu yalnız siz eyləyə bilərsiniz” dedi. Mən də cavabında “ilhaqçılara heç bir söz söyləmək istəmədim, çünki söyləsəm də qəbul etməyəcəklər. Sabah onların öz aralarından seçəcəkləri baş bilənləri ilə görüşəcəyəm. Əgər onları razılığa gətirə bilsəm sizin  razılığınızla onların yeddi-səkkiz nəfərini sizin yanınıza gətirəcəyəm. Onlar sizi dinlərlər. Bizim istiqlalımızı bizimlə görüşdən “İttihat və tərəqqi” partiyasının mərkəzi qərargahında xəyalımızda qurub müdafiə etmişsiniz. Qurmaq istədiyimiz istiqlal qurulmadan qara cahillər tərəfindən hədələnir” dedim. Xəlil bəy mənə “Sizi anlayıram, əgər məni dinlərlərsə sabah görüşün. O biri gün saat onda mənim yanıma gəlin. Ümid edirəm ki, nəyəsə müvəffəq olacağıq. Nağı bəy Seymin üzvləri ilə görüşdük və anlaşdıq. Onlardan son dərəcə razı qaldıq” dedi və ayrıldıq. Mən axşam Nəsib bəyin yanına getdim. Bərabər yemək yedik və xeyli söhbət etdik. Mənə kədərli-kədərli: “Anarxiya zamanı xalqdan çəkmədiyim sıxıntını burada çəkirəm” dedi. Ona “Siz çox fikir etməyin. Xəlil bəylə görüşdüm və o biri gün bir neçə nəfərlə onu görüşdürəcəyəm. Ümidvaram ki, istədiyimizə nail olacağıq” deyə təsəlli verdim. Ertəsi gün toplantıya getdim. Onlarla xeyli söhbət edib olub keçənləri xatırlatdım. Ənvər paşanın və Tələt paşanın qərarlarını söylədim. Bir az yumşaldılar. Ancaq, söylədiklərimin həqiqət olmalarına şübhə ilə yanaşdıqlarını hiss edirdim. Onlara “İstəsəniz sizi sabah Xəlil bəylə görüşdürərəm. Xəlil bəyin də bu fikirdə olduğunu özünüz görərsiniz.” Dedim.

Ertəsi gün saat 10-da on nəfərlə Xəlil bəyin yanına gedirik. Xəlil bəy bizi qəbul edir. Mən onları Xəlil bəyə bir-bir təqdim edirəm. Tanışlıqdan sonra onların hər biri minlərlə imza atılmış kağızları Xəlil bəyə göstərdilər və hamısı birdən “Möhtərəm bəyimiz xalqımız istiqlal istəmir, biz də istəmirik. Osmanlı dövlətinin bir parçası olmaq istəyirik” dedilər. Xəlil bəy gözəl söhbəti ilə bunları razı sala bildi. Onlara son söz olaraq “Biz süngümüz ilə Qafqaza girdik. Siz bizə ilhaq olmaq istəməsəydiniz də biz sizi süngü, ordu ilə ilhaq edərdik. Ancaq buna imkan yoxdur. Bizim birləşməmizi nə düşmən, nə də dost dövlətlər qəbul edər. Biz sizə yardım edirik və edəcəyik. İstiqlaliyyət qurub müstəqil yaşamanız üçün lazımi qədər əsgərimizi göndərəcəyik. Hər cəhətdən yardım edəcəyik. Öz vətənimiz kimi sizin vətəninizi də qoruyacağıq. Evlərinizə dönün və qurulacaq istiqlaliyyəti dəstəkləyin” dedi.

Axşam Məmmədəmin və Nəsib bəylərlə görüşüb Xəlil bəylə ilhaqçıların arasında söhbətin nəticəsini bildirdim. Onlar vəziyyətin belə nəticə ilə qurtarmasından çox razı qaldılar. Sonra mən Nəsib bəyə “Gəncədə Nuru paşanı qarşılamaq lazımdır. Sabah axşam yola düşəcəyəm” dedim.

İlhaqçılar yeməklərini böyük bir yeməkxanada Türk hökuməti hesabına yeyirdilər. Bir gün mən də onlarla nahar edərkən onlar mənə “Canım, Türk ordusunun oraya getməsinə biz narazı deyilik. Bizə söylədilər ki, türklər gəlmək istəyirlər, ancaq Seymin üzvləri mane olurlar” dedilər. Mən də onlara cavabında “Qardaşlarım, burada qalmağa heç bir ehtiyac yoxdur. Mən axşam yola düşürəm. Bu günlərdə Ənvər Paşanın qardaşı Nuru Paşa Gəncəyə gələcək. Onu orada qarşılamaq lazımdır” dedim.

Axşam yola düşəcək qatara mindiyim zaman bütün ilhaqçıları da Gəncəyə gedən gördüm. Gəncəyə çatdıq. Dörd aylıq ayrılıqdan sonra anama qovuşdum. Anam ağlayaraq mənə “Sənin bu səfərin çox uzun çəkdi. Sən mənim sonbeşiyimsən. Bir daha səni gözümdən uzağa buraxmayacağam” dedi. Yazıq anam haradan bilsin ki, zalım rus təkrar canlanacaq, rəngini dəyişdirib qızıla boyanacaq və zülmünü bir neçə qat artıraraq ölkəmizi işğal edəcək. Ruslar böyük oğlunu güllələyib şəhid edəcək və sevdiyi sonbeşiyini də müqəddəs vətənindən didərgin salacaqdı.

Gəncədə mənə xəbər verdilər ki, Nuru paşa Qarabağa çatmış, bir gün sonra da Gəncədə olacaq. Mən dərhal ertəsi gün Yevlax stansiyasına hərəkət etdim. Yevlaxda bir saat gözlədik. Gəncədən gedən heyət Nuru paşanı Qarabağda qarşılamışdı. İztihamlı bir süvari dəstəsi arasında Nuru paşa Yevlax stansiyasına gəlib çatdı. Görüşməmiz zamanı Nuru paşa “Görüşdüklərimdən hey səni soruşurdum” dedi. Xalqımız Nuru paşanı çox təmtəraqla qarşıladı. Nuru paşa ilə İstanbula Heydərpaşa vağzalında ayrılmışdıq. Ondan sonra başıma gələnləri ona anlatdım, Nuru paşa özü ilə bərabər gətirdiyi zabitləri, çavuşları və hərbi ştab rəisi polkovnik Nazim bəyi Bakı cəbhəsinə göndərdi.

Batumdan göndərilən və Nuru paşanın əmrinə veriləcək hərbi qüvvə ilə əvvəldən almanlarla anlaşmış olan gürcü milləti tərəfindən dəmiryolu ilə keçib Gəncəyə getməklərinə icazə verilirdi. Bu vəziyyət qarşısında Cəmil Cahid bəyin komandanlığında olan alay Qarsdan quru yolla Ermənistana, sonra Dilican üzərindən Qazax şəhərini ələ keçirərək Ağstafa vağzalına gəlib çatdılar və oradan da qatarla Gəncəyə gəldilər. Onları Gəncə xalqı çox təntənəli qarşıladı. Qarşılanma mərasimi aşağıdakı kimi olmuşdur; Gəncə xalqı şəhər meydanına toplanmışdılar. Dövlət idarələri və məktəbləri həmin gün işləmirdi. Ona görə də müəllimlər dəstə halında öz yerlərini tutmuşdular. Müharibə illərində Türkiyənin rusların tərəfindən işğal edilmiş Şərq vilayətlərindən Xeyriyyə Cəmiyyəti tərəfindən toplanaraq Azərbaycanın bir çox şəhərlərindəki uşaq evlərində saxlanan sahibsiz uşaqlardan dörd yaşından yuxarı olanlar da meydanda dəstə halında düzülmüşdülər. Meydanın ətrafını əhatə etmiş əhali sevincdən gözləri yaşarmış halda əsgərlərə baxırdılar. Uşaq evlərindən gəlmiş uşaqlar əsgərlərə yanaşaraq onlara sarılırlar və haralı olduqlarını bildirirlər. Əsgərlər uşaqların hər birisi ilə mehribanlıqla görüşür və əzizləyirlər. Bu zaman maraqlı bir hadisə olur. Əsgərlərlə görüşən uşaqlardan biri atasını tanıyır və ata-oğul sevincdən bir-birinə sarılaraq ağlayırdılar. Ətrafdakı minlərlə adam bu yaranmış vəziyyətə dözə bilməyib ağlayırdı. Onlar dərddən, qəmdən yox sevincdən ağlayırdılar.

Gəncə şəhərinin ermənilərlə məskun olan məhəllələri Cəmil Cavid bəyin alayı tərəfindən mühasirə edilərək itaətə məcbur olunurlar. Aylarla mühasirədə qalaraq ərzaqdan korluq çəkən ermənilər könüllü şəkildə mühasirədən çıxaraq Türk ordusunun gəldiyinə inanırlar. Bir erməni heyəti də Nuru paşaya təşəkkür etməyə gəlir. Artıq şəhərdə asayiş təmin olunur. Türk və erməni xalqı arasındakı düşmənçilik aradan qalxır. Nuru paşanın komandanlığı altında Osmanlı Türkləri ilə Azəri Türkləri yan-yana Azərbaycan Cümhuriyyətinin mərkəzi olan Bakını xilas etməyə qoşulurlar. Bu zaman Bakını rus, erməni və ingilis qüvvələri müdafiə etməkdə idilər. Onlar iki Türk qardaşın birləşmiş mehmetçiklərinə qarşı dayana bilərdilərmi? 1918-ci il sentyabrın 15-də son hücum nəticəsində rusları, erməniləri və ingilisləri Xəzər dənizinə tökdülər. Azərbaycan hökuməti müvəqqəti mərkəzi olan Gəncədən Bakıya köçdü. Azərbaycan xalqı və hökuməti əl-ələ verərək səylə hər sahədə durmadan çalışırdı. Nuru paşanın təşəbbüsü ilə ilk iş olaraq bir hərbi məktəb açılır və Azərbaycan ordusuna zabitlər hazırlamağa başlayırlar. Nuru paşaya xahiş etməklə Batumdakı Vahib paşanın sərəncamında olan Hüsaməddin bəyin də Gəncəyə göndərilməsini təmin edə bildim. Bakı düşməndən tamamilə təmizlənə bilmişdi. Ancaq rus qüvvələrinin bir hissəsi Lənkəran qəzasını öz işğalları altında saxlamağa nail olmuşdular. Azərbaycanın bir hissəsi olan Lənkəran da düşməndən təmizlənməliydi. Lənkəranı işğal etmiş rus tör- töküntüləri bolşevik olduqlarını Moskvaya bildirmişdilər. Ağrusların əlində olan Xəzər dənizinin hərbi gəmiləri də bolşevik düşməni olduqları halda müştərək rus mənafeyi naminə Lənkərandakı bolşevik qüvvələrinə kömək edirdilər. Nuru paşa Lənkəranda olan son rus qüvvələrini də dənizə tökmək məqsədi ilə Lənkəranın sərhəd qonşusu olan İranda Türk irqinə mənsub və qəhrəmanlıqları ilə məşhur olan Şahsevənlərlə əlaqə yaradılmasını və onlara bircə Lənkərandakı rusları oradan qovub çıxarmaq istəyirdi. O, bu vəzifəni Hüsaməddin bəylə mənə tapşırdı. Biz də vəzifəmizi yerinə yetirmək üçün Səlyana getdik. Oradan İrana keçməyə hazırlaşırdıq ki, bir qara xəbər gəldi. Yəni Türkiyə məğbul olmuş və müqavilə bağlanmışdır. Biz Bakıya deyil Gəncəyə qayıtdıq. Sonradan öyrənirik ki, Türkiyə Mondros sazişini yerinə yetirmək məcburiyyətində qalaraq ingilislərin Ustanbulu işğal etmələrindən sonra burada qurulmuş Tevfik paşa kabineti teleqrafla Türk ordusunun Azərbaycandan çıxmasını Nuru paşaya əmr etmişdir. Azərbaycan dövlətinin və xalqının istinadgahı olan Osmanlı dövləti çökmüş və Azərbaycan yalnız, arxasız qalmışdır. Üç nəfərlik bir nümayəndə heyəti vaxtilə İran Ənzəlisinə sığınmış ingilis qüvvələrinin komandanı general Tomsonla görüşmək məqsədi ilə Ənzəliyə gedir. Birinci Dünya müharibəsindən qalib çıxan ingilis qüvvələrinin məğrur generalı Tomson heyəti ilə müzakirə aparmağı lüzum görməyir və son söz olaraq “Bizim öyrəndiyimizə görə Azərbaycan xalqının ümumi arzusundan  doğan bir respublika yoxdur. Ancaq, Türk komandanlığının intriqası ilə təşəkkül tapmış bir hökumət vardır. Madam ki, siz bunun əksini iddia edirsiniz. O halda gəlib tədqiqat apararıq” deyir. Beləliklə, Azərbaycan xalqını və hökumətini saya salmayan general Tomson Ənzəlidə olan ingilis qüvvələrini Bakıya göndərir. Eyni zamanda rus generalı Biçeraxov da ruslardan və ermənilərdən təşkil olunmuş qüvvəsini Bakı limanına çıxarır. İngilislər və ruslar xalqın arasında ayrı-ayrı məzmunlu bəyannamələr yayırlar. Ermənilər və ruslar sevinc içərisində şənlik etdikləri halda, Azərbaycan türkləri isə kədərli, dərdli halda hökumətlərinin nə qərar verəcəklərini gözləyirdilər. Belə bir vəziyyətdə Azərbaycanın Dövlət rəisi mərhum Fətəli xan general Tomson ilə görüşür. Onların söhbətləri çox mübahisəli və sərt olur. General Tomson Azərbaycan Cümhuriyyətini tanımadığını, müttəfiqi olan rusların torpağına gəldiyini söyləyir. Fətəli xan isə Azərbaycan xalqının qərarı və istəyi ilə Azərbaycan Cümhuriyyətinin və istiqlalının elan edildiyini və bunun bütün Dünya dövlətlərinə bildirdiyini söyləyir. Fətəli xan sözlərinə davamla: “Siz böyük bir millət və böyük bir imperiyasınız. Eyni zamanda mədəni bir millətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız” deyir. General Tomson da: “Bu söylədikləriniz siyasi şeylərdir və iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm” cavabını verir. Fətəli xan da: “Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm” deyir. Bu cavab qarşısında general Tomson tərcüməçiyə dönərək “Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə qurduğunuz Cümhuriyyətin ordusu hələ qurulmamışdır” deyir. Fətəli xan tərcüməçiyə: “General həzrətlərinə söyləyin ki, o yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrinin nə olduğunu bilmir və ya hər xalqı Hindistan xalqı zənn edir. Biz Azərbaycan Türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq, biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik” cavabını verir.

Soyuqqanlı ingilis millətinin generalı məsələni belə görüb yumşaq danışmaq üsuluna keçir və “Ancaq, hökumət rəhbəriniz Mirzə Əsədüllah bəy olacaq” deyir. Fətəli xan: “Qətiyyən ola bilməz. Bu təklifiniz bizim daxili işlərimizə müdaxilədir. Biz bu təklifi qəbul edə bilmərik” deyə onun sözünü kəsir. Hər iki tərəfin qəbul etdikləri anlaşma nəticəsində idarə Azərbaycan idarəsi olacaq, Bakı şəhərində yalnız ingilis hərbi qüvvələri qalacaq. İngilislərlə Bakıya gəlmiş rus generalı Biçeraxov süvariləri ilə birlikdə Azərbaycanı tərk edəcək. Azərbaycan ordusu Bakı şəhərinə girməyəcək və Azərbaycan daxilində Osmanlı ordusu qalmayacaq. Ümumiyyətlə hər iki tərəf  anlaşmaya riayət etməlidirlər. Azərbaycan hökuməti polis qüvvələrinin gücü ilə ermənilərin ixtişaşlarını yatırdığı kimi Bakıda 1918-ci ilin mart ayında on min məsum Türk xalqının qanını tökən qatil bolşevik Şaumyan ilə birlikdə fəaliyyət göstərmiş erməni milyoneri Lalayevi də həbs etmiş və mühakiməsi olmadan Bakıdan Gəncə həbsxanasına göndərmişdi. O, orada mühakiməsini və edamını gözləyərkən öldü. Mondros barışığı ilə Türk ordusunun Azərbaycanın hər tərəfində olan hərbi qüvvələri Gəncəyə toplaşmışlar. Onlar Azərbaycan mehmetçikləri ilə vidalaşırlar. Yenə hamının gözləri yaşlıdır, ancaq bu artıq sevinc yaşı deyil, ayrılıq və kədər göz yaşları idi. Anadolu Mehmetçikləri ilə Azərbaycan Mehmetçiləri bir-birinə sarılaraq ağlaşırdılar. Bunları seyr edən xalq da özünü saxlaya bilməyib ağlayırdı. Mətin ağabəy Mehmetçik öz qardaşına təsəlli verərək “Artıq siz yetişdiniz, vətəninizi müdafiə edə bilərsiniz. Əgər qara xəbər gəlməsəydi daha çox qalardıq. Nə edək biz də getməliyik. Bizim də vətənimizə düşmən dolmuş, onları süpürüb atmalıyıq” deyirdi. Beləcə Anadolu İstiqlal Savaşının kahinliyini edən Türk Mehmetçiləri Azərbaycan qardaşlarına təsəlli verirdilər. Biz isə yenə köməksiz, arxasız və yalqız qalmışıq. Tanrımızdan başqa Nuru paşanın açdığı hərbi məktəb məzunu olan zabitlərimizə və Bakının bolşevik-daşnak tör-töküntülərindən təmizlənməsində yan-yana vuruşan ağabəylərdən təcrübə toplamış gənc ordumuza güvənərək yaşamaqda idik. Qədirbilən Azərbaycan xalqı onun köməyinə gələn Türk qardaşlarına, sərkərdələrinə olan minnətdarlığını qəlbinin dərinliyində saxlayıb nəsildən-nəsilə yaşatmaqdadır.

Gəncədə olan vaxt eşitdim ki, ingilislər Nuru paşanı tutub Batuma gətirərək hərbi tribunalda mühakimə edəcəklər. Onlar Nuru paşanı guya Bakıda erməni soyqırımı etdiyinə görə günahlandırırlar. Dərhal Bakı ilə telefon əlaqəsi saxlayıb xəbərin doğru olduğunu öyrəndim. Gəncə ermənilərindən bir sənəd almaq lazım idi ki, Nuru Paşanın Gəncəyə gəlişində ermənilərə heç bir pislik etmədiyi kimi erməniləri mühasirədən qurtarıb azadlıq verdiyini, həyatlarının təhlükəsizliyini təmin etdiyini isbat etmək mümkün olsun. Sənədin alınması üçün Gəncənin görkəmli şəxsləri ilə bərabər Erməni Milli Təşkilatına müraciət etdim. Sənədi almağıma qəti inanırdım. Ancaq ermənilər xahişimizi rədd etdilər və: “Biz uşaq deyilik. Çox yaxşı bilirik ki, Nuru Paşanın bizə pislik etməməsi məqsədli deyil. Nuru Paşa çox yaxşı bilirdi ki, Gəncədə erməni soyqırımı edilsə idi, Bakıda bir türklə rastlaşmayacaqdı. O gözlədi ki, Bakını işğal edib oradakı soyqırımı bitirsin və ondan sonra Gəncədə başlasın. Ancaq, müvəqqəti barışıq oldu. Osmanlı ordusu soyqırımına vaxt əldə edə bilmədi” dedilər. Biz də əliboş geri qayıtdıq, Bakıya gələrək Nəsib bəylə görüşdüm və sənəd ala bilmədiyimi ona söylədim. Nəsib bəy mənə “Mən səni heç vaxt bu qədər pərişan görməmişəm” dedi. Mən də “Nəsib bəy ermənilər çox nankorluq etdilər. Nuru paşanın almağa haqqı olan sənədi almadan gəldim” dedim. Nəsib bəy gülərək: “Üzülmə Nuru paşanı qurtarmanın daha asan yolu var. Batumdan mənə xəbər gətirdilər ki, Hopa bəyləri plan hazırlamışlar. Nuru paşanı zor işlətməklə xilas edəcəklər. Ancaq, maddi cəhətdən çətinlik çəkirlər. Sən dərhal 200 min manat götürüb Batuma get” dedi. Mən sevinc içərisində “Əmr edin pulu versinlər, axşam yola düşüm” dedim. Pulu alıb Batuma gəldim və Azərbaycan konsulu Dr. Mahmud bəylə görüşdüm. Mən gəlişimin məqsədini ona anlatdım və Nuru paşa ilə necə görüşə biləcəyimi soruşdum. Doktor: “İmkan yoxdur, ancaq Mürsəl paşa ilə görüşə bilərsən. O da ingilislərin nəzarəti altındadır” dedi. Mən dərhal gedib Mürsəl paşa ilə görüşdüm. Mürsəl paşa: “Mənə bir şey olmaz, ancaq Nuru paşanı buraxmayacaqlar. Ola bilsin ki, onu edam etsinlər. Onun qaçırılması təşkil edilməlidir” dedi. Mən gəlişimin səbəbini anlatdım. Çox razı qaldı. Mürsəl paşa gizli saxladığı kağızı mənə verdi. Aldım oxudum. Bu bəyannaməni Almaniyadan göndərmişdilər. Paşa mən “Bunu çoxaldıb İslam Dünyasına yaymalı və İslam Dünyasını cihada çağırmalı. Qurtuluş bundadır, başqa çıxış yolu yoxdur” dedi. Mən Mürsəl paşanı dinlədikdən sonra: “Paşam bu bir mərsiyədir. Çox təsirli yazılmışdır. Bu yanıqlı sözlərə ancaq göz yaşı ilə cavab verilir. İndiki dövrdə İslam Dünyasında birlik yox, qüvvə yox və olmaz. Olsa da bir şey çıxmaz. Allahıma inandığım kimi inanıram ki, Türkiyənin bir Türk kəndində olan qeyrət, iman, vətənə və dinə bağlılıq müraciət edəcəyiniz İslam Dünyasında yoxdur. Bu boş işdir. Bu bəyannaməni yazanların  özləri də yazdıqlarına inanmırlar. Əgər inansalar idi Xristian Dünyasına deyil, islam ölkələrinə sığınardılar. Varlıq, qüvvə yalnız milli imandadır. Mən sizin xatirinizə bu bəyannaməni götürürəm” dedim. Bəyannaməni kimə oxudumsa hamının da mən fikirdə olduğunu gördüm. Mən Bakıya qayıtdıqdan sonra Nuru paşanın qurtulmasını xəbər verdilər.

Səkkiz gündən sonra Nuru paşa ilə Bakıda görüşdük. Mən Bakıda olarkən Nəsib bəylə görüşdüm və Mürsəl paşanın verdiyi bəyannaməni ona göstərdim. O, başdan bir az oxudu və: “Əzizim ingilislərin səni yaxalaya biləcəklərindən qorxmadınmı?” dedi. Mən də bu haqda heç düşünmədiyimi söylədim. Nəsib bəy mənə: “Nağı bəy Əksinqilab ilə Mübarizə Təşkilatını qurduq. Səni bu idarəyə rəis təyin etmək istəyirəm. Qəbul edərsinizmi?” deyə soruşdu. Mən də işlərimə heç kimin müdaxilə etməməsi şərti ilə qəbul edəcəyimi söylədim. Nəsib bəy mənim bu şərtimi qəbul etdi və “Təşkilatın nizamnaməsini oxuyacaqsan. Bu idarə Daxili İşlər Nazirliyinə deyil, birbaşa Baş Nazirə tabe olacaqdır” dedi. Qəbul edib yeni vəzifəmə başladım.

Əksinqilab ilə Mübarizə Təşkilatının yaranmasının zəruriliyini respublikamızın ilk ilində çar generalı Denikinin mütəmadi olaraq bizi hədələməsi və başqa müxtəlif hadisələrin baş verməsi olmuşdur. Buna görə də hökumətimiz Əksinqilab ilə Mübarizə Təşkilatının yaradılması planını Parlamentin müzakirəsinə verir.

Məclis böyük çoxluqla bu layihəni qəbul edir. İdarədə işləyəcək kadrların üçdə ikisi “Müsavat”dan, üçdə biri isə “Hümmət” partiyasının üzvlərindən ibarət idi. Layihəyə görə idarənin rəisi müsavatçı, müavini isə hümmətçi olmalı idi. Bu sosialist hümmətçilərin içərisində Beriya da var idi. Üzərimə götürdüyüm vəzifə ağır və məsuliyyətli idi. Düşünürdüm ki, bu işin öhdəsindən gələ biləcəyəmmi. Ancaq, çox keçmədən işin çox asan olduğunu hiss etdim. Əslində işə qəbul olunmuş kadrların əksəriyyəti öz vəzifə borclarını ləyaqətlə yerinə yetirən şəxslər idi. Hər məmur işdən dördəlli yapışmalıdır. Bunlardan başqa mülki əhali tərəfindən də hər gün bizi maraqlandıran işlər haqqında məlumatlar alırdıq. Biz bu məlumatları alan kimi tez məsələni həll edirdik. Mən bu vəzifəni üzərimə götürdüyüm zaman şimal sərhədini ağqvardiya generalı Denikin hədələyirdi. Bakıda işğal etmələrini dördgözlə gözləyirdilər. Bir gün əməkdaşlarımızdan biri iranlı bir baqqalın dükanında oturmuş. O, içəri girən bir rusun dükanın arxa tərəfinə keçdiyini və əlindəki bağlamanı oraya qoyduğunu görür. Rus getdikdən sonra əməkdaşımız baqqaldan bu rusun kim olduğunu soruşur. Baqqal müştərisinin əski bir rus zabiti olduğunu və tez-tez dükana gələrək axşamlar araq içdiyini bildirir. O, daha sonra bu rusun içki içə-içə məktublar yazdığını söyləyir və “Onun dükanın arxasında bir çantası da var. İçi sənədlərlə doludur. Mən rusca bilmədiyimdən oxuya bilmədim və onun özündən soruşanda komissiya üzvü olduğunu söylədi. Çantanı arxada bir yerdə saxlayıb, istəsən sən də baxa bilərsən deyir. Əməkdaşımız bu sənədlərə gözucu baxır və şübhəsinin doğru olduğunu, yəni bu adamın ağqvardiyaçı ordusunun cəsusu olduğunu anlayır. O tez bayıra çıxaraq mərkəzdən bir əməkdaş da çağırtdırır. Dükana gələn əməkdaş bayırda, əvvəlki isə dükanın içərisində rusu gözləyirlər. Rus geri qayıdır və üç saat əvvəl dükanda gördüyü gəncin yenidən burada olduğundan şübhələnərək baqqala “Bu axşam məni gözləmə gəlməyəcəyəm” deyir və bayıra çıxır. Onun arxasınca bayıra çıxan əməkdaş rusu saxlayır və o birisinə: “Bu rusu idarəyə apar” deyir. Əməkdaşımız özünü itirən rusa baqqal dükanındakı bütün əşyasını da özü ilə götürməyi tələb edir. Bu zaman o baqqalla üzləşdirilir. Baqqal onu dükanda qoyub çantanı gətirib əməkdaşımıza verir. Onlar birlikdə idarəyə gəlirlər. Olmuş əhvalat haqqında idarənin əməkdaşı mənə raport verir. Çantadakı sənədlər tədqiq edilir və aydın olur ki, general Denikinin hesabına cəsusluq edən yüzbaşı Starkov yarım aydan bəri çox qiymətli məlumatlar toplaya bilmişdir. Onun topladığı sənədlərdən elələri var idi ki, onlar yalnız Azərbaycan ordusunun Baş Qərargahına məxsus sənədlər idi. Sənədlə birgə hərbi Nazirliyə gedirik. Mərhum general Həmid Qaydabaşıya (Azərbaycan ordusunun Baş Qərargah rəisi idi) əlimdə olan sənədləri göstərdim. O, bu sənədlərin seyflərində olanlardan üzü çıxarıldığını bildirdi. Starkov sənədlərlə birlikdə yazdığı raportunda yazırdı ki, mən bu sənədləri Azərbaycan ordusunun qərargahından Hərbi Nazir general Mehmandarovun nəvəsinin mürəbbiyəsi vasitəsilə əldə etmişəm. Raportu eyni ilə Baş nazirə də göstərdim. Tədqiqat davam etməkdə idi. Tədqiqat nəticəsində bu qənaətə gəldim ki, mürəbbiyə məsələsi uydurmadır. Sənədlər başqa vasitələrlə əldə edilmişdir. Bu arada bunu da bildirim ki, ağqvardiyaçı rusların Azərbaycana hücum etmələri bizə anlaşdıqdan sonra Baş nazirin sədrliyi ilə dörd nazirdən ibarət bir Müdafiə Komitəsi qurulmuşdu. Mənim əlaqəm Baş nazir Nəsib bəy, hərbi nazir general Mehmandarlı, nəqliyyat naziri Aslan bəy Məlikaslanlı və Xarici İşlər Naziri Məhəmməd Yusif bəydən ibarət olan bu komitə ilə idi. Komitəyə verdiyim raport oxunduqda general Mehmandarlı çox əsəbiləşdi. Ertəsi gün idarədə kabinetimin pəncərəsindən baxarkən general Mehmandarlının avtomobilinin idarəmizin önündə durduğunu gördüm. Onu dərhal qapıda qarşıladım. Çox əsəbi görünürdü. Oturmaq istəmədi. Məndən Nağı bəy, siz bu alçağın məlumatına inanırsınızmı? Deyə soruşdu. Mən də “Paşam sənədi verəni gizlətmək üçün yüzbaşı Starkov mürəbbiyə məsələsini uydurmuşdur. İcazənizlə iki günə qədər məsələni tamamilə aydınlaşdıracağam. Ancaq, qərargah, zabitlərindən istədiyimi nəzarət altına ala bilməm üçün indidən icazənizi istəyirəm” cavabını verdim, general Mehmandarlı: “Bu milli və istiqlalımızla bağlı bir işdir. Kimi istəyirsiniz onu da nəzarət altına ala bilərsiniz. Bir də məndən icazə istəməyin. Ancaq, mən bu alçağı görmək istəyirəm” dedi. Starkov içəri girdi və generalı görən kimi diz çöküb ona yalvarmağa başladı. General bu mənzərə qarşısında: “Alçaq, qorxaq, cəzan ölümdür. Sənin kimi şərəfsiz və qorxaq bir yüzbaşını rus ordusunda ilk dəfə görürəm dedi və mənimlə vidalaşıb getdi. Yüzbaşı isə hələ də diz çökmüş vəziyyətdə qalırdı. Onun aparılmasını əmr etdim. Starkov raportlarında Azərbaycandakı bütün ermənilərin hazır vəziyyətdə rus ordusunu gözləməkdə olduqları, hətta ayrıca Azərbaycandakı varlıların və mülkədarların ürəklərinin də rus ordusu üçün vurduğunu yazırdı. O, Azərbaycan dövlətinə və hökumətinə qarşı qiyam qaldırmış Qatır Məmmədin də rus ordusunu çağırdığını verdiyi raportuna əlavə edirdi, nəhayət Starkov istintaqın sonunda varlıların və mülkədarların haqqında söylədiklərinin uydurma olduğunu boynuna aldı və elədiyi cəsusluq hərəkətinə görə layiqli cəzasını aldı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info