Qonaq Kitabı
TÜRKİYƏNİN YARDIMINI TƏMİN ETMƏK

Hüsaməddin bəylə mən stansiyaya gəldik. Səfərimiz gizli olduğundan heç kim bizi yola salmağa gəlməmişdi. 1918-ci ilin yanvar ayı idi. Dostlarımızı, xalqımızı, ölkəmizi təhlükələr içərisində qoyub qatara mindik və Tiflisə yola düşdük. Sabah saat 8-də Tiflisə çatdıq və Xeyriyyə Cəmiyyətinə getdik. Cəmiyyətin rəisi doktor Xosrov bəylə görüşüb məqsədimizi bildirdik. Bizə Xeyriyyə Cəmiyyətinin üzvü olmağımıza dair sənəd verdi. Artıq bizim bu vəsiqələrlə bütün Qafqaz cəbhəsini dolaşmaq səlahiyyətimiz vardı. Vəsiqələri aldıqdan sonra Xosrov bəylə vidalaşıb Batuma hərəkət etmək üçün stansiyaya gəldik. Ancaq, nə bilet almaq, nə də Batuma getmək imkanı var idi. Çünki, rus əsgərləri üçün Azərbaycan yolu ilə Rusiyaya getmək təhlükəli olduğundan Batum yolu ilə getməkdə idilər. Batuma hərəkət edən qatarlara mülki şəxslərin minməsinə icazə verilmirdi. Belə bir çətin vəziyyət qarşısında qohumum Kazımı axtardım. Kazım dəmiryolu müfəttişi idi və Tiflisdə Azərbaycan xalqını təmsil edirdi. Vəziyyəti ona anlatdım. Kazım getdi və bir saatdan sonra gəldi. Bizə gülə-gülə “Sizin üçün qatara kiçik bir vaqon qoşdurdum. Mən də sizinlə bərabər Batuma qədər gedəcəyəm. Ancaq, stansiyalarda pəncərələrin qabağında oturmayın. Qatar hərəkət etdikdən pəncərə önündə otura bilərsiniz. Vaqon isə özümün işim üçün Batuma gedirəm deyə ala bildim” dedi. Yolboyundakı stansiyalarda qatar durunca biz vaqonun içərisində bardaş qurub oturduq. Beləliklə, çox rahat şəkildə Batuma gəlib çatdıq.

Batumda da rus əsgərlərinin əlindən tərpənmək olmurdu. Qatarla gələn rus əsgərləri paroxodların azlığından günlərlə Batumda qalmalı olurdular. Şəhər anarxiya içində idi və küçələrdə rus əsgərləri veyil-veyil gəzirdilər. Azacıq şübhələndikləri əsgərin zabit olub-olmadığını yoxlayırdılar. Zabitlər də qorxularından əsgər paltarı geyinmişdilər. Biz çox çətinliklə bunların arasından keçərək bir mehmanxanaya girə bildik. Əşyalarımızı bir otaqda yerləşdirib bayıra çıxdıq və bir yeməkxanaya gedərək yemək yedik. Mehmanxanaya dönərkən mehmanxana sahibi işıqları yandırmağı məsləhət gördü və işığı yanmayan otaqların rus əsgərləri tərəfindən alına biləcəyini söylədi. Mehmanxana sahibinə sabah səhər yeməyinə pul verdik və təzədən yatdıq. Sabah səhər yemək yeyərkən qapı döyüldü və içəri yeddi-səkkiz rus əsgəri girdi və zabit axtardıqlarını söylədilər. Hüsaməddin bəyin əynindəki dəri pencəyin çiynində epolet yeri axtardılar. Daha sonra axtardıqlarını tapa bilməyib çıxıb getdilər. Biz Kazımı Tiflisə qayıtmaq üçün stansiyaya qoyub Batum Xeyriyyə Cəmiyyətinin sədri doktor Mahmud bəyin yanına getdik. Məqsədimizi anlatdıqdan sonra bizi təhlükəsiz bir yolla Türkiyəyə keçirilməsini xahiş etdik. Sonra birlikdə doktorun evinə gəldik. Evdə Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalının mühərrirlərindən Axıskalı Ömər Faiq bəylə görüşüb tanış olduq. Doktor onun da Türkiyəyə getmək istədiyini bizə əvvəl söyləmişdi. Biz doktorun evində çay içib söhbət edərkən, qapının zəngi çalındı və içəri bir şəxs girdi. Doktor hörmətlə qarşılayıb bizə də təqdim etdiyi bu şəxs əslən Qiresinlu olub Batumda tütün ticarəti edirmiş. Adı Bünyatoğlu idi. Doktor bizi Xeyriyyə Cəmiyyətinin üzvləri kimi təqdim etdi. Bünyadoğlu doktora “Mahmud bəy, sizdən xahişə gəldim. Bəlkə siz də eşitmisiniz. Trabzon tərəfindəki Türk çeteləri Rum kəndlərinə hücum edirlər. Rumlar da mallarını, kəndlərini buraxıb Trabzona doğru qaçırlar. Biz bu vəziyyəti Tiflisdə olan rus hərbi komendantına da bildirdik.

Trabzona bir nümayəndə heyəti göndərərək təhqiqat aparıb nəticəni də onlara bildirəcəyik. Göndərəcəyimiz bu heyətə Xeyriyyə Cəmiyyətinin iki nəfərini də daxil edilməsini təmin etmənizi xahiş edəcəyəm” dedi. Bundan sonra doktor Mahmud bəy bizim üzümüzə baxdı və biz də “bəli Mahmud bəy əgər əmr etsəniz gedərik” dedik. Bünyadoğlu Tiflisdə Xeyriyyə Cəmiyyətindən aldığımız vəsiqələrin nömrələrini və adlarımızı dəftərinə qeyd edərək ertəsi gün Trabzona gedəcək paroxod ilə hərəkət edəcəyimizi söylədi. Ertəsi gün mindiyimiz paroxodda Bünyadoğlu bizi rum heyəti ilə tanış etdi. Hamısından böyük hörmət gördük. Arada bir göyərtəyə çıxırdım. Bu zaman orada bir neçə erməni gənci gördüm. Bunların erməni olduqlarını üzlərindən və rus dilini danışdıqları zaman tələffüzlərindən hiss etmişdim. Bunların haraya getdiklərini öyrənmək üçün yanlarına yaxınlaşıb danışıqlarını dinləməyə başladım. Siyasi mövzularda söhbət edən bu gənclərdən ikisi erməni, digəri isə gürcü idi. Gürcü növbə ilə danışan erməniləri dinləyirdi. Ermənilərdən biri “Rusiyanın müharibədən çıxması bizim planlarımızı alt-üst etdi. Ancaq, ümidimizi itirməmişik. Bütün dünyada hamı Anqlo-Saksonların müharibədə qələbə çalacaqlarını, Almaniyanın və Osmanlı dövlətinin isə məğlub olacağı qənaətindədir. Təbii ki, müharibənin sonunda Avropa dövlətləri Türkiyəni parçalayacaqlar. Biz erməni və gürcülər o zamana qədər hazırlaşaraq əl-ələ verməliyik. Ermənilərin və gürcülərin də Türkiyədən alacaqları torpaqlar vardır. Bu müharibədə Avropa ölkələri bizə kömək edəcəklər. Biz ermənilər düşündüyümüz bu planı Tiflisdə siz gürcülərə də bildirdik. Ayrıca Pontusçu rumlar ilə də razılaşdıq. Trabzon və ətrafını Türkiyədən təmizləyərək rumlara verəcəyik. Onlar da bu bölgədə Pontus dövləti quracaqdılar. Böyük Avropa dövlətləri onlara yardım edəcəklərinə söz vermişdilər. Bütün bu planın tətbiq olunması və yerinə yetirilməsi üçün məşhur erməni fədaisi İqranyan da təlimatlandırılmışdır” deyirdi. Bütün bu eşitdiklərimi Hüsaməddin bəyə də anlatdım.

Paroxodumuz Trabzon limanına yanaşıb dayandı. Limanda bizi qarşılayan rumlarla birlikdə Mitropolitxanaya getdik. Rumlarla dolu olan Mitropolitxanada bizi bir salona gətirdilər. İçəridə rumların adlı-sanlı şəxslərindən 30-40 nəfər var idi. Mitropolit bizim rum dilində bilmədiyimiz üzündən Türkcə danışacağını söylədikdən sonra sözü vəkil olduğunu anladığımız bir ruma verdi. Vəkil çıxışında bu sözləri söylədi: “Möhtərəm qonaqlarımız siz Trabzona gec gəldiniz və rum xalqının pərişan halını görmədiniz. Vəziyyəti sizə anlatdım. Sabah xalqımın qaz çeteçilərindən çəkdiklərini öz gözlərinizlə görəcəksiniz. Gördükdən və müəyyən qənaətə gəldikdən sonra birlikdə bir raport hazırlayıb və imzalayıb Qafqaz Seyminə bildirək” dedi. Vəkildən söz alıb danışan şəxs “Əfəndilər bu torpaqlar Osmanlı dövlətinə aiddir. Ruslar bu torpaqları işğal etmişdilər və indi də çəkilib getdiklərinə görə Türklərin bu yerləri geri almağa haqları vardır. Ancaq, Rum kəndlərinə girənlər Osmanlı hərbi qüvvələri deyil, çeteçilərdir. Törədilən bütün vəhşilikləri çeteçilər edirlər. Türklər heç bir zaman kəndlərə girib deyilən vəhşilikləri etməzlər, buna inanırıq” dedi. Bu şəxsdən sonra mən söz alaraq Rusiyada baş verən inqilabdan bəhs etdim və sözlərimə davamla “Rusiyada bu gün anarxiya hökm sürməkdədir. Hərbi və mülki idarələr dağılmışdır. Rusiyanın heç bir tərəfi mərkəzi hökumətə tabe olmur, sosialist cərəyanlar bir-birləri ilə çarpışmaqdadır. Rusiyada yaşayan qeyri-rus millətlər də mərkəzdən ayrılıb müstəqil dövlət qurma ərəfəsindədirlər. Məncə tədqiqatımızı başa vurduqdan sonra Osmanlı dövləti və ordusu ilə də görüşməliyik. Onlara bir heyət göndərərək vəziyyəti onlara da anlatmalıyıq” dedim. Sözlərim oradakıların heç birinin xoşuna gəlməmişdi. Hələ Ellen komitəsinin rəisi Nikola əfəndi çox hiddətli bir şəkildə bu çıxışı etdi və mənə “Əfəndi, Osmanlı dövləti və ordusu ilə əlaqə saxlamağa səlahiyyətimiz yoxdur. Biz ancaq Tiflis “Krayevoysiyez”in istədiyi raportu verməliyik. Hələlik siz sabaha qədər istirahət edin. Sabah sizə rum kənd və kəndlilərinin halını göstərəcəyik” dedi. Nikola əfəndinin çıxışından sonra iclas bitdi. Biz içəridə dörd nəfər qaldıq: Mitropolit, Hüsaməddin bəy, bir rum və mən. Mitropolit ruma tərəf dönərək bizim istirahətimizin təmini ilə məşğul olmasını və ertəsi gün səhər tezdən də bizimlə birgə olmasını tapşırdı. Rumun bayıra çıxmasından sonra Mitropolit bizə “Əfəndilər mən Almaniyada təhsil aldım. Həm almanların, həm də Türklərin dostuyam. Eyni zamanda Türk orduları komandanı Vahab Paşa ilə də xoş münasibətdəyəm. Dünən ondan bir məktub aldım. Rusların qoyub getdikləri ərzaq və sairlərin mühafizə edilməsini xahiş edir. Ancaq, siyasi vəziyyət bambaşqadır. Erməni mücahidi Tiqranyan buraya 400 nəfər dəstəsi ilə gələrək bizim rum gəncləri ilə anlaşaraq Trabzon ətrafındakı bütün Türk kəndlərini dağıdıb bütün xalqını da məhv etmək istəyirlər. Onlar bununla da mərkəz Trabzon olmaqla rumların Pontus hökuməti qurmalarını təmin edəcəklər. Bu səbəbdən də sizin Osmanlı hökuməti ilə əlaqə yaratma və nümayəndə heyəti göndərmə təklifimiz xoş qarşılandı”. Mitropolit daha sonra Vahab Paşanın göndərmiş olduğu məktubu bizə göndərdi. Məktubu oxuyan Hüsaməddin bəy Vahab Paşanı yaxşı tanıdığını, hələ hərbi məktəbdə müdir olduğu zaman ona yavərlik etdiyini söylədi. Bundan sonra biz mitropolitə “Sabah vəzifəmizi yerinə yetirəcəyik, ancaq sonra geri qayıtmayacağıq. Əslində Türkiyəyə getmək istəyirik” dedi və bizə kömək etməyi xahiş etdi. Ayrıca olaraq İstanbulda Osmanlı hökumətinə onun Türkləri himayə etdiyini və bizə yardım göstərdiyini söyləyəcəyimizi də bildirdik. Daha sonra mitropolitlə vidalaşaraq ayrıldıq. Gecə saat 10-da qaranlıq və tənha Trabzon küçələrində addımlayırdıq.

Bir diş həkiminin evi olduğunu qapıdakı lövhədən anlaşılan yerdə durduq. Bizi müşayiət edən rum, buranın, oğlunun evi olduğunu dedi və qapını döydü. Rum qapıya çıxan şəxsə Türkcə “Bu iki qonaqdan biri sizdə, biri də bizdə istirahət edəcək” dedi. O gecə mən diş həkiminin evində qaldım. Mənə çox hörmət etdilər. Bizim Xeyriyyə Cəmiyyətinin üzvləri olduğumuzu, rum nümayəndə heyəti ilə Batumdan gəldiyimizi bilirdilər. Söhbət etməyə başladıq. Diş həkimi şübhəli və ümidsiz bir şəkildə “Baxarıq vəziyyət nə olacaq” dedi. Mən də “İnşaallah yaxşı olar” dedim. Həkimin xanımı “Mənim də ümidim yox. Bunları yola gətirmək çətin və imkansızdır. Bir Türk atalar sözü vardır: “Heyvanlarda qaz, insanlarda laz.” Bunlar islah olunmaz” deyirdi. Ertəsi gün mitropolitxanəyə gəldik. Orada bizi gözləyən faytona Hüsaməddin bəy, mən və Ellet Komitəsi rəisi Nikola mindik. Nikola əfəndi bizi Türk çeteçilərinin olduğu yerə aparacaqdı. Faytonla hərəkət etdik. Nikola əfəndi bizə yol boyundakı rum kəndlərinin vəziyyətini göstərir, Türkcə suallar verir və kəndlilər də cavab verirdilər. Biz yol boyunca rum camaatının Trabzona tərəf getdiyini görürdük. Biz onlardan nə üçün kəndlərini tərk etdiklərini soruşduqda cavablarında Türklərin basqınlarından qorxduqlarını bildirirdilər. Onlara “Türklər ilə bərabər yaşadınız, çalışdınız, birlikdə çiyin-çiyinə düşmənə qarşı vuruşdunuz. Osmanlı ordusu geri çəkilincə yerlərini ruslar işğal etdilər. Bəlkə əvvəllər rusların gəlişinə sevinmişdiniz. Ancaq, bir müddət sonra rus əsarətinin, rus vəhşətinin nə qədər ağır və çətin olduğunu anladınız. Türklərdən qorxmayın, onlardan qaçmayın. Türklər öz xalqına pislik etməzlər” deyirik. Ancaq, rumlar israr və gələnlərin Laz çeteləri olduqlarını və onların hər cür vəhşi hərəkət etmələrinə inanırdılar. Dayana bilməyib “Sizin kəndinizə nə etdilər?” deyə soruşdum. Rumlar isə çeteləri görmədiklərini, ancaq görsəydilər onları sağ buraxmayacaqlarını söylədilər. Mənim sözlərimin Nikola əfəndinin xoşuna gəlmədiyini hiss edirdim. Yolumuza davam edirik. Nikola əfəndiyə “Əzizim bunlar öz kölgələrindən qorxurlar qorxurlar” dedim. O heç bir cavab vermədi. Bir az sonra faytonumuz dayandı. İrəlidə dərin bir uçurum var idi. Orada olan rumlar bizə çeteçiləri göstərirlər. Biz həqiqətən uçurumun o biri tərəfindən çeteçi libasında silahlı insanlar görürdük. Nikola artıq geri qayıtmaq istəyirdi. Biz isə “Dur baxaq. Onlar ilə görüşüb kim olduqlarını müəyyənləşdirək” dedik. Ancaq, Nikola əfəndi dərəyə enməyə razı olmadı. Mən də ona “Bizi iki saat burada gözləyin. Biz İslam Xeyriyyə Cəmiyyətinin məmurlarıyıq, bizə qarşı hərəkət etməzlər” dedim. Nikola əfəndini orada qoyduq. Hüsaməddin bəylə bərabər bir ağacın ucuna cib dəsmalı bağladıq və dərəyə endik. Çeteçilərdən iki nəfər bizi qarşılamağa gəldilər. Dərənin dibində çeteçilərlə qarşılaşırıq. Salamlaşdıqdan sonra bizdən kim olduğumuzu soruşdular. Mən cavab verməyərək Hüsaməddin bəyə artıq vəzifənin sənə keçdiyini söylədim. Çeteçilər rəsmi olduqlarını və Qəhrəman bəy adında bir yüzbaşının rəhbərliyi altında olduqlarını söylədilər. Hüsaməddin bəy “Övladlarım bizi Qəhrəman bəylə görüşdürün” dedi. Bir xeyli getdikdən sonra bir kənddə Qəhrəman bəylə qarşılaşdıq. Qəhrəman bəy Hüsaməddin bəylə qohum çıxdı. Axşam yeməyinə Qəhrəman bəyin qonağı olduq. Gecə keçənə qədər biz Qafqazdan Qəhrəman bəy də bələdçinin müşayiətində Pulatxanə Limanına endik. O gecə rejissor Murad bəy adlı bir şəxsin evində qonaq qaldıq. Pulatxanədə bizi Tireboluya aparacaq bir qayıq tutdular. Dəniz çox təhlükəli idi. Fırtınalı şəraitdə Tireboluya çatdıq. Orada da bir gecə qaldıq. Tribolu Qara dəniz sahilində çox abad bir qəsəbə idi. Rusların mənfur üzvləri, kirli çəkmələri o sevimli qəsəbəni fəlakətə uğratmamışdır. Tirebolda bizdən əvvəl Batumdan gəlmiş mühərrir Ömər Faiq bəylə görüşdük. Daha sonra nahiyə müdiri vasitəsi ilə bir motorlu qayıq istədik. Qiresun valisi motorlu qayığın sabah səhər Tireboluda olacağını bildirdi. O gecəni Tireboluda keçirdik. Ertəsi gün səhər tezdən qalxaraq hazırlaşdıq. Ömər Faiq, mən və Hüsaməddin bəy Tirebolu limanına endik və motorlu qayığı gözləməyə başladıq. Hər üçümüz də sevinc içində gah söhbət edir, gah da dərin düşüncələrə qərq olurduq. Bir ara mən yuxulu kimi öz-özümə danışmağa başladım: “Əgər Türkiyənin yardımını almağa müvəffəq olsaq istiqlalımızı elan edər və müstəqil olarıq. Beləliklə, dünyada ikinci bir Türkiyə yaranmış olar.” Mən hələ sözlərimi bitirməmiş Ömər Faiq bomba kimi partladı: Sən nə söyləyirsən? Sarıqamışda on minlərlə şəhid verən Türkiyə Qafqazı işğal etməyəcəksə sizə necə istiqlal verəcək hə”. O belə bağırır, həm də məni hədələyirdi: “Sən Osmanlı dövlətinin rəhbərləri ilə görüşəcək və fikrini anladacaqsan hə. Sən zindanlarda çürüyəcəksən”. Bu sözlərdən sonra Ömər Faiq çıxıb getdi. Bu hadisədən üzülən Hüsaməddin bəy mənə “Mən hökumətin istiqlal haqqındakı fikrini bilmirəm. Ancaq sən Azərbaycan münəvvərlərinin fikrini söyləyirsən. Bu fikir və istək yalnız sənə aid deyil ki. Mən də hökumətə raport verəcəyəm və Azərbaycanda görüşdüyüm bütün münəvvərlərin hamısı eyni fikirdə olduqlarını raportumda göstərəcəyəm” dedi. Bir neçə saat sonra Ömər Faiq qəsəbədən qayıtdı və yanımıza gəldi. Ancaq, danışmırdıq. Bu zaman uzaqdan motorun səsini eşitdik. Bir az sonra motorlu qayıq gələrək körpüyə yanaşdı və bizi götürdü. Motorlu qayıqda Ömər Faiqlə üzbəüz oturduq.

Qiresuna çatarkən hökumət nümayəndələri, xalq və məktəb tələbələri bizi qarşıladılar. Qiresunun Bələdiyyə rəisi də bizə bir ziyafət verdi. Ertəsi gün hazırladıqları atlarla yola çıxdıq və at belində keçən bir neçə günlük yolçuluqdan sonra da Qafqaz Cəbhəsi qərargahının yerləşdiyi Suşehrinə yaxınlaşdıq. Onlarla birlikdə ordu qərargahına gəldik. Bu zaman mənim sevincimin həddi-hüdudu yox idi. Birnəfəsə ordu komandanına söyləyəcəklərimi düşünürdüm. İlk öncə Qafqazda rus ordu qüvvələrinin, rus çar idarə-üsulunun qalmadığını bildirəcəyəm. Nə qədər məmnun olacaqlarını düşündükcə sevincim bir neçə qat da artırdı. Nəhayət növbə ordu komandanı Vahab Paşa ilə görüşməyimizə gəldi. Paşanın duruşu, baxışı, çevikliyi, əzəməti və ədası məni məftun edirdi. Vahab Paşa danışmağa başladı. O danışır mən dinləyirdim. Ancaq, dinlədikcə də sevincim yox olur və qulaqlarıma inanmırdım. Kefimin pozulmasına əhəmiyyət vermirəm. Həyatımda kim bu sözləri mənə söyləməyə cəsarət edə bilərdi. Əziz oxucularım anladanda siz də təəccüblənəcəksiniz: Vahab Paşa “Mən bir neçə ildir Qafqaz cəbhəsi komandanıyam. Qafqazlıları tədqiq edib öyrəndim. Siz qafqazlılar da, biz albaniyalılar kimi təmizliyi sevirsiniz. Bu pis Türk nəfərlərini həm də bu görkəmdə Qafqaza göndərə bilmərəm” deyir. Məni elə bil ildırım vurdu, heç bir cavab vermədim. Alban, bu söz mənə o qədər yad deyil. Ancaq, yer üzündə alban deyilən bir millətin varlığından xəbərdar deyiləm. Çünki, rus məktəbində oxumuşdum. Osmanlı tarixi də qısa olaraq keçilirdi. Kiçik bir millət olan albanlardan isə bəhs olunmamışdı. Ancaq, Balkan müharibəsini izlədiyimdən müharibə əsnasında İşkodrada Əsəd Paşa adlı bir diviziya komandiri olan albanın Osmanlı dövlətinə qarşı üsyan etdiyini rus qəzetlərində oxumuşdum.

Mən Vahab Paşa ilə görüşərkən Ömər Faiq də yanımda idi. Vahab Paşa Hüsaməddin bəylə ayrıca görüşmüşdür. Ertəsi gün hərəkət edəcəyimiz zaman Hüsaməddin bəyin paşa tərəfindən saxlanıldığını öyrəndik. Hüsaməddin bəylə bir xeyli müddət görüşə bilmədik. Görüşərkən bir-birimizə sarılaraq öpüşdük. Hüsaməddin bəyə dərdimi danışmaq üçün fürsət tapa bilmədim. Ömər Faiqlə isə danışmırdıq. Ancaq, hərəkətlərindən onun da bu işə mənim qədər sıxıldığını anlayırdım. Vahab Paşa Baş komandan olan Ənvər paşadan bizi bir an əvvəl İstanbula yola salmaq əmri almışdı. Bizi araba ilə Sivasa, oradan da avtomobillə Uluqışlaya qatara çatdırdılar. Yol uzunu biz iki yolçu bir-birimizə nifrət edirdik. İki küsmüş məmur kimi rəsmi danışırdıq. Ancaq, hər ikimiz də bizimlə təmasda olanlara bu incikliyimizi hiss etdirmirdik. Qatarlar kömür olmadığından odunla işləyirdi. Bu da onların sürətlərinin zəif olmasına səbəb olurdu.

Uluqışladan Konyaya getdik. Konya stansiyasında bizi vali və “İttihat və Tərəqqi”nin məşhur şəxslərdən Müammar bəy qarşıladı. Bizi şəhərə apararaq gəzdirdilər. Həzrəti Mövlanayı ziyarət etdik. Məktəbləri dolaşdıq. Bələdiyyə rəisi bizə bir ziyafət verdi. Daha sonra bizi stansiyaya qədər ötürdülər.

Konyadan qatarla Karahisara gəldik. Qatar dayandı, günəşli bir gün idi. Karahisar şəhərinin mənzərəsi məni çox cəlb etdi. Stansiya müdirindən qatarın burada nə qədər dayanacağını soruşdum. “Hər halda üç saatdan az deyil. Nə üçün soruşdunuz. Əcaba” dedi müdir. Mən də “Qəsəbəyə getmək istəyirəm. Bura mənim çox xoşuma gəldi” dedim. Qəsəbə stansiyaya çox yaxın idi. Gedib qəsəbəni gəzdim. Müharibə illərində Qafqaza Türkiyədən quru yemiş gətirilməmişdi. Çox gözəl bir şəkildə düzülmüş əncirləri görüb qibtə etdim. Baqqala yaxınlaşaraq mənə bir az əncir verməsini söylədim. Ancaq, baqqalın nə qədər istədiyini soruşması qarşısında çaşdım. Bir az verməsini söylədim. Mənə “Bir kilo verimmi?” deyə soruşdu. O vaxt kilo yerinə okka işlənirdi. Mən də verilməsini söylədim. Bir kiloya xeyli əncir düşmüşdü. Ancaq, zərəri olmadığını düşündüm. Yolda çoxlu əsgər var idi. Onlarla bölüşdürməyi nəzərdə tuturdum. Türkiyədəki ölçüləri bilmədiyim kimi pulun növlərini də bilmirdim. Bildiyim yalnız kağız lirə idi. Lirəni baqqala uzatdım. Lirəni alan baqqal yabançı olduğumu anladığından mənə “Baxın bu kağız lirə beş məcidiyyədir. (köhnə söz. Türkiyədə 20 quruşluq gümüş pul, C. Q., M. Ə.) dedi və mənə dörd ədəd kağız pul verdi. (Dörd küncündə 20 yazılı). Baqqal sözlərinə davam edərək “Bunlar da bir məcidiyyə. Bir məcidiyyə də əncir. Hesabımız tamam.” dedi. Baqqaldan ayrıldım. Yolda ölçülərdən okkayı, pul növlərindən də məcidiyyəni öyrəndim deyə düşünürdüm.

Yolumuza davam edərək şəklini gördüyümüz özünün həsrətini çəkdiyimiz İstanbula – Heydər Paşa stansiyasına gəldik. Mən İstanbulu ilk dəfə görürdüm. Ömər Faiq isə İstanbulda olmuş və hər tərəfini yaxşı tanıyırdı. Qatar dayandı. Ömər Faiq və mən qatardan düşüb körpüyə endik. O, ildırım sürəti ilə iki bilet aldı və paroxoda mindik və o biri tərəfə keçib körpüyə çıxdıq. Sonra bir faytona minərək Meserret mehmanxanasına gəldik. Kiçik əl çantalarımızı mehmanxanada qoyaraq bazara getdik. Ömər Faiq bizə nə lazım olduğunu söyləyərək bir bağlama düzəldilməsini sifariş etdi. Məmurlar bizdən pasportlarımızı göstərməyi xahiş edirlər. Biz də göstəririk. Bu zaman mağaza müdiri bizə yaxınlaşaraq pasportumuza baxır və bizə “Əfəndim biz burada malları sənədlə satırıq. Onun üçün də məmurlar sizdən sənəd göstərməyi xahiş etdilər. Siz bu dövlətin, millətin qonağısınız, nə əmr etsəniz verərik” deyir. Daha sonra bizə lazım olan əşyaları yığıb bağladılar. Pulunu soruşduq. Müdir təkrar müdaxilə etdi və “Biz sizdən pul almayacağıq” dedi. Nə qədər israr etdiksə də fayda vermədi, yəni pul almadılar.

Biz bu yarım ay müddətində təmizlənməyə imkan tapmamışdıq. Boş vaxtımızdan dərhal istifadə edib hamama getdik və sonra yenə mehmanxanaya qayıtdıq. Mehmanxanaya gələndə artıq bizi ümumi işlər müdirinin müavini Əsəd bəy (sabiq Amasiya vəkili) gözləyirdi. O, bizə “Əfəndim biz Sizi Heydər Paşada qarşılamağa getdik, ancaq sizi tapa bilmədik. Bu mehmanxanada olduğunuzu öyrənərək dalınızca gəldik. Sizin üçün “Pera Palas” mehmanxanasında otaq hazırlanmışdır, oraya gedəcəyik” dedi. Onunla birgə “Para Palas” mehmanxanasına getdik. Əsəd bəy bizə axşam saat beşdə sizi Babi Alidə Baş nazir həzrətləri ilə görüşdürmək üçün gəlib aparacağını söylədi və getdi. Saat hələ iki idi. Ömər Faiqlə danışmadığımdan bizə ayrılan otaqda oturub dərin düşüncələrə dalıram: “Demək saat beşdə Tələt Paşa ilə görüşərək vəzifəmi yerinə yetirəcəyəm. Mənim üçün heç bir mane yox idi.” Ömər Faiq qəzet oxuyurdu. Saat dördün yarısı. Vaxt yaxınlaşır. Mən yerimdən qalxaraq Ömər Faiq bəyə yaxınlaşıb “Faiq bəy, bir az sonra sizinlə birlikdə Osmanlı dövlətinin Baş naziri ilə görüşməyə gedəcəyik. Bilirsiniz ki, sizin vətəniniz Ahıskadır. Sizinlə bizim aramızda Gürcüstan vardır. Gərək Gürcüstandan o tərəfə keçməyəsiniz. Ora Azərbaycandır və sizin ölkənizlə heç bir əlaqəsi yoxdur. Ora haqqında söz söyləmək yalnız mənim səlahiyyətim daxilindədir. Bir-birimizi başa düşməməyimizə burada son qoyaq. Mənim söyləyəcəyim sözlərin məsuliyyəti mənə aiddir” deyirəm. Ömər Faiq bu sözlərimə heç bir cavab vermir. Daha sonra Əsəd bəylə birlikdə Babi Aliyə gəlirik və düz saat beşdə də Tələt Paşanın kabinetinə giririk. Sevincim və həyəcanım bir-birinə qarışmışdı. Kabinet böyük bir otaqdan ibarətdir. Baş tərəfdə böyük bir masa vardı. Tələt Paşa masanın arxasında oturmuşdu. Sağ tərəfində Ənvər Paşa, sol tərəfində isə Xəlil bəy (Menteşe) oturmuşdu. Masanın qabağında iki boş stul var idi. Biz masaya yaxınlaşıb görüşür və otururuq. Mən etimadnaməmi çıxarıb Tələt Paşaya verdim. Aldı oxudu və möhürdəki ay-ulduzun gözəlliyindən çox məmnun qalaraq etimadnaməni Ənvər Paşaya və Xəlil bəyə göstərərək “Möhürdəki ay-ulduzun gözəlliyinə baxın” dedi. Mən sözə başladım “Əziz Paşalarım, Azərbaycan xalqı 100 ildir rus hakimiyyətinin zülmü altında inləməkdə idi. Qafqaz Rusiya tərəfindən işğal olunarkən səkkiz xanlığın xalqı olan Azərbaycanlılar, yəni dini bir, dil bir, adət və ənənələri bir olan millətimiz Türk millətidir. Millətimiz rus hakimiyyətinə qarşı gecəli-gündüzlü hər fədakarlığa qatlaşaraq çalışdılar. Bu çalışmaların rus çarlığının devrilməsində böyük rolu olmuşdur. Qafqazda başsız qalan rus ordusu pərişan halda idi. Millətimizin silahlı qüvvələrinin hücumuna, təzyiqinə dözə bilmədilər. Onlar az bir vaxtda silahlarını ataraq çəkildilər. Azərbaycanın hər tərəfində xalqı idarə edə biləcək milli komitələr quruldu. Artıq anarxiyadan heç bir əsər-əlamət qalmadı. Ancaq bu gün üçün yaxşı olan bu vəziyyət sabah təhlükəlidir. İqtisadiyyatımız, ictimai vəziyyətimiz, imanımız, mədəniyyətimiz hər sahədə rus millətindən qat-qat üstün olduğu halda Azərbaycan Türklərinin istiqbalı qaranlıq görünür. Müstəqil yaşamağa öyrənmiş millətimizin böyük bir nöqsanı vardır. Xalqımızın vaxtı ilə hərbi təlim və tərbiyədən məhrum edilməsi və rus çarı Dəli Pyotrun vəsiyyətnaməsi gərəyincə İran və Türkiyə, Rusiya himayəsi və nüfuzu altına keçmədən Qafqazdan əsgər alınmasını əmr etməsi bu əksikliyi doğurmuşdur. Azərbaycan xalqı sizdən yardım gözləyir. Siz qardaş əlinizi bizə uzadaraq yardım edin. Müstəqil olaq. Siz bizi çəkib özünüzə qatmaq istəsəniz biz buna razı ola bilmərik. (Bu zaman mərhum Tələt Paşa salondakılara “baxın ilhakı nə gözəl Türkcə anladır” dedi.) Bizə böyük hərbi qüvvə göndərməyin. Bizə hərbi mütəxəssis və çavuş kadrları göndərin. Biz də az bir zamanda böyük hərbi qüvvə qurmağın imkanı vardır. Türk olduğumuz üçün istənilən qüvvə qanımızda mövcuddur. Xalqımızın milli qüvvətinə güvənərək az bir zamanda rusları torpağımızdan təmizləyib ata bildik. Mən sözümü bitirməmişdim. Tələt Paşa Xəlil bəyə baxaraq “Bravo Xəlil bəy” dedi və bizə tərəf dönərək “Əfəndim dünən firqə mərkəzində bu məsələni müzakirə edirdik. Xəlil bəy nəyin bahasına olursa olsun hər fədakarlığa qatlaşıb Qafqazda bir İslam dövləti qurmamız fikrini müdafiə edirdi. (Mən dərhal sözə qarışdım: Bəli, biz islamıq, ancaq Türk olduğumuzdan Milli Türk hökuməti qurulmasını düşünürük və istəyirik” dedim. Bu vəziyyətə çox məmnun olduq və “İnşaallah edəcəyik” dedik.

Danışıqlarımızın rəsmi hissəsi bitmişdi. Mən Birinci Dünya müharibəsinin ilk illərində rus mətbuatının “Osmanlı dövlətinə ən ağır zərbəni ingilis ordusundakı müsəlmanlar, xüsusilə də ərəblər vurur” deyə yazdığını söylədim və “Bu din qardaşlarımızın içində Türk mehmetciyini nişan alaraq canına qıyan bir kəs varmı?” deyə soruşdum. Bu suala Tələt Paşa belə cavab verdi: “Mən ərəblərin millətçi liderləri ilə bu məsələni müzakirə etdim və onları ərəb millətinin ingilislər tərəfində olmamasını razı saldım”. Sözə Ənvər Paşa qarışdı. “Bunlardan başqa ingilislər ərəblərə müharibənin sonunda xilafəti bizdən alıb ərəblərə verəcəklərini vəd etmişlər.” Mən “Paşam xilafəti də onlara verəydiniz” dedim. Ancaq, bu sözlərə Ənvər Paşanın çox hirsləndiyini hiss etdim. Üzü qızardı və əsəbi bir səslə “Ola bilməz, son nəfərin Xəlifə həzrətlərinin yanında şəhid olması gərək” cavabını verdi. Artıq söhbətimiz bitmişdi. Bu zaman Ömər Faiq “Paşam mən qəzetçiyəm. Azərbaycan mətbuatında çox çalışmışam. Azərbaycan Xalqı Türklüklərini qəti dərk etmiş bir millətdir. İstiqlala layiqdirlər. Güclü bir ədəbiyyata malikdirlər. Ancaq, mənim xahişim budur ki, bizim qəzamız Ahıska düz Türkiyənin sərhəddindədir. Oranın sizə ilhaq olunmasını istəyirəm” dedi. Tələt Paşa “Əmin olun Paşa həzrətləri bu arzunuzu yerinə yetirər. Sabah təşkilatı qurmağa başlayacağıq” dedi. Əziz oxucularım bunu da əlavə edim ki, Osmanlı dövləti rəhbərliyi ilə görüşən zaman mən bir dövlətin səlahiyyətli vəkili deyildim. Danışıqlarımızda heç bir etiket yox idi. Böyük Türk Millətinin bir qolu olan Azərbaycan türkləri öz qüvvələrinə dayanaraq əsarət zəncirini qırmışlar, vətənlərini düşməndən təmizləmişlər. İndi də bir övladını böyük qardaşları olan Osmanlı İmperatorluğu rəhbərliyinin yanına göndərmişdilər. Bu görüş və anlaşma iki qardaşın dərdləşməsi idi.

Qaldığımız mehmanxanaya gəldik. Sevincimin həddi-hüdudu yox idi. Ömər Faiqlə göz yaşları içində öpüşdük. Ömər Faiq lap düz yerində məni dəstəkləmişdi. Ertəsi gün hərbi Nazirliyə dəvət edildim. Nazirlikdə cənab Yavər Kazım bəylə (Kazım Orbay) ilə görüşdüm. Digər yavərlər ilə də tanış oldum. Cənab Yavər Kazım bəy məni Umur Şərqiyə Ali Baş-hamba ilə tanış etdi. Yarım saatdan sonra məni Ənvər Paşanın kabinetinə gətirdilər. Ənvər Paşa məni gülə-gülə qarşılayıb qarşısında oturtdu və “dünən verdiyiniz məlumat məni çox sevindirdi. Sevincim və nəşəm hələ davam etməkdədir. Hərbi təlim-tərbiyə görməmiş xalq qüvvələri nə müdhiş varlıq, nə yenilməz qüvvə imiş” dedi. Mən də dərhal “Bəli Paşam o xariqəni yaradan Türk millətidir. Paşam mənim verdiyim izahat Azərbaycan türkləri haqqındadır. Rusiyada 35 milyon Türk-müsəlman yaşamaqdadır. Bunlar Türkistan, İdil, Ural, Krım, Şimali Qafqaz və digər yerlərdə yaşamaqdadırlar. Bu saydığım Türk xalqları hər tərəfdə öz torpaqlarından rusları qovmuşdular. Artıq bu yerlərdə rus hərbi qüvvələri deyilən heç bir şey qalmamışdır. Ancaq, təəssüf ki, əsil rus milləti 80 milyondur. Günün birində bu millət özünü ələ alacaq və ətrafını hədələməyə başlayacaqdır. Bizim təşvişimiz bu gün üçün deyil, sabah üçündür” cavabını verdim. Ənvər Paşa “Bilirsinizmi ki, rus çarı devrildikdən sonra hakimiyyətə gələn Kerenski, müharibəni qələbəyə qədər davam etdirəcəyini bütün dünyaya elan edərək həm bizi, həm də almanları narahat etmişdir. Çar üsul-idarəsinin çürük olduğunu almanlar və biz bilirdik. Halbuki, Kerenski idarə etdiyi hökumətə deyil, 80 milyon rusa arxalanırdı” dedi. Paşa daha sonra mənə Qafqaz İslam ordusunun yaradılmağa başlandığını və bir yüksək rütbəli zabitlərlə təmin olunacağını, bunun üçün bir komissiya qurulduğunu anlatdı və “Sizin də komissiyada olmağınızı uyğun saydıq. İndi isə sizə gələcək Qafqaz İslam Ordusu komandanı şahzadə Fərux ilə tanış edəcəyəm” dedi. İçəriyə gənc bir zabit girdi. Ənvər Paşa bizi tanış etdi. Sonra birlikdə yavərin otağına keçdik. Orada da bir az söhbət etdikdən sonra ayrıldıq. Şahzadə ilə bir daha görüşə bilmədim. Daha sonra Ömər Faiqlə Məclisi Məbusana (Deputatlar məclisi – C. Q, M. Ə) getdik. Orada məclis rəisi Hacı Adil bəylə tanış olduq. Axşam Pera Palas mehmanxanasında hökumətin senzur idarəsi ilə mətbuatın anlaşması məqsədi ilə hökumət tərəfindən veriləcək axşam yeməyinə dəvət edilmişdik. Hacı Adil məndən məclis barədə fikrimi soruşdu. Mən də “Bəyəfəndi Məclisində 24 çalmalı saydım. Onların burada nə işi var?” deyə soruşdum. Hacı Adil bəy “İndi çox yaxşı vəziyyətdədir. İlk məclisimizdə 24 çalmasız tapa bilməzdiniz” dedi. Sonra mənə Qafqaz haqqında suallar verdi. Cavablarını bildiyim qədər verdim. Ən axırda isə Bakı milyoneri, xeyriyyəçi Hacı Zeynalabdin Tağını soruşdu. Ona Hacı haqqında bildiklərimi anlatdım (Təfsilatı Ankarada nəşr edilən “Azərbaycan” dərgisində verilmişdir.)

Bu zamanlar hər gün qurulacaq ordu ilə əlaqədar komissiyanın işində yaxından iştirak edərək müraciət edənləri yoxlamadan keçirdikdən sonra qeydə alırdıq. Ancaq, görüşdüyüm siyasi xadimlərdən “İttihat və Tərəqqi” Partiyasının mərkəzi qərargahında yalnız Tələt, Ənvər və Camal Paşaların Türk ordusunun Qafqaza getmələrini istədiklərini, digərlərinin isə buna razı olmadıqlarını öyrəndim. Mən demək olar ki, hər gün Ənvər Paşa ilə görüşdüm. Mən görüşümüzün birində özümü topladım və Ənvər Paşanın mənim xatirimi istədiyindən istifadə edərək dedim: “Paşam, sizinlə açıq danışmaq istəyirəm. Biz Qazfaz Türkləri iki qüvvəyə inanırıq. Yuxarıda Allah, aşağıda Ənvər Paşa. Eşitdiyimə görə sizin Nuru adlı bir qardaşınız vardır. Sizdən xahiş edirəm. Qafqaza gedəcək hərbi qüvvənin başına Nuru Paşanı təyin edin. Paşam, ölkəmiz dünyanın ən zəngin yerlərindən biridir. Qocaman div olan Rusiyanı qudurdan, sağa-sola hücum etdirən Bakı neftidir. Bu neftin 70%-i biz Azəri Türklərinindir. Xalqı zəhmətkeş və çalışqandır. Eyni zamanda olduqca qəhrəmandır. Bir də Paşam sizin Qafqaza gedəcək hərbi qüvvələrə komandan təyin etdiyiniz şahzadəni hər axşam Pera Palas mehmanxanasının salonunda içki içib rəqs etdiyini görürəm. Qafqazda belə hərəkətləri xoşlamırlar.” Ənvər Paşa məndən “Hacı bəy, sizin orada içki içmirlərmi?” deyə soruşdu. Mən isə bu suala “İçirlər Paşam, ancaq, pivə kimi zəif alkoqollu içki olan şərab “Votka” deyilən sərt içkidən isə ruslar istifadə edirlər. Bizdə içki içərlər, ancaq sərxoş olmaq üçün deyil” cavabını verdim. Məni dinləyən Ənvər Paşa “Çox yaxşı” dedi. Sonra telefon edərək Qafqaza gedəcək zabitlərin içki içib-içmədiklərini də yoxlamasını da əmr etdi və sonra mənə “Nağı bəy, Nuru çox gəncdir, necə olar?” dedi. Mən də dərhal “Paşam, Nuru Paşanın Trablis - qərbdəki fəaliyyəti haqqında burada heç kəsdən məlumat ala bilmədim. Rus mətbuatı Nuru Paşadan və onun fəaliyyətlərindən uzun-uzadı bəhs edən materialları Qafqazda oxumuşdum. Və bir də Paşam sizin qardaşınız olması yetər” dedim. Ənvər Paşa “Yaxşı sabah söhbət edərik” dedi və ayrıldıq.

Ertəsi gün Hərbi Nazirliyə gələndə dərhal məni Ənvər Paşanın yanına apardılar. Ənvər Paşa həmişə olduğu kimi məni yenə də gülər üzlə qarşıladı və “Bəli Nağı bəy istədiyiniz oldu” dedi. Mən də “Paşam çox sevindim və sabah bütün Qafqaz Türkləri də sevinəcəklər” dedim. Ənvər Paşa məndən Azərbaycanda İsa Aşurbəyov adlı bir nəfəri tanıyıb-tanımadığımı soruşdu. Mən də “Çox yaxşı tanıyıram Paşam. Zəngin bir ailəyə mənsub, vətənpərvər bir şəxsdir” dedim. Ənvər Paşa ayrıca Aşurbəyovun Türkiyəli Rüşəni bəy adında bir dostu olduğu və bunların mücadilə üçün pul istədiklərini söylədi. Rüşəni bəyi tanımırdım. Ancaq, işin içinə pul məsələsi girincə iş dəyişmişdi. Ənvər Paşaya “Paşam, indi iş dəyişdi. İsa bəy bakılıdır. Bütün Qafqaz təşkilatlarının məsrəfləri Bakıdan təmin edilməkdədir. Azərbaycanda, hələ Azərbaycanın mərkəzində pul məsələsi düşünülə bilməz. İsa bəy bunu məndən yaxşı bilir. Göndərməyin, mən məsuliyyəti öz üzərimə götürürəm. Bu işdə nə isə bir anlaşılmamazlıq var” dedim. Ənvər Paşa mənim sözlərimi qəbul etdi və pul göndərilmədi. Bu zaman içəri bir Paşa girdi. Ənvər Paşa “Bax istədiyin Nuru bu” deyərək bizi tanış etdi. Nuru Paşa ilə birlikdə İslam ordusunun qərargahına gəldik.

Günlər keçir. Nuru Paşanın ştab rəisi Miralay (polkovnik – C. Q, M. Ə) Nazim bəylə birlikdə (İstiqlal Savaşı zamanı Sakaryada şəhid olmuşdur) gərgin bir şəkildə çalışır və kadrları tamamlayırdıq. Mən vəziyyətdən çox razı idim. Nuru Paşa həm özü işləyir, həm də bizi işlədirdi. Bu arada bir görüşümüz zamanı Ənvər Paşanı çox məmnun gördüm və bundan cəsarət alaraq “Paşam, sizdən Hüsaməddin bəyin rütbəsinin bir dərəcə artırılmasını xahiş edirəm” dedim. Ənvər Paşa “Nağı bəy, əsir düşən bir zabitin necə əsir düşdüyü tədqiq edilməlidir. Baxarıq günahı necədir?” dedi. Mən dərhal “Paşam, bizim orada görüşdüyümüz iş nəzərə alınmırmı? Ruslar ilə mücadiləmizdə Hüsaməddin bəyin böyük rolu vardır” dedim. İki gün sonra Ənvər Paşa məni hüzuruna çağırdı. Dərhal getdim. Gülərüzlə “Nağı bəy, Hüsaməddin bəyin raportunu aldım və çox məmnun qaldım. İstifadə edəcəyik. Özünün də rütbəsini bir dərəcəyə yüksəltdim” dedi. Sevindim və ona təşəkkür etdim. Hüsaməddin bəy raportunda general Əli Şıxlinskidən bəhs edirdi. Ənvər Paşaya “Paşam, Dünya müharibəsində biz türklərdən dörd general rus ordusunda ordu komandanı olmuşdular. Yalnız bir gürdü günüralı korpus komandanı ola bilmişdir. Türklərdən ordu komandanı Səməd bəy Mehmandarlı rus-yapon müharibəsində korpus komandanı olaraq rus ordusunun ən yüksək nişanını almışdı. İkinci general Əli ağa Şıxlinskidir. O, rus ordusunun artilleriya üzrə müfəttişi idi. Üçüncü general Xan Naxçıvanskidir. Dördüncüsü isə Xan İrəvanskidir. Bu generallar bizim ruslarla mücadiləmizdə heç bir rol oynamadılar” dedim. Qeyd komissiyasının işi davam edir, ancaq mən bu arada heç bir fikir bildirmirdim. Əslində qeyd olunanlardan heç kimi tanımırdım. Ancaq bir gün əslən Qafqazlı olan Tahir adında bir müəllimin imam olaraq orduya daxil olmaq məqsədi ilə müraciət etdiyini gördüm. Etiraz etdim və dedim ki: “Qafqaza gedən ordu deyil ki, imamı olsun. Orada müəllim əfəndilərə iş yoxdur. Çünki oradakı müəllimlərə Dünya müharibəsində iştirak etmək qadağan olunmuşdur”. Bir cümə axşamı Ənvər Paşa mənə “Nağı bəy, sabah Sultan tərəfindən qəbul ediləcəksən. Saraydan avtomobil gəlib sizi götürəcəkdir” dedi. Cümə günü deyilən vaxtı avtomobil gəlib məni Yıldız sarayına apardı. Sultan Rəşad namazda idi. Biz bir başqa otaqda söhbət edib gözləyirdik. Sultanın namazdan çıxdığını bizə xəbər verdilər. Bayıra çıxdıq. Bəhriyyə orkestri marş çalır, vəkillərlə mən də sıraya düzülmüşdük. Sultan yanında da Ənvər Paşa salam almış vəziyyətdə bizə doğru gəlirdilər. Vəkillərin hamısı fəsli olduğu halda təkcə mən gümüşü papaqla gözə çarpırdım. Düz yanımıza yaxınlaşdıqları zaman Sultan Ənvər Paşaya məni göstərərək “Bu kimdir?” deyə soruşur. Ənvər Paşa “Qafqaz vəkili Nağı bəydir” cavabını verir. Sultan mənim Türkcə bilib-bilmədiyimi soruşur və sonra yanımızdakı pilləkənlərlə yuxarı çıxaraq otağına girir. Biz də onun arxasınca pilləkənləri çıxaraq qarşıdakı otağa giririk. Bir az sonra Ənvər Paşa gələrək mənə “Nağı bəy, Sultanın hüzuruna qəbul olunursunuz” dedi. Sultanın otağına bərabər girdik. Mən ədəblə salam verdim. Sultan məni gözləri ilə süzdü və “Demək Türkcə bilirsən” dedi. Mən də “Bəli Sultanım, mən Türkəm” dedim. Sultan mənə “Mən səni çərkəz zənn etdim” dedi. Mən dərhal “Qafqazda 5 milyon Türk vardır. Bunların içərisində çərkəzlər 200.000-ə qədərdirlər” dedim. Sultan Rəşad bu sözlərimdən məmnun olmadı və “demək zalım çar onları məhv edib tükətmiş” dedi. Sonra o, mənə anasının Çərkəz olduğunu və çərkəzləri çox sevdiyini söylədi. Mən “Sultan həzrətləri, Rusiyada 35 milyon Türk-İslam vardır. Əsrlərlə zalım rus çarlarının zülmü altında inləməkdə idilər. Allahın köməyi ilə Çarı devirərək zəncirləri qopardıq. Məni vəkil edərək müsəlmanların hörmətli xəlifəsinə salamımızı çatdır dedilər. Hamımız Sizə dua etməkdəyik” dedim. Bu sözlərimdən çox məmnun olan Sultan Ənvər Paşaya tərəf döndü və “Nağı bəyə üçüncü dərəcəli məcidiyyə verin” dedi. O zaman əncir aldığım baqqalın məcidiyyələri yadıma düşdü. Ənvər Paşa “Sultan həzrətləri, Nağı bəy və yoldaşları ruslarla çətin müharibələr apararaq onları Qafqazdan qovmuşlar. Müharibə medalının devrilməsini əmr edin” dedi. Biz bayıra çıxdıqda Ənvər Paşa əlimi sıxdı və “əmirlərə verilən üçüncü məcidiyyə nişanı ilə təltif edildiniz, təbrik edirəm” dedi. Bu zaman anladım ki, alacağım məcidiyyə deyil, məcidiyyə nişanıymış. “İttihat və Tərəqqi” Partiyasının mərkəzindən doktor Baba Şakir ilə doktor Nazim bəylər mehmanxanaya gələrək vizit vərəqələrini mənim üçün qoyub getmişdilər. Mən də onlarla görüşmək üçün partiya mərkəzinə getdim. Orada onlarla xeyli söhbət etdik. Mənə müxtəlif suallar verdilər. Bu sualların hamısına doğru-düzgün, ətraflı cavab verdim. Baba Şakir bəy Xocalarla inqilabınızda necə dil tapa bildiniz “Sizi başa düşdülərmi?” deyə soruşdu. Ona belə cavab verdim: Xeyr, Xocalar toplaşaraq bir İslam Partiyası qurdular. Şərait istəyirik dedilər. İlk zamanlar əhəmiyyət vermədik. Bizim partiyamız, yəni Türk Ədəmi Mərkəziyyət Partiyası bütün milli mənafelərimizə cavab verən prinsipləri proqramında əks etdirdiyindən qüvvətli idi. Bütün ziyalılar, tacirlər və bütün hörmətli şəxslər partiyanın ətrafında sıx birləşdilər. Ancaq, biz sonradan bu xocalıların əleyhimizə təbliğat apardıqlarının şahidi olduq. Onlar xalqa deyirdilər ki, Partiya lideri olan Nəsib bəy bir kitab nəşr edərək ətrafında gəncləri toplamış və Qurani Kərimin əleyhinə təbliğat aparır. Bunun qarşısını almaq məqsədi ilə biz böyük bir xalq toplantısı təşkil edib onları xalq qarşısında təkzib edilməz dəlillərlə məğlub etdik. Biz bu xalq toplantısında xalqın təzyiqi ilə belə bir qərar çıxartdıq. Xocalar, mollalar camelərdə oturaraq, nigah kəsəcək, cənazə mərasimini idarə edəcək və qətiyyən dünyəvi işlərə qarışmayacaqlar. Dini işlərimizlə onlar, milli işlərimizlə yalnız biz məşğul olacağıq. Bu qərardan sonra da onlar heç vaxt bizim milli işlərimizə mane olmadılar. Məsələ bununla da öz həllini tapmış oldu.”

Bir neçə gün sonra Nuru Paşanın hərbi mütəxəssislərdən ibarət kadrların təşkilini tamamladığı və hərəkətə hazır olduğu xəbərini aldım. “Nuru Paşanı Heydərpaşadan yola salırıq. Ənvər Paşa və yavərləri, digər paşalar və hökumət üzvlərindən bir neçə nəfər gözləmə salonundayıq. Qatar artıq yola düşməyə hazır və yola salanların hamısı perrona çıxırlar. Ənvər Paşa və qardaşı Nuru Paşa tək qalırlar. Mən də perrona çıxanlar arasında idim. Birdən məni çağırdılar, geri döndüm. Oradakılar məni “Sizi nazir həzrətləri istəyir” dedilər, getdim. İki qardaş baş-başa dayanmışlar. Yaxınlaşıram. Ənvər Paşa bir əlini Nuru Paşanın, digər əlini isə mənim çiynimə qoydu və “Siz ikiniz də mənim qardaşımsınız. Sizə son sözüm bu” dedikdən sonra Qafqazda görəcəyimiz işlər haqqında təlimat verdi”....

Bir sabah yenə hərbi Nazirlikdən çağrıldım. Məni Ənvər Paşa görmək istəmişdi. Mən içəri girərkən o, yenə gülərüzlə “Nağı bəy, hazırsınızmı?” dedi. Mən də “Paşam hər dəqiqə hazıram” cavabını verdim. Paşa mənə “Axşam saat beşdə Rəşid Paşa paroxodu ilə Kestəncəyə, oradan da Braylova, sonra Rumıniyadakı korpus ilə bərabər Trabzona gedib oradan Batuma gedəcəksiniz. Bir xahişiniz, bir istəyiniz varmı? deyə soruşdu. Mən cavabında “Tez getmək istəyirəm. Qafqazda çox iş görmək lazım gələcək. İnşaallah Nuru Paşa müvəffəqiyyət qazanacaqdır. Mən onun üçün hər cür fədakarlıqları edəcəyəm. Əmin ola bilərsiniz” dedim. O, bir an üzümə baxdıqdan sonra “Nağı bəy, “Umuru Şərqiyyə” rəisi Əli Basxana iki dəfə sizə pul təklif etmiş, ancaq qəbul etməmisiniz. Sizə pul lazım olacaqdır. Mən istəyirəm ki, siz Qafqazda xüsusi işlərinizdə deyil, Nuru ilə bərabər çalışasınız” dedi. Mən də “Paşam, pulum var. İki aydır Türkiyə torpaqlarındayam. Ayaq basdığım aydan etibarən sizin hesabınıza yaşayıram. Əgər pula ehtiyacımız olsaydı, əmin olun ki, istəyərdim. Batuma qədər yenə də sizin hesabınıza gedəcəyəm. Qafqazda isə pula ehtiyacım olmaz. Paşam, sizə söz verirəm, fəxri olaraq axıra qədər üzərimə götürdüyüm vəzifəni davam etdirəcəyəm” dedim. Ənvər Paşa ilə vidalaşıb ayrıldıq.

Mən Türkiyədə İttihatçıları idealist bir insan xarakterinə malik olanlar kimi gördüm. Hamısında İslam Birliyi tərəfdarı kimi keyfiyyətlər gördüm. O, İslam Dünyasının varlığını hər şeydən, hər varlıqdan üstün tuturdu. Halbuki o, axırda ən böyük zərbəni müsəlman olan Ərəb dünyasından yemişdir. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info