Qonaq Kitabı
1917-ci İL BÖYÜK RUS İNQİLABI

Hamımızın gözlədiyimiz gün nəhayət gəlib çatdı. Çürümüş nəhəng ağaca bənzər imperiyanın yıxılması ilə Rusiyanın hər tərəfində anarxiya başlamışdı. Çoxmillətli Moskvanı da qeyri-sabitlik bürümüşdü. Mərkəzdəki inqilabçılar toplaşaraq Kerenskinin rəhbərliyində müvəqqəti hökuməti qurdular. Ancaq, bu hökumət çox davam gətirmədi. O dövrlərdə Rusiyada hakim olub onu idarə etmək çox çətin idi. Hələ Kerenski kimi xaraktercə zəif bir insan burada duruş gətirə bilməzdi. Mərkəzdə Kerenskinin ESER təşkilatı bolşeviklərlə mübarizə aparırdı. Rusiyanın digər tərəflərində isə hərbçilər hakimiyyəti əllərinə almağa çalışırdılar. Onlar bəzi yerlərdə buna nail də olmuşdular. Hətta bu təşkilat türklərin əksəriyyət təşkil etmələrinə baxmayaraq, erməni və rus əsilli fəhlələrə arxalanaraq Bakıda hakimiyyəti əlinə keçirdi. Gürcüstanın mərkəzi olan Tiflisdə hərbi təşkilat Ölkə Seymi idi. Bu təşkilat bir tərəfdən gürcülərlə mübarizə edir, digər tərəfdən də Qafqazı Moskvanın hərbi təşkilatına bağlamaq istəyirdi. Bu zamanlarda Gəncə şəhərində isə vəziyyət belə idi: “Şəhərdə iki rus ehtiyat alayı (218-219) var idi. Bunların əsgərləri ermənilərlə anlaşaraq hərbi təşkilat (Soldatski Deputat) qurmuşdular. Onlar biz türklərə təzyiq edərək şəhərə hakim olmaq istəyirdilər. Biz isə hər iki ehtiyat alayının rus əsgərlərini və erməni təşkilatlarını qarşımızda dura bilməyəcək bir qüvvə sanırdıq. Hər an hakim vəziyyətdə idik. Bu zaman Gəncə şəhərinə Qafqaz cəbhəsindən bir kazak süvari alayı gəldi və kazarmalarda yerləşdilər. Kazakların gəlişi şəhərdəki rus əsgərlərinə cəsarət vermiş və vəziyyət bir anda dəyişmişdi. Rus əsgərləri bir neçə mülki əhalini vurmuş və buna cavab olaraq da bir neçə rus əsgəri öldürülmüşdü. O gün qaranlıq düşərkən əsgərlər kazarmalarına, xalq da evlərinə dağılır.

Eyni axşam Bələdiyyə rəisi fəlakətin böyüməməsi üçün fövqəladə bir yığıncaq keçirir. Yığıncağa şəhərdəki rus hərbi qüvvələrinin yüksək rütbəli zabitləri, Gəncə Milli Komitəsinin üzvləri və bir də kazak polkovniki dəvət edilir. Bu yığıncaq Gəncənin Türk məhəlləsindəki Bələdiyyə binasında keçirildi. Müzakirələr axşam saat 20-də başladı. Yığıncağı Bələdiyyə rəisi Xəlil bəy idarə edirdi. Müzakirələr çox qızğın və mübahisələr şəklində keçirdi. Bu zaman hərbi nümayəndənin rəhbəri Andreyev söz aldı və əsəbi halda yüksək bir tonla: “Söyləyəcəklərim bir rus əsgərinin son və qəti sözüdür. Sabahdan etibarən küçələrdə görünəcək hər silahlı mülki vətəndaşın silahı əlindən alınacaq və özü də cəzalandırılacaqdır” dedi. Bundan sonra Milli Komitə rəisi mərhum Nəsib bəy yerindən qalxdı və Bələdiyyə salonunu cingildədən gur səsi ilə bu çıxışı etdi: “Mən də sizlərə türk xalqının qərarını elan edirəm. Sabahdan etibarən Gəncə küçələrində silahlı olaraq görünən hər rus əsgərinin silahı əlindən alınacaqdır”. Nəsib bəyin sözləri salonda olan türklər tərəfindən hərarətlə qarşılandı. Hərbçilərin nümayəndələri salonu tərk etməyə hazırlaşarkən şəhərdə olan kazak alayının komandanı Bələdiyyə rəisindən söz istəyir. Rus əsgərləri geri dönüb polkovniki ayaqüstə dinləyirlər. Salonda tam sakitlikdir. Kazak alayının polkovniki getməyə hazır olan rus hərbçilərinin nümayəndələrinə dönərək bunları söyləyir: “Bütün Rusiyada mövcud olan silahlı rus əsgərləri hərbi andı unudaraq komandirlərini ya boğmuş, ya da başqa formalarla öldürmüşdülər. Ancaq, mən alay komandiri olaraq alayımla cəbhəyə getdiyim kimi, yenə alayımın komandiri olaraq məmləkətimizə dönürəm. Siz rus əsgərlərinə bunu xatırladıram. Bu gün Moskva ətrafında çarpışan iki cərəyan vardır. Bunlardan biri Leninin bolşevizmi, digəri də Kerenskinin demokratizmi. Siz bu cərəyanlardan hansına mənsub olursunuz olun. Hər iki cərəyanın liderləri də millətlərin müqəddəratlarının özlərinə aid olduğunu elan etmişdilər. Bu ölkədə yaşayan xalqın ruslarla heç bir əlaqəsi yoxdur. Hökumətlərini öz əllərinə almaq istəyirlər və buna da haqları var. Siz əgər mənim kazaklarımın bu şəhərə gəlişindən cəsarətlənirsinizsə, bunu yaxşı bilməlisiniz ki, mənim kazaklarım sizin haqsız hərəkətinizə tərəfdar deyillər və əsla da ola bilməzlər”. Polkovnikin sözləri xalqımız tərəfindən hərarətlə alqışlanır. Rus əsgərləri saralmış və qorxmuş vəziyyətdə salonu tərk edirlər. Xalq kazak polkovnikini küçəyə qədər çiyinləri üstə çıxarırlar.

Biz polkovnikə yay klubunda ziyafət verməyə hazırlaşarkən o klubda Milli Komitə rəisi mərhum Nəsib bəylə görüşür. Bu zaman yanlarına yaxınlaşaraq onları ziyafətə dəvət edirəm. Ancaq, Nəsib bəy mənə “İndi ziyafətin vaxtı deyil, gör polkovnik nə söyləyir” deyir. Polkovnik “Dostlarım, məsələ çox ciddidir. Mən nə qədər onlarla sərt danışdımsa da, kazaklarıma tamamilə güvənirəm. Sabah rus əsgərlərinin xalq ilə çarpışması zamanı kazaklar rus əsgərlərinə yardım edərlər. Mən alayıma istirahət etdirmirəm, gecə yarısı stansiyaya doğru hərəkət edərəm. Sizə qarşı rəğbətimi isbat üçün də alayın ehtiyat silah və sursatını sizə qoyub gedəcəyəm” dedi. Bundan sonra şəhərin məhəllələrini bir neçə nəfərlə dolaşaraq zəruri təlimatı verdik. Aldığımız qərar belə idi: “Dan yeri ağaranda bütün qüvvələrimiz məhəllələrində hazır gözləyəcəklər. Mənim məntəqəm Dördyol məhəlləsi idi. Stansiya küçəsi bu məhəllədən keçir. Kazak polkovnikinin verdiyi qərara görə hər on dəqiqədə yüz kazak keçəcək.

Ertəsi gün kazaklar keçməyə başladı. Xalqımız onları alqışlayır. Bu arada bir-birilərinə sarılıb öpüşənlər də olurdu. Nəhayət sübh tezdən kazaklar yola salınmışdı. Kazakların getməsindən sonra məhəllə varlılarından Məhəmmədəli dayı bizi sabah çayına dəvət etmişdi. Biz oraya gedərkən bir növbətçi həyəcanla yaxınlaşdı və silahlı olan rus əsgərinin kazarmalarından çıxıb stansiyaya doğur getdiklərini xəbər verdi. Dərhal geri döndük. Məşhur qaçaq Qənbər yoldaşları ilə birlikdə həmin rus əsgərlərini dövrəyə alıb tərpənmələrinə imkan verməyərək tərksilah edirlər. Sonra bu əsgərlər həbs olunaraq “Ümid” pambıq fabrikinin zirzəmisinə salındılar. Beləliklə, axşama qədər şəhərdə silahlı olaraq görünən rus əsgərlərinin silahları əllərindən alınaraq yuxarıda adını çəkdiyimiz zirzəmiyə salındılar. Gecə toplaşan Milli Komitə günün hadisələrini müzakirə edirdi: Axşama qədər 60 silahlı rus əsgəri yaxalanmışdısa, silahsız çıxanlara heç kəs toxunmamışdı. Rus əsgərləri bizi hədələsələr də artıq heç bir tədbirə əl atmamışdılar. Milli Komitə tərəfindən o gün şəhərdə müharibə vəziyyəti elan edildiyindən xalq səfərbər edilərkən silahlı küçələrdə dolaşırdı. Komitənin iclası gecə saat 24-ə qədər davam etdi. Xalqımızın həyəcanı və günün uğurları diqqətə alınaraq iclasın sonunda qəbul olunan qərarda öz əksini tapdı: “Gecə səhər açılmadan dörd kazarma xalq qüvvələrimiz tərəfindən mühasirəyə alınacaq və hər kazarmaya Komitə üzvlərindən dörd nəfər gedərkən silahları təslim olacaq. Bu zaman təslim olmayıb müqavimət göstərən məhv ediləcək. Milli Komitənin binası önündə toplaşanlar qərarı öyrənib məhəllələrə lazımi təlimatlar vermişdilər.

Səhərə yaxın saat 4-də kazarmalar mühasirəyə alındı. Təşkil olunan nümayəndə heyətində mən də var idim. biz lazımi işarəni alan kimi bizə tapşırılmış kazarmaya yaxınlaşdıq. Kazarma dörd bir tərəfdən mühasirəyə alınmışdı. Kazarmanın qapısını döydüm. İçəridən bir səs kim olduğumuzu soruşdu. Ona Milli Komitə üzvü olduğumuzu söylədim. Bir az sonra qapı açıldı. Rus əsgərlərinin rəngləri qaçmış və sapsarı olmuşdu. Qapını açan çavuşa Komitənin qərarını təbliğ etdikdən sonra təslim olmalarını söylədim. Çavuş bir az düşündükdən sonra silahları təslim etdikləri təqdirdə onlara imzalı sənəd verib verməyəcəyimizi soruşdu. Bir tərəfdən müsbət cavab olsa da, mövcud silahların nömrələrini də qeyd etdirmək istədi. Çavuş isə bunun vaxtın azlığına görə mümkün olmayacağını və ancaq tüfənglərin (makinalı tüfənglərin) neçə dənə olduğu haqqında imzalı sənəd verə biləcəyimizi anlatdım. Bunu qəbul edən çavuş daha sonra silahlarını təhvil verəndən sonra onların sonrakı talelərinə təminatı kim verəcəyini soruşdu. Mən ona cavab olaraq qapının önünə toplaşmış rus əsgərlərini və çavuşun da eşidə biləcəyi səslə “Sizi əhatə edən və silahlarınızı almaq istəyən xalqımız Türkdür. Hər qüvvə və qüdrətə malik olsalar da vəhşi deyillər. Silahlarınızı təhvil aldıqdan sonra sizi stansiyaya aparıb Rusiyaya, evinizə yola salacağıq” dedim. Silahları təhvil alınan dörd kazarmanın əsgər və zabitləri elə o gün stansiyaya gətirildilər. Artıq Gəncə şəhərinin içində rus əsgəri deyə bir varlıq qalmamışdı. Milli Komitə hər şeyə hakim idi. Şəhərdəki polis və qəzalardakı jandarm idarələri Milli Komitənin əmrinə tabe idi. Azlıqda qalan erməni və ruslar da təhlükəsiz yaşamaqda davam edirdilər.

Bu hadisədən bir az sonra məni və qaçaq Qənbəri Tatoğullarının toyuna dəvət etmişdilər. Mən toyda əylənərkən Milli Komitə rəisi mərhum Nəsib bəydən Milli Komitənin qərarını bildirən bir xəbər aldım. Verilən xəbərə görə Tiflisdən bir rus diviziyası Gəncə üzərinə gəlirmiş. Rus diviziyası şəhərdən 30 km məsafədə yerləşən Şəmkir stansiyasında qarşılanacağından bizim Şəmkirə qədər olan yolboyundakı kəndlilərə vəziyyəti bildirib ertəsi gün tezdən Şəmkir stansiyasında olmağımız istənilirdi.

Milli Komitənin əmrini yolboyundakı kəndlilərə elan etdikdən sonra ertəsi gün səhər tezdən hamımız birlikdə Şəmkirə çatdıq. Bu zaman nə görsək yaxşıdı. Gəncənin bütün əli silah tutanları oraya toplaşmışdı. Bu xəbəri Milli Komitəyə Tiflisdə rus əsgərlərini qovub yurdlarına hakim olan gürcülər vermişdilər. Onlar bir zirehli qatarın içindəki 300 nəfər gürcü əsgərini də bizə köməyə göndərmişdilər. Xalq qüvvələrimiz və zirehli qatar içindəki gürcü əsgərləri Şəmkir stansiyasında hazır vəziyyətdə gözləyirdi. Bir az sonra rus əsgərləri ilə dolu qatar stansiyaya yaxınlaşıb xalqdan 300 metr aralı dayandı. Onların yanına bir heyət göndərdik. Uzun müddət danışıq apardıq, sonra rus əsgərlərindən bir heyətini stansiyaya dəvət edərək vəziyyəti onlara anlatdıq və göstərdik. Müzakirədə zirehli qatarın komandanı – gürcü polkovniki də iştirak edirdi. Biz ruslara təslim olmaqdan başqa çarələri olmadığını anlatdıq və silahlarını təslim etdikləri təqdirdə vətənlərinə gedə biləcəklərini də bildirdik. Təklifimizi qəbul etdilər və silahlarını təslim edəcəklərini söyləyirdilər. Alınan qərara görə rus qatarının vaqonları bir-bir zirehli qatara yanaşacaq və silahlar təslim edildikdən sonra yollarına davam edəcəkdilər. Universitet və litsey tələbələrindən bir qrupuna silahları təslim almaq tapşırılmışdı. İlk vaqon zirehli qatara yanaşaraq silahlarını təslim etdi. Ancaq ikinci vaqon zirehli qatara yanaşdığı zaman ani olaraq vaqonların qapıları açıldı və ruslar tərəfindən zirehli qatarın təkərlərinə atəş açmağa başladılar. Bir tərəfi çəkən zirehli qatar hərəkət edə bilmədi. Rus əsgərləri hücuma keçərək atəş açmağa başladılar. İlk anlarda 15 tələbə ilə 40-a qədər gürcü əsgəri vuruldu. Ancaq, rus əsgərlərinin bu vəhşi alçaq hərəkətlərini görən xalq qüvvələrimiz hücuma keçərək axşama qədər rusların müqavimətini qırdılar. Qaranlıq düşməyə başlayarkən silahlarını yerə atan rus əsgərləri təslim olmağa başladılar. Ertəsi gün isə rus əsgərlərini vaqonlarına doldurub Rusiyaya göndərdik.

Rus diviziyasını məğlub edən xalqımız şəhərə qayıtmış və rus əsgərlərindən alınan silahlar silahları olmayanlara paylanılmışdı. Ancaq kimsədə zəfər və şənlik nəşəsi yox idi. Çünki bu savaşda 15 şəhid vermişdik. Ertəsi gün xalqın göz yaşları arasında şəhidlərimizə dəfn mərasimi keçirildi. Şəhidlərimizin məzarları başında çıxış edən Milli Komitə rəisi mərhum Nəsib bəy nitqini “Nə mutlu ki, ilk şəhidlik zirvəsinə çatan bu gün dəfn etdiyimiz əziz övladlarımız oldular.” cümləsi ilə bitirdi.

Bu hadisədən sonra Bakıda Qafqaz qurultayı toplaşdı. Qurultayda Gəncə xalqını idarə edən “Ədəmi Mərkəziyyət Partiyası”nın sədri Nəsib bəy ilə “Müsavat Firqəsi”nin sədri Məmmədəmin Rəsulzadə hər iki partiyanın da qayəsinin bir olduğunu nəzərə aldıqdan sonra birləşməyi qərara aldılar. Hər ikisinin də müştərək qayəsi istiqlal idi. Müzakirə edilən partiya proqramında Misaqi Millinin və Konstitusiyanın ana xətləri müəyyən olunmuşdu.

Bu zamanlarda rus əsgərləri Qafqaz cəbhəsini boş qoyaraq geri çəkilirdilər. Qaçan bu əsgərlərin bir məqsədi Rusiyaya evlərinə qayıda bilmək idi. Rusiya hökuməti Qafqaz cəbhəsindəki bu anarxiyanın qarşısını almaqda aciz idi. Əslində elə Rusiyanın hər yerində anarxiyanın bu vəziyyətini ən yaxşı bilən müttəfiqləri olan ingilislərlə, fransızlar idi. Bu iki böyük dövlət rusların müharibəsindən çıxdığını görüncə Qafqaz cəbhəsini erməni və gürcü əsgərləri ilə doldurmağa çalışırdılar və Qafqazı idarə edən Seym hökumətinə də gürcü, erməni və Azərilərdən bir korpus qurulması qərarına gəldilər. Azərbaycan nümayəndəliyi qərarı Gəncə Milli Komitəsinə bildirdi.

Rus ordusunun ehtiyat silahları Tiflis şəhərində saxlanılırdı. Gürcülər korpus qurmaq qayəsi ilə onlara düşən silah paylarını aldılar. Ermənilərin payına düşən silahlar da İrəvana göndərildi. Ancaq, bizə silah verilmir və qatarlarla Azərbaycandan keçən rus əsgərlərinin silahlarının bizə aid olduğunu və bunları almağımızın gərəkliyini bildirirdilər. Qatarların keçəcəyi vaxt əvvəlcədən Gəncə Milli Komitəsinə bildirilirdi. Ancaq, bu zaman ingilis və fransız diplomatları ilə hərbi mütəxəssislərin Tiflisə tez-tez gəlib-getdiklərini gizlincə öyrəndik. Gürcü və ermənilər inglis və fransızlardan aldıqları pullarla erməni və gürcü korpuslarını hazırlamaqla məşğul idilər. Ancaq, nəticədə heç bir şeyə nail olunmadı. Pullar və sərf olunan zəhmətlər hədər getdi. Bakıda yerləşən rus və erməni qüvvələrinin Gəncə üzərinə hücuma hazırlaşdıqlarını duyurduq. Bu zaman Tiflisdən hərəkət edən bir rus korpusunun Gürcüstan tərəfindən sərhədimizi keçərək Gəncə xalqı ilə haq-hesab çəkməyə gəldiyini Tiflisdən vurulan bir teleqramla öyrəndik. Vaqonlara doldurulmuş korpus bütün təchizatı ilə Gəncə üzərinə gəlməkdə idi. Ancaq qatar sürətlə deyil, zəncirləmə üsulu ilə hərəkət edirdi. Yəni vaqonların əllicə metrə sağında və solunda piyada əsgərlər gəlməkdə idilər. Vaqonlardakı rus əsgərləri tüfəng mənzili daxilində nə qədər canlı görürdülərsə nişan alıb vururdular. Rusların bu vəhşiliyinə qarşı yolboyundakı kəndlərdə olan xalqımız və rus əsgərləri ilə dolu vaqonlara atəş açır, ruslara böyük ziyan verirdilər. Ruslar və sərhədimizi keçib Şəmkir stansiyasına qədər – 135 km-lik yolu iki gün, iki gecə qət etdikləri vaxtda daima yol boyunda yerləşmiş kəndlərimizin sakinləri tərəfindən atəşə tutulmuşdular. Hələ gecə qaranlıq düşəndə kəndlilər vaqonlara daha çox yaxınlaşır və rus əsgərlərini daha asan məhv edirdilər.

Ruslar Şəmkir stansiyasına gəlib çatdıqları zaman artıq xalq qüvvələrinin qarşısında dayana bilməyəcəklərini yəqin edib təslim olmağı məqsədəuyğun hesab etdilər. Biz onları Şəmkir stansiyasında qarşılamağa hazırlaşarkən hər cür tədbirləri görmüşdük. Mühasirəyə alındıqlarını anlayan ruslar bizə ağ bayraqlı bir nümayəndə heyəti göndərdilər.

Biz ağ bayraqlı rus nümayəndə heyətini qarşıladıq. Görünüşlərindən çox pərişan olduqları aydın görünürdü. Bizə korpus komandanının səlahiyyətli bir heyəti ilə görüşmək istədiyini bildirdilər. Mən bir yoldaşımla getdim. Biz qatarın durduğu yerə yaxınlaşarkən bir dəstə əsgərlə qarşılaşdıq. Rus əsgərlərinin vəziyyəti çox pərişan idi. Onlar bizim ətrafımıza toplaşaraq “Lənət olsun, biz bu silahları verməyə çoxdan razıyıq. Artıq yetər, biz öz evimizə sağ-salamat getmək istəyirik” deyirdilər.

Vaqonları keçərək korpus komandanının olduğu vaqona gəldik. Ancaq yolda qorxunc bir mənzərə ilə qarşılaşdıq. Vaqonlarda saysız-hesabsız yaralı var idi. Bir də yollarda kəndlilərimiz tərəfindən vurulan əsgərlərin meyitlərini odun kimi vaqon aralarına düzmüşdülər. Bizi bir vaqona mindirdilər. Vaqon teleqraf tellərinə bir tellə bağlı idi. Görünür, onlar ya Tiflislə, ya da Bakı ilə danışırdılar. Biz içəri girən kimi danışığı kəsdilər. Vaqon içində ayaq tərəfdə əmrə hazır bir neçə əsgər durmuşdu. Gənc və tək ulduzlu bir ehtiyat zabiti bizə özünü korpus komandanı Vasilyev deyə təqdim etdi. Daşıdığı rozettdən hüquqçu olduğu məlum idi. Biz komandanın gənc olmasına təəccüblənmədik, çünki artıq rus əsgərlərinin maaşa qulluq edən zabitlərini çoxdan özlərindən uzaqlaşdırmışdılar. Komandan bizdən kimlər olduğunu soruşdu. Milli Komitə üzvü olduğumuzu söylədik. Vasilyev bizə “vəziyyəti bir-birimizə izah etməyə ehtiyac görmürəm. Rus idarəsinin süqutundan bəri anarxiya qasırğası hər tərəfi bürüməkdədir. Bütün bu gördüklərimiz anarxiyanın nəticələridir” dedi. Mən ona cavab olaraq “Biz anarxiyanı beşikdə boğduq. Milli qüvvələrimiz milli nizam-intizama sadiq olmaqla milli rəhbərlərimizin əmrlərinə tabedirlər. Buraya qədər gördükləriniz anarxiya deyil, xalqımızın əsgərlərinizin vəhşi hərəkətlərinə haqlı etirazdır. Siz iki aydan bəri bu ölkədən quş uçmaz, karvan keçməz olduğunu hələ öyrənmədinizmi? Siz nəyə güvənərək yola çıxdınız? Bu gün siz burada bir korpusunuz və qarşınızda heç bir şəkildə hərbi təlim-tərbiyə görməmiş xalq qüvvələri mövcuddur. Hər halda ən böyük qüvvənin xalq qüvvəsi olduğunu bilirsiniz. Hələ o xalq türk xalqıdır və qarşısındakı rus əsgərlərinin heç bir mərkəzə tabe olmadıqlarını da bilsələr vəziyyət tamamilə dəyişər. Bu vəziyyətdə sizə təslim olmaqdan başqa bir çarə qalmır” dedim.

Rus əsgərləri sözümü dinləyərək təslim oldular və silahları alındıqdan sonra yenidən vaqonlara doldurularaq Rusiyaya göndərildilər.

Artıq Gürcüstan tərəfdən rus əsgərlərinin gəlməyəcəkləri qənaətinə gəlmişdik. Ancaq, daima həmişə olduğu kimi təhlükəni Şimaldan gözləyirdik. Azərbaycanın qəlbi və mərkəzi Bakı rus və erməni əsgərlərinin işğalı altında idi. Bakını düşməndən təmizləmək lazım idi. Ancaq, bu xalq qüvvələri ilə başa gələcək iş deyildi.

Vəziyyətə bir çarə arayan Milli Komitə Gəncədə bir toplantı keçirdi. Toplantıya Milli Komitə üzvlərindən başqa şəhərin adlı-sanlı üzvləri də dəvət edilmişdilər. Bu tarixi toplantını açan Nəsib bəy vəziyyəti izah etdikdən sonra nitqini bu cümlələrlə bitirdi. “Xalqın içindən toplanmış xalq qüvvələrinin gördüyü işlər xalqın gözünün qabağında cərəyan etmişdi. Hər hərəkətimiz zəfərlə nəticələnmişdi. Ancaq bu qəhrəman hərəkatlar nəticəni əldə etməkdən çox uzaqdır. Bu dəfə Azərbaycanın mərkəzi Bakı düşməndən təmizlənməlidir. Əslində başsız bədən olmaz və yaşaya bilməz. Gerçək olaraq böyük bir yardıma ehtiyacı vardır və bu yardımı da bizə ancaq Osmanlı İmperiyası edə bilər. Burada Osmanlı imperiyasına bir səlahiyyətli nümayəndə heyətinin göndərilməsini və hərbi yardım istənilməsini qərara alaq”. Nəsib bəyin bu sözləri sürəkli alqışlarla qarşılandı. Bu təşəbbüsün nəticəsinin müsbət olacağına bütün toplantı iştirakçıları inanmışdılar. Osmanlı İmperiyasına nümayəndə göndərilməsi üçün Milli Komitəyə tam səlahiyyət verildi. Ertəsi gün Milli Komitə rəisi mərhum Nəsib bəy məni yanına çağırtdırdı. Nəsib bəy məni Milli Komitə binasındakı otağında qəbul etdi və sözünə belə başladı: “Nağı, bilirsən ki, böyük toplantı Osmanlı dövlətinə bir nümayəndə heyəti göndərmək üçün tam səlahiyyət verdi. Bu ağır və təhlükəli vəziyyəti səndən başqa heç kəsə tapşıra bilmərəm. Hər tərəfdə anarxiyadır və cəbhələr rus əsgərləri ilə doludur. Hərəkət etdiyin andan etibarən səndən heç bir şəkildə xəbər ala bilməyəcəyik. Sağ qalıb-qalmayacağın haqqında da heç nə bilməyəcəyik. Ancaq sənə güvənirəm və düşmənə asanlıqla baş əyməyəcəyinə inanıram. Hüsaməddin bəy də çoxdandır ki, Türkiyəyə getmək istəyirdi. Mən isə ona mane olurdum. Onunla bir xeyli söhbət etdim və razı qaldım. Hüsaməddin bəy də səninlə gedəcək. O, sərhədi keçəndən sonra sənə hər cür yardım edəcək. O, bizim kömək istədiyimiz Osmanlı İmperiyasının bir zabitidir. Hüsaməddin bəy xalqımızı gördü və görülən bütün işləri bilir. Orada Türk ordusuna bir raport verəcək. Bizi dəstəkləyəcəyinizə əminəm”. Nəsib bəy üzümə baxır və məndən cavab gözləyirdi. Ona “Nəsib bəy, vəzifə milli müqəddəsdir. Yalnız düşmənə deyil, əcəl ilə pəncələşib vəzifəmi yerinə yetirmədən Allahın Əzrailinə də can vermərəm. Buna əmin ola bilərsiniz” dedim. Nəsib bəydən sonra Hüsaməddin bəylə də görüşdüm və ikilikdə hərəkət etməyə hazırlaşmağa başladıq. Ancaq, hərəkətimizi çox gizli apardığımızdan heç kimlə vidalaşmırdıq. Tamamlanacaq bir işim qalmamışdı. Son olaraq Müzəffər bəyin yanına gedərək vəziyyəti anlatdım və Hüsaməddin bəy ilə birlikdə getdiyimizi söylədim. Bizə veriləcək şifrəsi olub-olmadığını soruşdum. Müzəffər bəy çox uzun bir şifrəsi olduğunu, ancaq ertəsi gün gəlib götürməmi xahiş etdi. Ertəsi gün gedib həmin şifrələri aldım.

Gedəcəyimi bir də anama söyləmək lazım gəlirdi. Axşam erkəndən evə getdim. Anam məni görəndə çox sevindi: “Oğlum, necə oldu ki, evə belə tez gələ bildin?” deyə soruşdu. Anam haqlı idi. Heç vaxt gecə yarıdan əvvəl evə gəlməzdim. Həyatımda ən çətin bir sual qarşısında qalırdım. Məsələni anama necə anladacaqdım. Onun sevincli üzünü necə kədərləndirəcəyəm? Uzun müddət üzünə baxdım və üzərimə aldığım vəzifənin müqəddəsliyindən cəsarət alaraq: “Ana, bu axşam bərabər yemək yeyəcəyik. Gecə də sənin otağında yatacağam. Sabah uzun bir səfərə çıxıram. İnşaallah, sağ-salamat qayıdıb gələrəm” dedim. Daha sonra anama bu vəzifənin mənə Nəsib bəy tərəfindən verildiyini anlatdım. Anam ağlayaraq “Yox oğlum, mən sənə icazə verə bilmərəm. Əgər məni eşitməyib getsən südümü halal etmərəm. Oğul, sən heç düşündünmü? Evdən bayıra, küçəyə çıxmaq da təhlükəlidir. Sən necə erməni və rus əsgərləri ilə dolu şəhərləri, cəbhələri keçib Türkiyəyə gedə biləcəksən. Bu həqiqətdə ölümə getməkdir. Mən necə razı ola bilərəm” deyirdi. Cavab verməyin çətin olduğuna baxmayaraq özümü topladım və “Ana, qərarım qətidir. Bu qərarımdan məni heç bir qüvvə döndərə bilməz. Sən mətin ol və mənə dua et. İnşaallah sağ-salamat qayıdaram” cavabını verdim. Ertəsi gün Milli Komitəyə getdim. Etimadnaməni imzalatdırıb möhürlətdirdikdən sonra aldım. Vidalaşma zamanı Nəsib bəy mənə “Nağı, sən İstiqlal Komitəsinin üzvüsən. Olub-keçənləri Osmanlı dövlətinə anlat və de ki: Millətimiz müstəqil yaşamağı qarşısına məqsəd qoymuşdur və bu yolda hər cür fədakarlığı etmişdir. Azərbaycanın dörddə üçü bu gün rusların hakimiyyətindən qurtarılmış vəziyyətdədir. Onlar zəif yerimiz olan hərbi gücümüzü qüvvətləndirsinlər. Bizə qardaş əli uzatsınlar, əlimizdən tutsunlar və istiqlalımızı elan etməmizə kömək etsinlər. Ancaq, bizi özlərinə ilhaq etmək istəsələr gəlməsinlər. Biz öz düşmənlərimizlə birtəhər hesablaşıb başımıza çarə qılarıq” dedi. Axşam yoldaşlar Hüsaməddin bəylə mənə axşam yeməyi verəcəkdilər. Bütün yoldaşlar şair Əhməd Cavadın gəlməsini gözləyirdi. Milli Komitənin baş katibi olan şair Əhməd Cavad bir az sonra Nəsib bəylə birlikdə gəldilər. Gecə yarısına qədər yeyib-içdik, söhbət etdik və öpüşüb ayrıldıq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info