Qonaq Kitabı
ANARXİYANIN DOĞURDUĞU HADİSƏLƏR

1916-cı ilin sonlarında Çar üsul-idarəsinin mərkəzi, cəbhələrdə yediyi ağır zərbələrin təsirindən sarsıntı içində idi... Rusiyanın bir çox yerləri və xüsusi ilə də Sibir özbaşına qalmışdı. Sibirdən Qafqaza axın başlamışdı. Bir tərəfdən vaxtilə katorqaya məhkum olub Sibirə göndərilənlər, digər tərəfdən də Sarıqamışda əsir düşüb Sibirə sürgün edilən Türk zabit mehmetçikləri axın-axın Qafqaza doğru yola düşürdülər. Onlar gələcəkləri yeri də müəyyən etmişdilər. Gəncə, vaxtilə Gəncədə qurulan düşərgə və xəstəxanada gördükləri hörmət onları maqnit kimi bu şəhərə çəkməkdəydi.

Sibirə məhkum olunmuşlar Gəncəyə gələr-gəlməz kəndlərinə gedirdilər. Bəziləri Sibirdə tanış olub dostlaşdıqları əsir Türk zabit və əsgərlərini də özləri ilə gətirərək kəndlərinə qonaq aparırdılar. Bir gün dostlarımdan biri mənə Sibirdən əsir bir Türk zabitinin gələrək mehmanxanada yerləşdiyini söylədi. Sonra öyrəndim ki, onun Gəncənin ətrafında Qaracaalverlidə qohumları var və oraya qonaq gedib. Bir həftədən sonra onunla görüşə bildim. Gənc bir zabitdir. Bənizi saralmış və qansız görünürdü. Adı Hüsaməddin idi. (Əski Kars milləti vəkili Hüsaməddin Tuğac).

O, mənə Sibirdən necə qaçdığını, keçdiyi ucsuz-bucaqsız diyarların hamısının Türklərə məskun olduğunu anlatdı. Hüsaməddin bəy daha sonra sözlərinə belə davam etdi: “Hər yerdə gördüyüm Türklər əllərindən gəldiyi qədər mənə kömək etməyə çalışırdılar. Keçdiyim yollar təhlükəli idi. Ancaq təsadüf etdiyim insanların türk olması məni cəsarətləndirdi”.

Hüsaməddin bəy və mən bir-birimizi ilk görüşdən sevdik. Mən elə o gün dostlarımla onu görüşdürüb tanış etdim. Onu Nəsib bəyin yanına da apardım. Hüsaməddin bəy az bir zamanda milli davamızın açıq və gizli tərəflərini bizim qədər öyrəndi və çalışmalarımızda iştirak etdi.

Bu zamanlarda bir neçə bədbəxt bolşevik təbliğatına uyub məşhur torpaq sahibi Zülqədərrilər nəslindən olan Allahyar bəyin mülkünə basqın edərək onun ailəsindən bir neçə nəfəri qətlə yetirdilər. Bu məlum xəbər Gəncədə böyük üzüntü yaratdı. Bu vəziyyətin digər mülkədarların da başına gəlməsinin qarşısını almaq üçün Gəncədə iki heyət qurularaq hadisə yeri olan Zəyəmə göndərildi. Birinci heyət Pişnamazzadə Molla Məhəmmədin rəhbərliyi ilə mollalardan və tacirlərdən, ikinci heyət isə Hüsaməddin bəyin rəhbərliyi altında müəllim və münəvvərlərdən ibarət idi. Bu iki heyət kəndləri gəzərək müəyyən izahat işləri apardılar. Bir xeyli Türk əsiri Sibirdən gəlib Gəncə şəhərində toplanmışdı. Bunların peşələrinin təyin edilməsi də olduqca çətin idi. Təşkilatımızın bu Türk əsirlərini sağ-salamat Türkiyəyə göndərilməsini təyin etməyə nail olduq. Bu əsirlər mərkəz Gəncə olmaqla Yevlax stansiyası Qarabağ – Xudafərin körpüsü ilə İrandan keçməklə Türkiyəyə gedirdilər. Hər məntəqə əsirləri digər məntəqəyə təslim edir və beləliklə də bir həftə sonra əsirlərin Türkiyəyə çatdıqları haqqında xəbər alınırdı. Biz göndərdiyimiz Türk əsirləri içərisində etibar edib inandıqlarımıza Türkiyəyə göndərmək üçün hazırladığımız məktubları da verirdik. Bu məktublarda Rusiyanın daxili vəziyyəti, sosialistlərin çarizmə qarşı fəaliyyətləri, qeyri-rus millətlərinin istiqlal hərəkətləri, rus ordusunun hərbi qiymətinin qalmadığını, nizam-intizamsız qoyun sürüsünü andıqlarını və nəhayət, bütün rus millətinin böyük bir mənfi pozğunluq içində olduqlarını anlatdırdıq. Bütün gənclər səfərbər halda durmadan, yorulmadan çalışırdı. Biz təşkilatın maddi tərəfini qətiyyən düşünməzdik. Gəncə Milli Komitəsinin Xəzinəsi “Gənclik Təşkilatı”nın üzünə həmişə açıq idi. Ehtiyacı olan vəsait dərhal Milli Komitəsinin vasitəsilə xalqdan toplanırdı. Bir gün yoldaşlardan biri rus gizli polisinin şefi olan Rəhim bəyin məni axtardığını və mənimlə görüşmək istədiyini söylədi. Rəhim bəy Qazaxın Şıxlı kəndindən idi. O da əvvəllər bizimlə birlikdə “Gənclik Təşkilatı”nda çalışmış və sonra polis xidmətinə keçmişdir. Vəzifəsi böyüyüb rəis oldu. 1912-ci ildə Gəncədə müəllim idi. İbtidai məktəbdə müəllim işləyən zaman başına bir hadisə gəlmişdi. Rəhim bəyin işlədiyi məktəbdə tədris rus dilində, müəllimlər rus, erməni, gürcü, şagirdlər isə Türk uşaqları idi. Bir gün Rəhim bəy rus dilində coğrafiya dərsi keçərkən sinfə mərkəzdən gəlmiş bir rus müfəttişi girərək dərsi dinləyir. Bu zaman Rəhim bəy xəritənin qarşısında durub şagirdə sual verir və şagird də çalışırdı. Bir ara müfəttiş də müəllimin icazəsi ilə şagirdə belə bir sual verir: “Övladım mənə Qafqaz millətlərini say”. Şagird bu suala “Qafqaz millətləri Türk, Gürcü və erməni millətlərindən ibarətdir” cavabını verir. Bu cavabdan çaşan müfəttiş “Övladım, böyük rus millətini unutdun” deyir. Uşaq qızararaq çaşır. Rəhim bəy dərhal müdaxilə edir və “Xahiş edirəm uşağı çaşdırmayın. Uşaq Qafqazın əsil millətlərini sayır. Ruslar buralara sonradan gəlmədir” deyir. Bu hadisədən bir ay sonra Rəhim bəy səbəbi göstərilmədən müəllimlikdən azad edilir.

Mən Rəhim bəyin məni axtardığını eşidəndən sonra, ertəsi günü onunla görüşdüm. Məni sevgi ilə qarşıladı. Ondan rus rejiminin səni necə oldu ki, gizli polisə xidmətə götürdüyünü soruşdum. Rəhim gülərək “Bəli, bu ilk görüşdə təəccüblüdür. Ancaq hadisə Peterburqda Maarif Nazirliyindən qırağa çıxmamışdır. Mən isə müəllimlikdən çıxarıldıqdan sonra Gəncə valisinə müraciət etdim və məni polisə qəbul etdilər. Ancaq ürəklərimiz əvvəlki kimi eynidir, buna əmin ola bilərsiniz” dedi. Rəhim bəy daha sonra sözlərinə belə davam etdi: Sizi buraya çağırmaqda məqsədim mühüm bir məsələni aydınlaşdırmaqdır”. Sonra masasının gözündən bir şəkil çıxarıb mənə uzatdı. Gördüm ki, bir Türk paşasının şəklidir. Şəkildəki şəxsin kim olduğunu soruşdum. Mənə bir gizli sənəd verərək oxumağımı xahiş etdi. Sənəddə Sarıqamışda ruslar tərəfindən əsir götürülən türk ordusu komandanı İhsan Paşa Sibirdən qaçmışdır. Onun Qafqaza gəlmək ehtimalı vardır. Onu tutub dövlətə verənə mükafat verilməsi də nəzərdə tutulmuşdur. Bir müddət bir-birimizə baxdıq. Nə edəcəyimizi soruşdum. Rəhim bəy mənə “Sizinlə bu Paşa haqqında söhbət etmək istərdim. İhsan Paşa üçün çox diqqətli olmalıyıq. Gəncə şəhərində bir neçə əsir Türk zabiti vardır. Ancaq, onlar gizli yaşayırlar. Paşa isə belə yaşamağa razı olmaz. Əgər o Gəncəyə gəlmişsə və günün birində gəlirsə onun şəhərə girməsinə imkan verilməməli və ona kəndlərdə sığınacaq verilməlidir” – dedi və ayrıldıq. Mən məlumatı aldıqdan sonra apardığım bütün araşdırmalara baxmayaraq bir iz əldə edə bilmədim və İhsan Paşanın Qafqaza gəlmədiyi qənaətinə gəldim. İhsan Paşanın Sibirdən qaçması və aqibəti o zaman bizlər üçün məchul qaldı.

Bu maraqlandığım qaçışın təfsilatını 1922-ci ildə Trabzonda öyrəndim. 1920-ci ildə Qızıl Ordunun Azərbaycanı işğalı zamanı Gürcüstanın mərkəzi şəhəri olan Tiflisə, Gürcüstanın bolşeviklər tərəfindən işğalından sonra da Ana vətənə Türkiyəyə müraciət edərək Trabzon şəhərində yerləşdim. O zamanlar Türk milləti istiqlal savaşı aparırdı. Millət səfərbər olmuşdur. Türkiyəyə axın-axın gələn mühacirlərə sığınacaq və yardım edəcək heç bir təşkilat yox idi. Mühacirləri ancaq Trabzon xalqı himayə edirdi. Mən də əlimdən gəldiyi qədər kömək edirdim. Dükanıma yanında üç oğlan uşağı olan bir adam girdi. Salam verdikdən sonra “Mən Azərbaycanlıyam. Yer üzündəki cəhənnəmdən qaçaraq buraya gəldim. Türkiyədə dostlarım var. Onları və xüsusilə də İhsan Paşanı axtarıram, onun İstanbulda olduğunu öyrəndim. Məni üç uşağımla birlikdə İstanbula göndərməyinizi xahiş edirəm. Paşanı tapıb uşaqları ona təhvil verə bilərdim. Mən necə də olsa, özümü dolandıra bilərəm” dedi. Daha sonra cibindən bir kağızla bir şəkil çıxarıb mənə uzatdı. Aldım oxudum: İyirmi yeddi Türk zabitinin adı yazılmışdı. Bunun nə olduğunu soruşdum. O, bunu mənə belə anlatdı: “Gənc olarkən bir hadisə ilə əlaqədar rus məhkəməsi tərəfindən katorqa işinə cəlb olundum. Quba şəhərindənəm, məni məhkəmə qərarından sonra Sibirə göndərdilər. On il orada qaldım. Sonra azad buraxdılar. Yaxşı pul qazanırdım. Evləndim üç də uşağım oldu. Bax bu da uşaqlar. O zaman Birinci Dünya Müharibəsi baş verdi. Bir neçə aydan sonra Türkiyə də bu müharibəyə qoşuldu. Beynimdə min bir cür xəyalım dolaşır və Vətənimin, Azərbaycanım rusların əsarətindən xilas olacaq – deyə düşünürdüm.

Buna çox ümidli idim. Bu arada Qafqaz cəbhəsində əsir düşən Türklərin Sibirə göndərildiyini gördüm. Gələn əsirlərə əlimdən gəldiyi qədər kömək etməyə çalışırdım. Bu arada rus əsir düşərgəsindən iyirmi yeddi zabit qaçırdım. Onlara vətəndaşlıqlarını bildirən sənəd də düzəltdim və özlərinə də bir xeyli pul verərək Qafqaza yola saldım. Bu gördüyünüz şəkil İhsan Paşa, ştab rəisi Fəthi bəy və mənim şəkillərim idi. O zamanlar beynimdə İhsan paşanı qaçırmaq planını cızırdım. Nə olursa olsun bir Türk Paşasının rus əsarətində qoymayacağam. Bu fikrimi bir görüşümüz zamanı İhsan Paşaya açdım. Paşa təkrar ələ keçməyindən qorxurdu. Ona heç həyəcan keçirməməsini söylədim. Paşa mənə iki nəfər olduqlarını bildirdi. Mən də iki vətəndaşlığı bildirən sənədi hazırlayıb onları düşərgədən qaçırdım. Ailəmi orada qoydum və özümə çoxlu pul götürərək üç nəfər Çinə keçdik. Artıq azad idik. Mən geri dönməzdən əvvəl Paşaya qaçmalarını təmin etdim. İyirmi yeddi zabitin qeydlərini ona göstərdim, oxudu, çox məmnun oldu. Biz də yazaq dedi. Mən də əziz Paşam sizdən qeyd deyil, şəkil istəyirəm. Üçümüz də birlikdə şəkil çəkdirək dedim. Bax bu şəkli çəkdirdik”. Qubalım sözlərini bitirmişdi. Qalxıb əlini sıxdım. Və uşaqlarını da öpdüm. Onlara hədiyyələr aldım. Bunları bir qonaq evində yerləşdirib istirahətlərini təmin etdim. Onları necə olursa, olsun İstanbula göndərəcəyimə söz verdim. Onlardan ayrıldıqdan sonra Trabzon valisinin yanına getdim və məsələni ona danışdım. O da məni şəhərin bələdiyyə rəisinin yanına göndərdi. Bələdiyyə rəisinə də dərdimi anlatdım. O da məni paroxod nəqliyyatı agentliyinə göndərdi. Ancaq agentlik dörd nəfəri bir səfərdə İstanbula göndərə bilməyəcəyini bildirdi. Onlar hər səfərdə ancaq bir nəfəri göndərə biləcəkləri təminatını verdilər. Heç bir nəticə əldə edə bilməyib dükanıma qayıtdım. Nə edəcəyimi bilmirdim, çünki dörd nəfərin bilet pullarını və yol xərclərini ödəyə biləcək vəziyyətdə deyildim. Bir xeyli düşündüm. Belə sıxıntılı anlarımda tanrımdan həmişə yardım görmüşdüm. Düşünərkən ağlıma polis əfəndi gəldi.

Əziz oxucularım burada sizə qəhrəman Türk polisini anlatdım. Trabzonda bir dostumla sərraflıq (bir dövlətin pulunu müəyyən faizlə başqa bir dövlətin puluna dəyişmək C. Q, M. Ə.) edirdim. Bir gün dükanımıza bir polis girdi və 200 frankı dəyişmək istədiyini söylədi və daha sonra sözlərinə belə davam etdi: “Birinci Dünya müharibəsi zamanı Çanaqqalada əsgər idim. Ölümlə üz-üzə gələrək düşmənlə müharibə edirdik. Qarşımızda fransızlar var idi. Bir gün onlara şiddətli bir süngü döyüşü etdik. Fransızlar bizim süngü döyüşümüzə davam gətirə bilməyib, döyüş meydanında xeyli ölü və yaralı qoyub geri çəkildilər. Döyüşdən sonra əsgərlərimiz iki böyük çuxur qazdılar. Bir çuxura şəhid Türk əsgərlərini, digərinə isə düşmən ölülərini basdırdıq. Əsgərlərimizdən biri huşunu itirmiş fransız zabitini çuxura tərəf sürüyərkən onu gördüm və əsgərə “Dayan bu ölməmiş, deyə səsləndim”. Daha sonra tibb işçilərini çağıraraq fransız zabitini xəstəxanaya aparmalarını bildirdim. Fransız zabiti həyəcanımı görüncə həyatını qurtarmağımı anlamışdı. O, əlimi sıxaraq təşəkkür etdikdən sonra birlikdə xəstəxanaya getdik. Bizi həkimlər qarşıladı və fransız zabiti ilə fransızca danışmağa başladılar. Bu zaman mən də xilas etdiyim şəxsin bir fransız generalı olduğunu öyrəndim. Bu zaman fransız generalı həkim vasitəsilə mənim adımı, soyadımı və ünvanımı soruşdu. Mən də yazıb verdim.

Müharibə bitmiş, sülh dövrü başlamışdı. Hökumətimiz mövcud əsirləri qalib dövlətlərə qaytarmışdı. Düşmənlərimiz isə sülh müqaviləsinə əməl etməyərək İstanbulu işğal etmişdilər. Mən o zamanlar tərxis olunmuşdum və Üsküdarda polis vəzifəsində işləyirdim. Bir gün müdiriyyət mənə telefon edərək bildirdi ki, səni fransızların Türkiyədəki ordusunun Baş komandanlığından istəyirlər. Doğrusu qorxdum, getmək istəmədim. Vəziyyətimi müdirin müavininə danışdım. O da mənə getməyimi məsləhət gördü, getdim. Məni bir generalın yanına apardılar. Otaqda olan tərcüməçi məndən generalı tanıyıb, tanımadığımı soruşdu. Bu həyatını xilas etdiyim fransız generalı idi. General əlimi sıxdı və mənə verdiyi raportla Fransız hökumətinin mənə beş min frank hədiyyə və ömürlük ayda iki yüz frank maaş təyin olunduğunu söylədi. Aldığım beş min Frankı İstanbulda dəyişdim. Və məmləkətim olan Trabzona gəldim”. Polis əfəndinin o zamanlar qürurla anlatdığı və mənim də sevinclə dinlədiyim bu hadisə gözlərimin önündən bir kino kimi gəlib keçdi. Mən bu düşüncələr içində olduğum zaman Qubalı da dükana gəldi. Bərabər Trabzon alay komandanının yanına getdik. Xatirimdə qaldığına görə, polkovnikin adı Qalib bəy idi. Uzunboylu arıq bir adam idi. Bizi çox səmimi qəbul edən polkovnikdən məni bir neçə dəqiqə dinləməsini xahiş etdim və əvvəl polis əfəndinin, sonra da Qubalının macərasını anlatdım. 27 zabitin qeydlərini və İhsan Paşanın şəklini göstərdim. Polkovnikə “Bəy əfəndi. Üç uşağı ilə bu tayı bərabər olmayan mücahidi İstanbula göndərmək də acizəm. Bir neçə dövlət orqanına müraciət etdim, ancaq heç bir nəticə əldə edə bilmədim. Bizləri siz hərbçilər yaxşı anlaya bilərsiniz. Bu işdə mənə kömək etmənizi xahiş edirəm” – dedim. Polkovnik mücahidin əlini sıxdı və sonra seyfini açaraq, ona 25 lirə pul verdi. Yavərinə dedi: “Bu əfəndini götürüb Paraxod Agentliyinin rəisinin yanına apar. Məndən salam söylə. Üç uşağı ilə bu əfəndini “Pake” paroxodu ilə İstanbula göndərsin və peşələrini təmin etsin” – dedi. “Beləliklə, mücahidi üç uşağı ilə İstanbula yola saldım. Onları bir daha görə bilmədim, ancaq sonralar öyrəndim ki, qubalı mücahid İstanbula gələn kimi İhsan Paşanı tapmış və uşaqları ona təhvil vermişdir. İhsan Paşa da uşaqları internat məktəbində yerləşdirmişdir.

Aradan dörd il keçmişdi. İstanbula gəldim. Qubalı mücahidi axtardım. Onun və oğlunun birinin öldüyünü söylədilər. Digər iki oğlunun hərbi məktəblərdə oxuduqlarını öyrəndim. Sonra uşaqların izini tamamilə itirdim.

Türk əsirlərinin Sibirdən Gəncəyə axını davam edirdi. Gəncədə bir gün bir mehmanxana sahibi yanıma gələrək üç Türk zabitinin mehmanxanasına gəldiklərini söylədi. Dərhal mehmanxanaya getdim və zabitlərlə görüşdüm. Ancaq, bunlar Sibirdən deyil, Türkiyədən gəlmişdilər. Vəzifələri də Qafqazda olub-keçənləri Türk ordusuna bildirmək idi. Onlar İraq cəbhəsində olan Türk ordusunun bir korpusundan idilər. Mənim ilə söhbət edən zabitin adı Müzəffər idi. Mənə “Sizin verdiyiniz məlumatlardan çox istifadə edirdik. Buraya da sizin yazdığınız plan üzrə gəldik. Artıq bu vəzifəni biz yerinə yetirəcəyik” – dedi. Baxdım ki, iş olduqca ciddidir. Onların bu şəraitdə mehmanxanada qalmaları çox təhlükəlidir. Onlara təşkilatçı yoldaşlardan Cəmil bəyin evində iki otaq hazırladıq. İaşələri təşkilatımız tərəfindən təmin edilirdi. Üç zabit burada sərbəst çalışırdı. Onlar Türkiyəyə keçəcək olan əsirlərə şifrəli məktublar verirdilər. Müzəffər bəy o zaman leytenant rütbəsində idi. Müharibə qurtardıqdan sonra hərbi Akademiyada oxuyaraq qərargah zabiti olmuşdu. Mən ilk görüşümüzdə onun gələcəyinin çox parlaq olacağını hiss etmişdim. O, biliyi, düşünmə, analiz etmə bacarığı ilə seçilirdi. Müzəffər bəyin sonralar rütbəsi böyüyərək general oldu və Türkiyənin Baş Ştabında yüksək vəzifə tutdu. Sonralar isə istefaya çıxdı. Onun son vəzifəsi İzmir valiliyi idi. Elə bu vəzifədə də vəfat etdi. Bu general Müzəffər Tuğsavuldur. Nur içində yatsın.

1926-cı ildə Gəncədə leytenant olaraq gördüyüm Müzəffər bəylə 20 ildən sonra 1936-cı ildə İstanbulda yenidən rastlaşdım. Bu necə olmuşdur. Maraqlandığım bir hadisə yaddaşımdan asanlıqla silinməz. Bir də bir dəfə gördüyüm və maraqlandığım bir şəxsi aradan nə qədər zaman keçərsə keçsin təsadüfən gördüyüm zaman dərhal tanıyıram. Həmçinin bir gün İstanbulda Şirkəçidən keçirdim. Qarşıdan gənc və yaraşıqlı bir general gəlirdi. Generala diqqətlə baxdığım zaman göz-gözə gəldik və keçdik. Ancaq mən yanılmadığıma əmin idim. Dərhal geri dönərək “Paşam bağışlayın, sizin adınız Müzəffər bəydirmi” – deyə soruşdum. O, mənə diqqətlə baxdıqdan sonra “Bəli” – dedi. Mən “Paşam 20 ilə yaxındır bir-birimizi görməmişik. Məni tanıya bildinizmi?” – deyə soruşdum. Paşa məni tanıya bilməmişdi. Bundan sonra “Mən Gəncəli Nağıyam Paşam” – dedim. Bir-birimizə sarılaraq öpüşdük. İkinci dünya müharibəsinin sonuna doğru Çar hökumətinin dağılmaq üzrə olduğunu gizli sosialist təşkilatlarından öyrəndik. Bizim ailənin torpaqları Gəncənin üç kilometrliyində idi. Bir gün torpağımız ərazisində gəzərkən bağbanın bir ov tüfəngi ilə mənə tərəf gəldiyini gördüm. Bu tüfəng bizim torpaqlarımızda icazəsiz ov edən ovçunun tüfəngi idi. Bir az sonra ovçu da bağbanın arxasında göründü. Mənə “Mən Gəncə stansiyasının müdiriyəm. Özüm də gürcüyəm” – dedi. Gürcünün tüfəngini geri verdim və ona birlikdə yemək yeməyi təklif etdim. Yeməkdən sonra söhbət etməyə başladıq. Təbiidir ki, bir gürcü ilə bir türkün söhbəti Çar rejiminin əleyhinə olacaqdı. Bir-birimizdən çəkinməyərək sözə başladıq. Gürcü rus çarının istibdadından yaxın günlərdə xilas olacağımızı və birlikdə qardaşcasına yaşayacağımızı ümidlə söylədi. Mən gürcüyə cavab olaraq “Rus idarəsi imperialist bir idarədir. İnşaallah yaxın günlərdə Qafqazdan çəkilib gedəcəklər. Biz Qafqaz millətləri də hər birimiz müstəqil dövlət olacağıq” – dedim. Ancaq gürcü bu fikirdə deyildi. “Mən sizin kimi düşünmürəm. Mənim mənsub olduğum təşkilat sosialist təşkilatıdır. Biz sosialistlər millət anlayışını qəbul etmirik. Rusiyada yaşayan rus və qeyri-rus millətlər hamısı birlikdə qurulacaq sosialist quruluşunda yaşamağı istəyirik. Biz belə bir dövlət quruluşunu yaratmaq üçün çalışırıq. Siz Qafqaz Türkləri sosialist təşkilatınız olmadığından baş verəcək inqilabı hazırlıqsız qarşılayacaqsınız. Tanıdığım türklər ilə görüşmüşəm. Hamısı rus rejiminə nifrət edirdilər, ancaq bizim təşkilata qoşulmurlar. Halbuki, elə gizli hadisələr cərəyan edir ki, sizin onlardan xəbəriniz olmur. Mən 20 illik sosialistəm. Bundan başqa qayəm yoxdur” – deyir. İkimiz də burada hiss edirik ki, dünya görüşlərimiz kəskin olaraq bir-birindən fərqlidir. Gürcü ayrılarkən mənim də çar rejimi düşmən olduğumu nəzərə alaraq gələn bazar günü bəzi gizli sənədləri gətirəcəyini bildirdi. Gürcü dediyi kimi bazar günü yenə gəldi. Gizli sənədləri mənə verdi və özü də ova çıxdı. Mən də bir ağacın kölgəsində oturaraq bu gizli sənədləri maraqla oxumağa başladım. Həm oxuyur, həm də gözlərimə inanmırdım, oxuduqlarımın hamısı Dumada cərəyan edən və mətbuatda çap olunmayan materiallar idi. Oxuduqlarım məni Çar üsuli-idarəsinin yaxın günlərdə mütləq devriləcəyinə bir daha inandırdı. Duma deputatlarından Çxeidze Duma kürsüsündən var qüvvəsi ilə hayqırır. “Çar üsuli-idarəsi idarə deyil, saxtakarlıq şəbəkəsidir. Saxtakarların gizli zirzəmilərdə pul kəsmələri kimi, Çar idarəsi də saysız-hesabsız pul çıxarır. Digər bir deputat, Skoblev “Çar hökuməti tamamilə xalqın cibinə girəndir. Cibgirlərin xalqın cibinə girərək pullarını oğurladığı kimi, Çar idarəsi də artırdığı vergilərlə xalqın xəzinəsindən pullarını çəkir” – deyir. Hər iki deputatın sözləri xoşuma gəldi. Gürcünü tanıyırdım, ancaq Skoblevin adını ilk dəfə eşidirdim. Hələ onun rus olması da xoşuma gəlmişdir. Qəlbimdən hər iki deputatın da əllərini şükranlıqla sıxmaq keçdi. Nə xoş təsadüfdür ki, Skoblev ilə 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin mərkəzi olan Bakıda görüşdüm və əlini sıxdım. Milli Azərbaycan Cümhuriyyətinin məsud günlərindən biri. O axşam qaynım Əli bəyin evində idim. Bu zaman Əli bəyi çox kədərli gördüm, canının çox sıxıldığını söylədi. Mən də ona bir əyləncə yerinə getməyi təklif etdim. Birlikdə “Momuz” kabaresinə getdik. “Momuz”un sahibi münəvvərlərdən məşhur Hacı Həsənli Xudadat bəy idi. O, məni də kabarenin rəsmi açılışına dəvət etmişdi. Ancaq o zaman vacib işim olduğundan iştirak edə bilməmişdim. Bizi görüncə çox məmnun oldu. Salon çox gur idi. Burada Bakının hörmətli milyoner ailələri, bankirlər, generallar, vali, yüksək zümrəyə mənsub olan şəxslər də var idi. Kabare ona görə xoşuma gəlirdi ki, burada hər şey səmimi idi. Burada bir-birini tanımayanlar masaları uzaqda olsa salamlaşır və şərəflərinə badə qaldırırdılar. Proqram zəngin, ancaq yorucu deyildi. Bəzən birisi yerindən qalxaraq söz söyləmək istədiyini bildirir: “Möhtərəm xanımlar və bəylər. Mən Rusiyadanam, yəni cəhənnəmdən Azərbaycana mühacirət etdim. Mənim kimi yüzlərlə kişi bu ölkəyə sığınmışdır. Bu mühacirlər arasında olan Moskva Operasının solisti xanım Kosiç də bu axşam bizimlə birlikdə buradadır. Gəlin hamımız ondan bizə bir şərqi oxumasını xahiş edək”. Hamı alqışlayır, ancaq kimsə sənətkarın harada oxuduğunu bilmirdi. Bu zaman masalardan birindən uzunboylu bir xanım qalxır və şərqi söyləməyə başlayır. Hər kəsi heyran edən bu səs uzun müddət alqışlanır. Daha sonra başqa birisi 40 yaşlarında bir bəy yerindən qalxır və “Mən Azərbaycana mühacirət etdim. Özümü sizə təqdim edirəm. Mən Kerenski hökumətinin sabiq əmək naziri Skoblevəm. Öyrəndiyimə görə bu axşam Azərbaycan Cümhuriyyətinin əmək naziri Səfyurdlu Aslan bəy də bizimlə burada olmaqdadır. Mən üzərimə götürdüyüm nazirlikdə müvəffəqiyyət qazana bilmədim. Səadəti, cəhənnəmi tərk etməkdə gördüm. Qədəhimi Aslan bəyin şərəfinə qaldırıram və Tanrıdan ona uğurlar diləyirəm” – deyir. Bundan sonra Aslan bəy yerindən durub Skoblevə təşəkkür etdi. Bu zaman masamıza bir gənc yanaşdı və özünü şair Skaralevski deyə təqdim etdi. Bizə “Mən salonu gəzərək qonaqların kim olduğunu öyrənirəm. Bir saat sonra səhnədə onları təqdim edəcəyəm. Sizə də özünüzü təqdim etməyi xahiş edirəm.” – deyir. Əli bəy adını və neft işi ilə məşğul olduğunu söylədi. Mən də Əksinqilab ilə mübarizə təşkilatının rəisi olduğumu söylədim. Duyar-duymaz üzümə baxdı və “Deyin ki, işimiz bitdi” – dedi.

Mən Skoblevin əlini sıxdım və “Dumada Çar üsuli-idarəsi haqqında söylədiklərinizi əvvəl oxumuşam və çox xoşuma gəlib. Tanış olmağıma şadam” – dedim. Skoblev “Nə söyləyim, kommunizm dünya mədəniyyətinin xərçəngidir” – cavabını verdi. Bu zaman şair Skaravedski vəd etdiyi kimi səhnəyə çıxdı və salonda olanları bir-bir təqdim etmə tərzi və söylədiyi şeirlərə dinləyənləri heyran etdi. Ən sonda bizim masaya işarə edərək “Əli bəy neft kralıdır. Yoldaşı isə çox təhlükəli və qorxuncdur. Xaricə sürgün olunmaq istəmiriksə susaq” – deyə sözünü yarımçıq kəsdi. Skoblev ilə tanış olmağımız bu şəkildə oldu.

İndi isə bir parça geriyə, qaldığımız yerə qayıdaq. Mən Gəncə stansiyasının müdiri ilə əlaqəmi davam etdirir və ondan faydalı məlumatlar əldə edirdim. Bir tərəfdən rus cəbhəsindəki məğlubiyyətlər, digər tərəfdən Rusiya daxilində sosialist təşkilatlarının göstərdikləri fəaliyyətlər Çar idarəsinə vurulan bir zərbə idi. Artıq Çar rejimi son günlərini yaşayırdı. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info