Qonaq Kitabı
MÖHTƏŞƏM MÜSAMİRƏ

1916-cı ilin yanvar ayında Gəncə Xeyriyyə Cəmiyyətinin (Qardaş köməyi) mənfəətinə bir gecə tərtib edilmiş və gecənin fəxri rəisliyini Gəncə valisi Kovalyov üzərinə götürmüşdür. Mən bu gecəyə düşərgədəki əsir türk zabitini və hakimini də dəvət etmək istədim və fikrimi yoldaşlarıma da bildirdim. Biz onlar üçün Mərkəzi Komandandan icazə almaq məqsədi ilə onun yanına getdik. Bizi yavər qarşıladı. Mən yavərlə tanış idim. fikrimizi yavərə bildirdik. Yavər məni komandanın yanına apardı. Komandan istefada olan bir polkovnik idi. Babam yerində olan komandan əl ilə saqqalını tumarlayaraq nə istədiyimi soruşdu. Yavaş-yavaş sözə başladım. Qoca polkovnik məni diqqətlə dinləyirdi. Sözlərimdən məmnun olduğunu çöhrəsindən anlayırdım. Mən isə içimdən gəlməyən, səmimiyyətdən uzaq, aldadıcı sözlərimi inandırıcı bir tonla sıralayırdım: “Polkovnik həzrətləri yer üzündəki müsəlmanların bir qismi böyük dövlətlərin himayəsində yaşayırlar. İngiltərə və Fransanın himayəsində yaşayan müsəlmanlar bütün insani haqlarından, hətta vətəndaşlıq haqlarından məhrum kölə kimidirlər. Ancaq, Rusiya İmperatorunda yaşayan biz müsəlmanlar 35 milyon olmaqla rus mədəniyyətindən istifadə edərək rus milləti ilə bərabər haqq və hüquqlara sahibik. Azadlığımızı və mədəni həyatımızı düşərgədə olan əsir Türk zabitinə və həkiminə də anlatmaq lazımdır. Bunun üçün bir rus zabiti nəzarətində hər iki əsiri keçiriləcək müsamirəyə dəvət etməmizə icazə vermənizi xahiş edirəm”. Polkovnik gülümsər gözlərini gözlərimə dikərək “Yavrum, çox gözəl söyləyirsən. Ancaq bu iş təkcə hərbi iş deyil, Valinin də icazəsi şərtdir. əgər vali icazə verərsə, mənim tərəfimdən də bir qadağan yoxdur” – dedi. Bundan sonra valinin yanına gedərək vəziyyəti ona anlatdım. O, da razı oldu, ancaq Mərkəz Komandanlığı ilə görüşmək lazım olacağını bildirdi. Ona Mərkəz Komandanı ilə görüşüb icazəsini aldığımı bildirdikdə düşərgəyə telefon edərək gərəkli əmri verdi.

Sevincimin həddi-hüdudu yox idi. Vəziyyəti dostlarıma bildirdim. Sevincdən uçurduq. Müsamirə günü düşərgə rəisi yanıma gələrək validən aldığı əmri bildirdi. Mən də ona vəziyyətdən xəbərdar olduğumu və axşam müsamirədən əvvəl əsirlərlə birlikdə mənim yanıma gələrlərsə, birlikdə yemək yeyə biləcəyimizi söylədim. Axşam bir yerə toplaşaraq böyük bir mehmanxananın restoranında yemək yedik. Salonda yemək yeyən yüzlərlə ziyalı gənc Türk əsirlərinin şərəfinə qədəh qaldırırdılar. Saat 20-də müsamirəyə getdik. Vəziyyət xalq üçün böyük bir sürpriz oldu. Hamının gözləri əsirlərdə idi. Müsamirənin keçiriləcəyi teatr salonuna giririk. Bizim üçün dörd nəfərlik yer hazırlanmışdı.

“Qardaş köməyi” təşkilatı Birinci Dünya müharibəsi əsnasında qurulmuşdu. Qayəsi budur: Rus ordusunun Türkiyənin Şərq vilayətlərini işğal etdikləri zaman rusların və xüsusi olaraq rus orduları sırasında olan erməni əsgərlərinin vəhşiliklərinə məruz qalan Türk xalqı imkan tapdıqca Qafqazın içərilərinə köçkün olaraq qaçırdılar. Onlar ancaq bu yolla özlərini qurtara bilirdilər. Təşkilat Azərbaycana gələn qaçqınlara yardım edir və işğal olunmuş vilayətlərdə sahibsiz qalan Türk uşaqlarını toplayaraq Azərbaycana gətirirdi. Bir tərəfdən uşaqlar, digər tərəfdən rus və erməni əsgərlərinin vəhşiliyinə dözə bilməyən türk xalqı qardaşları Azərbaycan xalqının ağuşunda yer tapırdılar. “Qardaş Köməyi” təşkilatı bunları qurduqları köçkün yurdlarında yerləşdirmişdi. Körpələr üçün uşaq bağçaları və yurdları qurulmuş, məktəbyaşlı olanlar isə məktəblərdə yerləşdirilmişdilər. Azərbaycanın hər vilayətində və qəzasında “Qardaş Köməyi”nin şöbələri vardır. Xalqımızın səyi ilə toplanan pullarla köçkünlərin bütün məsrəflərini təmin edə bilirdik. Bu təşkilat “Qardaş Köməyi” adlı dolğun bir jurnal da nəşr etmişdir. Eşitdiyimə görə bir neçə nüsxəsi İstanbulda da vardır.

Biz yerimizdə oturduq. Səhnədə bir çoban qoyun otarır. Onun yanında iki nəfər gənc xalq aşığı “Koroğlu”dan dastanlar söyləyir. İxtiyar çoban onları dinlədikdən sonra dönür və “Övladlarım, mənə gəncliyimi anlatdınız. O sazı verin, mən də bir şey çalıb söyləyim” – deyir. Gənclərdən biri sazını çobana uzadır və çoban sözə belə başlayır: (Çoban rolunda oynayan məşhur musiqişünas və bəstəkar Cəlil bəydir)

 

Ziya Göyalp dastanı:

 

Sürüdən qoyunlar həmişə dəstə-dəstə

Ayrılmış sürüdən qalmamış baxım

Asmanın üzümü dağılmış salxım

Olmaq istər, amma bağban harada?

Gedəyim arayım çoban harada?

Uca dağlar çökmüş, belləri qalmış

Coşqun çayların selləri qalmış

Xanlar yox meydanda əlləri qalmış

Düşənlər çox, amma qalxan harada?

Gedəyim arayım Xaqan harada?

 

Türk yurdu yuxuda, ey düşmən saqın

Uyuyan ölkəyə edilməz axın.

Dan yeri ağarmış, igidlər qalxın.

Baxın yurd nə halda, vətən harada?

Gedəyim, arayım, yatan harada?

 

Hər kəsin gözündə vətən əz yurdu.

Sərhəddin düşməni, dərənin qurdu.

Yad ellər Turanda Xanlıqlar qurdu

Turandan yadları qovan harada?

Gedəyim arayım o xan harada?

 

Krım harda qaldı, Qafqaz nə oldu?

Kazandan Tibetədək rus doldu.

Hayatda analar saçını yoldu

Şən yurdlar nə halda, viran harada?

Gedəyim arayım İran harada?

 

Başları ağarmış ixtiyar dağlar

Anar əsgi günü sel doğar çağlar.

Qaranquş ah çəkər, göyərçin ağlar

Uzaq bir səs sorar: Turan harada?

Gedəyim arayım soran harada?

 

Qurultay toplansın Tanrı dağında

İlxan taxta çıxsın Ehma bağında

Bəylər solda dursun xanlar sağında.

Sevmək günah deyil sevinc çağında

Görüncə toplanmış xanan harada?

Gedəyim arayım canan harada?

 

Oğuz xan bayramı baharda olsun

Otaqlar, çadırlar çiçəklə dolsun

Gənc qızlar oynasın, igidlər solsun.

Bir aşıq bayılmış, dərman harada?

Gedəyim arayım Loğman harada?

 

Müsamirənin proqramına daxil olan folklor hissəsində türk oyunlarının və musiqisinin incəliklərini göstərirlər. Milli şeirlər söylənir. Mətbuatda əks olunmayan bu şeirləri xalqımız əldən-ələ keçirərək əzbərləyirdi. Əsirlərdən məmnun qalıb-qalmadıqlarını soruşuram. Mənə cavab olaraq “Gördüklərimizi başqası söyləsəydi doğrusu inanmazdıq. Əsarətdə bu qədər varlıq yarada bilmək böyük müvəffəqiyyətdir”. – deyirdilər. Teatr hissəsi bitdikdən sonra Türkiyə salonuna keçirik. Bu salonda Türk dilində musiqi çalınır. Müsafirlərə qəhvə verilir. Biz dördümüz də bir masada otururuq. Digər bir masada da Qafqaz canişininin müavini Vatatski, tərcüməçisi Şimali Qafqazlı Heydər Bamat və Gəncə valisi Kovalyov oturmuşdular. Vatatski və Bamat Gəncədə müvəqqəti qonaqdırlar. Türk dilində çalan çalğıçıların rəhbəri Cəmil gözümün içinə baxır. Mən onun istədiyini anlayır və gözümlə çalması üçün işarə edirəm. Orkestr “Sevastopol önündə yatan gəmilər” marşını çalır. Vali bizim masaya dönərək “Həqiqətən Osmanlı salonu” – deyir. Mən də təşəkkür edərək “Sayənizdə” cavabını verirəm. Müsamirə beləcə bitir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info