Qonaq Kitabı
GƏNCƏ GƏNCLƏR TƏŞKİLATININ FƏALİYYƏTİ

Gəncə Gənclər Təşkilatının gördüyü işlər və fəaliyyəti Milli Komitəni olduğu kimi, xalqımızı da məmnun etmiş və hörmətini qazanmışdır. Özüm kimi bir neçə dostumun da yalnız milli işlərimizlə məşğul olmalarını təmin etdikdən sonra çalışmalarımızı sürətləndirdi.

Təşkilatımız əsir daşıyan qatarlardan götürülən cəsədləri qəbul etmək üçün stansiyada daimi növbətçi saxlayırdı. Bir gün stansiyadan keçən bir qatardan dörd cəsəd düşürüldüyü xəbərini aldıq. Dərhal toplaşaraq əziz şəhidlərimizə cənazə mərasimi təşkil etdik. Göz yaşları içində söylənən nitqlərdən sonra onları əbədi məzarlara qoyduq. Anadoluda doğulan Türk Mehmetçiyi Türklük uğrunda döyüşə atılır, ölür və yenə də Türk torpağı olan Azərbaycanda torpağa tapşırılırdı.

Mərasimdən sonra Gəncə şəhər Bələdiyyə rəisi Xəlil bəyin yanına gedərək Gənclik təşkilatı adından onunla söhbət etdim və vəziyyəti anlatdım. İstədiyim bu idi: Qafqaz cəbhəsində əsir aldıqları əsgərləri ruslar vaqonlara dolduraraq Sibirə göndərirlər. Xəstə olan əsirlər üzücü və ağır yola dözməyərək can verirdilər. Cəsədlər yolda stansiyalarda yerə düşürülürdü. Rus hökumət nümayəndələrinin bu qeyri-insani hərəkəti xalqımızı qeyzləndirirdi. Xəlil bəy məni dinlədikdən sonra Gəncə valisi ilə görüşəcəyini və nə lazımdırsa edəcəyini söylədi. Və nəticəni bilmək üçün axşam şəhər klubuna gəlməyimi tapşırdı.

Axşam kluba getdim və Xəlil bəyi gördüm. Xəlil bəy mənə “Vali ilə görüşdüm. Sabah stansiyada geniş bir bina boşaldılacaq, orada düşərgə və xəstəxana qurulacaq, hərbi qospitaldan həkimlər dəvət olunacaq, ayrıca olaraq hökumət və bələdiyyə həkimləri də bu işə cəlb olunacaqlar. Tiflisdən hərəkət edərək əsir dolu qatarlar əvvəlcədən Gəncəyə bildiriləcək, həkimlər dərhal stansiyaya gedərək qatardakı əsirləri gözdən keçirəcək və xəstə olanlar düşərgədə saxlanılacaqlar” – dedi. Xəbərə son dərəcə sevindim və təşkilatımın adından Xəlil bəyə təşəkkür etdim. Təşəkkürə lüzum olmadığını, bu kimi işlərin bizim kimi onun da vəzifəsinin olduğunu və bundan sonra da bir istəyimiz olursa, bunu çəkinmədən ona söyləməmizi xahiş edən Xəlil bəy daha sonra məni axşam yeməyinə dəvət etdi. Ancaq aldığım xəbərdən duyduğum sevinci dostlarımla bölüşdürmək üçün tələsdiyimdən Xəlil bəyə təşəkkür etdim və ona “Xəlil bəy, Sizdən bir ricam da mənim həkimlərlə birlikdə heyətdə iştirak etməyimi təmin etməkdir. Yəni əsirlər həkimlərin söylədiklərini anlamazlar. Heyətdə tərcüməçi olaraq iştirak etmək istəyirəm” – dedim. Təklifimi qəbul sayan Xəlil bəy bu işi sabah Vali ilə görüşəndə razılaşdıracağını bildirdi. Həqiqətən ertəsi gün stansiyada böyük bir bina boşaldıldı. Daha sonra binanın ətrafı məftil şəbəkə ilə çevrələndi və nəzarət üçün əsgərlərlə əhatə olundu. Mən də həmin gün valilikdən tərcüməçi olmağımı bildirən rəsmi sənədi aldım. Bu vəzifə üçün haqq almayacağımı öyrənən vali və Mərkəzi Komandanlıq mənə ayrıca təşəkkür məktubları göndərdilər. Əsirləri qarşılayacaq heyətdə üç həkim, mərkəzi komandanın yavəri və tərcüməçi olaraq mən də var idim. Həkimlərin üçünü də şəxsən tanıyırdım.

Həmin gün əsir daşıyan bir qatarın saat 14-də Gəncə stansiyasında olacağını xəbər verdilər. Heyətlə bir yerdə stansiyaya gedərək qatarı gözləməyə başladıq. Ancaq, qatarın stansiyaya daxil olmasından on dəqiqə əvvəl bir bölük rus əsgəri stansiyanı dövrəyə aldı. Perrondakı mülki xalq gözləmə salonuna dolduruldu. Ancaq, bir az sonra məni salona çağıran xalq rus əsgərlərinin əsirlərə hədiyyə verilməsinə icazə vermədiklərini, hələ bu əsgərlərin içində erməni olarsa, heç əsirlərin də yanına buraxılmayacaqlarını söylədilər. Vəziyyəti mərkəzi komandanın yavərinə bildirdim. Yavər, bildirdi ki, qatarda 28 vaqon var, hədiyyələr 28 kisəyə yerləşdirilib verilməlidir. Vəziyyəti xalqa izah etdim və dərhal kisələr hazırlanmağa başlandı. Bir az sonra qatar gəldi. Heyətimiz vaqonlara girərkən mən də türkcə olaraq xəstə olub-olmadığını soruşurdum. Biçarələr şaşqın-şaşqın bizə baxır və özlərini müayinə etdirmirdilər. Onların bizə inanmadığını görüb onlarla söhbət etməyə başladım: “İndi durduğunuz stansiya Gəncə şəhərinin stansiyasıdır. Və şəhərin də əhalisi türkdür. Sizin öz qardaşlarınızdır. Stansiyada xəstəxanamız var, xəstə olanlar burada müalicə olunduqdan sonra yollarına davam edəcəklər”. Mənim bu söhbətimdən sonra xəstə olmayanlar da xəstəxanaya getmək istəyirdilər. Heyətimiz müayinə nəticəsində 40 nəfər xəstə müəyyən etdi. Daha sonra biz xəstə olmayan vaqonlara da girdik və bütün əsirlərin əhvallarını soruşduq. Həkimlər əsirlərə müxtəlif suallar verirdilər. Daha sonra xalq tərəfindən hazırlanmış kisələri vaqonlara “Türk xalqı tərəfindən Sizlərə hədiyyədir” deyərək verməyə başladım. Bu zaman vaqonların birinin pəncərəsindən gənc bir zabit bizi səsləyərək onların vaqonlarına da gəlməmizi xahiş etdi. Biz vaqona girdik. Zabit bizə: “Mən xəstəyəm, çox xəstəyəm. İki həftədir heç bir şəkildə istirahət etməmişik. Vaqonumuzda həkim var, ancaq dərman yoxdur” – dedi. O, sözünü bitirər-bitirməz həkim olduğu anlaşılan şişman bir bəy bizə yanaşdı və xəstənin vəziyyətini anlatdı: Həkimlər öz aralarında müzakirə etdikdən sonra mənə tərəf dönərək: “Xəstəni götürək. Əgər arzu edərsə, həkimi də məmnuniyyətlə burada saxlaya bilərik. Bizə kömək edər” – dedilər. Həkimlərin qərarını türk həkiminə və zabitinə anlatdım və hər ikisi də razılaşdılar. Hamımız birlikdə xalqla dolu salondan keçdik. Xalq hamılıqla ayağa qalxaraq əsirləri salamladılar. Qatar isə yavaş-yavaş stansiyadan uzaqlaşırdı.

Xəstələri xəstəxanada yerləşdirdik. Mən ayrılmaq istəyən zaman baxdım ki, əsirlər mənim getməyimi istəmirlər. Onlara darıxmamağı, hər gün gələcəyimi və başqa qonaqlar da gətirəcəyimi söylədim. Daha sonra xəstəxanadan ayrılıb şəhərə gəldim və olub keçənləri yoldaşlarıma anlatdım. Biz öz aramızda hər gün əsirlərə vacib olan yemək və siqaraları çatdırmağı qərarlaşdırdıq. Beləliklə yüzlərlə xəstə əsiri qəbul edib müalicə etdikdən sonra Sibirə - düşərgələrə yola salırdıq. Qurduğumuz düşərgənin xəstəxanasında daimi olaraq 200 xəstə olurdu. Bunların başında əsir zabit Murad bəy dururdu. O və həkim düşərgənin sözü keçən adamı olmuşdular. Mərkəz Komandanın yavəri də əlimizdədir. Ayrıca düşərgənin rəisi də sözümüzdən çıxmırdı. Dostlarımız və yoldaşlarımızla düşərgəyə gəlir və burada istədiyimiz qədər qala bilirdik. Biz əsirləri Azərbaycanda türkcə nəşr olunmuş kitablarla və qəzetlərlə təmin edirdik. Bakıda Məmmədəmin Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetini gündəlik olaraq əsirlərə çatdırırdıq. Gəncədəki bütün müəllim və şairləri düşərgəyə dəvət edir və əsirlərin darıxmamasını təmin edirdik. Onların ən çox sevdiyi şair Əhməd Cavad idi. Bir gün Gəncə tacirlərindən Hacı Həsən mənim yanıma gəldi və əsirlərə bir ziyafət vermək istədiyini söylədi. Vəziyyəti Xəlil bəyə bildirdim və validən icazə almasını xahiş etdim. Bir neçə gün sonra Xəlil bəy məni yanına çağırdı və “Hacı Həsənə söylə ki, zəngin və gözəl bir ziyafət versin. Əsirlərdən başqa vali, mən, Mərkəzi Komandan, hökumət, Bələdiyyə həkimləri və şəhərin məşhur şəxsləri də ziyafətdə iştirak edəcəyik” – dedi. Vəziyyəti Hacı Həsənə bildirdim. Ertəsi gün 300 nəfərlik bir ziyafət hazırlandı. Düşərgənin bağçasında masalar qurulmuş və buraya ən yaxşı türk çalğıçıları çağırılmışdır. Qonaqlar: Vali, Bələdiyyə rəisi, biri türk, digəri erməni olan Bələdiyyə rəisinin müavinləri, Mərkəzi Komandan və yavəri, polis müdiri, prokuror, bank müdirləri, şəhərdə mövcud olan cəmiyyətlərin rəisləri, türk və erməni tacirləri və müəllimlərdən ibarət idi. Yemək əsnasında Bələdiyyə həkimi Həsən bəy türkcə bir nitq söyləyərək “Əsir qardaşlarım, Siz burada özünüzü əsarətdə və qürbətdə saymayın. Ətrafınızda yaşayan şəhərlilər və kəndlilər də sizin kimi türkdürlər, yəni Sizin öz qardaşlarınızdırlar. Bugünkü ziyafəti Sizə qardaşımız Hacı Həsən ağa öz pulu ilə verməkdədir” – dedi. Bu zaman Hacı Həsən yerindən durdu və “Doktor bəy, onlar bizi əsarətdən qurtarmaq üçün canlarını verirlər. Bir yemək nədir ki?” – dedi. Bu sözlər ziyafətdəkilər arasında bir soyuq sükunət yaratdı. Ancaq doktor Həsən bəy “Hacı, Hacı sən otur yerində, mən danışıram” deməklə böyük bir səhv etmiş olan Hacını susdurdu. Hacı Həsənin söylədiyi sözlərin mənasını anlayan ermənilər bığlarının altından gülürdülər. Ziyafət çox gözəl keçdi və əsirlər çox razı qaldılar. Ziyafətdə iştirak edən qonaqlar da məmnun çöhrələrlə evlərinə dağıldılar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info