Qonaq Kitabı
TARİXDƏ GƏNCƏ

(İslam Ensiklopediyası, Gəncə məqaləsi)

 

Böyük ticarət yolları üzərində zəngin və münbit bir ərazidə qurulmuş olan Gəncənin çox əski dövrlərdə iqtisadi cəhətdən xeyli inkişaf etmişdir. Gəncəlilərin cəngavərlikləri və şücaətləri də məşhurdur. 1221-ci ildə monqollar ilk dəfə Gəncənin qala divarları ətrafında göründükləri zaman qəhrəmanlıqları ilə tanınmış olan bu şəhərə yaxınlaşmağa cəsarət etməmiş və aldıqları qızıl və parçalarla kifayətlənərək çəkilib getmişdilər.

XII əsrin erməni səlnaməçilərindən Gəncəli Kirakos qeyd etmişdir ki, “Monqollardan qaçaraq Azərbaycana gələn Xarəzmşah Cəlaləddin Eldənizlilərin xanı Özbək xanın Təbrizdən qaçaraq sığınmış olduğu Gəncəni zəbt etdi. Ancaq, bu hadisədən bir neçə il sonra gəncəlilər üsyan qaldıraraq, şəhərdəki Xarəzmşahın adamlarını öldürməyə başladılar. Buna baxmayaraq Cəlaləddin 1231-ci ildə üsyanı yatırmağa müvəffəq oldu və üsyanın 30 nəfər əsas iştirakçısından başqa heç kəsə toxunmadı. O, əsgərlərinə şəhəri talan etmələrinə də icazə vermədi.”

Gəncə XIV əsrin sonunda Böyük Teymura müqavimət göstərmiş, boyun əyməmişdir. Erməni səlnaməçisi Kirakosa görə, Cəlaləddindən sonra iki dəfə Azərbaycana gələn monqollar, 1235-ci ildə gəncəlilərin silahlı müqaviməti ilə üzləşdilər. Bir həftə mühasirə altında qalan şəhərin ələ keçəcəyini başa düşən şəhər əhalisi düşmən əlinə keçməməsini təmin etmək üçün yurdlarını büsbütün yandırdılar. Məhv ediləsi nə var idisə, hamısını məhv etdilər. Bundan hiddətlənən monqollar da şəhər əhalisini qılıncdan keçirdilər. Azərbaycan Cümhuriyyətinin keçmiş İstanbul elçisi Yusif Vəzirlinin 1920-ci ildə İstanbulda nəşr etdiyi “Azərbaycanın iqtisadiyyatı, tarixi və coğrafiyası” adlı kitabın 24-cü səhifəsində deyilir ki, “Gəncə xalqı qədim tarixdən bəri hürriyyətini müdafiə və mühafizə etməkdə məşhurdur. Gürcülərin istila məqsədi ilə hücum etmiş qüvvələrinə qarşı sinə gərib mərdanə mübarizədə rəşadət göstərən Gəncə vaxtı ilə Çingiz xanın da diqqətini cəlb etmişdir. Çingiz xanın ordusu Qafqazı tarmar edərkən Gəncəyə toxunmamışdır. Gəncə Milli təşkilatı ilə Azərbaycanda birincilik qazanmış bir şəhərdir. Azərbaycanın istiqlalı yolunda böyük rol oynayan şəxslərin əksəriyyəti Gəncədədir. Gəncə Şeyx Nizaminin vətənidir.”

Rusların 1803-cü ildə Gəncəni işğal etdikləri zaman törətdikləri vəhşiliklər haqqında qısa da olsa yuxarıda bəhs etmişdik. Tarixi bir hadisəyə toxunaraq bu bəhsi bitirəcəyik. Rus tarixçilərinin bildirdiklərinə görə, Cavad xan Gəncə qalasının bürcündə şəhid edilmiş və qalib rus zabitləri onun meyitini görməyə tələsirlər. Bu zaman qalanın bürcündə belə bir mənzərə olmuşdur: bir tərəfdə Cavad xan və oğlu Hüseyn xanın meyitləri, o biri tərəfdə isə silahları əllərindən alınmış türk döyüşçüləri. Bu döyüşçülərdən biri xanına və xanzadəsinə son ehtiram vəziyyətində durmaqdadır. Bu zaman zabitlərlə qala bürcünə çıxan bir rus çavuşu Cavad xanın meyitini küfr edir və cəsədə bir qılınc zərbəsi vurur. Ehtiram vəziyyətində olan döyüşçü silahsız vəziyyətdə olduğunu bir anlıq unudaraq cəld əlləri ilə rus çavuşunun xirtdəyindən yapışır. Mübarizənin sonunda ikisi də cansız halda yerə sərilir. Rus çavuşu döyüşçünün dəmir barmaqlarının gücündən, Azəri döyüşçüsü isə boğarkən digər rus döyüşçüsünün vurduğu qılınc zərbəsindən həlak olur. Bu hadisəni rus tarixçisi “Qafqaz kalendarı” adlı məcmuədə “Qəhrəman çavuşumuzu Cavad xanın cani döyüşçüsü boğaraq öldürdü” deyə təsvir edir. Bax budur rus mədəniyyəti...

Rusların Gəncə və Azərbaycan xalqına göstərdikləri vəhşilik və qəddarlıq unudulmayacaq qədər ağırdır. Kiçik yaşlı Gəncəli uşaqlar böyüklərdən, yaşlılardan, xalq şairləri tərəfindən söylənmiş dastanlardan bu həqiqətləri öyrənirlər və o yaşda ruslara nifrət etməyə başlayırlar. Onlar heç bir zaman ruslara isinməmiş və onlara nifrət dolu nəzərlərlə baxmışdılar. Özlərinə güvənən kənd cavanları bir fürsət düşən kimi rus məmurlarını öldürür və sonra da silahlarını alıb dağlara çəkilirdilər.

Kənd cavanlarının bu hərəkətlərindən sonra rus məmurları ilə amansız bir mübarizə başladı. Xalqımız əsarət yerinə azadlığı seçən bu cavanlara “Qaçaq” adını vermişdi. Onlar öldülər, öldürdülər və şöhrət qazandılar. Qaçaqlar öz qəhrəmanlıqları ilə rusların gözlərinin odunu aldılar. Şairlərimiz onlar haqqında dastanlar yaratdı və xalq da ağızdan-ağıza dolaşan bu dastanları əzbər deyərək yayırdı. Gəncənin dağları və dərələri qaçaqlarla dolu idi. Hər kəndlinin evi qaçağın yatağı oldu. Gəncənin cavanları da təşkilatlanmağa başladılar. Rusların jandarma alayı hansı qaçağın üzərinə hücum etməyə hazırlaşırdısa, dərhal o qaçağa xəbər göndərilirdi. Hamıya aydın idi ki, o zamanlar Azərbaycanın hər tərəfində amansız bir istiqlal mübarizəsi var idi. Ancaq, biz burada yalnız Gəncə ətrafında cərəyan edən hadisələrdən bəhs edəcəyik. Mübarizə özünü hər sahədə göstərirdi. Gəncə ziyalıları da bu mübarizəyə əllərindən gələn köməyi edirdilər. Tarixi yazılmamış bu mübarizə uzun illər davam etdi. Azərbaycan xalqı o dövrlərdə hər hansı bir qüvvənin ruslarla müharibəyə girməsini gözləyirdi. Biz bu qüvvəni şeytan da olsa, özümüzə müttəfiq sayaraq, yardım edəcəkdik. Nəhayət bu gözlədiyimiz də gəlib çatdı və adı, cismi bizlərə məchul olan kiçik yapon milləti ruslarla müharibə etməyə başladı. Müharibənin getdiyi ərazi bizdən çox uzaq olduğundan yaponların xeyrinə döyüşmək mümkün deyildi. Əlimizdən ancaq əlimizi göyə qaldırıb Ulu Tanrıdan yaponlara kömək diləmək gəlirdi. Tanrının yardımı ilə yaponlar rusları həm quruda, həm də dənizdə məğlubiyyətə uğratdılar. Rusların bu müharibədəki məğlubiyyəti imperiyanın mərkəzini sarsıtdı. Bütün sosialist partiyalar rus çar üsul-idarəsinə qarşı xalqı üsyana qaldırdılar. Qeyri-ruslar, yəni məhkum millətlər imperiyanın əsarətindən xilas olmağa çalışdılar.

Ruslar yaranmış bu vəziyyətin onlara fəlakət gətirəcəyini bilirdilər. Buna görə onlar yaponların ağır müharibə təzminatını qeyri-şərtsiz qəbul etdilər. Çar hökuməti yaponlarla müqavilə bağladıqdan sonra ölkə daxilindəki hadisələrin qabağını almaq üçün ciddi tədbirlər görməyə başladı. Hökumət bu yolda hər cür qanuni və qeyri-qanuni hərəkətdən çəkinmədi. Onlar əvvəlcə Rusiyanın mərkəzi şəhərlərindəki şovinist rusları yəhudilərin əleyhinə qaldırdılar. Beləliklə, bir çox şəhərlərdə yəhudilər əleyhinə qırğınlar baş verdi. Tarixdə misli görünməmiş bir yəhudi soyqırımı törədildi. Rus millətinin hər sinfi: monarxisti də, sosialisti də bu soyqırımında iştirak etdi. Çar hökuməti mərkəzi şəhərlərdə istəyinə nail olmuşdur. Artıq rus milləti Rusiyanın mərkəzi vilayətlərində sinfi mübarizəni unudub, yəhudi soyqırımı ilə məşğul olmağa başlamışdır. Ancaq, Çar hökumətinin böyük bir narahatçılığı da var idi. Azərbaycanın üsyan etməsi və xüsusilə, əvvəlcə Gəncəyə edilmiş rus zülmünün intiqamını Gəncəlilərin almağa çalışmaları hökuməti çox narahat edirdi. Bu narahatçılıqla hərəkətə keçən Çar hökumətinin yaratdığı faciənin ikinci pərdəsi Azərbaycanda oynamağa başlandı. Gəncə vilayətinin Qarabağ qəzasının mərkəzi olan Şuşa şəhərində ermənilər Türklərin üzərinə hücuma təhrik edildilər. Şuşada olan rus diviziyasının komandanı general Kalaşçapov ermənilərin Türklər tərəfindən məğlubiyyətə uğradıldığını görüncə diviziyasında olan erməni əsgərlərinə mülki paltar geyindirib ermənilərin köməyinə göndərmişdir. Bundan sonra Gəncə əhalisi də Şuşadakı qardaşlarına kömək etməyə başladılar. Bundan xəbər tutan Çar hökuməti vaxt itirmədən erməni-türk qırğınını Gəncədə törətdi. Rus hökuməti bununla da kifayətlənməyərək bu milli münaqişəni Azərbaycanın mərkəzi olan Bakıda da törətdi. Azərbaycanın hər tərəfində ermənilər türklərin üzərinə hücum etmişdilərsə, hər yerdə məğlub olmuşdular.

Azərbaycanın tarixi boyunca ermənilər həmişə türklərdən çəkinmişdilər və onlarla qarşı-qarşıya gəlməyə cəsarət etməmişdilər. Ruslar Qarabağın Şuşa şəhərində ermənilərlə açıq-aşkar etdikləri yardımı Bakıda və Gəncədə edə bilməzdilər. Əslində vilayət mərkəzi olan bu şəhərlərdə rusların hər bir hərəkəti ziyalı türklərin nəzarəti altında idi. Ancaq, bu vilayət mərkəzlərində ruslar az da olsa əlaltından ermənilərə kömək etməyə çalışırdılar. Çar hökuməti bu şəkildə Azərbaycanda da istəyinə nail olmuşdur. Yəni 1905-ci il inqilabını yatırtmaq üçün Azərbaycanlıları ölüm-dirim mübarizəsi ilə üz-üzə qoymuşdur. Nəticə etibarilə 1905-ci il inqilabının parlaması ilə sönməsi bir oldu. Mübarizədən qalib çıxan ruslar bir bəyannamə nəşr edərək qeyri-rus millətlərə bəzi haqq və hüquqlar verdiklərini elan etdilər. Türklər də o biri qeyri-ruslar kimi bu haqq və hüquqları bir nemət kimi qarşıladılar. Əslində ilk həmlədə geniş şəkildə istifadə edilən haqlar bunlar idi:

1. “Dövlət Duması”nın (parlament) qurulması və buraya hər millətdən deputatlar göndərilməsi,

2. Hər millətə din azadlığı verilməsi və yenə hər millətin öz dilində dərs keçə bilən məktəblərin açmasına, qəzet və jurnal nəşr etməsinə icazə verilməsi,

3. Azadlıq, ədalət və bərabərliyin təmin edilməsi. Bir müddət çar hökuməti bu verilən haqlardan öz mənafeyi üçün istifadə etdisə də, məhkum millətlər də özləri üçün müəyyən işlər görə bildilər. Bu haqların əldə edilməsi ilə birlikdə Azərbaycanın hər tərəfində öz ana dilində dərs keçən məktəblər açıldı. Bakıda gündəlik nəşr olunan 20 qəzetdən başqa, həftəlik və aylıq çıxan jurnallar da var idi. Bu mətbuat orqanları Azərbaycanın hər tərəfinə göndərilirdi. Bundan başqa Azərbaycanın hər tərəfində olduğu kimi, Gəncədə də dörd cəmiyyət quruldu:

1. Xeyriyyə Cəmiyyəti

2. “Maarif Cəmiyyəti”

3. Dram Cəmiyyəti

4. “Difai” firqəsi.

Xeyriyyə Cəmiyyətinin məqsədi topladığı pullarla xalqımızın bütün ehtiyaclarını ödəmək idi. Çar hökuməti türkcə dərs keçən məktəblərin açılmasına icazə verirdisə, onun dövlət büdcəsindən maliyyələşdirilməsini qadağan edirdi. “Dram” Cəmiyyətinin vəzifəsi isə əsərlər səhnələşdirərək ikinci məktəb olan teatr vasitəsi ilə xalqımızın gözünü açmaq və bu yolda topladığı pullarla milli davamızı dəstəkləmək idi.

“Difai” firqəsinə gəlincə bu ehtiyacdan yaranmış bir təşkilat idi. Bu təşkilat xalqımızla insan kimi davranmayan, onlara qarşı cinayətkar hərəkətlər edən, erməni-türk milli münaqişəsində ermənilərə açıqdan-açığa yardım edən rus hökumət nümayəndələrinə layiqli cəzalarını vermək üçün yaranmışdı. Xalqımıza qarşı cinayət törətmiş hər bir hökumət nümayəndəsinin hərəkəti tədqiq olunur və sonra öldürülürdü. Sonra bu dövlət məmurunun nə üçün öldürülməsi haqqında nəşr olunmuş bir bəyannamə ilə məlumat verilirdi. Bəyannamə həmişə “Difai” firqəsinin möhürü ilə möhürlənirdi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info