Qonaq Kitabı
ALIB BU KÜLƏYİ ÇİYNİMƏ

Alıb bu küləyi çiynimə

Qaldıracağam

     tüstülü boruların zirvəsinə,

Düyünləyib tüstü buluduna

     çəkəcəyəm küləyi.

Tüstüdə iş günləri,

     dəzgah səsi,

     fəhlə ürəyi...

İşıq yandıracağam

     minarətək

     göylərə dirənən

     boruların üstündə, -

Məryəm kimi

     başında işıq haləsi;

Görənlər deyəcək:

     zühr edib İsanın anası...

Alıb bu küləyi çiynimə

     çırpacağam xəzəl pullara,

Ciblərə gedən

     gizli yollara,

Çırpacağam

     arxasınca kişidən çox

     göz gəzən

     gözəl dullara,

Çırpacağam

     hər gecə birinə

     sarılan qollara...

Tuşlayacağam

     kürsülərdən deyilən

sabun köpüklü sözlərə,

Bu küləyi qumla qarışdırıb

     çırpacağam

                gecə barlarında

     xumarlanan gözlərə;

Alıb bu küləyi çiynimə

     bahara verəcəyəm

     çiçəklərlə oynasın.

Payıza verəcəyəm

     yarpaqlarla oynasın,

Qışa verəcəyəm

     bəyazlıq içində

     qarla oynasın.

Sonra çəkib ciyərlərimə

     dolduracağam

     rezin şarları,

Qoy bu külək

     bir az da 

          uşaqlarla oynasın...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info