Qonaq Kitabı
FİKİRLİ ADAMLAR

Gecəni fikirlə səhərləyərlər

İnamı  yolunda ovod adamlar.

Vərəmlə,

İnfarktla zəhərləyərlər

Ürəkli kəsləri robot adamlar.

 

Ürək döyünəcək...

     sıxılanda da

O, yeni bir həyat nəfəsi tapır.

Fikirli adamlar yıxılanda da

Torpaqda cazibə qüvvəsi tapır.

 

Duyğulu başlarda fikir daşınar;

Yağış yağacaqsa şimşəklər çaxar.

Sərxoş sürücülər,

Nasaz maşınlar

Fikirli adamlar ovuna çıxar...

 

Dağların ürəyi sözlə dolanda

Zirvələr görünmür, bürünür çənə;

Nədənsə, gün batıb, axşam olanda

Bu dünya fıkirli görünür mənə.

 

Keçir beyinlərin qaranlığından

Fikirlər müqəddəs bir ziya kimi.

Fikirsiz, qayğısız, duyğusuz insan

Yaşayır dünyada bir röya kimi...

 

Hamar olmayıbdır fikrin meydanı,

Zaman başqa cürə görüb əlacı.

Fikri əsrləri qabaqlayanı

Ya tonqal gözləyib,

Ya dar ağacı.

Sısqa bulağına ümman deyənlər

Çəkir fıravanlıq, şahlıq fikrini.

Bilmir ki, cığırda iməkləyənlər

Yıxılır naşı bir kəndirbaz kimi.

 

Axıb,

Axa-axa durulub sular.

Ətəklər sellərin,

Zirvə qarındır.

Bu günü fikirlə yaradıbdılar,

Sabah da

Fikirli adamlarındır...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info