Qonaq Kitabı
KÖHNƏ EVLƏ VİDA

Tülü də qıymadıq pəncərələrə,

Lüt-üryan şüşələr nə geyəcəklər?!

Söküb xalçaları düşürdük yerə,

Divarda mismarlar üşüyəcəklər.

 

Adımı sökürəm qapının üstdən,

Qapımı küləklər açacaq indi.

Rəşad oturubdur topunun üstə,

Sanki Münhauzen uçacaq indi.

 

Nə vaxtsa bu evə köçdük birinci,

Ömrümün beş ili kirəsi oldu.

Arazın “zindanı” -  otağın küncü

Daha hörümçəklər bərəsi oldu.

 

Bilmirəm nə qoyum,

Nə aparım mən,

Sizdəki kədəri duyub gedirəm.

Bu evdə sakitlik axtarırdım mən,

İndi sakitliyi qoyub gedirəm.

 

Əlvida, divarım!

Əlvida, daşım!

Sizə nəfəsim də dəyməyəcəkdir.

Qapımı bir dəfə döyməyən qonşum,

Daha divarı da döyməyəcəkdir.

 

Səssizcə gələcək axşam beləcə,

Otaqda qaranlıq qarıyacaqdır.

İşıqla qovduğum qaragöz gecə

Saçını evimdə darayacaqdır.

 

Sevinir təzə ev...

     işığı yanır,

Bu işıq içində qəribik hələ.

Köhnə evimizdən kədər boylanır,

Bura qonaq kimi gəlirik hələ.

 

Ömrünü yaşamış bir zamandı bu,

Köçəri qalamış sönən ocaqdır.

Köhnə tanışların təzə məktubu

Məni bu ünvanda axtaracaqdır.

 

Küskün gəlin kimi bu ev boşanır,

Kimi qızdıracaq

     bu od, bu ocaq?

İnsan ağlayanda

     ürək boşalır,

Evlər boşalanda ağlayır ancaq?...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info