Qonaq Kitabı
“YANIQ KƏRƏMİ”

          Toylarda “Yanıq Kərəmi”ni oyun

          havası kimi çalıb rəqs edirlər.


Oynayın, unudun kədəri, qəmi,

Qönçə əlləriniz gül açır, qızlar.

İçindən qovrulur “Yanıq Kərəmi”,

Alışıb Əslinin gileyi sızlar...

 

“Vağzali” çalınır,

     saxladırsınız,

“Yanıq Kərəmi”yə sifarişmi var?

Əslinin ruhunu ağladırsınız,

Kərəmin dərdinə oynayan qızlar.

 

Tardan nalə qopdu.

Kaman inlədi,

Keşişin yenə də eyni açılmır.

Sizin yaxanızın qırıldı bəndi,

Əslidən hələ də düymə açılmır,

 

Kərəm od götürür,

Kərəm alışır.

Nağara Fərhadın külüng səsidir.

Musiqi bir dərdli eşqdən danışır,

Hər səda Kərəmin son nəfəsidir.

 

İçimdə çatılıb bir od, bir ocaq,

Neyləyim, məclisdən çıxa bilmirəm.

Dərddən oynayam görmüşdüm, ancaq

Dərdə oynayana baxa bilmirəm...

 

Məclisin başında qoşa şam yanır,

Gözəldir sevgini od bəzəyəndə;

“Yanıq Kərəmi”dən qəm qanadlanır

Ürəkdə məhəbbət öləziyəndə...

Alışıb xumardan süzülür gözlər,

Gözlər baxışlarla öpüşəcəkdir.

İnsafınız olsun.

     dayanın, qızlar! -

Kərəmin qəbrinə od düşəcəkdir.

 

Məclisdə dolanır sirli bir kölgə,

Leylinin bağrını üzəcəksiniz.

Bir vaxt gələcək ki,

     deyirəm, bəlkə

Məcnunun ahına süzəcəksiniz...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info