Qonaq Kitabı
DƏRD

Dərdini suya danışma,

Axıb çöllər boyunca

Dərdi çiçəklər bitirə

Dərdıni quyuya danışma.

Bənd-bənd kəsilmiş

tütəklər bitirər.

Dərdini mənə danış,

Dərd qədrini dərdli bilər...

Dərdini ulduzlara demə,

Uzaqlığın dərdi

onlara bəsdı.

Dərdini mənə de,

Ürəyim dərdlərə qəfəsdi.

Orda heç kəsin görmədiyi

dərd şəklindən sərgi var,

Dərdin mənə ərki var;

Yayda soyuq baxışlardan üşüyən,

Qışda yalançı sevinclərdən tikilən

     iynəbatmaz kürkü var.

Dərdıni mənə danış,

Dərdbilməzə söyləmə,

Sənə təzə dərd doğar.

Dərdini mənə danış,

Dolu dəryaya yağar...

Dərdin üzəgüləni pisdi,

Dərdin qəfil gələni pisdi.

Kor qaranlığa alışan kimi

Dərdli doğulan dərdə alışır.

Kim dərdini suya danışır?

Dərdini mənə danış,

Özüm dərdə sarı gəlirəm.

Nazim Hikmət demişkən:

“Adam var otların çeşidini bilir,

     adam var quşların,

Mən dərdlərin çeşidini bilirəm!”

... Dərd oxumuşam

     anamın qayğılı gözlərində,

Nənəmin “dərdin mənə gəlsin” - sözlərində,

Yaralı dovşanın

     qanlı izlərində,

Parisin Sen Deni küçəsindəki

     müştəri gözləyən qadınların

     çılpaq dizlərində...

Qaçqınların

Vətənə sarı dönən üzlərində,

Qarımış qızların

     toz basmış güzgülərində...

Dərdini mənə danış,

Dərd qədrini dərdli bilər...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info