Qonaq Kitabı
AĞRI

... Bu ağacın ötən il kəsilmiş

     barlı budağının

     ocaqda tüstülənən ağrısını

     buludlar göz yaşıyla qaytarır.

Buludlu havalarda

     tutqun göy üzünün

     qaş-qabaqlı ağrısı

     cərrah bıçağından keçir,

Ölü doğmuş anaların

     boş qalmış qucağından keçir...

“Gözəllik salonlarında”

     kəsilən hörüklərin

     döşəməyə səpilən ağrısı

     süpürgə tellərində küncə

     qoyulur.

Mişarlanıb

     əbədi dincə qoyulmuş ayaqların

     qaralmış barmaqlarının

     buludlu havalarda

     indi də duyulan ağrısını

     kəsə bilmədi həkim...

Hələ də ağrıyır

     nənəmin ağısı,

Hələ də ağrıyır

Dava illərinin qara kağızı.

Dünyaya ağrı ilə gəldiyımizdən,

Ağladıq ağrılı gününə anamızın.

O gündən hanamızın

     ərişinə sevinc

     arğacına kədər qoyduq.

Ağrımızı aparanın adını həkim,

Sevincimizi qoparanın adını.

     oğru qoyduq.

Bazarlarda scvinclə satdılar bizə

     ağrılı qərənfilləri,

Ağrısını duymadan

     qərənfillə sevindirdik

     könülləri...

Ağrıdan bağırır dan üzü,

Dan üzündə qan izi;

Sevənlərə dünya

     gülüş otağı.

Qu yatağı.

Kimlərəsə

Bu dünya bir ağrı dənizi...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info