Qonaq Kitabı
AĞLAYAN TAPILACAQ...

  Onu təkərlərin altında gördüm, kəsilmiş qolu

özündən xeyli aralı idi.


Fikrin hardaydı, qardaş,

Daha qanlı dodağın tərpənməz,

Açıq gözlərin qırpılmaz;

Səni ağlayan tapılar,

Ömür verən tapılmaz...

Yolun haraydı qardaş,

Yolun səndən aralı.

Kimi belə axtarır

Qolun səndən aralı?!

Bu qolların üstünə

Yenə saçlar səpilər,

Saçlar boyu süzülüb

İsti yaşlar səpilər,

Özün boyda məzarda

Qara daşlar səpilər...

Qolun səndən aralı

Evə tələsdi bəlkə.

Sənə çatmasın deyə

O, qatara dirənib

Yolunu kəsdi bəlkə.

Bu, qatar zalım qatar

Ömrünü kəsməmişdən

Qolunu kəsdi bəlkə...

Bu axşam qapınızı

Bu kəsik qol döyəcək,

Sənin yoxluğunu da

Bu kəsik qol deyəcək.

Körpələrin yenə də

Qapıya yüyürəcək,

Sinəni axtaracaq,

Qısıla bilməyəcək.

Bu kəsilmiş qolundan

Asıla bilməyəcək...

A qardaş, oyan, olmaz,

Qollarını göndərmə,

A qardaş, dayan, olmaz!

Yoxluğunu deməyə

Kimsənin dili gəlməz.

Tək qolunu yumağa

Kimsənin əli gəlməz.

Bir üzü qız gəlinin

Bir daha üzü gülməz.

Bəlkə də od içində

O, könlü tox gəzəcək,

Yuxusuna girənlər

Bir qolu yox gələcək.

Saçını oxşamağa

Göz yaşını yığmağa,

Kədərini boğmağa.

Bir əli çatmayacaq,

Sənə qovuşmaq üçün

Əlini uzadacaq

İrəli,

Çatmayacaq...

Fikrin hardaydı, qardaş,

Daha qanlı dodağın tərpənməz,

Açıq gözlərin qırpılmaz,

Səni ağlayan tapılar,

Ömür verən tapılmaz...



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info