Qonaq Kitabı
DEYƏSƏN, TƏZƏDƏN...

Mən elə bilirdim getdi soyuqlar,

Daha buludlar da qar ələməzlər.

Çəmən ilmələrin gül naxışını

Daha şaxtalar da qaralamazlar.

Sınar soyuqluğun buz güzgüləri,

Buğlana-buğlana oyanar torpaq,

Tumurcuq köynəkdən çıxaraq ürkək

Körpətək günəşə boylanar yarpaq...

Əlləri havada qalır ağaclar,

Yenə də soyuğa əsir düşürlər.

Üşüyən tənəyin göz yaşlarını

Yuxulu-yuxulu otlar içirlər.

Yenə xısın-xısın ağlayır bulud,

Elə havadaca donur bu yağış.

Peşiman baharın kirpiklərinə

Ələnir bu yağış,

Qonur bu yağış;

Günəş dağ dalından bir boy qalxmamış

Deyəsən təzədən qayıdır bu qış...

 

Hələ çiçəklərin gözü yuxulu,

Təbiət yenəmi yatmaq istəyir?!

Tələsib boy atan sarmaşıqlar da

Uzanıb bahara çatmaq istəyir.

Dərələr yenə də qarla doludur,

Yenə ağ kürkünü geyib yoxuşlar.

Qayıdıb öz köhnə yuvalarına

Üşüyür aldanmış köçəri quşlar.

Qorxulu-qorxulu susur meşələr,

Ayı dabanında bir şey qalmayıb.

Ağac çatdağında,

Zəmi yolunda

Hələ qarışqalar sıralanmayıb,

Xəzəllə örtülən buzlu bulaq da

İtkin quzu kimi mələr qalıbdır,

Bulaq yaddaşında, zəmi yolunda

Gör ötən bahardan nələr qalıbdır...

Tapdanmaq istəyir cığırlar, izlər,

Yaşıllıq istəyir dərələr, düzlər...

Bu soyuq, bu sazaq tanışdır, tanış

Deyəsən təzədən qayıdır bu qış.

 

Küknarlar əvvəlki sükutundadır,

İynəyarpaqlıya yazın nə dadı?!

Enliyarpaqlını fəsil aldadır

Çöylərə dirənib çinar fəryadı

Kinli bir uşağa dönübdür göylər,

Yenə dolu yağır qaş-qabağından.

Günahsız çiçəklər yenə can verir

Dolu yağışının-daşqalağında…

Hardasa örtülür tül pəncərələr

Dibçək güllərinə soyuq dəyməsin.

Baharı gətirib gül pəncərələr,

Çöllərdə kimsəsiz güllər neyləsin?!

Təbiət, bu sirri sən özün danış:

Deyəsən təzədən qayıdır bu qış…

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info