Qonaq Kitabı
QAR YAĞIB ŞAXTA DÜŞÜB

Dəcəllər qızlara qardaşa dönüb

Yıxılana gülmür,

Durana gülmür.

Elə bərkiyib ki, qar daşa dönüb.

Dəcəli oğlanların ipək qızlara

Qartopu vurmağa əlləri gəlmir.

 

Bir şişman özündən razılıq necə,

Varlığı itibdir xəzlər içində.

Buxar maşınıdır,

     sanki, indicə

Fit verib itəcək yüzlər  içində.

 

Görəsən bu şaxta nə vaxt çəkilər?

Soyuqluq üşüdür ulduzları da.

Çiyinlər üstündə gəzir tülkülər,

Başa çıxarıblar qunduzları da.

 

Donubdur üzündə  bic bir təbəssüm,

Başlarda rahatlıq tapar bu tülkü.

Uca çəpərləri müğənni xoruz buraxsa

Sıçrayıb havada qapar bu tülkü.

 

Götürüb aparar tənbəlliyini,

Mağara küncünə ayılar köçər.

Havadan alanda kabab iyini

Canavar könlündən quzular keçər…

 

İndi qoyunlar da qazdan ayıqdı,

Bozarmış dövranlar yazıqdı deyim,

Qayıt, ovçu qardaş,

     belə soyuqda

Ev yıxıb, qan tökmək insafdan deyil.

Qayıt, nahar elə lələ-gülədən,

Kababsız keçinsən dünya dağılmaz.

Elə soyuqdur ki,

     isti lülədən

Güllənin çıxmağa həvəsi olmaz...

 

Bir bax, necə təmiz, bəyaz qar enib,

Dəcəllər qızlara qardaşa dönüb

Yıxılana gülmür,

Durana gülmür...

Elə bərkiyib ki, qar daşa dönüb

Dəcəl oğlanların ipək qızlara

Qartopu vurmağa əlləri gəlmir...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info