Qonaq Kitabı
ROBOT HAQQINDA DÜŞÜNCƏLƏR

İnsan qurduğunu uçurur asan,

Bir koma axtarır axır sığına.

İtirir özünə inamı insan,

Qul olur özünün yaratdığına.

Sabah öz təfəkkür payını bəlkə,

İnsan robotlara tapşıracaqdır.

Dünyanın texnika oyunu bəlkə

Bir gün dənizləri daşıracaqdır.

Düşünsə,

     insana diz çökəcəkmi,

Qovmazmı insanı yer kürəsindən?

İnsan yaxasını çəkəcəkdimi

Bu dəmir əllərin məngənəsindən?!

Bu dəmir dünyanın qanunu yeni,

Siyasət sürünür bir kölgə kimi.

Süpürüb zavoddan atır fəhləni

Robotlar dəmir bir süpürgə kimi.

Dəmir əkəcəklər onlar torpağa,

Hər gülü, çiçəyi solduracaqlar.

Yığıb insanları uçan boşqaba

Göylərə sürgünə qaldıracaqlar...

Dünyanın cəngəllik qanunu da var:

Güclü öz hökmüylə yaşar meşədə.

Robot dizimizə baş qoyub yatar,

Canı da hardasa gizli şüşədə...

Nəhəng binaları bir evcik kimi

Robota oyuncaq kubları qurduq.

Bəlkə dekorativ bir küçük kimi

Robot balasına əyləncə olduq.

İnsan qurduğunu uçurur asan,

Bir koma axtarır axır, sığına.

İtirir özünə inamı insan,

Qul olur özünün yaratdığına...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info