Qonaq Kitabı
GÜNƏŞƏ YÜYÜRƏN UŞAQ

Günəşə yüyürən uşağın

     tikan batacaq ayağı yalın,

     od yandıracaq əlləri yalın.

Yüyürür arzu cığırıyla

Böyüklər, muğayat olun!...

 

Günəşə yüyürən uşağın

Qəlbindən gövlər keçir.

Uşaq göylərdən keçmək istəyir.

Sıxıb buludları dərələrə

     doyunca içmək istəyir.

Götürüb ay orağını

     qara-qara buludları

     biçmək istəyir.

Günəşə yüyürən bu uşaq

Günəşə köçmək istəyir.

Günəşə yüyürən uşağın

Əlində kəpənək tozu,

İzində qarışqa ölüsü,

Gözündə Xudafərin körpüsü...

Nerdivan qoyacaq yollara,

Körpü qoyacaq çaylara,

Göyçədən Araza,

Arazdan Borçalıya!...

Alın bu uşağı araya,

Arzusu gücündən böyük

Ürəyi içindən böyük,

Addım atmaq istəyir,

Addımı qıçından böyük...

Günəşə yüyürən uşağın

Üzü yoxuşa doğru;

Bu bir parça uşağın

Körpə qəlbində ağrı.

Ya günəşə çatacaq,

Ya partlayacaq bağrı...

Hələ ki, günəşə yüyürür

Tikan batacaq,

     ayağı yalın.

Od yandıracaq,

     əlləri yalın,

Böyüklər, bu uşaqdan

      muğayat olun!..

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info