Qonaq Kitabı
BAKILILARA

 

Ay bakılılar, Allah xatirinə məndən əl çəkiniz. Mən xəta eləmədim ki, gəldim bir para məzhəkəli nağıllarla sizi güldürəm ki, könlünüz açılsın və xörəyiniz yaxşı həllə getsin! Yoxsa mən gəlmədim ki, onu-bunu özümdən incidəm.
İşin ibtidasında falı bəd vuran – o evi xarab Dəmdəməki oldu: götürüb o qədər yalan-palan yazdı ki, cəmi Bakı əhli məndən rugərdan oldular .
Dəmdəməki aradan çıxan kimi Bakının russko-tatarski uşkolasının pasledni klasının uçenikləri gəldilər meydana və öz müəllimlərindən o qədər iftira düzəltdi-lər ki, mən indi də xəcalət çəkirəm.
Boynuma alıram ki, böyük səhv etmişəm və bunu da ərz edirəm ki, mənim bu səhvimə məhz şagirdlərin məktubunun xəttinin və imla-inşasının gözəlliyi bais oldu. Və illa birdən-birə, əhvalatı təhqiq etməmiş məktubu dərc etməz idim.
Həqiqət, çox vaxt insan bir şeyin zahirinə çox tez aldanır. Bəndə də həmçinin. Dəxi nə bilim ki, həmin gözəl məktubun batini kizb və böhtanla doludur.
Sözün vazehi: haman mənə giley yazan şagirdlərdən mən özüm çox artıq dərəcədə dilgirəm. Əvvələn, kiçik hara, böyükdən şikayət etmək hara? Sizə nə borcdur ki, “uştellər çetıre çasaya kimi ispat eləmirlər?” Onlar oxumuş adamdırlar, intiligentdirlər. Obrazovannı adamın gecə dörddən irəli yatmağı harada görsənib? Və siz nə bilirsiniz ki, saat dördə kimi müəllimləriniz nəyə məşğul olurlar? Bəlkə elə həqiqət əhya saxlayırlar? Bəlkə gecələr şura bərpa edib millət dərdi çəkirlər? Madam ki, bunları siz bilmirsiz, giley eləməyə nə haqqınız var? Bəli, əgər həqiqət-də bizim oxumuşlarımız gecələr kulublarda ləhvü ləəblə vaxtlarını keçirib saat dördə kimi yatmayalar və gündüz saat onda durub “krasni yabloko kimi şişmiş gözlərini ova-ova uşkolun qapılarını atvarit edələr”, o vaxt giley etməyə bəlkə bir az haqqınız ola.
Amma bilirəm ki, yalan deyirsiniz...
Bəli, bunlar hamısı keçən sözdü.
İndi də bir ayrı bambılılar ortalığa atılıblar: indi də prikaşşiklər istəyirlər Molla Nəsrəddinə dadansınlar.
A qardaşlar, axır bir deyiniz görüm, mənim nə vecimə ki, səhərlər saat altıda kantora gəlib axşam saat onda azad olursunuz? Dəxi mən nə edim ki, sizin müsəlman xozeynləriniz cümə günləri də sizi qatırlar kantora, qapıları bağlayır və lampa işığına sizi işlədib, allah yaradan günə sizi həsrət qoyurlar? Mənim nə borcumdu ki, məvacibiniz az, zəhmətiniz həddən artıq və rahatlığınız əbədi yoxdur.
Vallah məətəl qalmışam, bilmirəm yazım, ya yox; yazmasam siz inciyəcəksiz, yazsam da “pervi ruski-tatarski uşkolanın pasledni klasının uçenikləri” kimi sizin də yoldaşlarınız “Həyat” və “İrşad”ın sütunlarında sübuta yetirməyə ki, Molla əmi səhv edib; bizim xozeynlər cavanmərd, insandust, rəhmli, kəramətli, bizim halımıza yanan və bizləri öz övladı kimi səmim-qəlbdən istəyən və Vittedən və Durnovodan artıq hürriyyət tərəfdarlarıdırlar.
Vallah, məəttəl qalmışam: bilmirəm yazım ya yox. Yenə yazmamaq məsləhətdir.

 

Molla Nəsrəddin.

“Molla Nəsrəddin”, 19 may, 1906, N 7.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info