Qonaq Kitabı
KÜÇƏ ÇILÇIRAQLARI

Qayğılı-qayğılı yanar hər gecə,

Dayanıb küçədə hayan soraqlar.

Mən sizi evimə aparım, necə,

Ay evsiz-eşiksiz yetim çıraqlar.

 

Başımız aşağı,

Fikirli, qəmgin…

Elə yanarsınız küçə nur geyir,

Büllur çilçıraqlar silinir hər gün.

Sizin başınızdan yağış, qar döyür.

 

Sizsiniz zülməti su kimi içən,

Qaranlıq çırpınıb yorulur sanki.

Gündüz sərhədini sürünüb keçən

Gücənin köynəyi cırılır sanki!..

 

Ulduza bacısız,

Ayasa günü,

Siz günəş ürəkli küçə sakini.

Sakit baxırsınız,

          boynubükülü

Dərsini bilməyən uşaqlar kimi.

 

Sozalıb atılan paslı çıraqlar

Zirzəmi küncündə dəyirlər gözə.

Evdə xanım kimi nazlı çıraqlar

Baxıb pəncərədən göz vurur sizə.

 

Masa çıraqları – boyları bəstə,

Gəlin ədasıyla

          nə dərdi,  qəmi…

Küçədə qaldınız siz ayaq üstə,

Məclisə gecikən qonaqlar kimi

 

Çılçıraq tavandan asılı qalar,

Tactək başdasınız siz dayaq üstdə.

Ayaqdan asılan başından yanar,

Məşəltək yanırsız siz ayaq üstə.

 

Torpağa yanırsız,

Daşa yanırsız,

Küçə vərəqlərə qələm çıraqlar.

Dayanıb yanaşı

          qoşa yanırsız

Ay Əsli çıraqlar,

Kərəm çıraqlar...

 

Pərvanə yolunu şüşələr saxlar,

Açılar qanadı qucaqlar kimi.

Pəncərə dalında pərvanə ağlar

Karusel istəyən uşaqlar kimi.

 

Buludlar biçilir ay orağında,

Oyaq gözləriniz almayır çimir.

Küçə kənarında,

Yol qırağında

Durursuz bənövşə heykəli kimi...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info