Qonaq Kitabı
KÜÇƏYƏ AÇILAN QAPI

Sadəlövh ürək kimi

Açılar yaxşıya da, yamana da,

Cəbhədən gələn

     şikəst əsgərə bənzər,

Tərəddüd içində

Bir qıçı üstündə

     düşünür astanada

Küçəyə açılan qapı...

Küləkli havalarda

     çırpılar özünə, -

İnləyər için-için,

Hasar olar çərçivələr sözünə...

Özünə çırpılar silləsi,

Bağlanar qaranlığa,

Açıq yolu - Yer kürəsı!

Bir evin sözlü dodağıdır,

Qovulmuş kirayəçiyə

     göz dağıdır,

Göz dustağıdır

Küçəyə açılan qapı...

 

Ata yurdunun “Vağzalı”ya yellənən

     sonuncu taxta eli;

Peşmən qayıdan gəlinə

     ilk həmdəm, ilk təsəlli

     küçəyə açılan qapı...

… Küçəyə açılan qapı kimidir ürəyim,

Dəcəllərin təbaşir yazısı.

Çürüyən mismarlara

     əvəz olan təzəsi.

Qışqırıqlı gündüzü,

Pıçıltılı gecəsi,

Üstünə banlayan

     beçəsi, cücəsi...

     nəyi desən var.

El yolu,

Karvan yolu,

Tərslərin avand yolu,

İmzasız sapand yolu,

Yalançıların aid yolu

Ürəyim -

     küçəyə

          açılan

               qapı...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info