Qonaq Kitabı
AXUND İLƏ KEŞİŞİN VƏZİ

 

İrəvan quberniyasında bir kənd var; adı Samanlıqdır. Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır.
Bir gün atla həmin kəndin mülkədarı Rəhim bəyə qonaq gedirdim. Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm. Həyətin birində bir erməni arvadı toyuq-cücəyə dən səpirdi; bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu. Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfinə-bu tərəfinə qaçırdı və pişik mavıldaya-mavıldaya uşağın dalicə dalı-dalı hərəkət edirdi.
Həyətin birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdilər. Keşiş ayaq üstə durub sağ əlini yuxarı qovzayıb danışırdı. İstəyirdim keçib gedəm, həmin keşişdən bir söz eşidib atı saxladım. Keşiş uca səslə üç dəfə dedi: hayreniq, hayreniq, hayreniq (“hayreniq” – erməni dilində “vətən” deməkdir)
Çünki mən erməninin dilini başa düşürəm, bir qədər dayandım keşişin sözlərinə qulaq asam. Bu heyndə küçənin bir tərəfindən müsəlman danışığı eşitdim. Atı qabağa sürüb gördüm ki, küçə ayrımında divarın kölgəsində dörd müsəlman oturub. Bunların birisi Axund Molla Qurbanqulu Molla Qurbanəliyev idi. Bu axundu mən çoxdan tanıyırdım; özü də İran əhlidir. Molla Qurbanqulunun əlində bir kitab var idi. Molla kitabı oxuyurdu və kəndlilər diqqəti-tam ilə qulaq asırdılar.
Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi:
-Erməni millətinin dünyada üç sevgili balası var: “vətən”, “millət” və “dil”. Və nə qədər ki, biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlının həmidiyyə əsgəri və kürdləri, nə Rusiyanın qalitsinləri və nə zəmanənin qeyri bir təqazası erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər.
Keşişin bu sözlərindən sonra Qurbanqulunun səsi gəldi. Molla kitabdan bu sözləri oxuyurdu: “Babi həftüm . Əgər bir şəxs yata, yuxusunda həcəmət görə, həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq”.
Keşişin belə səsi gəlirdi: “Ey mənim erməni qardaşlarım, dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin çövr və zülümünə düçar olub. Qarışqalar at nalının altında əzilən kimi, ermənilər qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında pamal olublar; bunilə belə erməni ölüm halında can verə-verə, yenə deyib: “vətən, vətən, millət, hayreniq!” Ey mənim qardaşlarım, nə qədər ki, millət, dil və vətən yolunda fəda olmağa biz qadirik, cəmi dünyanın tayfaları müttəfiq olub bizim üstümüzə hücum gətirələr, biz yenə onların qabağında dayanıb dilimizi və vətənimizi mühafizət edə biləcəyik. Yaşasın vətən yolunda fəda olan erməni milləti! Yaşasın millət uğrunda şəhid olan qardaşlar! Getse , getse hayreniq!”
Molla Qurbanqulu kəndlilərə deyirdi:
-Ağacın altında, suyun qırağına bövl etmək yaxşı deyil; çünki həmzad, əcinnə, şəyatin insana zərər yetirər. Çaharşənbə, şənbə və tək günü qəbristana və hamama getmək olmaz; çünki bu günlərdə əcinnə və divlər qəbristana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır. İnsanı görsələr, zərər yetirərlər. Əgər bir kəsin belə bir qəza başına gəlsə durmayıb, gəlsin mənim yanıma, vaxt ikən ona “həft həsar” duası yazım.
Bu sözləri eşidib atı sürdüm müsəlmanların yanına və üzümü Molla Qurbanquluya tutub dedim:

Ey arvad ari bala, mərdanə utanma!
Hər ləhzədə ol sakini-çayxanə, utanma!

Çıxma eşiyə sel tuta gər dam ilə daşi,
İç çayuvi, çək tiryəküvi, böyrüvü, böyrüvü qaşi,
Yanında oturmuşlar əgər olsa da naşi,
Ver tüstüsünü onlara məstanə, utanma!

Axşamadək ol güşeyi-həmmamda sakin,
Dırnaqlarıva bağla həna, saqqala lakin
İnsanı salar rövnəqə bu xeyrül-əmakin,
Ondan sonra çıx, saqqala vur şanə, utanma!

Sübh olcaq əyağa dur otur, isticə gündə,
Paltarlaruvun bitlərini qır göz önündə,
Ver özgəsinə olmasa gər fürsət özündə,
Gey, paltarını, seyr qıl hər yanə, utanma!

Yüz zəhmət ilə qonşuların elmi tapanda,
Sən alim olursan gedib asudə yatanda.
Sən eyş qıl, onlar toza-torpağa batanda,
Get yarü rəfiq ilə gülüstanə, utanma!

Cümlə işi at bayıra, tap bir sulu qəlyan,
Aksizni əgər qoymasa ol azimi-İran,
İranda olur tənbaku, tiryak ilə ərzan,
Ləng olma, götür rəxtivi İranə, utanma!

Bir söz deməyə nökərüvü tutgilə məzun,
Bir sözlə cənabnızı edim dəhrdə məmnun,
Dərviş Ağabalanı tapıb algilən əfsun,
Ondan sora hey vur sulu qəlyanə, utanma!

Bir də edirəm mən sənə bir böylə vəsiyyət,
İranda cəhd et özüvə tapgilə xidmət,
Fövt eyləmə, bil fürsəti hər ləhzə qənimət,
Ol sidq ilə zəvvar çilovxanə, utanma!

Təng olsa əgər başuva ola büqeyi-Təbriz,
Çünki ora bir şəhərdi pürdərdü qəməngiz .
Get Xoyda səfalər çəkib ol eşq ilə ləbriz,
Çıx qələ kənarında xiyabənə, utanma!

Var yaxşı səyahətdi çəmən qəleyi-Xoyda,
Bir parə əcayib iş olur Xoyda hüveyda.
Hər nə ürəyin istəsə dərhal olu peyda,
Bir az qalıb ol adəmi-dərxanə, utanma!

Söz müxtəsər, ol bir neçə il sakini-İran,
Al bir ləğəbi-faxirə tut rütbeyi-əyan,
Qardaş, olusan getməsən axırda peşiman,
Yox faidə axır ki, peşimanə, utanma!

Bir qədr qalıb himmət elə, cəm elə dövlət,
Ondan sonra qıl bir dəfə Kaşanə siyahət,
Xab içrə gözün görməsə eyləllə təbabət,
Bənd olma bu övzai-pərişanə, utanma!

Ver huşuvu Molla Nəsrəddinə amandır,
Bu fürsəti fövt eyləmək əlbəttə yamandır,
Hər kəs bu nəsihətləri dərk eylədi xandır,
Bir şəhrdə bax min iki yüz xanə, utanma!

 

Lağlağı.
“Molla Nəsrəddin”, 7 iyul, 1906, N 14.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info