Qonaq Kitabı
Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim

Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim,

Bənəfşəm, sünbülüm, laləm, gülüm, tazə gülüstanım.

 

Behiştim, duzəxim, hurim, qüsurim, nurimü narim,

Əzabım, rahətim, ruhum, mənim şəm’i-şəbistanım,

 

Kitabım, katibim, kilkim, yazılmış nameyi-ömrüm,

Dilazarım, cigərxarım, mələk surətlü insanım.

 

Nigarım, dilbərim, yarım, vəfasız şuxi-dildarım,

Xəyalım, həmdəmim, fikrim, hədisim, şe’rü divanım.

 

Yüzi bədrim, sözi şəhdim, gözü ahu, saçı cadu,

Qədi ər’ər, təni mərmər, ləbi lə’li-Bədəxşanım.

 

Gözim, eynim, çirağım, afitabım, mərdümüm, çeşmim,

Zəbanım, fikrim, idrakım, sözüm tə’bi-dürəfşanım.

 

Baharım, tazə gülzarım, pəri peykər, güləndamım,

Səmənbər tazə nəsrinim, mənim sərvi-xuramanım.

 

Meyü bəzmim, neyü çəngim, dilü dinim, xurü xabım,

Qərarü səbrim, aramım, nihani dərdə dərmanım.

 

Məta’im, mayeyi-ömrüm, qumaşım, nəqdimü nisyəm,

Əqiqim, gövhərim, kanim, bəhasız dürri-ğəltanım.

 

Cahan içrə mana sənsən muradü məqsədü məqsud,

Əzəl günində bağlanmış sənünlən əhdü peymanım.

 

Götür bürqə’, yüzün görgəz, inayət vəqtidür, şaha,

Necə bolsun itab ilə xitabın afəti-canım.

 

Ğəmü ənduh ilən ölsəm, deməzsən, ey sənəm, xanı

Ğulamım, çakərim, itim, əsirim, bəndəfərmanım.

 

Cənabi-dövlətində Kişvəri bir quldur, sənsən,

Bəgim, şahim, xudavəndim, ümidim, xosrovum, xanım.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info