Qonaq Kitabı
Bakı şəhəri

Mənim burada təsvir edəcəyim Bakı hazırda Sovetlər İttifaqında nüfuz, böyüklük və zənginlik etibarilə Qızıl Moskva və Leninqraddan sonra ilk yerlərdən birini tutan, yaxın gələcəkdə dünyanın böyük şəhərləri sırasına keçəcək sosialist Bakısı deyil, təxminən 50-60 il bundan əvvəlki, neft sənayesi sahəsində şöhrət qazanmış, həqiqətdə isə yoxsul, tozanaqlı, çirkin kapitalist Bakısıdır.

Bu Bakı İçərişəhər, Bayırşəhər adları ilə iki hissəyə bölünürdü. İçərişəhər əsas idi. Hər şey burada yerləşmişdi. Bakının yerli əhalisi burada sakin olduğu kimi, bazar, böyük ticarətxanalar, əsnaf, hökumət idarələrinin çoxusu, məscidlər, hətta rus çarizminin istilasından sonra tikilən rus kilsəsi, əsgəri qazarma da burada idi. Şəhərin bu hissəsi üç tərəfdən daş hasarla (bürclə) əhatə olunmuşdu (Bu hasar indi də mövcuddur).

Babamdan eşitdiyimə görə, vaxtilə bu hasar ikiqat olub şəhəri yalnız qurudan deyil, dəniz tərəfdən də mühafizə edirmiş.

Mənim yaşımdan çox qabaq Rusiya ordusu Bakını işğal etdikdən sonra bu hasarın bir hissəsi sökülüb-dağılmış, yalnız içəri hasar saxlanmışdır. Hazırda Azneftin binasından başlayaraq Kommunist küçəsinə, Kommunist küçəsində Zevin küçəsinə, Zevin küçəsindən də dəniz qırağınadək bütün tikililər həmin ikinci hasarın yerinde salınmışdır. İnqilab bağı (keçmiş qubernator bağı), Bakı Soveti, Sənaye Politexnikumu[1], Azərbaycan Baş Soveti binası[2], Mədəniyyət sarayı[3], Sabir bağçası və b. binalar birinci bürclə ikinci bürcün arasındakı açıqlıqda tikilmişdir.

İçərişəhərin hazırda beş darvazası varsa da, keçmişdə bunlar dörd imiş. Birincisi qoşa qala qapısıdır. Nənəm söylərdi ki, bu darvaza əvvəllərdə tək idi. Azərbaycanı istila edən general Sisianov həmin bu darvazadan Bakıya daxil olmaq istəyirmiş və bu darvazanın da qabağında Bakı xanının tapşırığı ilə öldürülmüşdür. O zaman bu darvaza indiki şəkildə deyilmiş, çox alçaq imiş, sonra Bakı bələdiyyəsi onu sökdürüb hazırkı şəkildə qoşa tikdirmişdir. Sabir bağçasının yanındakı tək qala qapısını sonradan Bakı taciri və mülk sahiblərindən birisi açdırmışdır. Bu adama Qatır Hacı Zeynalabdin deyərdilər. Qatır ləqəbini ona qazandıran darvaza olmuşdur. Birinci imperialist müharibəsi ərəfəsində ölmüş bu Hacının Sabir bağçasının yerində və onun qarşısındakı Hüsü Hacıyev (sabiq Bazar) küçəsinin cənub tərəfində üz-üzə iki cərgə dükanları vardı. Bazardan bir qədər uzaq düşən, sakit və gediş-gəlişi olmayan yerdə heç kim Hacıdan dükan icarəyə götürmədiyindən Hacının dükanları uzun müddət boş qalır, Hacı boş qalmış dükanların xatiri üçün Bakı bələdiyyəsindən icazə alıb həmin darvazanı açdırır. Bazar küçəsinin bu ucundan gediş-gəliş başlandığından Hacının dükanlarına müştəri tapılır. Belə “gözüaçıqlığı”, “zirəkliyi” müqabilində Bakı camaatı ona “Qatır” ləqəbini vermişdi.

İçərişəhərin üçüncü darvazası indiki Sənaye Politexnikumunun (keçmiş Realni uçilişe) həyətinə açılırdı. Həmin məktəb binasının yeri boş idi. Ona Kömür meydanı deyərdilər. Burada dağ kəndlərindən və Navahıdan kəl arabalarında, dəvələrdə taxıl, kömür gətirilib satılardı. Məktəb binası tikildikdə bu darvaza qapanıb, əvəzində Sənaye Politexnikumu ile Bakı Soveti arasındakı dalanın qurtaracağındakı pilləkənlər tikildi.

Dördüncü darvaza Bakı Sovetinin cənubundakı böyük darvazadır. Bu darvaza əvvəllər çox alçaq idi, indiki şəklə sonradan salınmışdır. Beşinci darvaza İnqilab bağına açılan qapıdır.

Bayırşəhər hasardan bayırda olan hissəyə deyilirdi. Vaxtilə Bakılılardan heç kim Bayırşəhərdə ev tikib yaşamaq istəməzmiş. Burada yerləşənlər, əsas etibarilə, ətraf kəndlərdən və başqa şəhərlərdən gələnlər idi. Buna görə də İçərişəhərlilər bayırşəhərlilərə hər zaman həqarətlə baxırdılar. Onlara “ayaqyalın bayırşəhərli” deyərdilər.

İçərişəhərdə Cümə məscidinin qabağından başlayıb Qız qalasının yanından bir ucu qoşa qala qapısına tərəf gedən küçəyə, o bir ucu isə Qız qalasının dibindən dəniz kənarına çıxan küçəyə doğru uzanmış bazar vardı. Buradakı dükanların çox hissəsi, xüsusilə Qız qalasından Cümə məscidinədək olan dükanlar üstüörtülü bazar idi. Qapıları yan tərəfə deyil, aşağıdan yuxarıya qaldırılmaqla açılardı. Belə qapılara xəfəng deyərdilər.

Bazar iki hissəyə bölünürdü: Cümə məscidnin ətrafında olan hissə Aşağıbazar, Qız qalası yanında olan hissə Yuxarıbazar adlanırdı. Yuxarıbazara Üstüörtülü bazar da deyərdilər. Yuxarıbazarın hamısı üstüörtülü deyildi. Onun yalnız bir hissəsi örtülü idi. O, Qız qalası yanından Çuxur karvansarayadək olan hissə idi. Buradakı dükanlar qarşı-qarşıya, iki cərgə olub üstüörtülü bir bina içinə sığışdırılmışdı. Burada böyük tacirlər, sərraflar yerləşmişdi.

Yuxarıbazarın qurtaracağında qarşı-qarşıya tikilmış iki karvansara vardı ki, bunlara Qoşa karvansara deyərdilər. Aşağıbazarda xırda alış-verişçilər; baqqallar, dərzi və papaqçılar, Yuxarıbazarda isə bəzzazlar, xalçaçılar yerləşmişdilər.

İçərişəhər doqquz məhəllədən ibarət idi. Hər məhəllə bir məscidin adı ilə adlanardı. Cümə məscidi məhəlləsi, Şah məscidi məhəlləsi, Məhəmmədyar məscidi məhəlləsi, Hacı Qeyib məscidi məhəlləsi, Hamamçılar məscidi məhəlləsi, Sınıqqala məscidi məhəlləsi və Qasım bəy məscidi[4] məhəlləsi. Hər məhəllənin hökumət tərəfindən təsdiq edilmiş bir mollası vardı.

İçərişəhərdə üç mollaxana vardı ki, uşaqlar da orada dərs oxuyardılar. Bunlardan ən məşhuru Sınıqqala məscidində olan Mirzə Əsib Qüdsi mollaxanası idi. İkincisi kazarmanın yanındakı kiçik Çin məscidi idi. Bu məsciddə Molla Fətulla mollaxanası, Şirin ovdan qabağındakı Şıx İbrahim məscidində Molla Nağnın mollaxanası var idi. Hacı Qeyib hamamının yanındakı məsciddə Ağa Seyid dərs verərdi. O məscid indi də durur. Mirzə Həbib ilə Molla Fətullanın mollaxanaları 1905-ci il İnqilabından sonra Bakıda “Nəşri maarif” və “Səadət” cəmiyyətlərinin İçərişəhərdə (birisi Hacı Banı məscidində, ikincisi Şah məscidində) bir məktəb açmasına baxmayaraq (bu mollaxanalar – red.) yenə de yaşayırdı.

Bakı camaatı içməli su üçün həmişə çətinlik çəkirdi. Əvvəllərdə İçərişəhər camaatı Şirin ovdandan (abdan) istifadə edərdi. Bu ovdan indi də mövcuddur. O, Xan saraynın yanındakı kiçik bağçanın günbatan səmtindədir. Bu ovdanın nə zaman və kim tərəfindən tikildiyi məlum deyildir. Suyu şəhər xaricində kəhriz üsulu ilə qazılan quyulardan gəlirdi. Bu quyuların mənbəyinin haradan başlandığı mənə naməlumdur. Mənim bildiyim bu qədərdir ki, Qarakolluq deyilən bir yerdən Yuxarı qəbiristan küçəsinin yuxarısından yeraltı axan bir su borusu vardır ki, buna Nağı kühulu deyərdilər. Quyuların suyu bu boru vasitəsilə gəlib İçərişəhərdəki ovdanla Şirin hamama axardı. (Şirin hamam keçmiş Şirvanşahlar inşaatından olub Xan sarayının yanındakı kiçik bağçanın yerində idi).

Bununla əlaqədar olaraq, burada bir adamı xatırlamamaq olmaz. Bu adamın köhnə bakılılar üçün qiyməti olduqca çoxdur. İçərişəhərlilərin suyu bu adamın fədakarlığından asılı idi. Onu hamı Cümrü Ağamalı çağırardı. Bu şəxs kiçikboylu, zirək, cəld hərəkətli, qara bir adamdı. Bir qəsbkarlığı yox idi. Arada gəzib dolaşardı. Evi, ailəsi yox idi. Hamı işini ona gördürər və əvəzində ona az bir mükafat verərdi. Həyət süpürər, qanov təmizləyər, hacətxana quyusu açar, yaxın qonşular üçün bazara gedər, odun doğrayıb su daşıyardı. Xeyir və şərdə can-başla iştirak edərdi. Toylarda oynar, el mahnıları oxuyardı. Başının tən ortasında kəkili olardı. Cümrü Ağamalının əhəmiyyəti onun bu xırda-xuruş işlərində deyildi. Bəzən elə hallar olardı ki, Şirin ovdanın suyu kəsilərdi. Bu zaman Cümrü Ağamalı qollarını çirməyib işə girişərdi. Fanar işığı ilə ovdanın içində bir taxça ağızı böyüklüyündə olan su yoluna girər, bir neçə saat sonra Nağı kühulundan çıxardı. Beleliklə, o, su yolunu təmizləmiş olardı. Bu zəhmətinin müqabilində Cümrü Ağamalı heç bir mükafat tələb etməzdi. O bu işi ancaq savab üçün gördüyünü söylərdi. Cümrü Ağamalı öldükdən sonra heç kim onun bu işini bacarmadığından Şirin ovdanın su yolu tutulub bağlandı. Bu xidmətə göre ona “Həzar peşə, kəm maya”, yeni “mayası yox, peşesi çox” ləqəbi verilmişdi.

 

Bakının cənub tərəfində dənizə doğru uzanan iki burun vardır. Bunlardan birincisi Bayıl burnu, ikincisi Bibiheybət burnudur. Bu burnu Bakılılar Qırxqızlar adlandırardılar. Camaat arasında olan əfsanəyə görə, guya orada qırx qız qaib olmuşdur, onlar hər zaman ağlayır, səsləri də guya eşidilməkdədir. Qayalar arasından sızılan damlalar da onların göz yaşlarıdır.

Qırxqızlar burnundan bir qədər cənuba tərəf Puta, Badamdar, Şağanbağ, Alaçıq deyilən yerlər gəlir. Bu yerlerin daşları məşhurdur. Bakının ali imarətlərinə sərf edilən ağ daş buradan gətirilir. Keçmiş zamanda hətta, araba yolu belə olmadığından daşları şəhərə dəvələrlə daşıyardılar. Oradan Bakının günbatan tərəfinə çevrildikdə qarşıya bir uçurum çıxardı. Bu uçurumun adı Yasamaldır. Yasamalın arxasında Korgöz, Şubanı dağları, Güldər dərəsi mövcuddur.

Şəhərin kənarında (indiki halda şəhərin içərisində) Pirvənzəri deyilən çapılmış dik bir daş vardı. Vaxtilə qadınlar cümə günləri xoş bahar havalarında ziyarət adı ilə oraya gəzməye gedərdilər. Pirvənzəridə ciyər kababı bişirmək bir adət halını almışdı.

Pirvənzəridən aşağı, şəhərin qıraq hissəsinə Çənbərə kəndi deyərdilər. Vaxtı ilə bu hissə şəhərə yaxın bir kənd imiş. Bakının ətraf kəndlərindən bir parça çörək qazanmaq məqsədilə şəhərə köçüb gələn yoxsullar burada özlərinə yurd salıb yaşarmışlar. Söylənildiyinə görə damazlıq saxladıqları mal-qaranın peyinini çənbərə basıb qışda yandırmaq üçün qurutduqlarından, hər addımda belə çənbərələrə təsadüf edildiyindən, bu kəndin adı Çənbərə kəndi adlandırılmışdır.

Bakının ətrafında otuz səkkiz kənd vardır. Bu kəndlərin hamısı əkinçilik, bağçılıq və qoyunçuluqla məşğul olardı. Hətta neft mədənləri arasında yerləşən Balaxanı, Sabunçu, Ramana və bu kimi başqa kəndlərdə yaşayanların əksəriyyətinin bir fəhlə sifətilə mədənlərdə işləmələrinə baxmayaraq, kəndçilikdən əl çəkməmişdilər. Bakı ətrafındakı kəndlərin bir qismində, Azərbaycanın çox yerində olduğu kimi, bir çox pirlər, ocaqlar, ziyarətgahlar vardı. Bunların çoxu tərk olub dağılmışdırsa da, vaxtilə onlarda böyük şənlik olardı. Hər pirin, ocağın bir “kəraməti” var idi.

Qorxudan xəstələnəni Maştağadakı Çıldağ pirinə, doğmayan arvadları Novxanıdakı Ağ daş pirinə, əl-ayağını yel tutan xəstəni isə Qalaya (Pirvəro) aparardılar.

Pirlərdən başqa, Bakı kəndlərində bir çox abidələr vardı. Bunlardan Suraxanıdakı “Usta şəyirdi”ni qeyd etmək olar.

Suraxanıdan Mərdəkan bağlarına geden yolun iki tərəfindən bir-birindən əlli-altmış addım məsafədə qarşı-qarşıya daşdan tikilmiş iki daxma vardı. Bunlardan birisi indi də durur. Söylənildiyinə görə Suraxanıda bir bənna varmış. O, bir gənci illər uzunu əli altında şəyird adı ilə işlədər və müstəqil işləməsinə imkan verməzmiş. Hər zaman şəyird öz ustasından bu barədə müsaidə istərdisə də, dargöz usta: – “Səndə hələ bənna olmağa ləyaqət yoxdur, mən sənə ev tikmək ixtiyar verə bilmərəm”, – deyərmiş. Bunun üstündə usta ilə şəyird arasında bir ixtilaf baş verir. Kəndin ağsaqqalları bu ixtilafı belə həll edirlər: hər biri bir günün ərzində eyni biçimdə bir ev tiksin. Əgər şəyird ustasından geri qalmazsa, onun tikdiyi evdə ağsaqqallar bir nöqsan tapmazlarsa, ona bənnəlik haqqı verilsin.

Yarışa çıxan usta ilə şəyird birisi yolun sağında, digəri isə solunda bir daxma tikirlər. Bu vasitə ilə özünə haqq qazandıran şəyirdin tikdiyi daxma uzun zaman davam edib durduğu halda, dargöz ustanın tikdiyi daxma dağılıb gedir. Şəyirdin tikdiyi daxma indi də durur.

Binə kəndindən Saray bağlarının ətəyinədək uzanan düzəngaha Təmənnis deyərdilər. Keçmişdə orada taxıl əkərdilər. Təmənnislə Maştağa arasmda olan yer nə səbəbdənsə Hacı Sadıq düzü adlanırdı. Oraya Bilgəh bağlarından yol vardır. Maştağa bağlarının şəhərə tərəf uzanan ətəklərinə Dərəqılınc adı verilir. Bir az bəri gəldikdə Zabrat, Balaxanı, Sabunçu, Bülbülə, Xilə[5] yerləşmişdir. Sabunçunun üst tərəfi Kirməkidir. Sabunçudan bir az aşağı Binə kəndidir. Kirməki ilə Sabunçu arasında bir göl vardır ki, ona Şor deyirlər. Oradan bolluca duz çıxarılırdı.

Biləcəri kəndi və Binəqədi ise neft yerləridir.

Buzovnada, dəniz kənarında bir sövmiyə vardır, ona Əli ayağı deyirlər. İrandan gəlmiş hiyləgər abidlərdən biri yay vaxtı qaya üzərində yatıbmış. Durub gedəndə o, orada bir ayaq ləpiri qazmışdır. Sonra əhali içərisinə girərək qəsdən bele bir şaiyə yaymışdır ki, guya o, yatarkən yuxuda Əlinin gələrək oradan keçdiyini görmüşdür. Ayılıb yanında bir ayaq izi görmüşdür ki, bu da, guya, Əlinin ayağının ləpiridir. Bu cür sözlərə inanan avam və cahil əhali həmin ləpirin üstündə bir sövmiyə tikib adını Əli ayağı qoymuşlar.

Bakılılar bütün Azərbaycan xalqı kimi, səxavətli, qonaqsevən, üzügülər, bacarıqlı, igid, çalıb-oxumaq və oynamaq sevən, öz qonşularının dərdinə qalan, qəriblərə hörmət edən, əlsiz-ayaqsızların dadına çatan, xeyirdə, şərdə bir-birinə kömək yetirən və bir-birini sevən adamlardır.

Şəhərin içində əhali çox olduğundan, onlar tədricən şəhərin bayırında evlər və daha sonra məhəllələr salmağa başladılar. İçərişəhərdən bir qədər yuxarı, indiki Təzəpir küçəsində bir nəfər özünə su quyusu qazdıqda, yer altından bir qəbir çıxmışdı. Əhalinin avam və mövhumatçı hissəsi buna dini bir rəng verib ziyarətgah adlandırmış və adını da Təzəpir qoymuşdular. Şeyx Əbusəid adlı birisi onun yerində tezliklə bir məscid tikərək dövrəsini hasarlamış və buranı pir adlandırmışlar. Bu məscidin ətrafında tikilən evlərə son zamanlara qədər Təzəpir məhəlləsi deyilirdi. Bu məhəllədən yuxarı usta Hüseynqulu adlı kənkan özü üçün bir quyu qazmışdır. Bu quyunun suyu şirin çıxır. Buna görə də quyunun ətrafında tezliklə evlər tikilir və hətta məhəllə salınır. Bu məhəlləyə əhali hələ o zamandan Hüseynqulu bulağı məhəlləsi adını vermişdi. Bakının Məhəmmədli kəndindən köçərilər gəlib bu məhəllənin cənub tərəfində məskən salmışdılar. Bu səbəbdən o məhəlləyə Məhəmmədli məhəlləsi deyirlər. Məhəmmədli məhəlləsindən aşağı olan yer çuxur olduğu üçün axan seller oraya tökülürmüş. Su orada çox qaldığından palçıq əmələ gətirərmiş. O səbəbə görə də bu məhəlləyə Palçıqlı məhəllə deyərmişlər. Palçıqlı məhəllədən bir qədər şimal-şərqdə çoxlu kərpic basıldığı üçün o yeri Kərpicbasan məhəlləsi adlandırmışlar. Bir dəfə Kərpicbasandan yuxarı, dağa tərəf, lap dikin üstündə bir nəfər öldürülür. O səbəbdən ona Qanlıtəpə adını verirlər.

Şamaxı və Quba yollarından və bütün yuxarıda saydığımız məhəllələrdən aşağıda, bir meydançada, o zaman həftəbazarı olardı. Oraya gələn satış mallarının çoxu Qubadan gətirildiyi üçün ona Quba meydanı deyərdilər. Bakıda, ümumiyyətlə, peşəkarlar: bənna, xarrat, dəmirçi, rəngsaz, malakeş, daşyonan, daşçıxaran, qırbasan, quyuqazıyan, nalbənd, qundaqsaz, bıçaqçı, başmaqçı, keçəçi, dabbağ, dərzi, xəncərsaz, xalçaçı, zərgər, papaqçı, saatsaz, minasaz, dəllək, boyaqçı və başqa sənətkarlar çox olardı.

Əhalinin bir qismi kənd təsərrüfatı – əkinçilik, bağçılıq, dəyirmançılıq, atçılıq, maldarlıqla məşğul olduğu kimi, bir qismi də xırda ticarətlə – çayçılıq, kababçılıq, qənnadıçılıq, halvaçılıq, çörəkçilik, hamamçılıq, baqqallıq, bəzzazlıqla məşğul olardı. Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xuşgəbarçılar, ipəkçilər, xalçaçılar, qənd-çay alış-verişi edənlər, qara neft satanlar da az deyildi. Bunların bir çoxu İranda alış-veriş edərlərmiş.

Novruz bayramı. Novruz bayramı Bakıda qurban və orucluq bayramlarından dəfələrlə artıq bir təntənə ilə keçirilərdi. Novruzu bir ay evvəldən qarşılamaq Bakıda bir adət idi. Həftənin hər çərşənbə axşamı hər evin həyətində və yaxud darvazasında tonqal qalanardı, bu tonqala arvadlar üzərlik töküb bu sözləri oxuyardılar:

Üzərliksən, havasan,

Cəmi dərdə davasan.

Hər yerdə sən yanarsan,

Qada-bala apararsan...

 

Bakıda gəmiçilik edən, dənizdə işləyən çox olardı. Hələ buna görə də oğlu dənizdə olan bir ana, əri dənizdə olan bir arvad və ya atasının səfərdən gəlməsini gözləyən bir uşaq yuxarıdakı sözlərə bu misraları da əlavə edərdi:

Əs xəzri, mən də verim nəziri,

Əs gilavar, əs qadasın aldığım,

Xəzri yat, gilavar gəl.

Yaxud

Gilavar yat, xəzri gəl.

Atam (yaxud oğlum, ərim), gəlsin səfərdən...

Çərşənbə gecələri xonça düzəltmək, şam vandırmaq adəti. Novruza iki həftə, on gün qalmış hər kəs öz halına görə hazırlıq görərdi. Qapı-bacanı əhənglə ağartmaq, evlərin bayır-bacasmı süpürmək, palaz-xalçanı çırpıb təmizləmək, evi-otağı səliqəyə salmaq, yeni ili bir təmizlik içərisində qarşılamaq ümumi bir həvəs idi.

Varlı, tacir və alverçilərin hazırlığı daha təntənəli olardı. Onlar bayrama xüsusi şəkərçörəyi, badamçörəyi, paxlava və sair bu kimi şirniyyat bişirib hazırlardılar. Belə şirniyyat bişirməyə imkanı olmayanlar bayramı sadəcə xuşgəbarla keçirərdilər.

Bir həftə əvvəldən istər Aşağıbazarda, istərsə də Yuxarıbazarda bir qızğınlıq müşahidə edilərdi. Baqqallar dükanlarını güzgülərlə, Firdovsinin “Şahnamə”sindən alınaraq ağ parça üstündə çəkilmiş cürbəcür şəkillər, kağız fanuslarla bəzərdilər. Hər dükançı qapısından böyük bir zəng asardı. Onu çalaraq qışqırıb malını təriflədiyi kimi, yola saldığı müştərisinin arxasınca da o zəngi təkrar çalardı.

Bayrama bir neçə gün qalmış məhəllə uşaqları həyətləri gəzməklə kosa-kosa adlanan xüsusi bir oyun oynar, tamaşaçılardan xuşgəbar, pul toplardılar.

Rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə çevrilmiş bir kürk geydirərdilər, üzünə kağızdan qayrılmış üzlük (maska) taxıb başına da kəllə qənd kağızından uzun şişpapaq qoyardılar. Belinə zınqırovlu bir kəmər bağlanardı. Habelə, boynundan da zınqırovlar asardılar. Bu şəkildə hazırlanan kosanı məhəllə uşaqları araya alıb, həyətləri gəzərək xüsusi bir hava ilə aşağıdakı sözləri xor halında oxuyardılar. Kosa isə oynardı.

A kosa-kosa gəlsənə,

Gəlib salam versənə,

Çömçəni doldursana,

Kosanı yola salsana.

 

         Ay uyruğu, uyruğu,

Saqqalı it quyruğu.

Kosam bir oyun eylər,

Qurdunu qoyun eylər,

Yığar Şabran düyüsün,

Mahmudun toyun eylər.

 

Novruz, Novruz bahara,

Güllər-güllər nahara,

Bağçanızda gül olsun,

Gül olsun, bülbül olsun,

Bal olsun, həm yağ olsun,

Evdəkilər sağ olsun.

Verənə oğul versin,

Verməyənə qız versin,

Xanım dursun ayağa,

Kosanın payın versin.

 

Mərmər hovuzun dörd qırağında,

Bülbüllər oxur şax-budağında.

Hər nə istəsəm xudadan allam,

Dəllək dükanını yadına sallam.

Dəllək dükanı bütün çırağban,

Məclisə gedər əlində qəlyan,

Qurbanın olum, yaşıl çuxalı,

Dərbəndlisən, yoxsa buralı?

 

Bu nəğmə ilə qaytağı oynayan Kosa “Kosa mürd” söylənildikdə yerə yıxılıb uzanardı. Onunla aşağıdakı sual-cavab başlanardı:

 – Kosa, hardan gəlmisən?

–       Qubadan.

–       Nə gətirmişdin?

–       Qax, qoz!

–       Qax, qozu neylədin?

–       Satdım.

–       Pulunu neylədin?

–       Arvad aldım.

–       Arvadı bəs neylədin?

–       Döydüm öldü!..

Kosanın bu sözünə cavab olaraq, yenə xor halında aşağıdakı sözlər oxunardı.

Başın sağ olsun, kosa,

Canın sağ olsun, kosa.

Arşın uzun, bez qısa

Kəfənsiz öldün, kosa.

 

Sonra uşaqlar iki dəstəyə ayrılardı. Birinci dəstə aşağıdakı sözləri oxuduqca ikinci dəstə bu sözləri təkrar edərdi:

Bazarda üzüm,

Mələk salmanı.

Nimçəyə düzüm,

Mələk salmanı.

Bir ala gözüm,

Mələk salmanı.

Bazarda dibçək,

Mələk salmanı.

Al suyun içək,

Mələk salmanı.

Sallama birçək,

Mələk salmanı.

Bazarda it var,

Mələk salmanı.

Quyruğunda bit var,

Mələk salmanı.

Təndirdə küt var,

Mələk salmanı.

 

Mahnılar bitdikdən sonra kosa papağını açıb ev yiyəsindən və başqalarından pay yığar, uşaqlarla aşağıdakı mahnı ilə həyətdən çıxardılar:

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info