Qonaq Kitabı
UNUDULMAZ ULDUZUM

(Hekayət)

 

Bir gün kəndə gedirdim, yolda baxdım uzaqdan,

Gördüm ki, bir dəstə qız, su aparır bulaqdan,

Bulağın başı dönmüş bir dəstə qızılgülə,

Qabını doldururdu hər kəsən gülə-gülə.

O qızlardan birinin, gözümə elə gəldi,

Duruşu, boy-buxunu hamısından gözəldi,

Ağ çarqata bürünmüş on dörd-on beş yaşında,

Könlüm kimi əsirdi qara tellər başında.

O qızın əksi düşdü könlümün aynasına,

Gəldim bulağın üstə su içmək mahnasına,

Yaxından görən kimi mən onun göz-qaşını,

Sanki bir şey sazlatdı ürəyimin başını.

Üzü, qaşı və gözü vəsfə gəlməz o qızın,

Ona yoxdur nisbəti Günün, Ayın, ulduzun!

Yaza bilməm, qələmim layiqli sözlər arar,

Bəzən də göz görəni qələm yazammaz, durar.

 

Mümkün deyil tərifi mən nə desəm, nə yazsam,

Sanki bir tablo çəkmiş ən müqtədir bir rəssam.

Toplayıb öz rəsmində varlığını həyatın,

Vermişdir təsvirini bir böyük kainatın.

Bu gözələ bəxş etmiş, əgər, şaşqın təbiət,

Gözəlliklə bir yerdə bəyənilmiş bir xislət;

Bütün şanı-şərəfi bundadır yığın-yığın,

Yəqinən, analığın, yəqinən qadınlığın!

Bu qız bir ay kimiydi, qalanlar ulduzdular,

Çox gözəl, həm də sadə, ən sevimli qızdılar,

Su istədim verdilər, sönmədi yanğım, içdim,

Onlarla şairanə əyləndim, yola düşdüm.

Ayaqlarım gedirdi, könlüm getməyir, durur,

Sanki bir şey könlümü cəzb edərək durdurur.

Bir gedib, bir dönərək baxırdım ona sarı,

Əsirdi könlüm kimi yenə onun saçları,

Yol uzunu düşündüm o qızların haqqında,

Adaxlanacaqdılar, yəqinən, bu yaxında.

Onlar əsirlər kimi veriləcəkdi ərə,

Kim bilir ki, satılıb gedəcəkdi kimlərə?

Sevmədiyi ərlərdə, evlər onlara zindan,

Yaşayacaq narazı evindən, çocuğundan!

Məndə məni sevməyən, sevəndə başqasında

Yaşlar tökər eşqinin qara geymiş başında.

İgirmi il keçibdir mən onu gördüyümdən,

Bir bulağın başında könlümü verdiyimdən.

Görəsən, nə olmuşdur o mənim gözəl quzum?

O mənim parlaq eşqim, unudulmaz ulduzum?

Mən bir dəfə görməklə vurulmuşdum o qıza,

Bu ancaq olan işdir, tühaf gəlməsin sizə.

Çox çalışdım bu yükü atmağa üzərimdən,

Silinmədi o qızın surəti nəzərimdən.

İstəyirdim çıxaram xiffətini başımdan,

Bu məhəbbət, bu sevgi çox uzaqdı yaşımdan,

Lakin heç, mümkün deyil sevir idim mən onu,

Atammadım başımdan bu sevdalı duyğunu.

 

Bir gün naxoşlamışdım, yatırdım qızdırmadan,

Həkim çağırılmışdı, gəlsin xəstəxanadan.

Qapıdan bir incə səs gəldi, saat üç idi:

- İcazə verirsizmi, gəlmək olarmı? - dedi.

- Kimsiz? Buyurun, - dedim, titrək, yorğun səsimlə,

İçərimdə atəşdən qovrulan nəfəsimlə.

Daxil oldu bir qadın: - Sizsizmi? - dedi - xəstə,

Əlindəki şeyləri qoydu kürsünün üstə.

Görən kimi mən onu bütün ağrım dayandı,

Məni yaxan qızdırmam od tutub, özü yandı!

Çırpındı içərimdə, könlüm bir ləpə kimi,

Bir hal mənə üz verdi, deyə bilməm nə kimi!

Görən kimi mən onu, taqət gəldi dizimə,

Bir azca vaxtdan sonra inanmadım gözümə.

İgirmi il sevgisin dildə bəslədiyimdir?!

O, mənim sevdiyim qız artıq indi həkimdir?!

İndi bir doktor idi o mənim gözəl qızım,

O mənim parlaq eşqim, unudulmaz ulduzum.

Fəqət, elə bir qüdrət, elə bir dərman hanı,

Qaytaraydı mənimçün onu sevən zamanı.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info