Qonaq Kitabı
HİTLERİN ŞİKAYƏTLƏNMƏSİ

Ah... səbrim tükənib, ağlım azıb çaşdı yenə,

Sel kimi dərdü qəmim başdan aşıb daşdı yenə.

 

Çaşır ağlım, döyünür fikir elədikcə ürəyim,

“Qovuşur bir-birinə lap acığımdan kürəyim”,

Keçməyir, udqunuram hey, boğazımdan çörəyim;

Bu sınıq könlümə qəmlər tozu çulğaşdı yenə,

Ah... Səbrim tükənib, ağlım azıb çaşdı yenə.

 

Çəkdiyim zəhmətü rəncin hamısı getdi hədər!..

Mən güman eylədiyim olmadı, iş verdi zərər...

İşimiz bir neçə ay da belə ləng olsa əgər,

Bil ki, bildirki kimi işlərimiz yaşdı yenə...

Sel kimi dərdü qəmim başdan aşıb daşdı yenə.

 

Qırılır hər nə ki, mən göndərirəm cəbhələrə!.:

Xeyr umurkən, necə birdən-birə düşdüm zərərə?!

Necə tab eyləyim indi, bu gələn son xəbərə?!..

Görəsən cəbhədə kim qovladı, kim qaçdı yenə?!

Ah... səbrim tükənib, ağlım azıb çaşdı yenə?!..

 

Elə bildim üç ay ərzində həmin il yazı mən,

Alaram hər nə təhər olsa, nə var, Qafqazı mən?! 

Nə bilim boş yerə dınqıldadırammış sazı mən!

Hər tərəfdən daha qəm ləşgəri çoxlaşdı yenə,

Ah... səbrim tükənib, ağlım azıb çaşdı yenə,

Sel kimi dərdü qəmim başdan aşıb daşdı yenə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info