Qonaq Kitabı
QƏSSABLAR TÖHFƏSİ

Qəssabam, mən neçə il qətlü qital eyləmişəm!

Öz işimdə çalışıb, kəsbi-kamal eyləmişəm!

 

Bax, bugünkü qoyunun gör ki, nə yağlı əti var!

Döşəməyçin bu döşün ayrıca bir ləzzəti var!

Boynu versəm sənə dinmə, a kasıb, hikməti var,

Çünki hər hikməti vaxtında sual eyləmişəm,

Öyrənib anlamışam, kəsbi-kamal eyləmişəm!

 

Zurnanı çalma, başımdan açıl, ey əbləhi-dun,

Mərəzi-fəqri-fənalıq törədib səndə cünun,

Səni xaliq yaradıb ruzi-əzəldən məğbun,

Mən də, oldur, səni bir hiç xəyal eyləmişəm,

Qəssabam, mən neçə il qətlü qital eyləmişəm.

 

Qəm yemə gər, çıxa bozbaş kasasından dırnaq,

Qatginan küftəyə olsa ət arasında dalağ,

Neçə ildir satıram mən sizə baş ilə ayaq,

Sizə hər zir-zibili çünki halal eyləmişəm,

Mən bu işdə çalışıb kəsbi-kamal eyləmişəm.

 

Sənə gər versəm ətin yağlı yerindən, a fəğir,

Onda dövlətli, yəqinən, olu məndən dilgir,

Sənin aylıq ətini çünki o bir gündə yeyir,

Mən ətin yağlı yerin onlara mal eyləmişəm,

Qəssabam, mən neçə il qətlü qital eyləmişəm!

 

Ağzının sən nə bilirsən, a yazıq, ləzzətini,

Qoy yesin varlı, baxıb sən də çək ət həsrətini,

Bilməyincə cibinin qədrini, həm qiymətini,

Sənə ət ləzzətini əmri-mahal eyləmişəm,

Mən bu işdə çalışıb kəsbi-kamal eyləmişəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info